Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Litvanın ölkəmizdəki səfiri Arturas Jurauskas ilə görüşmüşdür

 

Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva martın 15-də Litvanın ölkəmizdəki səfiri Arturas Jurauskas ilə görüşmüşdür.

Mehriban xanım Əliyeva qonağı Heydər Əliyev Fondunda salamlamaqdan məmnun olduğunu bildirmiş, ona fəaliyyətində uğurlar arzulamışdır. Bildirilmişdir ki, Heydər Əliyev Fondu Litva ilə əməkdaşlığa böyük önəm verir. Azərbaycanın birinci xanımı keçmiş səfir ilə bu istiqamətdə aparılan işləri xatırlatmış, əməkdaşlığın davam edəcəyinə ümidvar olduğunu demişdir.

Görüşdə Azərbaycan ilə Litva arasında təhsil sahəsində aparılan əməkdaşlıq barədə də danışılmışdır. Qeyd olunmuşdur ki, hazırda Litvada 104 azərbaycanlı tələbə təhsil alır. Ötən il bir qrup litvalı gənc də Azərbaycanda səfərdə olmuşdur.

Görüşdə Heydər Əliyev Fondunun həyata keçirdiyi layihələr barədə məlumat verilmişdir.

 

 

AzərTAc

 

Azərbaycan.-2013.- 16 mart.- S.4.