Bakı Biznes Universitetində «Tədrisin keyfiyyətində yeni nəşrlərin rolu» mövzusunda beynəlxalq konfrans başa çatmışdır

 

Martın 14-də Bakı Biznes Universitetində (BBU) bu ali təhsil müəssisəsinin yaranmasının 20 illiyi çərçivəsində "Tədrisin keyfiyyətində yeni nəşrlərin rolu" mövzusunda beynəlxalq konfrans keçirilmişdir. Tədbirdə Azərbaycan ilə yanaşı, ABŞ, Rusiya, Polşa, Litva, Gürcüstan və digər ölkələrin nüfuzlu universitetlərinin nümayəndələri iştirak etmişlər.

Konfransda  BBU-nun rektoru, professor İbad Abbasov  bildirmişdir ki, bu ali təhsil müəssisəsinin 20 illik yubileyinin qeyd olunması onun fəaliyyətinə verilən yüksək qiymətin göstəricisidir. Yubiley tədbirinin yüksək səviyyədə təşkili göstərmişdir ki, BBU tam formalaşmış, cəmiyyətdə yüksək mövqeyi olan ali təhsil müəssisəsidir. Bu gün tam inamla deyə bilərik ki, universitetdə yüksəkixtisaslı kadrların hazırlanması işində ilk illərdə qarşıya çıxan bütün problemlər həllini tapmışdır. Yarandığı vaxtdan fəaliyyətində qətiyyətlilik, inam və rəqabətqabiliyyətlilik nümayiş etdirən BBU  hazırda  ölkənin özəl ali təhsil sektorunda özünəməxsus yeri və nüfuzu olan universitetdir. Yubiley tədbirlərinin davamı olaraq keçirilən konfrans əhəmiyyətli və ali məktəblər üçün vacib mövzuya həsr olunmuşdur.

Tədrisin keyfiyyətinin yüksəldilməsində yeni nəşrlərin böyük rolunu qeyd edən İ.Abbasov xarici ölkələrin təcrübəsini əks etdirən nəşrlərin bu sahədə əhəmiyyətini diqqətə çatdırmışdır. Bildirmişdir ki, ötən il BBU-nun əməkdaşları ümumilikdə 20 əsər, o cümlədən beş dərslik, altı dərs vəsaiti, doqquz  monoqrafiya çap etdirmişlər.   Yeddi kitab isə hazırda nəşrə hazırlanır.

Rektor konfransın məqsədlərinə çatacağına, onun nəticələrinin ali təhsil sistemi üçün faydalı və əhəmiyyətli olacağına inamını ifadə etmiş, konfransın işinə uğurlar arzulamışdır.

Konfransın əhəmiyyətindən danışan Kazan Federal Universitetinin professoru, BBU-nun fəxri doktoru Vitali İvaşkeviç   vurğulamışdır ki, müxtəlif ölkələrin təhsil sistemi üçün xarakterik olan problemlərin birgə müzakirəsində və həlli yollarının araşdırılmasında bu cür tədbirlərin böyük rolu vardır. Təhsil sahəsində qabaqcıl təcrübənin öyrənilməsinin vacibliyini vurğulayan rusiyalı professor təmsil etdiyi universitetdə xarici ölkələrin təcrübəsindən, təhsilin magistratura pilləsində ABŞ və Avropa ölkələrinin tanınmış mütəxəssislərinin əsərlərindən geniş istifadə olunmasından söz açmışdır.

V.İvaşkeviç  aktual mövzuya həsr olunmuş konfransın yüksək səviyyədə təşkilinə görə BBU-nun rəhbərliyinə minnətdarlığını bildirmişdir.

Sonra konfrans işini iki bölmədə keçirilən iclaslarda davam etdirmişdir.

"Elm və təhsilin vəhdəti keyfiyyətli mütəxəssis hazırlığının əsasıdır" və "Kredit sisteminin tətbiqi və təhsilin idarə edilməsinin təkmilləşdirilməsi istiqamətləri" mövzuları üzrə bölmə iclaslarında Azərbaycan, ABŞ, Rusiya, Litva, Gürcüstan, Polşa universitetləri nümayəndələrinin məruzələri dinlənilmişdir.

Tədbirdə "Ali təhsil islahatları" mövzusunda məruzə ilə çıxış edən Gürcüstan Qafqaz Universitetinin vitse-prezidenti professor Nuqzar Skirtladze təmsil etdiyi ali məktəbdə tədrisin keyfiyyətindən, problemlərdən və əldə olunan uğurlardan danışmışdır. BBU-nun 20 illik yubileyinə həsr olunmuş tədbirlərdə iştirakından məmnunluğunu bildirən gürcüstanlı alim bu ali təhsil müəssisəsinin kollektivini yubiley münasibətilə təbrik etmiş, uğurlar arzulamışdır.

Bakı Dövlət Universitetinin professoru Şahlar Əsgərov "Tərəqqi, texnologiya və elm" mövzusunda məruzəsində qlobal  iqtisadiyyatın kriteriyalarından, tərəqqi, texnologiya və elm arasında vəhdətin olmasından, onların bir-birinə və iqtisadiyyata təsirindən danışmışdır.

İclasda "Təhsildə innovasiyalar: elmi araşdırmalar və yeni nəşrlər", "Auditoriyada fəal təlim üsulundan istifadə metodologiyası", "Polşada biznes təhsili: son istiqamətlər", "Təhsildə mümkün gələcək ssenari" və digər mövzularda ümumilikdə səkkiz məruzə dinlənilərək müzakirə edilmişdir.

Bununla da Bakı Biznes Universitetinin yaranmasının 20 illiyi çərçivəsində keçirilən "Tədrisin keyfiyyətində yeni nəşrlərin rolu" mövzusunda beynəlxalq konfrans işini başa çatdırmışdır.

 

 

Azərbaycan.-2013.- 15 mart.- S.5.