Bakıda Azərbaycan-Rumıniya biznes forumu keçirilmişdir

 

Rumıniya Deputatlar Palatasının sədri Valeriu Zqoneanın rəhbərlik etdiyi nümayəndə heyətinin ölkəmizə səfəri çərçivəsində martın 14-də Bakıda İqtisadi İnkişaf Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə Azərbaycan-Rumıniya biznes forumu keçirilmişdir.

AzərTAc xəbər verir ki, tədbirdə rəsmi şəxslərlə yanaşı, Rumıniya tərəfindən sənaye, kənd təsərrüfatı, informasiya-kommunikasiya texnologiyaları (İKT), maliyyə, energetika, nəqliyyat, tikinti, mədən sənayesi, vakuum texnologiyalarının istehsalı və s. sahələrdə fəaliyyət göstərən 30, Azərbaycan tərəfindən isə uyğun sahələr üzrə 100-dən artıq iş adamı iştirak etmişdir.

İqtisadi inkişaf naziri Şahin Mustafayev tədbiri açaraq Azərbaycan-Rumıniya əməkdaşlığının uğurla inkişaf etdiyini bildirmiş, ölkələrimiz arasında əlaqələrin qarşılıqlı dostluq və tərəfdaşlıq prinsipləri üzərində qurulduğunu, dövlət başçılarının qarşılıqlı səfərlərinin, aparılan danışıqların ikitərəfli əlaqələrin inkişafında mühüm əhəmiyyətini vurğulamışdır.  Bildirmişdir ki, dövlət başçılarının səyi nəticəsində Azərbaycan-Rumıniya münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə yüksəlmişdir.

Nazir Şahin Mustafayev Azərbaycan iqtisadiyyatı və qazanılmış nailiyyətlər barədə məlumat verərək  Prezident İlham Əliyevin uğurlu sosial-iqtisadi siyasəti nəticəsində ölkəmizdə möhkəm siyasi və makroiqtisadi sabitliyin, dayanıqlı iqtisadi inkişafın təmin olunduğunu, əlverişli biznes və investisiya mühitinin yaradıldığını vurğulamışdır. Diqqətə çatdırmışdır ki, son 10 ildə Azərbaycanda ümumi daxili məhsul (ÜDM) 3,4 dəfə, adambaşına düşən ÜDM 3 dəfə, sənaye istehsalı 2,8 dəfə, dövlət büdcəsinin gəlirləri 19 dəfə artmışdır. 2003-cü ildən indiyədək 1 milyondan artıq yeni iş yeri açılmış, son 8 ildə işsizlik səviyyəsi 1,8 dəfə azalmış, yoxsulluq səviyyəsi isə 2001-ci ildəki 49 faizdən 6 faizə enmişdir.

Hazırda ölkənin strateji valyuta ehtiyatları 46 milyard ABŞ dolları təşkil edir və xarici dövlət borcunu təxminən 10 dəfə üstələyir. Müstəqillik dövründə ölkə iqtisadiyyatına 144 milyard ABŞ dollarından çox investisiya yatırılmışdır ki, bunun da təxminən yarısı xarici investisiyaların payına düşür. Xarici investisiyaların təxminən 50 faizi qeyri-neft sektoruna yönəldilmişdir. Birbaşa xarici investisiyaların adambaşına düşən həcminə görə Azərbaycan MDB və Şərqi Avropa məkanında qabaqcıl yerdədir.

Qazanılmış uğurlar beynəlxalq aləmdə də yüksək qiymətləndirilir və nüfuzlu reytinq agentlikləri tərəfindən Azərbaycanın reytinqi ardıcıl olaraq artırılır.

Qeyd olunmuşdur ki, Azərbaycan bir sıra transmilli layihələrin təşəbbüskarı və fəal iştirakçısıdır. Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəməri, Bakı-Tbilisi-Ərzurum qaz kəməri, Böyük İpək Yolunun, Şimal-Cənub nəqliyyat dəhlizi, Bakı-Tbilisi-Qars dəmir yolu layihələrinin reallaşdırılması Azərbaycanın regional əhəmiyyətli mərkəzə çevrilməsini təmin etmişdir.

Cənubi Qafqazın siyasi, iqtisadi və mədəni mərkəzi olan Azərbaycan hazırda investor dövlətə çevrilmiş, qonşu ölkələrə, eləcə də bir sıra Avropa dövlətlərinə sərmayələr qoyulmuşdur.

Azərbaycan-Rumıniya iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi üçün böyük imkanların olduğunu qeyd edən nazir Şahin Mustafayev biznes forumunun işgüzar təşəbbüslərin stimullaşdırılmasına, yeni əməkdaşlıq imkanlarının yaradılmasına və ikitərəfli ticarət əlaqələrinin genişləndirilməsinə töhfə verəcəyini vurğulamışdır. Bildirmişdir ki, Bakıda Azərbaycan-Rumıniya Ticarət Palatasının açılması iki ölkə arasında iqtisadi əlaqələrin inkişafında, əməkdaşlığın genişləndirilməsində əhəmiyyətli olacaqdır.

 

Rumıniya Deputatlar Palatasının sədri Valeriu Zqonea dostluq zəminində qurulan Azərbaycan-Rumıniya münasibətlərinin uğurla inkişaf etdiyini vurğulamış, qarşılıqlı faydalı əməkdaşlığın bundan sonra da genişlənəcəyinə əminliyini ifadə etmişdir.

Valeriu Zqonea ölkələrimiz arasında iqtisadi əməkdaşlığın daha da genişlənməsində özəl bölmənin rolunu vurğulamış, iş adamlarını fəal əməkdaşlığa dəvət etmişdir.

Rumıniya Respublikasının milli maraq kəsb edən infrastruktur layihələr və xarici investisiyalar üzrə xüsusi naziri Dan Şovan ölkəsinin Azərbaycan ilə əməkdaşlığın genişləndirilməsində maraqlı olduğunu qeyd etmiş, Azərbaycan şirkətlərini Rumıniya iqtisadiyyatına investisiya yatırmağa dəvət etmişdir. Bildirmişdir ki, eyni zamanda, Rumıniya şirkətləri Azərbaycan iqtisadiyyatına, əsasən infrastruktur, kənd təsərrüfatı, energetika, nəqliyyat, yolların çəkilişi və s. kimi sahələrə böyük maraq göstərirlər.

Sonra AZPROMO-nun rəhbəri Rüfət Məmmədov ölkəmizdə yaradılmış əlverişli biznes mühiti və investisiya imkanlarına dair təqdimatla çıxış etmişdir.

Biznes forumu iş adamları arasında ikitərəfli görüşlərlə davam etmişdir.

 

 

Azərbaycan.-2013.- 15 mart.- S.5.