İlham Əliyev yeni əsrin
yeni lideridir
Azərbaycan Respublikası Prezidenti
Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin AzərTAc-a
müsahibəsi
- Hörmətli Ramiz müəllim, XXI əsrin əvvəli
dünyada ciddi qarşıdurmalar, qeyri-sabitlik, iqtisadi tənəzzül
illəri kimi tarixə düşdü. Belə
mürəkkəb dövrdə Prezident İlham Əliyevin rəhbərliyi
ilə Azərbaycanın inamlı inkişafı bütün
dünyada, müxtəlif nüfuzlu auditoriyalarda müzakirə
mövzusuna çevrilmişdir. Ölkəmizin
əldə etdiyi nailiyyətləri, mövcud durumunu, daxili
ictimai-siyasi vəziyyəti necə qiymətləndirərdiniz?
- Ötən
əsrin sonlarında SSRİ-nin süqutundan sonra
dünyanın siyasi xəritəsində mühüm dəyişikliklər
baş vermiş, yeni dünya nizamı formalaşmağa
başlamışdır. Hesab edirəm ki, bu proses tam
yekunlaşmamışdır və hazırda müşahidə
olunan mürəkkəb siyasi və iqtisadi proseslər də məhz
bu amillə bağlıdır. Lakin Azərbaycan
xalqı bu nadir tarixi fürsətdən istifadə edərək
ümummilli lider Heydər Əliyevin rəhbərliyi
altında öz müstəqil dövlətini qurmağa,
siyasi varislik prinsipinə birmənalı dəstək verməklə
onu inkişaf etdirməyə, dünyanın nüfuzlu ölkələrindən
birinə çevirməyə nail olmuşdur.
Şübhəsiz, öz müstəqil siyasi kursunu həyata
keçirən, dinamik inkişaf edən, regionun lider ölkəsi
olan və dünya miqyasında söz sahibinə
çevrilmiş Azərbaycan Respublikası
xalqımızın tarixi nailiyyəti, ən böyük sərvəti,
həqiqətən də fəxr mənbəyimizdir. Bu gün dünyanın aparıcı iqtisadi və
maliyyə institutlarının rəyləri və
proqnozları, ən əsası, uğurlarımızın
real mənzərəsi bir daha təsdiq edir ki, hələ
2004-cü ildə Prezident İlham Əliyevin bəyan etdiyi
strateji hədəflər, qarşıya qoyduğu vəzifələr
reallığa çevrilmişdir. Təsadüfi
deyil ki, Azərbaycan artıq 2009-cu ildə iqtisadi keçid
dövrünü başa çatdırmışdır və
hazırda dünyanın müasir və inkişaf etmiş
ölkələri ilə müqayisə olunur. Son 10 ildə
biz iqtisadiyyatımızı şaxələndirməyə,
ümumi daxili məhsulu 300 faiz artırmağa, ən əsası,
iqtisadiyyatın qeyri-neft sektorunu 2,4 dəfə yüksəltməyə
nail olduq. Ötən müddətdə ölkəmizin
strateji valyuta ehtiyatları 30 dəfəyə yaxın
çoxalaraq 46 milyard dolları ötmüşdür.
Hesab edirəm ki, yoxsulluğun səviyyəsinin 49 faizdən 6
faizə, işsizliyin isə 5,2 faizə endirilməsi həyata
keçirilən sosial siyasətin ən böyük uğuru
hesab olunmalıdır. Respublikanın şəhər
və rayonları, qəsəbə və kəndləri
tanınmaz dərəcədə dəyişmiş və
müasirləşmiş, əhalinin rifahı yüksəlmişdir.
Ölkəmiz öz tərəfdaşları ilə
mühüm transmilli enerji və kommunikasiya layihələrini
uğurla reallaşdırmaqla regionun və Avropanın iqtisadi
xəritəsini dəyişdirməkdə və onu zənginləşdirməkdə
davam edir. Bu gün Cənubi Qafqaz iqtisadiyyatının təxminən
80 faizi Azərbaycanın payına düşür. Öz enerji təhlükəsizliyini təmin
etmiş ölkəmiz Avropanın enerji bazarında
mühüm amilə çevrilir, həm də onun təhlükəsizliyinə
öz töhfələrini verir. Hesablamalara
görə, hazırda bir sıra Avropa ölkələrinin
enerji bazarında Azərbaycanın payı 30-40 faiz təşkil
edir.
Azərbaycan Birləşmiş Millətlər Təşkilatı
Təhlükəsizlik Şurasının üzvü kimi
qlobal siyasətin formalaşmasında iştirak edir,
sülhün və təhlükəsizliyin təmin
olunmasına dəyərli töhfələr verir. "Eurovision", BMT-nin
İnternet İdarəçilik Forumu, Beynəlxalq Humanitar
Forum, İqtisadi Əməkdaşlıq Təşkilatının
Zirvə Toplantısı və onlarla digər mühüm beynəlxalq
tədbirlərə ev sahibliyi edən ölkəmiz həm də
sosial, iqtisadi, mədəni-humanitar və digər sahələrdə
qlobal məsələlərin müzakirə edildiyi əlverişli
məkana çevrilmişdir. Gələn ay
Bakı şəhəri Davos İqtisadi Forumunu qəbul etməklə
özünün dünya əhəmiyyətli iqtisadi mərkəz
statusunu möhkəmləndirəcəkdir. 2015-ci ildə isə biz l Avropa Oyunlarını
keçirən ölkə kimi tarixə düşəcəyik.
Hesab edirəm ki, bu il ilk telekommunikasiya
peykimizin orbitə çıxarılması, Azərbaycanda
kosmik sənayenin yaradılması inkişafımızın
zirvəsi olmaqla uğurlarımızın, nailiyyətlərimizin
miqyasını təcəssüm etdirir.
Prezident İlham Əliyevin qeyd etdiyi kimi,
inkişafımızın əsasında
düşünülmüş siyasət, liberal islahatlar,
dövlətin həyata keçirdiyi siyasətin xalq tərəfindən
dəstəklənməsi, güclü hakimiyyət və
sabitlik amilləri dayanır. Azərbaycan
Prezidentinin praqmatik siyasi kursu, hakim komandanın səmərəli
fəaliyyəti və ən əsası, xalqımızın
güclü dəstəyi olmasaydı, bütün bu
uğurlar əlçatmaz xəyal olaraq qalacaqdı. Buna görə də dünyanın nüfuzlu
ekspertləri, politoloqları hesab edirlər ki, hazırda
planetimizin müxtəlif bölgələrində
münaqişələrin, siyasi kataklizmlərin müşahidə
olunduğu, aparıcı ölkələr iqtisadi və maliyyə
böhranından əziyyət çəkdiyi bir dövrdə
Azərbaycanın dinamik inkişafı əsl möcüzədir.
Davamlı iqtisadi inkişaf, ictimai-siyasi sabitlik,
sosial rifah, xalqla hakimiyyət arasında vəhdət - budur,
bugünkü Azərbaycanın reallıqları.
Təbii ki, bütün bunlar həm
xalqımızın, həm də beynəlxalq ictimaiyyətin
nəzərində, habelə dünyanın siyasi elitası
arasında cənab İlham Əliyevin qurucu, yaradıcı,
görkəmli dövlət və siyasi xadim obrazını
şərtləndirən mühüm amillərdir. İlham Əliyev
dövlətimizin möhkəmləndirilməsi, müstəqilliyimizin
dönməzliyinin təmin olunması kimi məsul bir vəzifəni
yerinə yetirməklə həm də milli şüurumuzun
inkişafı və cəmiyyətimizin müasirləşməsi
üçün yorulmadan səy göstərir. O, hər
bir situasiya üçün düzgün qərar verərək
onların həyata keçirilməsinə nail olur. İlham Əliyev siyasi lider kimi yeni dövrün
tanınmış şəxsiyyətidir. Cənab
Prezidentin qazandığı uğurlar xalqımıza
böyük ümidlər verir, gələcəyə
geniş yollar açır.
İlham Əliyev yeni əsrin yeni lideridir. Onun yeni əsrdə
Azərbaycanın Prezidenti olmasının özündə rəmzi
məna vardır. O, postsovet məkanında tamamilə
yeni tipli siyasi liderin nümunəsinə çevrilmişdir. Hesab edirəm ki, cənab İlham Əliyevi səciyyələndirən
başlıca xüsusiyyəti onun hədsiz səmimiliyidir.
Həm milli mədəniyyətimizin, həm
xalqımızın əxlaqi-mənəvi dəyərlərinin
təbliğində, həm də ölkəmizin dolğun
müsbət imicinin formalaşmasında ailəsinin hər bir
üzvü onunla həmrəydir, həmfikirdir.
Cənab Prezidentin şəxsiyyətini xarakterizə edən
cəhətlər, bir tərəfdən milli mentalitetimizdən
və xalqımızın tarixi köklərindən, digər
tərəfdən isə onun qloballaşma dövrünün
siyasət aləminin parlaq nümayəndəsi olmasından,
mütərəqqi ümumbəşəri dəyərlərə
bağlılığından irəli gəlir. Müxtəlif dilləri
mükəmməl bilməsi, geosiyasi şəraiti dəqiq
qiymətləndirməsi, qlobal siyasi və iqtisadi prosesləri
əvvəlcədən və aydın təsəvvür etməsi
sayəsində cənab İlham Əliyev xarici ölkələrə
rəsmi səfərləri zamanı müxtəlif çəkili
siyasi liderlərlə görüşlərində, BMT,
İslam Əməkdaşlıq Təşkilatı, Davos
İqtisadi Forumu çərçivəsindəki təmaslarında,
istər Luvrda, istərsə də Sinqapurda, həm Milli Elmlər
Akademiyasının yığıncaqlarında, həm sadə
vətəndaşların, sahibkarların, neftçilərin
arasında özünü tamamilə sərbəst hiss edir.
O, ünsiyyətin ilk anlarından ətrafdakılara xoş əhval-ruhiyyə
aşılaya bilir, insanlar da ondan aldıqları müsbət
enerjini qarşılıqsız qoymurlar. Cənab
İlham Əliyev hər kəs üçün, ilk növbədə
Prezidentdir, dövlət başçısıdır, milli
liderdir, bununla yanaşı, həm də xalqın hər bir
nümayəndəsinin nəzərində xeyirxah,
qayğıkeş, səmimi bir insandır. Hesab edirəm ki, məhz buna görə də Azərbaycan
xalqı, vətəndaşlarımız onun bütün təşəbbüslərini
ürəkdən və yekdilliklə dəstəkləyirlər.
Cənab İlham Əliyevin xarakterində təbiətən
çox böyük məsuliyyət hissi vardır. Bu cəhət
ən çətin və mürəkkəb şəraitlərdə
onun yeganə düzgün qərar qəbul etmək
bacarığını üzə çıxarır.
Bu məsuliyyət hissi daxili və xarici siyasət məsələlərinin,
bir çox problemlərin həllində, məsələn,
müasir dövrün reallıqlarını nəzərə
almaqla və inkişaf perspektivini düzgün qiymətləndirməklə
iqtisadiyyatın yeni əsaslarının yaradılmasında,
onun şaxələndirilməsində və neftdən
asılılığının aradan
qaldırılmasında dövlət başçısına
yardım etmişdir.
- "Azərbaycan
Respublikası regionlarının 2009-2013-cü illərdə
sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasının dördüncü ilinin
yekunlarına həsr olunmuş konfransda Prezident İlham Əliyevin
nitqi ölkə ictimaiyyəti tərəfindən rəğbətlə
qarşılanmışdır. Cənab
Prezidentin nitqi ətrafında gedən ictimai müzakirələrdə
səmərəli dövlət idarəçiliyi məsələləri
daha çox diqqəti cəlb etmişdir. Sizin
bu məsələyə münasibətinizi bilmək
maraqlı olardı.
- Prezident
İlham Əliyevin konfransdakı nitqi regionların
sosial-iqtisadi inkişafı
Dövlət Proqramının icra vəziyyətinin təhlili
və qarşıda duran vəzifələrin müəyyənləşdirilməsi
baxımından mühüm əhəmiyyət kəsb
etmiş, daha yüksək nəticələrin əldə
olunmasına maneçilik törədən mənfi
halların aradan qaldırılması ilə bağlı rəsmi
strukturlar və dövlət qulluqçuları
üçün fəaliyyət proqramı xarakteri
daşımışdır. Cənab Prezident hesab edir ki, Azərbaycanın
dinamik inkişafı və yüksək beynəlxalq statusu ilə
səciyyələnən yeni strateji hədəflərə
nail olmaq üçün vətəndaş cəmiyyəti
quruculuğunun daha da dərinləşdirilməsi, bunun tərkib
hissəsi kimi dövlət-vətəndaş münasibətlərinin
ən mütərəqqi prinsiplərə uyğun təkmilləşdirilməsi,
səmərəli dövlət idarəçiliyinin təmin
olunması qarşıda duran vacib məsələlərdəndir.
Konfransda Prezident İlham Əliyev həyata
keçirdiyi siyasətin başlıca prinsipini
açıqlamışdır - dövlət siyasətinin mərkəzində
Azərbaycan vətəndaşı dayanır, hər şey
Azərbaycan vətəndaşı üçün edilir.
Cəmiyyətimizin demokratikləşməsi,
Konstitusiyamızda təsbit olunmuş fundamental insan hüquq və
azadlıqlarının təmin edilməsi, liberal bazar
iqtisadiyyatı prinsiplərinin mənimsənilməsi, yəni,
görülən bütün işlərin əsas hədəfi
insan amilinin inkişaf etdirilməsi, onun sosial təminatının
yaxşılaşdırılmasıdır. Cənab Prezidentin insan kapitalının
inkişafına xüsusi önəm verməsi heç də
təsadüfi deyildir. Bir tərəfdən,
biz inkişaf deyəndə sadəcə, iqtisadiyyatın tərəqqisini
deyil, eyni zamanda, sağlam gələcək nəslin
formalaşmasını nəzərdə tuturuq. İntellektual potensialın yaratdığı
texnoloji innovasiyalar, beynəlxalq rəqabətədavamlı və
ətraf mühitin qorunması ilə həmahəng olan
iqtisadi fəaliyyət həm də bu məqsədə xidmət
edir. Digər tərəfdən, həyata
keçirilən dövlət siyasəti humanizm və insani dəyərləri
idarəçiliyin əsas meyarına çevirməyi, Azərbaycanda
əsl rifah dövləti yaratmağı hədəfləmişdir.
Təbii ki, bu amillər də vətəndaşların
cənab Prezidentə inam və etibarını gücləndirməklə
yanaşı, həm də iqtisadi inkişaf prosesinə təkan
vermiş, kollektiv səmərəliliyi
artırmışdır.
Müasir dövrdə səmərəli dövlət
idarəçiliyi hüquqi, siyasi və "dövlət
menecmenti" adlanan yanaşmalardan irəli gələn prinsiplərin
vəhdəti üzərində qurulur və dövlət
qulluqçularının fəaliyyəti idarəçiliyin əsas
meyarlarına uyğunluğuna görə qiymətləndirilir. BMT-nin
geniş yayılmış metodikasına əsasən,
hüququn aliliyi, bərabərlik və diskriminasiyanın
yolverilməzliyi, vətəndaşların idarəetmə
prosesində yaxından iştirakı, operativlik və
konsensusa meyillilik, məhsuldarlıq və effektivlik, şəffaflıq
və hesabatlılıq səmərəli dövlət idarəçiliyinin
başlıca prinsipləridir. Rəsmi
strukturların, dövlət qulluqçularının fəaliyyətinin
qiymət meyarı həm onların qanunvericilik aktları və
dövlət başçısının tapşırıq
və tövsiyələri ilə müəyyən edilmiş
vəzifə və öhdəliklərinin icra vəziyyəti,
həm də vətəndaşların münasibəti ilə
müəyyənləşir. Buna görə
də Prezident İlham Əliyevin konfransda qeyd etdiyi mənfi təzahürlərin
cəmiyyətimizdə yer alması yolverilməzdir və
dövlət başçısının ölkəmizin gələcək
inkişafı ilə bağlı baxışları ilə
tam ziddiyyət təşkil edir. Mən bu
fikri xüsusi olaraq qeyd etmək istərdim.
Bu gün hüquqi dövlətin və sosial rifah
dövlətinin güclənməsi, Azərbaycanın
inkişaf etmiş və güclü dövlətə
çevrilməsi həyata keçirilən siyasi kursun prioriteti
kimi müəyyən edilmişdir. Cənab Prezident
konfransda bildirmişdir ki, əgər inkişaf etmiş
ölkələrlə bir cərgədə dayanmaq istəyiriksə
mənfi halları, korrupsiyanı aradan qaldırmalıyıq.
Bu yanaşma, qəti siyasi iradə son illər ərzində
ölkəmizin iqtisadi və sosial inkişafını
stimullaşdıran əsas amillərdən biri olmuşdur.
Lakin biz növbəti tarixi mərhələyə
daxil olduqca, bu inkişafla birgə təzahür edən
problemlər də öz xarakterini dəyişir. Nəticə etibarilə iqtisadi tərəqqi
korrupsiyaya, digər mənfi hallara qarşı mübarizə
sahəsində yeni çağırışların meydana
çıxmasına səbəb olur və aparılan
mübarizənin keyfiyyətcə yeni müstəviyə
keçməsini tələb edir. Əlbəttə,
belə mühitdə vətəndaşların da dövlət
qurumlarına, vəzifəli şəxslərə olan tələbləri
dəyişir. Onlar artıq rəsmi strukturlardan, məmurlardan
səmərəli, nəzakətli, vətəndaşların
arzu və istəklərini nəzərə alan
şəffaf fəaliyyət gözləyirlər. Bütün bunlar cənab Prezidentin nitqinin mahiyyətini
təşkil etməklə dövlət qulluqçularına
və bütövlükdə cəmiyyətə olan
çağırışıdır. Buna görə də
Prezident İlham Əliyev konfransda vəzifəli şəxslərin
fəaliyyətindəki bəzi nöqsanları tənqid etdi,
sahibkarlara münasibətdə mövcud olan mənfi
halların aradan qaldırılmasını ciddi tələb
kimi qarşıya qoydu, yerli icra hakimiyyəti orqanlarının
əhali ilə lazımi səviyyədə iş
aparmamasından narazılığını bildirdi, dövlət
qulluqçularını təvazökarlığa, dəbdəbəli
ailə tədbirlərinə, insanları
qıcıqlandıran məsələlərə və s. son
qoymağa çağırdı, rüşvətxorluğa və
korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi
və s. tələblərini səsləndirdi. Cənab
Prezident hesab edir ki,
vəzifəli şəxslər daha yaxşı
işləyə bilərlər və bunun üçün
mövcud nöqsanları aradan qaldırmaq lazımdır. Bu da hər bir məmur üçün siqnaldır,
göstərişdir və fəaliyyət proqramıdır.
- Cənab Prezidentin nitqindən irəli gələn vəzifələrin
yerinə yetirilməsi, xüsusilə mövcud mənfi
halların aradan qaldırılması ilə əlaqədar
hansı tədbirlərin görülməsi
planlaşdırılır?
- Artıq Prezident Administrasiyası bu nitqdən irəli
gələn vəzifələrin yerinə yetirilməsi istiqamətində
müvafiq tədbirlər həyata keçirməyə
başlamışdır. İlk növbədə, ictimaiyyətin,
vətəndaş cəmiyyəti institutlarının dövlət
idarəçiliyində, qərarların qəbul olunması
prosesində daha yaxından iştirakının təmin edilməsi,
vətəndaşlarla vəzifəli şəxslərin təmaslarının
intensivləşdirilməsi, insanların rəy və təkliflərinin
ümumiləşdirilməsi və nəzərə
alınması, onların dinlənilməsi və problemlərinin
həlli yollarının tapılması və s. işlər
görülür. Bildiyiniz kimi, keçən il
Prezident Administrasiyası qeyri-hökumət təşkilatları
və kütləvi informasiya vasitələrinin rəhbərləri
ilə görüşlər keçirmiş, irəli
sürülən təklifləri öyrənmiş,
onları təhlil etmiş, ümumiləşdirmiş və
baxılması üçün aidiyyəti dövlət
orqanlarına göndərmişdir. Hazırda həmin
təkliflərlə bağlı dövlət
strukturlarından Prezident Administrasiyasına daxil olan rəylər
nəzərdən keçirilir. Belə
görüşlər vətəndaş cəmiyyəti
institutlarının dövlət idarəçiliyi prosesində
daha yaxından iştirakı, dövlət orqanları ilə
kütləvi informasiya vasitələri arasında əməkdaşlığın
güclənməsi üçün əlverişli şərait
yaradır və buna görə də davam etdiriləcəkdir.
Həmçinin biz daha işlək, səmərəli
ictimai nəzarət mexanizminin formalaşdırılması məsələləri
üzərində düşünürük. Digər tərəfdən, mərkəzi icra
orqanları rəhbərlərinin və rəhbər vəzifəli
şəxslərinin yerlərdə müxtəlif sahələr
üzrə açıq qəbullarının təşkil
edilməsi nəzərdə tutulur. Həmin
qəbulların nəticəsində hər bir rayon üzrə
konkret sahələrlə bağlı problemlər öyrəniləcək,
ümumiləşdiriləcək və cənab Prezidentin
qarşıya qoyduğu vəzifələrə uyğun olaraq
onların həlli təmin ediləcəkdir.
Azərbaycanda sahibkarlığın inkişaf etdirilməsi,
əlverişli investisiya mühitinin təmin olunması
dövlət siyasətinin başlıca istiqamətlərindən
biridir. Ölkəmiz bazar iqtisadiyyatı yolu ilə inkişaf
edir, iqtisadi sahədə liberal islahatlar davam etdirilir, azad
sahibkarlığa böyük diqqət və qayğı
göstərilir. Son illər ərzində
Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə
sahibkarlara güzəştli şərtlərlə 1 milyard
200 milyon kredit verilmiş, ötən il bu rəqəm 250
milyon manat təşkil etmiş, bu il də həmin məbləğdə
vəsaitin ayrılması nəzərdə tutulmuşdur. Bu gün Azərbaycanda ÜDM-in 83 faizinin özəl
sektorda formalaşması sahibkarlığın
gücünün, onun cəmiyyətin, dövlətin
inkişafına əvəzsiz töhfələrinin göstəricisidir.
Sahibkarlar vergi ödəyiciləridirlər,
iş yerləri açırlar, dövlətin iqtisadi
gücünü, resurslarını artırırlar. Haqlı olaraq sahibkar da dövləti özünə
arxa hesab edir, ona güvənir. Bütün bu işlərin
fonunda bəzi yerli icra hakimiyyəti orqanları rəhbərlərinin
sahibkarlara münasibətində xoşagəlməz
halların mövcudluğu, əlbəttə ki, yolverilməzdir.
Prezident İlham Əliyev regionlara səfərlərində
həmişə sahibkarlarla görüşür, onları
narahat edən problemlərlə maraqlanır və bu məsələləri
daim diqqət mərkəzində saxlayır. Təəssüf
ki, bəzi yerli icra orqanlarının rəhbərləri
bundan nümunə götürmürlər, sahibkarlara,
yumşaq desək, soyuq münasibət bəsləyirlər.
Bəzi hallarda isə sahibkarlıq subyektlərinə
öz tabeçiliklərində olan strukturlar kimi
yanaşırlar və onlara aidiyyəti olmayan
tapşırıqlar verirlər. Azərbaycan
Prezidenti sahibkarlara ən yüksək səviyyədə dəstək
verirsə, onların arxasında durursa, bütün problemlərinə
diqqət və qayğı ilə yanaşırsa, dövlət
orqanları, vəzifəli şəxslər bundan nəticə
çıxarmalıdırlar. Dövlət
strukturları iş adamlarının fəaliyyətinə
şərait yaratmalı, onlara mane olmamalıdırlar. Vergi ödəyiciləri kimi sahibkarların fəaliyyətinin
stimullaşdırılması istiqamətində həyata
keçirilən tədbirlər daha da sürətləndirilməlidir.
Bütün bunlar dövlət başçısının,
qanunlarımızın qarşıya qoyduğu vəzifələr
və tələblərdir.
Əlavə olaraq qeyd edim ki, cənab Prezidentin tənqid
və iradları artıq öz müsbət nəticəsini
vermişdir. Bəzi rayonlarda sahibkarla icra hakimiyyətləri
arasında yaranmış mübahisəli məsələlər
həllini tapmışdır.
Bir məsələni də xüsusi qeyd etmək istərdim. Cənab
Prezident çox haqlı olaraq məmurların təvazökarlığı
məsələsini qaldırdı və öz
iradlarını bildirdi. Dövlət
qulluğu imtiyaz deyil, vətəndaş, cəmiyyət, xalq
qarşısında vəzifədir. Bu vəzifəni
icra edənlər özlərini vətəndaşlardan fərqləndirməməlidirlər,
onlara yuxarıdan aşağı baxmamalıdırlar, təvazökar,
insanlarla ünsiyyətdə səmimi, mədəni
olmalıdırlar. Hər bir vəzifəli
şəxsin davranışı vətəndaşda hakimiyyət,
idarəçilik haqqında təsəvvür formalaşdırır.
Cəmiyyətdə davranış qaydaları,
dövlət qulluqçularının etik standartları
mövcuddur. Ona görə də vəzifəli
şəxslər, ilk növbədə, bu qaydalara əməl
etməli, bütün cəmiyyət üçün
nümunə olmalıdırlar. Dövlət
başçısı bu məsələlərlə
bağlı qəti tələblərini ortaya qoymuş və
son xəbərdarlığını etmişdir. Cənab Prezidentin xəbərdarlığını
qısaca belə ifadə etmək olar ki, əgər hər
hansı vəzifəli şəxs öz fəaliyyəti sahəsində
insanlarla qarşılıqlı əlaqələr qura bilmirsə,
onların ehtiyaclarına biganə yanaşırsa və rəğbətini
qazanmırsa, həmin şəxslə bağlı ciddi
ölçülər götürüləcəkdir. Konfransdan qısa müddət sonra bir neçə
rayonda həyata keçirilən kadr dəyişiklikləri
bunun bariz nümunəsidir. Bu tədbirlər
yalnız yerli icra hakimiyyəti orqanları ilə məhdudlaşmayacaqdır.
- Prezident
İlham Əliyev konfransda korrupsiya ilə mübarizənin
gücləndirilməsinin zəruriliyi barədə
danışdı. Azərbaycanda bu sahədə görülən
işləri necə qiymətləndirirsiniz və dövlət
başçısının qarşıya qoyduğu vəzifələrin
yerinə yetirilməsi ilə əlaqədar hansı tədbirlərin
görülməsi nəzərdə tutulur?
-
Korrupsiya bütün cəmiyyətlərdə mövcud olan
universal problemdir. Bu sosial təhlükə
müxtəlif ölkələrdə özünü fərqli
səviyyə və formalarda büruzə verir, sosial-iqtisadi
inkişafa, cəmiyyətin mühüm problemlərinin həllinə,
investisiya mühitinə, sahibkarlıq fəaliyyətinə
birbaşa mənfi təsir göstərir. Son illər Azərbaycanda korrupsiya ilə mübarizə
sahəsində beynəlxalq standartlara cavab verən hüquqi və
institusional islahatlar həyata keçirilmiş, müvafiq
qanunvericilik bazası, xüsusi təsisatlar
yaradılmışdır. Bununla da ölkəmizdə
korrupsiyaya qarşı mübarizənin işlək mexanizmi
formalaşdırılmış, onun funksionallığı təmin
edilmiş və hesab edirəm ki, ciddi nəticələr əldə
olunmaqdadır.
Əlbəttə,
indiyə kimi bu sahədə qarşıya qoyulmuş məqsədlərə
çatmaq üçün lazımi işlər
görülsə də, proses davam olunmalıdır. Bütün sahələr kimi, bu sfera da daim yeniləşməli
və təkmilləşməlidir. Müasir
dövrdə korrupsiyaya qarşı effektiv mübarizə yeni
metodların tətbiqini, şəffaflığın təmin
edilməsini, məsuliyyət və nəzarət mexanizmlərinin
gücləndirilməsini, səmərəli maarifləndirmə
tədbirlərini və informasiya texnologiyalarından istifadənin
genişləndirilməsini zəruri edir. Düşünürəm
ki, burada prioritet olaraq profilaktik-preventiv üsulların, sistemli
islahatların, institusional dəyişikliklərin həyata
keçirilməsi və yalnız son vasitə kimi cəza tədbirlərindən
istifadə edilməsi vacibdir. Ona görə də
korrupsiyanın qarşısını almaq üçün
ona şərait yaradan halların müəyyən edilməsi,
risklərin daim qiymətləndirilməsi, struktur islahatlara,
institusional metodlara geniş yer verilməsi, ictimai nəzarətin
subyektləri olan vətəndaş cəmiyyəti, özəl
sektor və kütləvi informasiya vasitələri ilə
dövlət orqanları arasında əməkdaşlığın
genişləndirilməsi böyük əhəmiyyət kəsb
edir. Ölkəmizdə son illər həyata keçirilən
tədbirlərin ardıcıllığına nəzər
yetirsək, xüsusilə Azərbaycan Respublikası
Prezidentinin 2012-ci il 5 sentyabr tarixli sərəncamı ilə təsdiq
edilmiş iki mühüm sənədin -
"Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci
illər üçün Milli Fəaliyyət Planı" və
"Açıq Hökumətin təşviqinə dair
2012-2015-ci illər üçün Milli Fəaliyyət
Planı"nın məzmununa və icra vəziyyətinə
baxsaq, bu yanaşmanın bütün elementlərini görə
bilərik. Fəaliyyət planlarının
icrası nəticəsində həm dövlət
orqanlarının, dövlət qulluqçularının fəaliyyəti,
idarəetmə, xidmət sahələri təkmilləşdiriləcək,
həm də rəsmi strukturların işində ictimaiyyətin
iştirakı genişləndiriləcək və şəffaflıq
təmin olunacaqdır.
Bununla yanaşı, sistem xarakterli islahatlar, institusional dəyişikliklər
korrupsiyaya və rüşvətxorluğa qarşı
mübarizədə ən səmərəli alətlərdən
biridir. Yeni
institutların təsis edilməsi vasitəsilə sistemdə
elə dəyişikliklər edilməlidir ki, korrupsiyaya şərait
yaradan, rüşvət amilini mümkün edən səbəblər
aradan qaldırılsın. Cənab
Prezident bu islahatlar sırasında "ASAN Xidmət"ini və
"Elektron Hökumət" təşəbbüsünü
xüsusi vurğulamışdır. "ASAN
Xidmət" Azərbaycan Prezidentinin "dövlət siyasətinin
mərkəzində Azərbaycan vətəndaşı
dayanır" devizinin praktiki reallaşmasıdır.
Çünki bu xidmət vətəndaş məmnunluğunun
təmin edilməsini, korrupsiya və rüşvət
hallarının istisna olunmasını, müasir
texnologiyaların tətbiqini, dövlət qulluqçusu-vətəndaş
münasibətlərində yeni düşüncə tərzinin
formalaşdırılmasını hədəfləmişdir. Hazırda
"ASAN Xidmət" mərkəzində 9 dövlət
orqanı tərəfindən 23 hüquqi xidmət həyata
keçirilir. Gələcəkdə bu xidmətin
coğrafiyasının genişləndirilməsi ilə
yanaşı, onun növlərinin sayının
artırılması və daha geniş sahələr üzrə
vətəndaşlara xidmətlərin göstərilməsi nəzərdə
tutulur.
"Elektron Hökumət"in yaradılması və
inkişaf etdirilməsi dövlət orqanlarının fəaliyyətində
şəffaflığın təmin olunması
üçün mühüm institusional islahat kimi xarakterizə
olunur. Bilirsiniz ki, 2011-ci ildə "Dövlət
orqanlarının elektron xidmətlər göstərməsinin
təşkili sahəsində bəzi tədbirlər
haqqında" Azərbaycan Prezidentinin Fərmanı
imzalanmışdır. Fərmana əsasən,
dövlət orqanları öz fəaliyyət istiqamətlərinə
uyğun olaraq elektron xidmətlər təşkil etmişlər.
Elektron xidmətlərin "bir pəncərə"
prinsipi əsasında təşkilinin təmin edilməsi məqsədi
ilə müvafiq elektron hökumət portalı
yaradılmışdır. Bu gün 417
elektron xidmətdən 187-si üzrə "bir pəncərə"
prinsipi əsasında xidmətlər təklif olunur. Bu sistemə artıq 40 dövlət orqanı
qoşulmuşdur.
Onu da qeyd etmək istərdim ki, Azərbaycan 2011-ci ildə
Açıq Hökumət Tərəfdaşlığına
qoşulan ilk dövlətlərdən biri olmuşdur və
digər beynəlxalq səylərdə də fəal
iştirak edir.
Həyata keçirilmiş tədbirlər BMT,
Avropa Şurası, İqtisadi Əməkdaşlıq və
İnkişaf Təşkilatının aidiyyəti
qurumları və digər beynəlxalq təşkilatlar tərəfindən
yüksək qiymətləndirilir.
Nəhayət, korrupsiya cinayətlərinə
qarşı sərt və qətiyyətli mübarizə tədbirləri
davam etdirilir.
Ölkəmizdə korrupsiyaya qarşı
mübarizə sahəsində cinayət təqibinin həyata
keçirilməsi üzrə ixtisaslaşmış orqan olan
Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə
İdarəsi fəaliyyət göstərir. Bu idarəyə beynəlxalq səviyyədə təqdirəlayiq
təcrübə kimi qəbul edilən korrupsiya cinayətləri
üzrə əməliyyat-axtarış fəaliyyətini həyata
keçirmək səlahiyyəti verilmişdir. İdarənin hesabatına görə, 2012-ci ildə
298 şəxs barəsində 170 cinayət işi tamamlanaraq məhkəmələrə
göndərilmişdir. 2013-cü ildə
isə artıq 26 şəxs barəsində 19 cinayət
işi tamamlanmışdır. Hazırda
120 cinayət işi idarənin icraatındadır.
Beləliklə, həyata keçirilən kompleks tədbirlərin
son nəticədə korrupsiya hallarının
qarşısının alınmasında mühüm rol
oynayacağı şübhəsizdir. Bu da öz növbəsində
Prezident İlham Əliyevin siyasi iradəsini və qətiyyətini
açıq nümayiş etdirir, qarşıya qoyulan məqsədə
çatmaq üçün zəruri resursların səfərbər
olunduğunu göstərir. Hesab edirəm
ki, cənab Prezidentin korrupsiyaya qarşı mübarizənin
gücləndirilməsi barədə qəti tələbi,
tapşırıq və tövsiyələri, habelə həyata
keçirilən tədbirlərin ardıcıl şəkildə
davam etdirilməsi sayəsində daha ciddi nəticələr əldə
olunacaqdır.
- Siz, eyni
zamanda, Azərbaycan Respublikasının Korrupsiyaya qarşı
Mübarizə üzrə Komissiyasının sədrisiniz. Komissiyanın bir müddət əvvəl növbəti
iclası keçirilmişdir. Bu iclasın
nəticələrini necə qiymətləndirirsiniz?
- Qeyd edim
ki, Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2012-ci ilin
sosial-iqtisadi inkişafının yekunlarına və
2013-cü ildə qarşıda duran vəzifələrə həsr
olunmuş iclasında tapşırmışdır ki, təhsil
sahəsində mənfi halların aradan
qaldırılması, korrupsiyaya qarşı mübarizəni
daha səmərəli təşkil etmək məqsədi ilə
Azərbaycan Respublikasının Korrupsiyaya qarşı
Mübarizə üzrə Komissiyasında bu məsələ
müzakirə olunsun. Bununla əlaqədar
yanvarın 26-da təhsil idarəçiliyinə məsul vəzifəli
şəxslərin iştirakı ilə Komissiyanın
geniş tərkibli iclası keçirilmiş, mövcud vəziyyət
ciddi müzakirə olunmuşdur. İclasda
cənab Prezidentin təhsil sahəsində mövcud mənfi
hallar barədə iradları və tapşırıqları
iştirakçıların diqqətinə
çatdırılmış və müvafiq
tapşırıqlar verilmişdir. Tədbirdə təhsilin
keyfiyyəti, təhsil sahəsində, xüsusilə ali təhsil müəssisələrində
korrupsiya və digər mənfi halların
qarşısının alınması, təhsil idarəçiliyi,
ümumi nəzarətin təşkili, təhsillə
bağlı ictimai rəydə səslənən fikirlərə
həssas yanaşılması, daxili resurslar hesabına müəllimlərin
maaşlarının artırılması, ümumilikdə isə
maliyyə şəffaflığının yüksəldilməsi
və digər məsələlər müzakirə
edilmişdir. Mənfi halların aradan
qaldırılması məqsədilə Komissiya tərəfindən
müvafiq qərar qəbul edilmiş, aidiyyəti dövlət
qurumlarına bu istiqamətdə dönüş yaratmaq
üçün təkliflərin hazırlanaraq Korrupsiyaya
qarşı Mübarizə üzrə Komissiyaya təqdim edilməsi
tapşırılmışdır. Qeyd
edilən mənfi hallar qısa müddət ərzində aradan
götürülmədiyi təqdirdə Komissiya tərəfindən
müvafiq tədbirlərin görüləcəyi iclas
iştirakçılarına bildirilmişdir.
- Ancaq
konfransdan dərhal sonra müxalifət, bəzi mətbuat
orqanları cənab Prezidentin tənqidi fikirlərini ümumiləşdirməyə
və bütün idarəçilik sisteminə, ölkədəki
vəziyyətə şamil etməyə cəhdlər
göstərdilər. Ümumiyyətlə, bu
gün müxalifətin aqressiv davranışı nə ilə
izah oluna bilər?
- Azərbaycanın
hər bir uğurunu öz faciəsi kimi qəbul edən bəzi
siyasi qruplar və onların xarici havadarları ölkənin
inkişafı ilə bağlı cəmiyyətdə
yanlış təsəvvür formalaşdırmaq
üçün ciddi səylər göstərirlər. Ancaq bu gün dünyada hansı cəmiyyət mənfi
hallardan sığortalanmışdır? Belə
bir ölkə yoxdur. Cənab Prezidentin
iradları təsdiq etdi ki, Azərbaycan hakimiyyəti populizmdən,
siyasi kapital qazanmaq üçün süni görüntü
yaratmaq niyyətindən uzaqdır. Əgər
idarəetmədə hansısa qüsurlar, nöqsanlar varsa,
biz onu açıq deyirik və bu mənfi halları aradan
qaldırmaq üçün əməli tədbirlər
görürük. Bunun üçün imkan da, qətiyyətli siyasi
iradə də ortadadır.
Bu il Azərbaycanda prezident seçkiləri
keçiriləcəkdir. Beynəlxalq təcrübə
göstərir ki, əsasən müxalif qüvvələr
növbəti seçkiyə hazırlığı ötən
seçkilərdən dərhal sonra başlayırlar, vətəndaşlarla,
müxtəlif sosial təbəqələrlə təmas qurmaq
üçün cəhdlər göstərirlər, niyyətlərini,
hərəkət planlarını müzakirəyə
çıxarırlar, öz elektoratını toplamağa və
tərəfdarlarını səfərbər etməyə
çalışırlar. Təbii ki, Azərbaycanda
fəaliyyəti mövsümi xarakter daşıyan, heç
bir sosial bazası olmayan siyasi qrupların cəmiyyətə
deməyə sözü yoxdur. İqtidarın
uğurları onları çox məyus edir, hakimiyyət
ehtiraslarının qarşısına keçilməz sədd
çəkir. Buna görə də onlar
faktiki olaraq hakimiyyətə qarşı deyil, dövlətə,
xalqa qarşı müxalifətçilik yolunu tutmuşlar.
İsmayıllı rayonunda baş vermiş məişət
xarakterli hadisə bir daha təsdiq etdi ki, Azərbaycanda bəzi
siyasi qruplar mahiyyət etibarilə
dağıdıcılıq fəaliyyəti göstərir,
insanlar arasında süni narazılıq yaratmağa,
ictimai-siyasi sabitliyi pozmağa, dövlət məmurlarına
şər atmağa, onları şantaj etməyə və
hörmətdən salmağa, hakimiyyət strukturları və
vəzifəli şəxslər arasında qarşıdurmalar
yaratmağa, rəsmi orqanların fəaliyyətinə qara
yaxmağa cəhdlər göstərirlər. Üstəlik,
onlar öz dağıdıcı fəaliyyətini demokratiya
şüarları ilə pərdələməyə
çalışırlar.
Demək istərdim ki, cəmiyyətin demokratik
inkişafı şəraitində şəxsiyyət
azadlığı vacib prinsiplərdən biridir. Lakin ictimai asayiş
heç də bundan az əhəmiyyət
kəsb etməyən, ümumi şəkildə cəmiyyəti
və xüsusilə demokratik birgəyaşayışı
xarakterizə edən kateqoriyadır, haldır. Buna
görə də "şəxsiyyət
azadlığını" spekulyasiya mövzusuna çevirərək
ictimai asayişi pozmağa çalışanlar bilməlidirlər
ki, demokratiya və anarxiya antipoddurlar. Hüquq-mühafizə
orqanlarının başlıca vəzifələrindən
biri məhz cəmiyyətdə
nizam-intizamı təmin etmək, "icazəsiz tamaşa
azarkeşləri"nin antisosial məqsədlərinin həyata
keçirilməsinə imkan verməməkdən ibarətdir.
Qəti şəkildə deyə bilərəm
ki, həm də son illər müxtəlif ölkələrdə
baş verən hadisələrdən ruhlanan
dağıdıcı müxalifət Azərbaycanda belə
yollara əl atmağa çalışır. Ancaq onlar
bu cəhdlərin heç vaxt nəticə verə bilməyəcəyinə
əmin ola bilərlər.
Digər
tərəfdən, son 20 ildən artıq bir dövrdə
dağıdıcı müxalifətin siyasi hakimiyyət
uğrunda "mübarizəsi" imitasiya xarakteri
daşımış və əslində,
özünüifşanın bariz nümunəsinə
çevrilmişdir. Məhz ona görədir ki,
radikal, siyasiləşmiş dindar qruplara üz tutmuş və
onları özlərinə tərəfdaş seçmişlər.
Qeyd etməyi vacib bilirəm ki, cəmiyyət, Azərbaycan
ictimaiyyəti əsassız şəkildə onun adından
çıxış etməyə çalışan
müxalif qrupların, özlərini "ziyalı"
adlandıranların Əkrəm Əylislinin mənfur
"Daş yuxular" əsəri ilə bağlı xəyanətə
bərabər mövqeyini gördü və bir daha bunların
hansı məzhəbə qulluq etdiklərinə əmin oldu. Hakimiyyətə iddialı olan, özünü
iqtidara opponent hesab edən dağıdıcı müxalifət,
yüksək ziyalı adından sui-istifadə edənlər
ümummilli məsələlərdə də xalqın tərəfində
yox, onun iradəsinə zidd mövqedə durdular və əsl
simalarını açıq nümayiş etdirdilər.
Çox təəssüf ki, cəmiyyətimizdə
belələrinə hələ ki, yer tapılır. Ancaq ictimaiyyətimiz, vətəndaşlarımız,
əsl ziyalılarımız, gənclərimiz həm Əkrəm
Əylisli kimilərinin, həm də onun havadarlarının əməllərini
görür və öz qəti mövqelərini ortaya
qoyurlar.
Təəssüf ki, bu qruplar həm də gəncləri
çaşdırmağa, onlardan vasitə kimi istifadə etməyə
çalışırlar. Bununla bağlı
bildirmək istərdim ki, Facebook sosial şəbəkəsində
ölkə həyatında baş vermiş ayrı-ayrı
hadisələrə dair təxribat xarakterli
çağırış edənlərin mövqeyi ictimai rəyi
əks etdirmir. Ayrı-ayrı gənclərin
emosiyalarının məhsulu olan, əsasən
satqın-radikal müxalifət tərəfindən dəstəklənən
və qızışdırılan sosial şəbəkələrdəki
bu çağırışlar qanunla qorunan ictimai asayişi
pozmaq üçün bəhanə ola bilməz.
Lakin planlaşdırılan cinayətin
üstünün bu günlərdə Milli Təhlükəsizlik
Nazirliyi və respublika Baş Prokurorluğu tərəfindən
həyata keçirilən əməliyyat tədbirləri nəticəsində
açılması əyani şəkildə göstərdi
ki, ictimai sabitliyi pozmaq istəyən qruplar sadəcə,
çağırışlar etmirlər. Bu,
kifayət qədər narahatedici məsələdir. Çünki "Molotov kokteyli", narkotik vasitələr,
külli miqdarda pul vəsaiti bu niyyətin kifayət qədər
ciddi olduğunu açıq-aydın göstərir. Əlbəttə, hüquq-mühafizə
orqanlarının fəaliyyətinə, istintaqa təsir edə
biləcək hər hansı şərh vermək
düzgün olmazdı. Lakin hadisədən
məlumatı olan hər bir şəxsi heç bir yerdə
işləməyən gənclərdə bu qədər
narkotik vasitənin, pulun haradan olduğu maraqlandırır.
Yəqin ki, istintaq bu məsələlərə
aydınlıq gətirəcəkdir.
Bu xüsusda xatırlatmaq istərdim ki, 2011-ci ildə əsasən
gənclərdən ibarət kütlələr sosial
narazılıq zəminində Böyük Britaniyada
iğtişaşlar törətdilər. Hakimiyyət,
hüquq-mühafizə orqanları repressiv metodlardan istifadə
etməklə 2000-ə yaxın adamı saxladı,
iğtişaşların təşkilatçıları olan
gənclər məhkum olundu, internetə
çıxış, Facebook, Twitter kimi sosial şəbəkələrə
giriş məhdudlaşdırıldı. Əlbəttə,
burada Azərbaycanla hər hansı paralel aparmaq düzgün
olmazdı, çünki ölkəmizdə belə hallar
üçün heç bir zəmin yoxdur. Ancaq hesab edirəm
ki, ölkəmizlə
bağlı davamlı şəkildə əsassız və qərəzli
iddialar irəli sürən bəzi maraqlı xarici dairələr,
təşkilatlar dünyada və Azərbaycanda baş verən
hadisələrə adekvat, obyektiv yanaşmalı, ikili
standartdan əl çəkməlidirlər.
- Bu
gün Azərbaycan gəncliyi dövlətin diqqət və
qayğısı ilə əhatə olunmuşdur. Tam əksəriyyət
təşkil edən sağlam gəncliyin öz həmyaşıdlarının
belə hərəkətlərinə münasibəti necə
olmalıdır?
- Əlbəttə,
müxalifətin, müəyyən xarici antiazərbaycan dairələrin təsiri
altına düşən belə qeyri-vətənpərvər
gənclərin sayı çox azdır. Çünki
bu gün dövlətin həyata keçirdiyi siyasət gənc
nəslin hərtərəfli inkişafına, problemlərinin
həllinə, onların dövlət idarəçiliyində,
ictimai həyatda, cəmiyyətdə gedən proseslərdə
fəal iştirakına, vətənpərvər, öz
dövlətinin və xalqının təəssübünü
çəkən vətəndaş kimi formalaşmasına
tam şərait yaradır. Cənab
Prezident həmişə gənclərlə
görüşür, onlarla fikir mübadiləsi aparır,
problemləri ilə maraqlanır və bu problemlərin həlli
məqsədilə müvafiq fərman və sərəncamlar
imzalayır, tapşırıqlar verir. Əsası
ümummilli lider Heydər Əliyev tərəfindən
qoyulmuş dövlət gənclər siyasətini daha da
inkişaf etdirmək, gənclərin menecment sahəsində fəal
iştirakına şərait yaratmaq, gənc mütəxəssislərin
işlə təminatı və digər sosial-iqtisadi problemlərinin
həllini təmin etmək məqsədilə qəbul
olunmuş "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə"
Dövlət Proqramı və bu sənəd çərçivəsində
həyata keçirilən tədbirlər cənab İlham Əliyevin
gəncliyimizə diqqət və qayğısının bariz
nümunəsidir. 2012-ci ildə
yaradılmış Gənclər Fondu gənclər təşkilatlarının
müxtəlif layihələrinin maliyyələşməsini
təmin etməklə onların fəallığını
artırır, müxtəlif sahələrdə
potensiallarının daha geniş realizə olunması
üçün əlavə stimul yaradır.
Azərbaycanda təhsilin keyfiyyətinin yüksəldilməsi,
savadlı, yüksək intellektli gənclərin yetişdirilməsi,
onların irəli çəkilməsi və dövlət
idarəçiliyində yaxından iştirakının təmin
edilməsi üçün zəruri tədbirlər
görülür. Dövlətin kadr potensialının gənclərin
hesabına inkişaf etdirilməsi idarəçiliyin aktual məsələlərindən
birini təşkil edir. Xarici ölkələrin
aparıcı ali məktəblərində
gənc azərbaycanlıların təhsil almasını dəstəkləmək
məqsədilə xüsusi dövlət proqramı qəbul
edilmişdir. Proqram çərçivəsində
xaricdə təhsilini davam etdirən gənclərimizin
sayı artıq 1800 nəfəri keçmişdir. Onlar yüksək bilikləri və
dünyagörüşü ilə Azərbaycanın gələcəyinə
öz töhfələrini verir, ölkəmiz haqqında həqiqətlərin
dünya ictimaiyyətinə çatdırılması
işində fəal iştirak edirlər.
Bütün bunlar onu deməyə əsas verir ki, ölkənin
tam əksəriyyət təşkil edən sağlam gəncliyi
indiyə qədər olduğu kimi, bundan sonra da dövlət
başçısının yürütdüyü siyasəti
dəstəkləyəcək, heç vaxt
dağıdıcı qrupların siyasi avantürasının
iştirakçısına çevrilməyəcəkdir. Bu gün sağlam gənclik
müxtəlif antimilli qrupların təsiri altına
düşmüş həmyaşıdları ilə təmas
qurmalı, onları səhv yoldan çəkindirməlidir.
Bunun üçün onlar müxtəlif tədbirlərdə,
auditoriyalarda, kütləvi informasiya vasitələrində,
sosial şəbəkələrdə disput və müzakirələrdə
daha fəal iştirak etməli, öz mövqelərini ortaya
qoymalıdırlar. Universitetlərdə tələbə
gənclər təşkilatları bu istiqamətdə səylərini
artırmalıdırlar.
- Siz bəzi
maraqlı xarici dairələri, təşkilatları
obyektivliyə dəvət etdiniz. Lakin Azərbaycanda
fəaliyyət göstərən bəzi beynəlxalq
qeyri-hökumət təşkilatlarının və
onların yerli nümayəndəliklərinin fəaliyyətində
gizli korrupsiya, vəsaitlərin narahatlıq doğuran məqsədlərə
istifadə olunması halları mövcuddur. Bu barədə nə deyə bilərsiniz?
- Hazırda Azərbaycanda 100-dən artıq beynəlxalq
qeyri-hökumət təşkilatı Ədliyyə Nazirliyində
qeydiyyatdan keçmişdir. Ancaq qeydiyyatdan
keçməyən, lakin faktiki işləyən təşkilatlar
da var ki, onların fəaliyyəti bir sıra suallar
doğurur. Qeydiyyatdan keçən beynəlxalq
QHT-lərin maliyyə hesabatlığı çox
acınacaqlı vəziyyətdə olduğundan, xarici
donorlardan daxil olan qrantların və ianələrin
böyük hissəsinin gerçəkdə hara xərcləndiyi
bilinmir. Bu məsələdə şəffaflıq
yoxdur. Mövcud qanunvericiliyə görə, yerli və
xarici QHT-lərin gəlirləri və xərcləri barədə
məlumat dövlət və ya kommersiya sirri ola
bilməz. Onlar hər il Maliyyə Nazirliyinə
müvafiq hesabat verməli, nazirlik isə qanunun tələblərinin
yerinə yetirilməsinə ciddi nəzarət etməlidir. Bir sıra hallarda bu təşkilatların əsl hədəfləri
qeyri-müəyyən qalır. Azərbaycanın
milli təhlükəsizliyinə təhdidlər yarananda,
hökumət hansısa addımlar atanda onların maliyyələşdirdiyi
yerli müdafiəçilər, beynəlxalq havadarları dərhal
hay-küy salır, birləşmək, söz
azadlığının pozulduğunu iddia etməyə
başlayırlar. Bəzən həmin
saxta QHT-lər diplomatik müdafiədən də istifadə
etməkdən çəkinmirlər.
Aparılan təhlillər göstərir ki, hətta
qrantlar qeydiyyata alındıqdan sonra külli miqdarda maliyyə
vəsaitinin ayrılması davam etdirilir və onların barəsində
məlumatlar verilmir. Vəsaitlərlə bağlı
aparılan əməliyyatlar, məlumatsızlıq latent
korrupsiya təzahürlərindən xəbər verir.
Araşdırmalar zamanı başqa gizli mexanizmlər də
aşkarlanmışdır. Beynəlxalq QHT-nin
yerli nümayəndəliyi qeydiyyata alınmır, amma baş
təşkilat yerli QHT-lərə qrant verir və ya əksinə,
yerli nümayəndəlik qeydiyyata alınır, amma baş təşkilat
yenə də yerli QHT-lərə birbaşa qrant verməkdə
davam edir. Yerli nümayəndəliklərin
qeydiyyata alınmamasına baxmayaraq, bəzi beynəlxalq QHT-lərin
baş təşkilatları hər hansı bir şəxsə
etibarnamə verir və onu nümayəndə təyin edirlər.
Həmin şəxs ölkədə fəaliyyətə
başlayır. Bu fəaliyyət isə
hüquqi baxımdan qanunsuzdur.
Bəzi beynəlxalq QHT-lər reallıqda mandatlarına
aid olmayan məsələlərlə məşğuldurlar. Onlar rəsmi
olaraq müəyyən qrant layihəsi elan edir, lakin
reallıqda tamamilə başqa, bir çox hallarda
dağıdıcı məqsədlər üçün vəsait
ayırırlar. Təhsil sahəsində
ixtisaslaşan bəzi təşkilatlar qeyri-təhsil layihələrini,
qaçqın və məcburi köçkünlərə
yardım etməli olan beynəlxalq QHT-lər müxalifət
QHT-lərini maliyyələşdirməklə məşğul
olurlar. Onların donorları qrant verəndə
pulun nəyə xərclənəcəyini yaxşı bilirlər.
Demək, əsl məqsəd təhsil,
qaçqınlara və məcburi köçkünlərə
yardım layihələri deyil, öz təsir dairələrini
genişləndirməkdir. Hətta humanitar
təşkilat kimi qeydiyyatdan keçən bəzi xarici QHT-lər
anlaşma memorandumlarına zidd olaraq Vergilər Nazirliyində
qeydiyyatdan keçməklə kommersiya fəaliyyəti ilə
məşğul olurlar.
Bu mövzuda əlavə olaraq qeyd etmək istərdim ki,
bəzi xarici QHT nümayəndələrinin
vaxtaşırı öz hesablarından iri məbləğdə
nağd pul çıxarmaları ilə ölkədə
baş verən hadisələr arasında sinxron
bağlılıq müşahidə olunur. Bu
çıxarışların həm də aylıq xarakter
daşıması ayrı-ayrı beynəlxalq QHT-lərin həmin
vəsaitləri müxalifətə aylıq maaş
şəklində payladıqları barədə şübhələr
yaradır. Sosial şəbəkələr vasitəsilə
gənclərin dünyagörüşü
radikallaşdırılır, onlar təşkilatlandırılır,
pul hesabına qanunsuz tədbirlərdə iştiraka
stimullaşdırılırlar. Belə təşkilatların
bəzi nümayəndələri əvvəllər işlədikləri
ölkələrdə vətəndaşları kütləvi
iğtişaşlara təhrik etdikləri üçün
oradan xaric edilmişlər. Hazırda isə
qərəzli fəaliyyətlərini Azərbaycanda davam
etdirirlər. Halbuki həmin QHT-lər uzun
müddət Azərbaycanda qeydiyyatdan keçmək
üçün dəfələrlə müraciət
etmiş və öz üzərlərinə bitərəflilik,
qərəzsizlik və balanslılıq prinsiplərinə
riayət edəcəkləri barədə öhdəliklər
götürmüşlər.
Beynəlxalq
QHT-lərin Azərbaycandakı fəaliyyəti ilə
bağlı bir fakta münasibət bildirmək istərdim. Bu günlərdə yerli mətbuatda ABŞ Milli
Demokratiya İnstitutunun Azərbaycandakı nümayəndəliyinin
rəhbəri Aleks Qriqoryevsin ölkəmizdə ictimai-siyasi
sabitliyin pozulmasına yönəlmiş fəaliyyəti
haqqında məlumat yayıldı. Əgər
orada göstərilən faktlar təsdiq olunsa, biz bu qurumla əməkdaşlığımızı
dayandırmalı olacağıq. Üstəlik,
MDİ-nin nümayəndəsi martın 10-da "Fəvvarələr"
meydanında keçirilməsinə cəhd olunmuş
qeyri-qanuni aksiyada iştirakını etiraf etmişdir. Görünür ki, MDİ-nin Bakı nümayəndəliyi
və onun əməkdaşları haqqında yayılan məlumatlar
ciddi yoxlanılmalıdır.
Biz müşahidələrimizi və tədqiqatlarımızı
davam etdiririk.
Bu gün Azərbaycan qanunvericiliyinin tələblərini
pozan digər təşkilatların adının çəkilməsini
hələ ki, məqsədəmüvafiq hesab etmirəm.
Lakin nəticə çıxarmasalar, onları
Azərbaycan qanunlarına hörmət etməyə məcbur
edəcəyik. Ədliyyə Nazirliyi də
nizamnamə məqsədlərindən kənara çıxan
QHT-lərə bir neçə dəfə xəbərdarlıq
etmişdir. Əgər həmin QHT-lər
bu iradlardan nəticə çıxarmasalar, onlar barəsində
də ciddi tədbirlər görüləcəkdir. Ümumiyyətlə, belə hallar Azərbaycan cəmiyyətində
ciddi narahatlıq yaradır, ölkəmizin daxili işlərinə
müdaxilə kimi qiymətləndirilir. Bu
məsələlər aidiyyəti dövlət
orqanlarını ciddi düşündürməlidir.
- Ancaq bir
sıra hallar ölkəmizdə fəaliyyət göstərən
diplomatik missiyaların da həm beynəlxalq, həm də Azərbaycan
qanunvericiliyinin tələblərinə laqeyd
yanaşdığını deməyə əsas verir.
- Sizinlə
razıyam. Beynəlxalq münasibətlər haqqında 1961-ci
il Vyana Konvensiyasına əsasən
diplomatik nümayəndəliyin əməkdaşları qəbul
edən dövlətin ərazisində hər hansı şərait
və hadisəni aydınlaşdırarkən və ya öyrənərkən
bunu qanuni vasitələrlə, başqa sözlə desək,
qəbul edən dövlətin qanunvericiliyi ilə qadağan
edilməyən vasitələrlə yerinə yetirmək
öhdəliyi daşıyırlar. Həmçinin
sözügedən beynəlxalq konvensiyaya əsasən,
diplomatik nümayəndəliklərin əsas
funksiyalarından biri məhz iki ölkə arasında dostluq
münasibətlərini təşviq etmək və bu
münasibətlərin irəli aparılmasına
çalışmaqdır. Lakin bəzi
hallarda xarici səfirliklərin nümayəndələri Azərbaycanın
daxili işlərinə müdaxilə edir, siyasi proseslərə,
öz təlimatları ilə onun icraçılarına təsir
göstərməyə çalışır və müəyyən
mənada maraqlı tərəfə çevrilərək həm
beynəlxalq, həm də Azərbaycan qanunlarının tələblərini
pozurlar.
Digər tərəfdən, Vyana Konvensiyasına əsasən
qəbul edən dövlətin diplomatik missiyanın əməkdaşlarının
toxunulmazlığını təmin etmək
üçün zəruri tədbirlər həyata keçirmək
öhdəliyi vardır. Bu öhdəliyin icrası ilə əlaqədar
Azərbaycan Xarici İşlər Nazirliyi həm ölkəmizdə
akkreditə olunmuş diplomatik missiyalara müvafiq rəsmi
bildiriş ünvanlamış, həm də həmin sənədi
öz internet səhifəsində yerləşdirmişdir.
Bildirişdə qeyd olunur ki, diplomatik
missiyaların əməkdaşları və onların ailə
üzvləri, Azərbaycan Respublikasının Ermənistan tərəfindən
işğal olunmuş əraziləri və qoşunların təmas
xətti istisna olmaqla, ölkənin bütün ərazisində
qarşılıqlılıq prinsipi əsasında sərbəst
hərəkət etmək imkanına malikdirlər. Bununla yanaşı, onlara tövsiyə olunur ki, sərhəd
bölgələrinə səfərlər planlaşdırarkən
öncədən bununla bağlı Xarici İşlər
Nazirliyi ilə məsləhətləşmələr
aparılsın. Həmçinin Azərbaycanın hər
hansı bölgəsində rəsmi görüşlər
keçirmək və ya rəsmi tədbirlərdə
iştirak etmək planlaşdırılırsa, bu halda nəzərdə
tutulan səfərdən 7 iş günü əvvəl Azərbaycan
XİN-ə nota ilə yazılı müraciət
olunmalıdır. Bəzi hallarda Konvensiyanın
tələblərinin və Xarici İşlər Nazirliyinin
tövsiyələrinin nəzərə alınmaması, ilk
növbədə, diplomatların təhlükəsizliyinin təmin
edilməsinə maneə yaradır. Bütün
bunları nəzərə alaraq hesab edirəm ki, ölkədə
akkreditə olunmuş diplomatik missiyalar fəaliyyətlərində
Vyana Konvensiyasının müddəalarını rəhbər
tutmalı və Azərbaycanın daxili işlərinə
müdaxilə etməməlidirlər.
- Ramiz
müəllim, Siz bu il keçiriləcək
seçki mövzusuna da toxundunuz. Prezident
Administrasiyası namizədlə bağlı nə
düşünür, seçkilərə neçə
hazırlaşır və konkret olaraq budəfəki
seçkidən nə gözləyir? Bütün
əvvəlki seçkilərdə beynəlxalq təşkilatlarla
yaxından əməkdaşlıq edilmişdir. Builki seçkilərdə də belə əməkdaşlıq
olacaqmı?
- Son 20
ilin təcrübəsi göstərir ki, Azərbaycan vətəndaşları
öz intellekti, böyük dövlət xadimi qabiliyyəti,
idarəçilikdə yenilikçiliyi ilə seçilən
və müasir beynəlxalq siyasətin bütün
nüanslarını bilən lider ətrafında birləşirlər.
Prezident İlham Əliyev milli liderə xas
bütün keyfiyyətlərə malikdir. Ötən 10 ildə onun rəhbərliyi ilə həyata
keçirilən siyasət Azərbaycanın hərtərəfli
və dinamik inkişafını, cəmiyyətimizin
rifahını, ölkəmizin milli maraqlarını və
beynəlxalq nüfuzunun yüksəlməsini təmin
etmişdir. Cənab Prezident ümummilli lider Heydər Əliyevin
siyasi kursunu dönmədən davam
etdirmiş, xalqın etimadına və dəstəyinə
arxalanaraq bütün qüvvəsini və hakim komandanın
potensialını səfərbər etməyi bacarmış,
bugünkü inkişafa nail olmuşdur. Buna görə də
xalqımız birmənalı şəkildə cənab
İlham Əliyevin
həyata keçirdiyi siyasi kursu dəstəkləyir,
onun gələcəkdə də davam etdirilməsini zəruri
sayır, bu gün ölkədə ona alternativ görmür.
Təsadüfi deyil ki, Həmkarlar İttifaqları
Konfederasiyası, Ağsaqqallar Şurası, Qızıl Aypara
Cəmiyyəti kimi Azərbaycanın
ən kütləvi, böyük təşkilatları
artıq cənab İlham Əliyevin namizədliyini irəli
sürmüşlər. Bir daha qeyd etmək istəyirəm ki,
əgər biz cənab İlham Əliyevin rəhbərliyi
altında ölkəmizin əldə etdiyi heyrətamiz nailiyyətləri,
keçirilmiş sosioloji sorğuların nəticəsi olaraq
onun xalq arasında 87-93 faiz təşkil edən yüksək
reytinqini və beynəlxalq nüfuzunu, habelə cənab
Prezidentin öz sıralarında 600 mindən artıq vətəndaşı
birləşdirən, ölkənin ən böyük və
nüfuzlu siyasi təşkilatı olan Yeni Azərbaycan
Partiyasına rəhbərlik etdiyini nəzərə alsaq, bu
ilin payızında keçiriləcək prezident seçkilərinin
nəticəsini görmək çətin olmaz - seçicilərin
böyük əksəriyyəti öz səslərini
Prezident İlham Əliyevə verəcəkdir.
Buna
baxmayaraq, təbii ki, biz Administrasiya olaraq bu seçkilərə
təşkilati nöqteyi-nəzərdən
hazırlaşırıq, Mərkəzi Seçki
Komissiyası ilə birlikdə üzərimizə düşən
işləri görürük, fəaliyyətimizi seçki
praktikasının təkmilləşdirilməsi, demokratik,
azad və ədalətli seçkilərin keçirilməsi
istiqamətində qururuq.
Əvvəlki illərdə olduğu kimi, beynəlxalq təşkilatlarla
əməkdaşlığı yenə də davam etdirəcəyik. Həm ATƏT, Avropa
Şurası, İslam Əməkdaşlıq Təşkilatı,
MDB, GUAM və digər beynəlxalq təşkilatlarla, həm
də bizimlə ikitərəfli əlaqələri olan
ölkələrlə, onların seçki institutları ilə əməkdaşlıq
edəcəyik.
Hesab
edirik ki, seçkinin təşkili və seçki
prosedurlarının şəffaflığının təmin
olunması istiqamətində xarici tərəfdaşlarımızla
birgə səmərəli və faydalı iş aparacağıq. Ancaq
bütün hallarda son sözü Azərbaycan vətəndaşı
deyəcək və kimin nə düşünməsindən
asılı olmayaraq yalnız seçici səsi hər
şeyi həll edəcəkdir.
Azərbaycan.-2013.- 15 mart.- S.2-3.