Milli Məclisdə Nazirlər Kabinetinin illik hesabatı
dinlənilmişdir
Martın 15-də Milli Məclisin növbəti iclası keçirilmişdir.
İclasda Konstitusiyaya uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci ildə fəaliyyətinə dair illik hesabatı dinlənilmişdir.
Hökumətin hesabatı kitab şəklində çap olunaraq deputatlara paylanmışdır.
Hesabatda Prezident İlham Əliyevin rəhbərliyi ilə sosial-iqtisadi inkişafın bütün sahələrində baş verən müsbət dəyişikliklər, dövlət proqramlarının icrası vəziyyəti dolğun əks etdirilmişdir.
Milli Məclisin Sədri Oqtay Əsədov iclası açdıqdan sonra bu günlərdə avtomobil qəzasında dünyasını dəyişmiş deputat Hikmət Atayevin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Oqtay
Əsədov demişdir ki, bu gün Milli Məclisin yaz sessiyasının
beşinci iclasıdır və qanunvericiliyə uyğun olaraq
Nazirlər Kabineti 2012-ci ildə fəaliyyəti barədə
hesabat verir.
Azərbaycan
Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkə
iqtisadiyyatında baş verən dinamik dəyişikliklər
Nazirlər Kabinetinin Milli Məclisə təqdim etdiyi hesabatda
geniş əksini tapmışdır. Dünya
iqtisadiyyatında tənəzzülün davam etməsinə
baxmayaraq, ölkəmiz yüksək makroiqtisadi göstəricilər
əldə etmiş, regionda həyata keçirilən
transmilli layihələrdə aparıcı rol oynamış,
dövlət proqramlarını uğurla icra etmişdir.
Burada
ən önəmli cəhət ümumi daxili məhsul
istehsalında 2,2 faiz, qeyri-neft
sektorunda isə 9,7 faiz
artımın əldə edilməsidir. Bu o deməkdir
ki, adambaşına ümumi daxili məhsulun həcmi 7,5 min
dollara çatmışdır.
Azərbaycanın
2012-ci ildəki uğurları beynəlxalq maliyyə
qurumları və reytinq agentlikləri tərəfindən
yüksək dəyərləndirilmişdir. Bu, dünya
iqtisadiyyatına sürətlə inteqrasiya edən ölkəmizin
nüfuzunu bir daha göstərir.
Ötən
il sahibkarlığın inkişafı, qeyri-neft sektoruna
investisiya qoyuluşları üçün əlverişli
şərait yaradılması, qabaqcıl texnologiyaların tətbiqi
yolu ilə dünya bazarlarına rəqabət qabiliyyətli məhsulların
çıxarılması, ərzaq təhlükəsizliyinin
təmin edilməsi, insan amili potensialından daha dolğun
istifadə olunması hökumətin fəaliyyətinin
üstün istiqamətlərini təşkil etmişdir.
Nazirlər Kabineti neft gəlirlərini və onlardan istifadənin
şəffaflığını diqqət mərkəzində
saxlamışdır. Dövlət Neft Fondunun gəlirləri
14,3 faiz artaraq, 2013-cü il yanvarın 1-nə 34 milyard dollardan
çox olmuşdur. Bu vəsaitlərin müəyyən hissəsi
beynəlxalq əhəmiyyətli və ölkə miqyaslı
infrastruktur layihələrinin, o cümlədən
Bakı-Tbilisi-Qars dəmir yolunun inşası və
Samur-Abşeron kanalının yenidən qurulması layihələrinin
maliyyələşdirilməsinə yönəldilmişdir.
Biznes
üçün yaradılan mühit böyük məbləğdə
sərmayələrin əsas kapitala yönəldilməsini
stimullaşdırmışdır. Ötən il ölkə iqtisadiyyatına
20,3 milyard manat (25,8 milyard dollar) investisiya yatırılmışdır. Bu,
böyük rəqəmdir.
Müqayisə üçün deyim ki, həmin
məbləğ ötən
ilin ümumi dövlət büdcəsinin
xərclərini 3 milyard
manatdan çox üstələyir.
Ötən il hökumətin fəaliyyətində
önəmli məqamlardan
biri də genişmiqyaslı sənaye
parklarının yaradılmasıdır.
Bu işin davamı olaraq və onu sürətləndirmək
məqsədi ilə hökumət cari ildən əlverişli vergi güzəştlərinin
tətbiqinə başlamış,
işə cəlb olunan şirkətləri
7 il müddətinə
əsas vergilərdən
azad etmişdir. Başqa güzəştlər də
nəzərdə tutulmuşdur.
2012-ci ildə əhalinin
rifah halının yüksəldilməsi diqqət
mərkəzində olmuşdur. Nəticədə
əhalinin hər nəfərinə düşən
gəlirin məbləği
3,8 min manata çatmış, onun artım sürəti isə istehlak qiymətlərinin bahalaşmasını
xeyli üstələmişdir.
Ölkə əhalisinin
sosial vəziyyətinin
yaxşılaşması yoxsulluq
səviyyəsinin azalmasına
təsirini göstərmiş
və bu göstərici 1,6 faiz azalaraq 6 faizə enmişdir.
Hökumətin illik hesabatlarının Milli Məclisdə müzakirəsi nazirliklərin
və digər dövlət qurumlarının,
yerli icra hakimiyyəti orqanlarının
fəaliyyətinin daha
da yaxşılaşmasına,
meydana çıxan problemlərin həllində
deputatların yaxından
iştirakına əlverişli
şərait yaradır.
Hesab edirəm
ki, deputatlar keçirdiyimiz müzakirədə
fəallıq göstərəcək,
ölkənin sosial-iqtisadi
inkişafının sürətləndirilməsinə,
mövcud nöqsanların
aradan qaldırılmasına
dair səmərəli
təkliflər verəcəklər.
Sonra
Baş nazir Artur Rasizadə Nazirlər Kabinetinin 2012-ci ildə
fəaliyyəti haqqında hesabatla çıxış
etmişdir.
Sonra
hökumətin hesabatı ilə əlaqədar müzakirələr
başlanmışdır. Çıxış edən
deputatlar ötən il Azərbaycanın sosial-iqtisadi
inkişafında əhəmiyyətli nəticələr əldə
olunduğunu, regionların sosial-iqtisadi inkişafı Dövlət
Proqramının uğurla həyata keçirildiyini, əhalinin
yaşayış səviyyəsinin getdikcə yüksəldiyini
vurğulamışlar.
Bildirilmişdir
ki, Azərbaycan iqtisadiyyatının inkişafından əldə
olunan gəlirlər ölkənin təhsil, mədəniyyət,
səhiyyə, nəqliyyat infrastrukturunun müasirləşdirilməsinə
yönəldilir. Yeni müəssisələrin və iş
yerlərinin əksəriyyətinin regionlarda
açılması faktı diqqətəlayiq addımdır.
Çıxışlarda
vurğulanmışdır ki, hökumətin hesabatında
ölkə həyatının bütün sahələri əhatə
edilmiş, əsas göstəricilər öz əksini
tapmışdır.
Ötənilki
müzakirələr zamanı deputatların səsləndirdikləri
irad və təkliflərin nəzərə
alınmasının müsbət hal olduğu
bildirilmişdir.
Hökumətin
qaçqınlar və məcburi köçkünlərlə
bağlı gördüyü işlər də yüksək
dəyərləndirilmişdir.
Ədliyyə
naziri Fikrət Məmmədov iclasda məhkəmələrin
işi ilə əlaqədar deputatların səsləndirdikləri
fikirlərə, irəli sürdükləri təkliflərə
münasibət bildirmiş, ölkədə məhkəmə-hüquq
sahəsində həyata keçirilən intensiv islahatlar barədə
məlumat vermişdir. Nazir demişdir ki, Azərbaycanda
2010-2011-ci ildə 20 yeni məhkəmə, o cümlədən
7 regional apelyasiya məhkəməsi
yaradılmışdır. Bu yaxınlarda 4 yeni məhkəmə
binası istifadəyə verilmişdir. Məhkəmələrin
səlahiyyətləri, iqtisad məhkəmələri şəbəkələri
genişlənmişdir. Hakimlərin məsuliyyətinin
artırılması ilə bağlı xeyli tədbirlər
görülmüş, hakimlərlə bağlı Avropa
Şurası ilə birgə Azərbaycanda ədalətli,
şəffaf seçim
qaydası tətbiq olunmuşdur.
Nazir
demişdir ki, son illər məhkəmə hakimlərinin
sayı 2 dəfə artırılmışdır. Bu da işlərə daha tez
baxılmasına təsir göstərmişdir. Hakimlərin əməkhaqları
dəfələrlə artırılmışdır.
İnzibati məhkəmələr iddiaların 75-80 faizini təmin
etmişlər. Bu da onu göstərir ki, bu məhkəmələr
iş adamlarının, vətəndaşların
hüquqlarının keşiyində durur.
Bu
gün ən layiqli hüquqşünasların hakim korpusunda təmin
olunması üçün də mühüm işlər
görülür. Ən şəffaf və obyektiv seçim
qaydaları tətbiq olunur.
Nazir onu da bildirmişdir ki, məhkəmə-hüquq
sistemində islahatlar başa çatandan sonra Andlı Məhkəməsi də
tətbiq olunacaqdır. Çünki bu, konkret olaraq qanunda nəzərdə
tutulmuşdur. Məhkəmə sistemi tam formalaşandan sonra
bu məsələyə münasibət bildiriləcəkdir.
Məhkəmə qərarlarının icra mexanizmlərinin təkmilləşdirilməsi
ilə bağlı qanunlar qəbul edilib, hər 6 aydan bir
icranın vəziyyəti haqqında dövlət
başçısına hesabat təqdim edilir.
Sonra
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci ildə fəaliyyətinə
dair illik hesabatı səsə qoyularaq məqbul hesab edildi.
İclasa
yekun vuran Milli Məclisin Sədri Oqtay Əsədov
qarşıdan gələn Novruz bayramı münasibətilə
təbriklərini çatdırmış və 2013-cü ildə
ölkəmizə yeni-yeni uğurlar arzulamışdır.
Bununla
da Milli Məclisin iclası başa çatmışdır.
AzərTAc
Azərbaycan.-2013.- 16 mart.- S.3.