Baş katib Lamberto ZANNİER: Azərbaycan ATƏT-in çox fəal üzvlərindəndir
Martın
15-də Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov
ölkəmizdə səfərdə olan ATƏT-in baş
katibi Lamberto Zannier ilə görüşmüşdür. AzərTAc
xəbər verir ki, görüşün yekunlarına dair mətbuat
konfransı keçirilmişdir.
E.Məmmədyarov
görüşdə Azərbaycan ilə ATƏT arasında əməkdaşlığın
hazırkı vəziyyəti və perspektivləri ilə
bağlı məsələlərin müzakirə
olunduğunu bildirmişdir.
ATƏT-in
Minsk qrupunun formatının dəyişdirilməsinə
dair məsələyə də
münasibət bildirən nazir vurğulamışdır ki,
onun mövcudluğu zəruridir. Hər ölkə öz milli
maraqlarına uyğun siyasət aparır. ABŞ, Fransa və
Rusiya BMT Təhlükəsizlik Şurasının daimi
üzvləridir. Bu üç ölkə dünya siyasətində
çox mühüm rol oynayır.
Azərbaycanın
ATƏT üçün çox vacib ölkələrdən
olduğunu qeyd edən L.Zannier isə demişdir: "Azərbaycan
ATƏT-in çox fəal
üzvlərindəndir. ATƏT, eyni zamanda, Azərbaycan
üçün vacib məsələlərdə
mühüm rol oynayır. Biz çox yaxşı nəticələr
əldə etmişik və uğurlu əməkdaşlığımızı
bundan sonra da davam etdirəcəyik".
Azərbaycan.-2013.- 16 mart.- S.2.