Baş nazir Artur Rasizadənin çıxışı

 

Milli Məclisdə Nazirlər Kabinetinin illik hesabatı dinlənilmişdir

 

Baş nazir Artur Rasizadənin çıxışı

 

- Hörmətli sədr!

 

Hörmətli deputatlar!

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi altında son illərdə ardıcıl olaraq reallaşdırılan inkişaf strategiyası keçən iluğurla davam etdirilmiş, aparılan sistemli və məqsədyönlü islahatlar yüksək sosial-iqtisadi nailiyyətlərlə nəticələnmişdir. İqtisadiyyatın şaxələndirilməsi və əhalinin sosial rifahının yüksəldilməsi istiqamətində görülən mühüm işlər və əldə olunan konkret nəticələr dövlət başçısının müasir çağırışlara cavab verən iqtisadi siyasətinin ən önəmli səciyyəvi xüsusiyyətləridir.

Nazirlər Kabinetinin ötənilki fəaliyyəti haqqında ətraflı hesabat əvvəlcədən sizə təqdim edildiyi üçün mən əsasən inkişaf istiqamətləri və ümumiləşdirilmiş göstəricilər üzərində dayanmaq istərdim.

Hesabat ilində ümumi daxili məhsulun istehsalı 2,2 faiz artmışdır. Prioritet təşkil edən qeyri-neft sektoru üzrə isə artım 9,7 faiz olmuşdur. İqtisadiyyata bütün maliyyə mənbələri hesabına 25,8 milyard ABŞ dolları məbləğində investisiya yönəldilmişdir. Onun 75 faizi qeyri-neft sektorunun payına düşür. İllik inflyasiyanın 1,1 faiz həddində saxlanılması sosialyönümlü siyasət üçün əlverişli zəmin yaratmışdır. Strateji valyuta ehtiyatları 46 milyard dollara qədər artaraq, xarici dövlət borcunu 8 dəfə üstələmişdir.

İcmal büdcənin gəlirləri 22,1 milyard manat təşkil etmiş,  dövlət büdcəsinin gəlirləri isə artıqlaması ilə yerinə yetirilmişdir.

İl ərzində bank sisteminin maliyyə dayanıqlılığı təmin edilmiş, kredit qoyuluşları 27,8 faiz artmışdır.

Ötən il uzun müddət cəmiyyəti narahat edən daha bir problemöz həllini tapmışdır. Prezident İlham Əliyevin siyasi iradəsi sayəsində sovet dövründən qalmış əmanətlərə görə kompensasiyaların verilməsinə başlanılmışdır. İlin sonuna əmanətçilərə 550 milyon manatdan artıq vəsait ödənilmişdir və bu proses cari ildə başa çatdırılacaqdır.

Ənənəvi olaraq iqtisadi sahədə aparılan ardıcıl islahatlar güclü sosial siyasətlə müşayiət olunmuşdur. Keçən il orta aylıq əməkhaqqı 8,7 faiz artmış, əmək pensiyalarının orta aylıq məbləği isə artırılaraq 152 manata çatdırılmışdır.

Əvvəlki illərdə olduğu kimi, hesabat ilində də məcburi köçkünlərin sosial problemlərinin həllinə xüsusi diqqət yetirilmişdir. Onların mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına 2011-ci ildəkindən 2,2 dəfə artıq maliyyə vəsaiti xərclənmişdir. Nəticədə 23 minədək məcburi köçkün yeni mənzillə təmin edilmişdir.

Ümumilikdə, məcburi köçkünlərin sosial ehtiyaclarının həllinə 600 milyon manatdan artıq vəsait sərf edilmişdir ki, bu da 2003-cü illə müqayisədə 5,5 dəfə çoxdur.

Əldə olunan əsas makroiqtisadi göstəricilər və həyata keçirilən sosial tədbirlər sosial-iqtisadi siyasətin əsas hədəf parametrlərindən olan yoxsulluğun səviyyəsini hesabat ilinin sonuna 6 faizə endirməyə imkan vermişdir.

2012-ci ilin əsas fərqləndirici xüsusiyyəti iqtisadiyyatın şaxələndirilməsində sürətləndirilməsi olmuşdur. Əgər əvvəlki illərdə iqtisadi yüksəliş əsasən mədənçıxarma sənayesi hesabına əldə edilirdisə, hazırda bu, qeyri-neft sektorunun inkişafı sayəsində baş verir. Qeyri-neft sənayesindəki yüksək artım yeni müəssisələrin yaradılmasına, mövcud olanların isə fəaliyyət dairəsinin genişləndirilməsinə əsaslanan davamlı sənayeləşmə prosesinin əyani göstəricisidir.

Bu prosesdə yaradılan biznes mühitinin və sahibkarlığa dövlət dəstəyi tədbirlərinin mühüm rolu olmuşdur. Keçən il təkcə Sahibkarlığa Kömək Milli Fondunun vəsaitləri hesabına 218 milyon manat güzəştli kredit verilmişdir. Son illər ərzində isə sahibkarlara bu mənbədən 1 milyard 200 milyon manat məbləğində kreditlər ayrılmışdır.

Hesabat ilində ölkənin enerji təhlükəsizliyinin möhkəmləndirilməsinə, neft strategiyasının davam etdirilməsinə xüsusi önəm verilmişdir. Elektrik enerjisi mənbələrinin genişləndirilməsi və səmərəliliyinin artırılması, paylayıcı şəbəkələrdə elektrik xətlərinin və yarımstansiyaların tikintisi və yenidən qurulması ilə bağlı zəruri layihələr icra olunur. Dövlət başçısı İlham Əliyevin şəxsi təşəbbüsü ilə Trans-Anadolu qaz kəməri (TANAP) layihəsi haqqında qərar qəbul edilmişdir. Bu və həyata keçirilən digər layihələr Azərbaycanın Avropa ölkələrinin təbii qazla təchiz edilməsindəki rolunu artıracaqdır.

 

Hörmətli deputatlar!

 

Ərzaq təhlükəsizliyi üzrə 2008-2015-ci illəri əhatə edən Dövlət Proqramının ardıcıl icrası ilə bağlı məsələlər yenə də hökumətin diqqət mərkəzində olmuşdur.

Keçən il kənd təsərrüfatında ümumi məhsul istehsalı 6,6 faiz artmış, sahənin əsas məhsullarının istehsalında və emalında yüksək nəticələr əldə edilmişdir.

Kənd təsərrüfatı məhsulları istehsalçılarına güzəştli kreditlərin və subsidiyaların verilməsi, aqrolizinq xidmətlərinin göstərilməsi, müasir texnologiyaların tətbiqi, damazlıq heyvanlarının baş sayının alınması və digər dövlət dəstəyi tədbirləri bu nailiyyətlərə öz töhfəsini vermişdir.

Ərzaq məhsulları ilə təminatda idxaldan asılılığın azaldılması məqsədi ilə yeni quşçuluq, heyvandarlıq, dəyirman kompleksləri yaradılmış, taxıl anbarları və soyuducu kameralar tikilərək istifadəyə verilmişdir.

Ölkədə ərzaq buğdasına olan daxili tələbatın ödənilməsi məqsədilə Ağcabədi və Beyləqan rayonlarında iri pilot taxılçılıq təsərrüfatları yaradılmışdır. Hazırda digər rayonlarda da belə təsərrüfatların yaradılması istiqamətində işlər aparılır.

Dövlət büdcəsindən və Neft Fondundan ayrılan vəsaitlər hesabına meliorasiyasu təsərrüfatı kompleksində genişmiqyaslı meliorativ layihələr həyata keçirilir. Bunların sırasında ən iri layihələrdən olan Taxtakörpü və Şəmkirçay su anbarlarının tikintisini və gələcək faydasını xüsusi qeyd etmək istərdim.

Ölkə iqtisadiyyatının sürətlə inkişaf edən nəqliyyat və informasiya-kommunikasiya texnologiyaları sektorlarında mühüm infrastruktur layihələri həyata keçirilmişdir.

Bakı-Tbilisi-Qars dəmir yolunun, beynəlxalq və respublika əhəmiyyətli, ölkədaxili avtomobil yollarının, körpülərin, yeni metro stansiyalarının, dəniz və hava limanlarının tikintisi davam etdirilmişdir.

Ölkədə informasiya cəmiyyətinin qurulması istiqamətində inamlı addımlar atılmış və informasiya-kommunikasiya texnologiyaları sektoruna irihəcmli investisiyalar qoyulmuşdur.

Bu sahədə aparılan institusional islahatlar nəticəsində "ASAN xidmət" mərkəzi yaradılmış, əhaliyə müasir, şəffaf və operativ elektron xidmətlərin göstərilməsinə başlanılmışdır.

2012-ci ildə də ətraf mühitin mühafizəsi, ekoloji tarazlığın qorunması ilə bağlı nəzərdə tutulmuş vacib tədbirlər icra olunmuşdur. Çirklənmiş sahələrin radioaktiv tullantılardan təmizlənməsi, Bakı buxtasının ekoloji vəziyyətinin sağlamlaşdırılması, xüsusi mühafizə olunan təbiət ərazilərinin genişləndirilməsi və biomüxtəlifliyin qorunması, meşəliklərin və parkların salınması istiqamətində böyük işlər görülmüşdür.

Respublikada uzun illərdən bəri həllini gözləyən ən vacib problemlərdən biri əhalinin keyfiyyətli içməli su ilə təmin edilməsi idi. Buna görə ölkənin bütün bölgələrinin içməli sukanalizasiya sistemləri ilə təmin edilməsi layihələrinin hazırlanmasına və ardıcıl icrasına başlanılmışdır. Bu tarixi vəzifənin həlli istiqamətində hesabat ilində də irimiqyaslı işlər yerinə yetirilmişdir.

Ölkəmizin ildən-ilə artan iqtisadi imkanları elm, təhsil, səhiyyə, mədəniyyət və digər humanitar sahələrə yönəldilən büdcə vəsaitlərinin və investisiyaların da əhəmiyyətli dərəcədə artırılmasına imkan yaratmışdır.

Nəticədə təhsil müəssisələrinin maddi-texniki bazası möhkəmləndirilmiş, informasiya texnologiyalarının tətbiqi sürətləndirilmiş və tədris prosesi təkmilləşdirilmişdir.

Səhiyyə müəssisələrinin yenidən qurulması və qabaqcıl texnologiyaların tətbiqi davam etdirilmişdir.  Sahəyə ayrılan büdcə vəsaiti son on ildə 12,5 dəfədən çox artırılmış, 500-ə yaxın səhiyyə müəssisəsi tikilmiş və əsaslı təmir olunmuşdur.  Bunun və digər amillərin təsiri nəticəsində orta ömür müddəti əhəmiyyətli dərəcədə artmış, körpə və ana ölümü göstəriciləri kəskin azalmışdır.

Ölkənin bütün bölgələrinin tarazlı inkişafını nəzərdə tutan və ardıcıl icra olunan iki regional Dövlət proqramı öz müsbət nəticələrini verməkdədir. Təkcə keçən il proqramda nəzərdə tutulan tədbirlərin maliyyələşdirilməsinə 4,7 milyard manat, 2009-2012-ci illərdə isə 16 milyard manatdan artıq vəsait xərclənmişdir ki, bu da birinci Dövlət Proqramının bütövlükdə icrasına yönəldilmiş vəsaitdən 2,4 dəfə çoxdur.  

Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasına ümumilikdə 2,1 milyard manatdan artıq vəsait sərf edilmişdir. Proqramda nəzərdə tutulan qaz, su, enerji təminatı, istilik sistemlərinin yenidən qurulması, qəsəbələrarası yolların, sosial infrastruktur obyektlərinin tikilməsi və ya təmir edilməsi ilə bağlı əhəmiyyətli işlər görülmüşdür.

Məlum olduğu kimi, ötən ilin may ayında baş vermiş güclü zəlzələ Zaqatala, Balakən və Qax rayonlarında evlərə, sosialinfrastruktur obyektlərinə ciddi ziyan vurmuşdur. Ölkənin mövcud iqtisadi imkanları, təbii və texnogen fəlakətlərin nəticələrinin aradan qaldırılması məqsədi ilə yaradılan texnikikadr potensialı əsasında qısa müddətdə dəymiş ziyanın bərpasına başlanılmışdır. İlin sonuna 2974 fərdi ev, 19 məktəb və digər obyektlər tikilib istifadəyə verilmiş, 3 mindən çox ailəyə evlərinin bərpası üçün maliyyə yardımı edilmişdir.

Əvvəlki illərdə olduğu kimi, bu hesabat ilində də ölkənin hərbi qüdrətinin artırılmasına, Azərbaycan Ordusunun ən müasir silah-sursatlarla təmin edilməsinə ciddi diqqət yetirilmişdir. Ordumuzun təchizatı həm xaricdən alınan, həm də daxildə - hərbi-sənaye kompleksində istehsal olunan silah və hərbi texnika hesabına xeyli yaxşılaşdırılmışdır.

 

Hörmətli deputatlar!

Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan düşünülmüşpraqmatik sosial-iqtisadi siyasət, həyata keçirilən köklü islahatlar tarixi nailiyyətlərin qazanılması ilə nəticələnmişdir. 2003-2012-ci illərdə ümumi daxili məhsulun orta illik artımı 13 faiz, qeyri-neft sektorunda 10,6 faiz təşkil etmişdir. Əsas kapitala yönəldilən investisiyaların həcmi 7,3 dəfə artmışdır. Bu dövrdə ölkənin iqtisadiyyatı 3 dəfədən çox artmış və onun inkişafına 132 milyard dollar məbləğində sərmayə qoyulmuşdur. Dövlət büdcəsi 19 dəfə, strateji valyuta ehtiyatları 29 dəfə, iqtisadiyyatın kreditləşməsi 24,5 dəfə artmışdır. Əhalinin gəlirləri, orta aylıq əməkhaqları və pensiyaların orta məbləği müvafiq olaraq 6,9,  6,3 və 6,4 dəfə yüksəlmişdir. Bu müddətdə bir milyondan artıq yeni yeri açılmış, yoxsulluq səviyyəsi 44,7 faizdən 6 faizə enmişdir.

Prezident İlham Əliyevin Nazirlər Kabinetinin 2012-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında və regionların inkişaf proqramı ilə bağlı konfransdakı çıxışlarında cari ildə hökumətin qarşısında duran ən əsas vəzifələr müəyyən edilmişdir. Nazirlər Kabineti bu tapşırıqların vaxtında, keyfiyyətlə və tam həcmdə yerinə yetirilməsi üçün bütün zəruri tədbirləri həyata keçirəcəkdir.

Diqqətinizə görə sağ olun!

 

* * *

 

 

Azərbaycan.-2013.- 16 mart.- S.3.