Azərbaycan və Mərakeş musiqiçiləri Bakıda eyni səhnəni bölüşmüşlər

 

Heydər Əliyev Fondunun, Mədəniyyət və Turizm Nazirliyinin və Azərbaycan Bəstəkarlar İttifaqının birgə təşkilatçılığı ilə ölkəmizdə "Muğam aləmi" Üçüncü Beynəlxalq Muğam Festivalı davam edir.

AzərTAc xəbər verir ki, martın 14-də Beynəlxalq Muğam Mərkəzində Mərakeş və Azərbaycan musiqiçiləri festival çərçivəsində geniş konsert proqramı ilə çıxış etmişlər.

İlk olaraq səhnəyə Mərakeşin "Chabab Al Andalouss" qrupu çıxmışdır.

Qrupun "Moval" milli musiqi nömrəsi Baha Ronda və Məhəmməd Əminə Debbinin ifasında təqdim olunmuşdur. Onları Khalid Frej (rübab, darbuka), Məhəmməd Fehd Ronda (ud) və Taha Piro (viola) müşayiət etmişlər.

Peşəkar musiqi ifaçıları ailəsinin ənənələrini davam etdirən Məhəmməd Əminə Debbi 1987-ci ildə əndəlus musiqi həvəskarlarının ilk qrupunu təşkil etmişdir. O gündən gənc musiqiçilər qədim ənənəvi musiqiyə müraciət etməklə ərəb-əndəlus musiqi irsini böyük həvəslə inkişaf etdirmiş və gələcək nəsillərə çatdırmağı qarşılarına məqsəd qoymuşlar. Yerli və beynəlxalq  səhnələrdə ölkələrini layiqincə təmsil edən ansambl üzvlərinin çoxsaylı diskləri buraxılmışdır.

Konsertin ikinci hissəsində Azərbaycan xanəndələri - xalq artisti Arif Babayev və gənc muğam ifaçısı Babək Niftəliyev "Zabul Segah" muğamını təqdim etmişlər. Xanəndələri Ələkbər Ələkbərov (tar), əməkdar artistlər Elşən Mansurov (kamança), Şirzad Fətəliyev (nəfəs alətləri) və Amil Mustafayev (nağara) müşayiət etmişlər. Konsert tamaşaçıların sürəkli alqışları ilə qarşılanmışdır.

 

 

Azərbaycan.-2013.- 15 mart.- S.7.