Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya Pakistanın ali mükafatı təqdim olunmuşdur

 

Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva martın 15-də Pakistan parlamentinin komitə sədri, Azərbaycan-Pakistan parlamentlərarası dostluq qrupunun üzvü xanım Rubina Saadat Qaimxani ilə görüşmüşdür.

Qonağı Bakıda görməkdən məmnun olduğunu söyləyən Mehriban xanım Əliyeva Azərbaycan ilə Pakistan arasındakı sıx dostluq münasibətlərinin səviyyəsindən razılıq ifadə etmişdir. Bildirilmişdir ki, ölkələrimiz bütün sahələrdə əməkdaşlıq etməklə yanaşı, həm dövlət, həm parlament, həm də qeyri-dövlət təşkilatları səviyyəsində gözəl əlaqələr qurmuşlar. Bu əlaqələr xalqlarımızın da dost olmasına gətirib çıxarmışdır. Ölkələrimiz bütün beynəlxalq qurumlarda bir-birinin mövqeyini daim dəstəkləyirlər.

Azərbaycanın birinci xanımı rəhbərlik etdiyi Heydər Əliyev Fondu barədə də məlumat vermişdir. Mehriban xanım Əliyeva demişdir ki, 10 ildir fəaliyyət göstərən Fond nəinki Azərbaycanda, həm də xarici ölkələrdə humanitar, təhsil, mədəniyyət, səhiyyə, qadınların cəmiyyətə inteqrasiyasının asanlaşdırılması istiqamətində layihələr həyata keçirir. Belə layihələrin bir neçəsi məhz Pakistanın müxtəlif şəhərlərində reallaşdırılmışdır. Fondun təşəbbüsü ilə ölkənin Müzəffərabad şəhərində qızlar üçün məktəb inşa olunmuş, Peşəvar şəhərindəki göz xəstəxanasının tikintisinə maliyyə yardımı göstərilmiş, müxtəlif adda tibbi və xeyriyyə aksiyaları  həyata keçirilmişdir. Birinci xanım Mehriban Əliyeva belə tədbirlərin davam etdirilməsinin iki ölkə arasında əməkdaşlığa töhfə verdiyinə əminliyini bildirmişdir.

Rubina Saadat Qaimxani Heydər Əliyev Fondunun gördüyü işlərdən məlumatlı olduğunu demişdir. Pakistanlı deputat vurğulamışdır ki, onun xalqı göstərilən yardımlara görə Azərbaycan rəhbərliyinə, Heydər Əliyev Fonduna və şəxsən Mehriban xanım Əliyevaya minnətdardır.

Xanım Rubina Saadat Qaimxani Prezident Asif Əli Zərdarinin salamlarını və Pakistana dəvətini Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya çatdırmışdır. Mehriban xanım Əliyeva dəvəti məmnunluqla qəbul etdi.

Sonra Mehriban xanım Əliyevaya 2012-ci ilin "Humanizm rəmzi - Dünya miqyasında apardığı xeyirxah fəaliyyətinə, bəşəriyyətin ülvi ideyalarına xidmətinə görə" qadın mükafatı təqdim edilmişdir.

Sonda xatirə şəkli çəkdirilmişdir.

 

 

AzərTAc

 

Azərbaycan.-2013.- 16 mart.- S.4.