«Muğam aləmi» Üçüncü Beynəlxalq Muğam Festivalı Gəncədə «Ustaddan şagirdə» adlı
muğam məclisi ilə davam etdirilmişdir
Martın
14-də Gəncədə
"Muğam aləmi" Üçüncü Beynəlxalq
Muğam Festivalı çərçivəsində növbəti
konsert olmuşdur.
AzərTAc
xəbər verir ki, şəhərdəki 5 nömrəli musiqi məktəbinin konsert salonunda
keçirilən "Ustaddan şagirdə" adlı
muğam məclisini Mədəniyyət və Turizm Nazirliyinin
Mədəniyyətşünaslıq üzrə Elmi-Metodik Mərkəzinin
şöbə müdiri Cabbar Süleymanov açaraq ilk dəfə
olaraq festival çərçivəsində
respublikamızın bölgələrində Azərbaycanın
və xarici musiqiçilərin iştirakı ilə konsertlərin,
beynəlxalq muğam müsabiqəsinin, elmi simpoziumların və
ən nəhayət, ustad dərslərinin təşkilinin əhəmiyyətindən
danışmışdır. O,
bu gün Gəncədə
keçirilən "Ustaddan şagirdə" muğam
məclisini festival çərçivəsində
reallaşan növbəti yenilik
kimi dəyərləndirmişdir.
"Ustaddan
şagirdə" muğam məclisində şəhərdəki
4 və 5 nömrəli musiqi məktəblərinin, eləcə
də Qəmbər Hüseynli adına Gəncə Musiqi
Kollecinin muğam şöbələrində təhsil alan tələbələr,
həmçinin musiqi məktəblərinin şagirdləri
öz müəllimləri ilə
birgə çıxış etmişlər.
Sürəkli
alqışlarla qarşılanan tələbə və
şagirdlər sanki öz ustadları qarşısında
hesabat vermişlər. Onların hər birinin uğurlu
çıxışı müəllimlərin sevincinə səbəb
olmuşdur. Hiss olunurdu ki, bu gün titrək səslə
muğam aləminə səyahət edən uşaqlar
sabahın muğam ustaları kimi yetişəcəklər.
"Ustaddan
şagirdə" muğam məclisinin
iştirakçıları bütün bunlara görə
milli-mənəvi dəyərlərimizin qoruyucusu, Azərbaycanın
birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya
minnətdarlıqlarını bildirmişlər.
Azərbaycan.-2013.- 15 mart.- S.7.