Bakıda UNESCO-nun Bədən Tərbiyəsi və İdman üzrə Hökumətlərarası Komitəsinin fövqəladə iclası öz işini davam etdirir

 

Martın 14-də Bakıdakı "Park İnn" mehmanxanasında UNESCO-nun Bədən Tərbiyəsi və İdman üzrə Hökumətlərarası Komitəsinin (CIGEPS) fövqəladə iclası öz işini davam etdirmişdir. AzərTAc xəbər verir ki, iclasda çıxış edən UNESCO-nun sosial və humanitar sektorunun nümayəndəsi xanım Pilar Alvarez-Laso yüksək səviyyəli təşkilatçılığa görə Azərbaycan hökumətinə öz təşəkkürünü bildirmiş və martın 13-də aparılmış müzakirələrin yekunları barədə məlumat vermişdir.

Bildirmişdir ki, ötən gün aparılan müzakirələrdən sonra bir çox tövsiyə və təkliflər qeydə alınmışdır. Bütün bunların Almaniyada keçiriləcək Dünya Bədən Tərbiyəsi və İdmana Məsul Nazirlərin və Rəsmilərin 5-ci Konfransına (MINEPS) hazırlıq baxımından böyük əhəmiyyəti vardır.

Avropa Şurasının İdmanda razılaşdırılmış oyunlarla bağlı Komitəsinin fəaliyyəti barədə məlumat verən P.Alvarez-Laso ölkələri bu qurum ilə yaxından əməkdaşlıq etməyə çağırmışdır. Sonra CIGEPS-in nümayəndəsi Arnolda Angel Rivera MINEPS-ə hazırlıqla bağlı görülmüş işlər barədə məlumat vermiş, iclas iştirakçılarını gələcək layihələr haqqında məlumatlandırmışdır. Qeyd etmişdir ki,  MINEPS-ə hazırlıq məqsədilə və Afrika ölkələrini bu konfransa cəlb etmək üçün Nigeriyada təşkil olunmuş iclası yüksək qiymətləndirirəm. İclas zamanı müzakirələr aparılmış və yekunda qərar qəbul olunmuşdur. Bu yaxınlarda biz bu qərarı və müzakirələri hesabat şəklində MINEPS üzvü ölkələrin müvafiq qurumlarına göndərəcəyik.

Daha sonra oyunların nəticələrinə hər hansı müdaxiləyə qarşı və idmanın təmizliyini qoruyub saxlamaq istiqamətində əməkdaşlığın inkişaf etdirilməsi, hər kəsin idmanla məşğul olmaq kimi fundamental hüququnun dəstəklənməsi, bədən tərbiyəsi və idman sahəsinə dövlətlərin investisiyasının təşviq edilməsi mövzuları müzakirə olunmuşdur.

Müzakirələrdən sonra iclasda iştirak edən nümayəndələr öz ölkələri ilə bağlı təqdimat keçirmiş və təkliflərini səsləndirmişlər.

Bildirilmişdir ki, MINEPS-in gedişində oyunların nəticələrinə hər hansı müdaxiləyə qarşı və idmanın təmizliyini və bütövlüyünü qoruyub saxlamaq, yəni matçların nəticələrinin əvvəlcədən razılaşdırılması problemi nazirlər və yüksək vəzifəli şəxslər, ekspertlər tərəfindən müzakirə ediləcək əsas mövzulardan biri olacaqdır. Nazirlər idmanın təmizliyini və bütövlüyünü qoruyub gücləndirmək məqsədilə tətbiq oluna biləcək qabaqcıl təcrübələri müzakirə edəcəklər. Bu məsələlər Nazirlərin Yekun Bəyannaməsində öz əksini tapacaqdır. CIGEPS-in fövqəladə iclası martın 15-də işini davam etdirəcəkdir.

 

 

Azərbaycan.-2013.- 15 mart.- S.5.