Azərbaycan Respublikası Konstitusiya
Məhkəməsində ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə
həsr olunmuş elmi-nəzəri konfrans keçirilmişdir
Martın
14-də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsində
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Fəlsəfə,
Sosiologiya və Hüquq İnstitutu ilə birgə
xalqımızın ümummilli lideri Heydər Əliyevin 90
illik yubileyinə həsr olunmuş "Hüquq elminin
müasir problemləri: Azərbaycan Respublikasında insan
hüquq və azadlıqlarının müdafiəsinin yeni
meyilləri" mövzusunda elmi-nəzəri konfrans
keçirilmişdir.
AzərTAc
xəbər verir ki, tədbiri giriş sözü ilə
açan Konstitusiya Məhkəməsinin sədri Fərhad
Abdullayev konfransın əhəmiyyəti barədə
iştirakçılara məlumat vermişdir.
Fərhad Abdullayev Azərbaycanın müstəqilliyini bərpa etdikdən sonra qarşılaşdığı hərbi təcavüzdən, ölkədə baş verən hərc-mərclikdən məhz ümummilli lider Heydər Əliyevin gərgin fəaliyyəti, müdrik siyasi zəkası sayəsində xilas olduğunu bildirmişdir. Sədr vurğulamışdır ki, bu gün ölkədəki sağlam ictimai-siyasi mühit, bütün sahələrdə uğurlu inkişaf, qazanılmış nailiyyətlər, ölkəmizin artan nüfuzu ulu öndərin uzaqgörən siyasəti nəticəsində mümkün olmuşdur. Ümummilli liderin Azərbaycan dövlətçiliyinin möhkəmlənməsində və inkişafındakı xidmətlərindən danışan Fərhad Abdullayev ilk milli Konstitusiyanın Heydər Əliyevin dərin zəkası, zəngin təcrübəsi nəticəsində hazırlandığını diqqətə çatdırmışdır.
Konstitusiya Məhkəməsinin sədri ulu öndərin rəhbərliyi ilə 1995-ci ildə yaradılmış müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyasının ölkəmizdə dövlətçiliyin inkişafı, hüquqi dövlət quruculuğu, demokratik dəyərlərin bərqərar olmasında mühüm rol oynadığını demişdir. O, Konstitusiyanın Azərbaycanın hüquqi inkişaf strategiyasının əsas prioritetlərini və gələcəyini müəyyən etdiyini vurğulamışdır. Sədr bildirmişdir ki, ulu öndər Heydər Əliyevin tövsiyələrinə uyğun olaraq Konstitusiya Məhkəməsi bu gün Azərbaycan Konstitusiyasının aliliyini qoruyur, onun keşiyində durur.
Fərhad Abdullayev son dövrlər Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə insan hüquq və azadlıqlarının yüksək səviyyədə qorunması istiqamətində atılan addımlar, qəbul olunmuş dövlət proqramları, məhkəmə-hüquq islahatları barədə iştirakçılara geniş məlumat vermişdir. Konstitusiya Məhkəməsinin sədri məhkəmənin fəaliyyəti, yarandığı gündən bəri keçdiyi inkişaf yolu barədə danışmışdır. Sədr bildirmişdir ki, keçən 15 il ərzində Konstitusiya Məhkəməsinin Plenumunun qəbul etdiyi 241 qərar və 56 qərardadla Konstitusiya Məhkəməsi Konstitusiyanın prinsip və dəyərlərini təmin etməyə çalışmışdır. Həmin qərarlar, öz növbəsində, digər məhkəmələr və dövlət orqanları üçün hüquqi əhəmiyyət kəsb etməklə yanaşı, respublikamızda uğurla həyata keçirilən məhkəmə-hüquq islahatlarına mühüm töhfə verir.
AMEA-nın Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun direktoru İlham Məmmədzadə ulu öndərin 90 illiyinə həsr edilmiş "Hüquq elminin müasir problemləri: Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin yeni meyilləri" mövzusunda elmi-nəzəri konfransı yüksək qiymətləndirmiş, belə tədbirlərin keçirilməsinin vacibliyini diqqətə çatdırmışdır. İ.Məmmədzadə ölkənin inkişafında hüquqi-elmi təcrübənin mühüm əhəmiyyəti barədə də konfrans iştirakçılarına ətraflı məlumat vermişdir.
İnstitutun direktoru ulu öndər Heydər Əliyevin elm, təhsil və mədəniyyətin inkişafına göstərdiyi qayğıdan, azərbaycançılıq ideyasının daha da möhkəmləndirilməsi istiqamətində gördüyü işlərdən söhbət açmışdır.
Konfransda
iştirak edən Konstitusiya Məhkəməsinin hakimləri
və Aparatın əməkdaşları, Ombudsman
Aparatının nümayəndələri, tanınmış
alimlər müxtəlif hüquqi mövzular ətrafında
müzakirələr və fikir mübadiləsi
aparmışlar.
Azərbaycan.-2013.- 15 mart.- S.5.