Heydər Əliyev - 90: iqtisadi modernləşmə
"Azərbaycan"
qəzetinin və Azərbaycan Respublikasının Prezidenti
yanında Strateji Araşdırmalar Mərkəzinin birgə təşkilatçılığı
ilə keçirilən konfrans
Qarşıdan xalqımızın ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyi gəlir. Müstəqil Azərbaycan dövlətinin hərtərəfli inkişafı yolunda əvəzsiz tarixi xidmətləri nəzərə alınaraq milli dövlətçilik ideyasının bərqərar olmasına və ölkəmizin beynəlxalq aləmdə nüfuzunun artmasına misilsiz töhfələr vermiş ümummilli liderimiz Heydər Əliyevin 90 illik yubileyinin ölkə miqyasında layiqincə keçirilməsinə başlanıb. Bu məqsədlə Prezident İlham Əliyev bu il yanvarın 21-də "Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyi haqqında" sərəncam da imzalayıb. Sərəncama əsasən ulu öndərin 90 illik yubileyi dövlət səviyyəsində geniş qeyd olunacaq, tədbirlər, konfranslar, simpoziumlar keçiriləcəkdir.
Xatırladaq ki, fevral ayının 21-də "Azərbaycan" qəzeti redaksiyasının və Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) birgə təşkilatçılığı ilə Heydər Əliyevin anadan olmasının 90 illik yubileyinə həsr olunmuş ilk rəsmi dövlət tədbiri keçirilmişdir. Martın 13-də isə "Azərbaycan" qəzeti redaksiyası və SAM-ın birgə təşkilatçılığı ilə bu mövzuda növbəti tədbir təşkil olundu. Ulu öndərin 90 illik yubileyinə həsr olunmuş budəfəki konfransda müzakirə mövzusu iqtisadi modernləşmə məsələləri idi.
Milli Məclisin deputatlarının, dövlət məmurlarının, müxtəlif təşkilatların nümayəndələrinin, elm xadimlərinin iştirak etdiyi konfransda Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Aqrar siyasət məsələləri şöbəsinin müdiri Azər Əmiraslanovun, sənaye və energetika naziri Natiq Əliyevin, Dövlət Sosial Müdafiə Fondunun sədri Səlim Müslümovun, mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədovun çıxışları dinlənildi.
Konfransın moderatoru, "Azərbaycan" qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Bəxtiyar SADIQOV iştirakçıları salamlayaraq dedi:
- Azərbaycan dövlət müstəqilliyinə çox ağır və mürəkkəb vaxtda qədəm qoydu. Qırmızı imperiyanın parçalanması, uzun illər boyu daşlaşmış iqtisadi əlaqələrin sürətlə pozulması, ölkəni bürüyən tətillərin təsiri Azərbaycandan da yan keçmədi. Siyasi böhranın ardınca iqtisadi böhran başlandı.
Bir-birinin ardınca iqtidarda olan, lakin qısa müddətdə xalqın etimadını itirərək hakimiyyət kürsüsünü tərk edənlər işlədikləri müddətdə nəinki vəziyyəti düzəldə bilmədilər, əksinə ümummilli böhranı daha da dərinləşdirdilər. Nəticədə Azərbaycan bir dövlət kimi dünya xəritəsindən silinmək, qədimlərdə olduğu kimi xırda xanlıqlara parçalanmaq təhlükəsi ilə üz-üzə qaldı.
Yalnız ulu öndər Heydər Əliyevin xalqın arzu və tələbi ilə yenidən ölkə rəhbərliyinə qayıtmasından sonra bu sahədə ciddi dönüşün əsası qoyuldu. Müharibədə atəşkəs əldə edildi, əhalidəki külli miqdarda qeyri-qanuni silahlar toplandı, ölkədə möhkəm və dönməz sabitlik yaradıldı.
Ulu öndər eyni zamanda bir neçə istiqamətdə fəaliyyət göstərməyi bacaran dahi şəxsiyyətlərdən idi. Azərbaycanın informasiya blokadasından çıxarılması, dünyaya inteqrasiyası, habelə Xəzərin karbohidrogen ehtiyatlarından istifadə, bazar iqtisadiyyatı münasibətlərinə keçidi şərtləndirən iqtisadi, siyasi, hüquqi islahatları gecikdirmək olmazdı. Beləliklə, "Əsrin müqaviləsi" neft kontraktı imzalandı, yeni Konstitusiya qəbul edildi, özəlləşdirmə proqramları həyata keçirildi və tədricən ümummilli böhran aradan qaldırıldı.
Tarixən
qısa zaman kəsiyində görülən bütün bu
işlər həm də Azərbaycanın sürətli
inkişafının, modernləşməsinin təməli
idi. Heydər Əliyev siyasi kursunun layiqli
davamçısı cənab İlham Əliyev müəllifi
olduğu "Düşünülmüş, sürətli və
davamlı" inkişaf konsepsiyası əsasında
dünyada tanınan və qəbul edilən
"İnkişafın Azərbaycan modeli"ni yaratmaqla
ölkəni qısa müddətdə modernləşdirdi.
İndi Azərbaycan Cənubi Qafqazın ən
güclü dövləti, BMT Təhlükəsizlik
Şurasının qeyri-daimi üzvü, demokratiya yolu ilə
inamla gedən ölkədir.
Ulu
öndər Heydər Əliyevin 90 illik yubileyi münasibəti
ilə "Azərbaycan" qəzeti ilə Azərbaycan
Respublikasının Prezidenti yanında Strateji
Araşdırmalar Mərkəzinin birgə keçirdiyi
növbəti konfrans iqtisadi modernləşmə mövzusuna həsr
olunmuşdur.
İndi
isə Strateji Araşdırmalar Mərkəzinin direktoru Fərhad
MƏMMƏDOV giriş sözü söyləyəcək.
Fərhad MƏMMƏDOV:
- Heydər Əliyevin iqtisadi modernləşdirmə siyasətinə həsr olunan konfransımızı ümummilli liderin bir fikri ilə başlamaq istərdim: "Azərbaycan mənim ürəyimdir, Azərbaycan mənim Vətənimdir, Azərbaycan mənim həyatımdır. Həyatım boyu Vətənimə, ölkəmə, xalqıma xidmət etmişəm. Mən bəxtəvərəm ki, xalqıma etdiyim xidmətlərim qiymətləndirilibdir". Həqiqətən də Heydər Əliyevin Vətən və Azərbaycan xalqı qarşısındakı xidmətləri misilsizdir, uzun müddət siyasi-iqtisadi tədqiqatların aparıcı mövzusu olaraq qalacaqdır.
Xüsusilə qeyd olunmalıdır ki, Azərbaycan özünün dövlət müstəqilliyini bərpa etdikdən sonra məhz Heyder Əliyevin uzaqgörən, müdrik siyasəti və gərgin fəaliyyəti nəticəsində ölkəmiz siyasi-iqtisadi və sosial böhranlar məngənəsindən sürətlə çıxaraq qısa müddət ərzində həmin problemlərdən qurtulmuş və dünyanın iqtisadi sistemində öz sözünə, mövqeyinə və zəngin potensiala malik dövlətə çevrilmişdir. Milli dövlətçiliyimizin möhkəmləndirilməsinə və əhalinin rifah halının yüksəldilməsinə yönəldilmiş bu siyasətin ən böyük uğuru isə inkişafın yeni, unikal modelinin - Azərbaycan modelinin yaradılmasıdır. Bu gün Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin məqsədyönlü fəaliyyəti nəticəsində Heydər Əliyevin iqtisadi siyasət kursu inamla davam etdirilir və özünün müsbət nəticələrini verməkdədir.
Təməli ümummilli lider Heydər Əliyevi tərəfindən qoyulan neft strategiyasının reallaşdırılması və dünyanın aparıcı transmilli şirkətləri ilə müqavilələrin imzalanması, bu siyasətin Azərbaycanın milli maraqlarının ödənilməsinə yönəldilməsi sayəsində xarici investisiyaların ölkəmizə geniş həcmdə axını artmış, dünya dövlətlərinin Azərbaycan iqtisadiyyatına marağı yüksəlmiş, onun beynəlxalq əlaqələrinin genişləndirilməsinə əlverişli imkan yaranmışdır. Eyni zamanda Heydər Əliyevin neft strategiyası Azərbaycanı regional lider mərhələsinə çıxararaq onun geosiyasi və geoiqtisadi mövqelərinin möhkəmləndirilməsinə, dünya iqtisadiyyatına fəal inteqrasiyasına geniş imkanlar açmışdır. Ötən 20 il ərzində formalaşan Azərbaycanın enerji siyasəti dövlətimizi dünyanın siyasi-iqtisadi arenasında etibarlı tərəfdaş və sabit enerji təminatçısı kimi tanıtmışdır. Fəxrlə qeyd edə bilərik ki, bu gün Cənubi Qafqaz iqtisadiyyatının təqribən 80 faizi Azərbaycan Respublikasının payına düşür. Güclü iqtisadiyyata və potensiala malik olan Azərbaycan özünün daxili tələbatını ödəməklə yanaşı, qonşu ölkələrə enerji ixrac etməkdədir. Çoxşaxəli enerji ixracı özünü transsərhəd neft-qaz kəmərlərinin çəkilişi və istismara buraxılmasında biruzə verməklə, yeni iqtisadi perspektivlərin əldə olunmasına zəmin yaratmışdır. Həmin siyasət sayəsində qeyri-neft sektorunun davamlı inkişafı Azərbaycan Respublikasının iqtisadi modelinin prioritet istiqamətlərindən birinə çevrilmişdir.
Ölkəmizin dünya iqtisadi sisteminə sıx inteqrasiyası nəticəsində əldə olunan neft gəlirləri Azərbaycanın sosial-iqtisadi inkişafının təminatına, əhalinin rifah halının davamlı olaraq yüksəldilməsinə yönəldilmişdir. Təsadüfi deyildir ki, milli sərvətin nəsillər arasında ədalətli bölgüsü, neft gəlirlərinin səmərəli idarə edilməsi məqsədilə 1999-cu ildə məhz Heydər Əliyevin fərmanı ilə Dövlət Neft Fondu təsis edilmiş və uğurla fəaliyyət göstərməkdədir. Onu da vurğulayaq ki, Neft Fondunun maliyyələşdirdiyi layihələr sırasında aparıcı yer tutan Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin inşası Azərbaycanın regionda siyasi nüfuzunun daha da güclənməsində, inteqrasiya prosesinin genişləndirilməsində böyük əhəmiyyətə malikdir.
Heydər Əliyev eyni zamanda müasir Azərbaycanın sosial inkişafı siyasətinin də qurucusudur. Ulu öndərin gələcəyə hesablanmış strateji proqramının təməlində xalqın rifahının yüksəldilməsi, əhalinin sosial təminatının və sosial müdafiəsinin gücləndirilməsi dayanır. Hazırda ölkəmizdə məcburi sosial sığorta haqlarının toplanması, pensiyaların təyinatı və ödənişi üzrə vahid sistem mövcuddur. Ümummilli liderin müəyyən etdiyi sosial islahat istiqamətlərinə uyğun olaraq Azərbaycanda sığorta-pensiya və dövlət sosial yardım sistemləri beynəlxalq standartlar səviyyəsinə yüksəldilmişdir. Bundan əlavə, sığorta olunanların avtomatlaşdırılmış fərdi uçot sistemi də fəaliyyət göstərməkdədir. Vətəndaşların sosial müdafiəsi istiqamətində qəbul edilən normativ-hüquqi aktların tətbiqi sayəsində əhalinin əməkhaqları, müavinətləri və pensiyalarında və bütövlükdə əhalinin real gəlirlərində nəzərəçarpacaq dərəcədə artım müşayiət olunmaqdadır. Heydər Əliyevin yeni sosial siyasət konsepsiyası bu gün Azərbaycan Respublikası Prezidenti İlham Əliyev tərəfindən müvəffəqiyyətlə davam etdirilməkdədir.
Konfransda toxunulacaq mövzulardan biri də Heydər Əliyevin yürütdüyü aqrar siyasət və onun uğurlu nəticələridir. Bu siyasətin gercəkləşdirilməsi sayəsində Azərbaycanda qısa vaxt ərzində əhalinin kənd təsərrüfatı məhsulları ilə fasiləsiz təminatı sahəsində əsaslı dönüş yaranmış, aqrar sektorda innovativ metodların tətbiqi sürətləndirilmiş, ölkənin idxaldan asılılığı aradan qaldırılmışdır. Bundan başqa, özəl kənd təsərrüfatı obyektlərinin inkişafına kreditlər ayrılması, istehsalın maddi-texniki bazasının möhkəmləndirilməsi, yeni emal müəssisələrinin istifadəyə verilməsi aqrar sektorda məhsuldarlığın davamlı artımına, bütövlükdə ölkəmizdə kənd təsərrüfatının inkişafına əhəmiyyətli təsir göstərmişdir.
Bəxtiyar SADIQOV:
- Azərbaycan ta qədimlərdən neft ölkəsi sayılıb. Lakin həmişə "adı sənin, dadı mənim" prinsipi ilə çalışıb. Müstəqillik dövründə neftin Azərbaycan xalqının maraqlarına xidmətinin təmin edilməsi də ən vacib vəzifələrdən biri sayılırdı. AXC-Müsavat cütlüyü iqtidarda olduğu müddətdə səriştəsizlik ucbatından neft danışıqlarını başa çatdırmağa, xalqın maraqlarının qorunduğu müqavilələrin hazırlanaraq imzalanmasına nail ola bilmədi. Yalnız Heydər Əliyev bu missiyanı da uğurla yerinə yetirdi və əslində Xəzərin karbohidrogen ehtiyatlarını yenidən dünya üçün kəşf etmiş oldu. 20 sentyabr 1994-cü ildə imzalanan "Əsrin müqaviləsi" həm də Azərbaycan iqtisadiyyatının digər sahələri üçün lokomotiv rolunu oynadı.
Bu mövzuda sənaye və energetika naziri Natiq ƏLİYEV danışacaq.
Natiq ƏLİYEV:
- Müstəqil Azərbaycan dövlətinin iqtisadiyyatının hərtərəfli inkişaf etdirilməsi naminə neft amilindən səmərəli istifadə olunması ulu öndər Heydər Əliyevin hakimiyyətinin bütün dövrlərində uzaqgörən, düşünülmüş bir siyasət olaraq daim ön planda olmuşdur.
"Əsrin müqaviləsi"nin imzalanması əslində ulu öndər Heydər Əliyev tərəfindən müstəqil dövlət quruculuğunun əsas strateji istiqamətlərindən biridir. Bu gün keçmişə nəzər salarkən bir daha görürük ki, həmin dövrdə qarşıya qoyulan bütün məsələlər öz həllini tapmış və sözsüz ki, bunun əsas, ən başlıca səbəbi həmin illərdə Heydər Əliyev tərəfindən uğurla, cəsarətlə həyata keçirilmiş Azərbaycanın yeni neft strategiyası olmuşdur.
Heydər Əliyevin 1993-2003-cü illərdə Azərbaycana rəhbərlik etdiyi dövrdə dünyanın 19 ölkəsinin 41 neft şirkəti ilə imzalanmış 21 saziş çərçivəsində xeyli iş görülmüşdür. Bu işlərə nəhəng "Çıraq-1" platformasının, sualtı neft və qaz kəmərlərinin, Səngəçal terminalının, Bakı-Novorossiysk və Bakı-Supsa ixrac neft kəmərlərinin inşasını, özüllərin və yeni platformaların tikinti sahələrinin bərpası, borulara beton örtük çəkilməsi zavodunun, "Dədə Qorqud", "İstiqlal" və "Qurtuluş" qazma qurğularının tikilib istifadəyə verilməsini, "İsrafil Hüseynov", "Süleyman Vəzirov" borudüzən gəmilərinin yenidən qurulmasını, "Azərbaycan" kran gəmisinin və istehsal üçün lazım olan başqa gəmi və qurğuların təmirini və modernləşməsini aid etmək olar.
1996-cı ilin fevral ayında
"Çıraq" yatağından ilkin neftin hasilatı
haqqında qərar qəbul olundu və uğurla həyata keçirildi.
İlkin neft obyektlərinə "Çıraq"
yatağında 105 metr dənizin dərinliyində qurulmuş
bir dəniz qazma və hasilat platforması, Səngəçaladək
24 düymlük bir sualtı neft kəməri, Neft Daşlarınadək 16 düymlük bir
sualtı qaz kəməri, Səngəçalda neft
terminalı, Şimal və Qərb istiqamətində iki ixrac
boru kəməri və Supsada bir ixrac terminalı daxil oldu.
"Çıraq-1" ilk hasilat platforması istismara verildi,
Bakı-Novorossiysk neft kəməri bərpa olundu, yeni
Bakı-Supsa kəməri tikildi, Səngəçal
və Supsa terminalları inşa edildi.
"Çıraq-1" özülündən 16 quyu
qazılmışdır və onların 12-dən gündə
orta hesabla öncə nəzərdə tutduğumuzdan xeyli
artıq - 140 min barel (19 min ton) neft hasil olunurdu və 2002-ci ildə
neft hasilatının həcmi 5,5 milyon tona
çatdırıldı.
İlkin neft layihəsi üzrə nəzərdə tutulan bütün işlər yerinə yetirilmiş, bu işlər çərçivəsində neft sənayesinin infrastrukturu xeyli müasirləşdirilmişdir. "Əsrin müqaviləsi" layihəsində kəşfiyyat işlərinin tam şəkildə yerinə yetirilməsi mühüm yer tutdu. Bu işlərin sırasında "Dədə Qorqud" yarımdalma qazma qurğusunda bərpa işlərinin başa çatması müstəsna əhəmiyyət kəsb edir.
Sonra tezliklə tam modernləşmiş "İstiqlal" üzən yarımdalma qazma qurğusunun, yeni inşa olunan özüqalxan "Qurtuluş" qazma qurğusunun istismara verilməsini Azərbaycan neft sənayesinin böyük uğurlarından hesab etmək olar. Bu qazma qurğularının köməyi ilə "Azəri", "Çıraq", "Günəşli", "Şahdəniz" yataqlarında bir neçə kəşfiyyat quyusu qazıldı. "Qarabağ", "Əşrəfi", "Oğuz", "Naxçıvan", "Abşeron", "Qarasu", "Lənkəran-dəniz", "İnam" və başqa strukturlarda çoxsaylı kəşfiyyat quyusu qazıldı və bu strukturların neftli-qazlı-kondensatlı olduğu haqqında zəngin geoloji məlumatların əldə edilməsinə imkan verdi və yeni yataqların kəşfini təmin etdi. Bununla yanaşı, Xəzər dənizində suyun dərin hissələrində yerləşən "Alov", "Şərq", "Zəfər-Məşəl", "Savalan" və sair kəşfiyyat blokları üzrə qazma işlərini sürətləndirmək üçün yeni tipli, 1000 metrə qədər dərin sahələrdə işləyə biləcək qazma qurğusuna ehtiyac yarandı.
Azərbaycan
Respublikası Dövlət Neft Şirkətinin,
"Lukoyl" və Keppel FELS şirkətlərinin
yaratdıqları Kaspian Şipyard Kompani müştərək
müəssisəsinin gərgin əməyinin nəticəsində
qazma qurğusu inşa edilib başa
çatdırılmış, müasir avadanlıqla təchiz
olunmuş bu yeni, möhtəşəm qurğu dənizin su
qatının 75 metrdən 1025 metrədək dərinliyində
9144 metrədək kəşfiyyat qazma quyularının
qazılmasına imkan verdi.
Tarixi baxımdan ən qısa zaman ərzində irihəcmli layihələr gerçəkləşdi. 1999-cu ildə nəhəng "Şahdəniz" qaz-kondensat yatağı açıldı. Bu səpkidə Azərbaycan neftinin və təbii qazının Türkiyəyə Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəməri və Gənubi Qafqaz qaz boru kəməri vasitəsi ilə nəqli üçün Azərbaycan-Gürcüstan-Türkiyə dövlətləri arasında əldə edilmiş razılaşmalar və imzalanmış sazişlər bu strategiyanın həyata keçirilməsinin ən önəmli addımları kimi qiymətləndirilir.
Azərbaycan neftini dünya bazarlarına nəql etmək üçün Bakı-Novorossiysk Şimal ixrac boru neft kəməri tezliklə bərpa edildi və 1997-ci ildə istifadəyə verildi. Azərbaycanda 231 kilometr uzunluğunda boru kəmərindən və həmçinin nasos, neftvurma və nəzarət-ölçü stansiyalarından ibarət Şimal ixrac boru kəməri heç bir iş günü itirilmədən işləməkdədir.
Ümummilli lider Heydər Əliyevin yaratdığı yeni neft strategiyasının inkişafında və "Şərq-Qərb" enerji dəhlizinin gerçəkləşməsində Bakı-Supsa neft kəmərinin inşası mühüm yer tutdu.
Yataqların tammiqyaslı işlənməsinin "Faza-1" layihəsinin həyata keçirilməsi nəticəsində "Çıraq-1" və "Mərkəzi Azəri" platformasından neft hasilatı gündə 250 min barelə, 2008-ci ildə isə yalnız bu iki platformadan 500 min barelə (ildə 25 milyon ton) çatdırıldı.
"Faza-1" layihəsi üzrə əsas quraşdırma və tikinti işləri Azərbaycanda, Dubayda, Fransada, İtaliyada və İsveçdə başlanmışdır və bu işlərin vaxtında yerinə yetirilməsi üçün ABŞ-ın "MakDermott", Fransanın "Byuqr", "Eyfel" və "Enterpoz", İtaliyanın "Saypem", İsveçin "Emtunqa", Türkiyənin Tekfen şirkətləri böyük səylər göstərmişdir. Bu şirkətlərdə "Faza-1" layihəsinin çərçivəsində 2300-dən artıq Azərbaycan mütəxəssisləri və vətəndaşları uğurla çalışırdırlar.
"Faza-1" layihəsinin həyata keçirilməsi nəticəsində "Mərkəzi Azəri" platformasından ilk neft hasilatı ilə əlaqədar 187 kilometrlik uzunluğunda sualtı 30 düymlük neft kəməri sahilədək inşa olunub, 28 düymlük qaz kəmərinin tikilməsi uğurla başa çatmışdır.
"Faza-2" layihəsi "Azəri" yatağının şərq və qərb hissələrinin işlənməsinə yönəldilmişdir və o, "Faza-1" ilə birlikdə "Azəri" yatağının işlənməsinin tam başa çatdırılmasını nəzərdə tutmuşdur. "Faza-2" dəniz obyektləri suyun dərinliyi müvafiq olaraq 120 və 150 metr olan sahələrdə yerləşməklə, "Azəri" yatağının qərb və şərq hissəsində iki ədəd 48 quyuağzına malik platformanı əhatə etdi. Platformaların texnoloji emal gücü "Azəri" yatağının qərb hissəsində gündə 340 min barelə (ildə 17 milyon ton), şərq hissəsində isə 260 min barelə (ildə 13 milyon ton) çatdırıldı. Bu isə "Azəri" yatağında neft hasilatının artırılmasına və ən azı gündə 800 min barelə (ildə 40 milyon ton) çatmasına imkan yaratdı. "Qərbi Azəri"də öncə qazma proqramı hazırda 6 quyudan ibarətdir, bunların 5-i hasilat, 1-i isə şlamların yenidən laya vurulması quyusudur. Quyuların layihə dərinliyi 3900 metrdən 4500 metrə qədərdir. "Şərqi Azəri"dəki ilk dörd öncə qazma quyusunun uğurla tamamlanmasından sonra 2002-ci ilin iyul ayında "Qərbi Azəri" öncə qazma proqramına başlanmışdır. İlk neftin "Qərbi Azəri"dən 2006-cı ilin 2-ci rübündə, "Şərqi Azəri"dən isə 2007-ci ilin 2-ci rübündə hasil ediləcəyi nəzərdə tutuldu. Bu layihənin gerçəkləşməsi nəticəsində 2007-2008-ci illərdə neft hasilatının 40 milyon tonadək artırılması təmin olunmuşdur.
"Azəri-Çıraq-Günəşli" yataqlarının tammiqyaslı işlənilməsinin üçüncü mərhələsi ("Faza-3") "Günəşli"nin dərinlikdə yerləşən hissəsinin işlənməsini və "Çıraq" yatağının qərb hissəsindəki ehtiyatları əhatə edir və sonuncu əsas işlənmə mərhələsidir. "Faza-3" layihəsinin bu gün nəzərdə tutulmuş iş proqramına əsasən ilk neftin əldə olunması 2008-ci ilin ortalarında gözlənilirdi. Son nəticədə "Faza-3" layihəsinin işlənməsi ümumilikdə "Azəri-Çıraq-Günəşli" yataqlarından gündəlik 1 milyon bareldən (ildə 50 milyon ton) artıq neft çıxarılmasına imkan yaratdı.
Səngəçalda inşa edilmiş terminal dünyada bu qəbildən olan ən böyük terminallardan birinə çevrildi. Bu terminalın genişləndirilməsi gün ərzində burada 1,2 milyon barel xam neftin saxlanılmasına və texniki emal olunmasına imkan yaratdı.
Azərbaycanın neft yataqlarının uğurla işlənməsi bilavasitə Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin vaxtında inşası ilə bağlıdır. Bakı-Tbilisi-Ceyhan layihəsi qısa bir zamanda, bir tərəfdən özünün texniki, iqtisadi, kommersiya, maliyyə göstəricilərinə görə, o biri tərəfdən isə Azərbaycan, Gürcüstan və Türkiyə üçün siyasi və enerji təhlükəsizliyini təmin edən xüsusiyyətlərinə və dünyanın bir çox ölkələrinin maraqlarına cavab verdiyinə görə nəhəng, dünya əhəmiyyətli bir layihəyə çevrilmişdir.
Mühəndis işlərinin aparılması, boru kəmərinin dəhlizinin yüksəkliyi və hidravlik təzyiqin öyrənilməsi və təhlili nəticəsində boru kəmərinin diametri Azərbaycan ərazisində 42 düym, Gürcüstanda 46 düym, Türkiyədə 42 düym seçilmişdir. Bunun nəticəsində nasos stansiyalarının sayı dəqiqləşdirilmişdir və müəyyən olunmuşdur ki, Azərbaycanda və Gürcüstanda 2 nasos stansiyası, Türkiyədə isə 4 nasos stansiyası və 2 təzyiqi aşağı salma və qəbul edən stansiyalar kifayətdir.
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin Türkiyə sərhədinə qədər inşası üçün təxminən 880 kilometr 42 düym boru (Azərbaycan) və 520 kilometr 42 və 46 düym boru (Gürcüstan) tələb olundu. Kəmərin tikintisi 2250-yə qədər yol, su və dəmir yolu kəsişmələri ilə rastlaşdı və təxminən 240 min ton ağırlığında müxtəlif qurğular və yerüstü tikililər üçün avadanlıqların quraşdırılmasını tələb etdi. Azərbaycan və Gürcüstan ərazisində boru kəmərinin inşası üçün təxminən 250 ədəd yüngül, 80 ədəd ağır nəqliyyat vasitələri, 250 ədəd 35-65 tonluq kranlar, ekskavatorlar, qreyderlər və yolbasan maşınlar istifadə edildi.
Ümumiyyətlə, 90-cı illər neftçilər üçün heç də asan olmayıb. Əksinə, obyektiv və təbii çətinliklər, neft yataqlarının və təsərrüfatın yüksək sürətlə köhnələrək istismardan çıxması, müasir texnika və avadanlığın olmaması, maddi-texniki təchizatın və maliyyə vəziyyətinin pisləşməsi, 1998-1999-cu illərdə xam neft və neft məhsullarının qiymətinin dünya bazarında kəskin surətdə aşağı düşməsi və başqa problemlərə baxmayaraq, neftçilərimiz üzərlərinə düşən məsul vəzifəni dərindən dərk edərək, fədakar əməkləri ilə respublikamızın neftə, neft məhsullarına və qaza olan tələbatını ödəyə bildilər.
Neft və qaz sənayesində
90-cı illərin ən böyük nailiyyətlərindən
biri odur ki, Prezident Heydər Əliyevin vaxtında
gördüyü qəti tədbirlər nəticəsində
neft və qaz təsərrüfatının
dağılmasının qarşısı alındı.
Əgər 1996-cı ildən 1998-ci ilə kimi neft hasilatı stabil səviyyədə qalaraq 9,1
milyon ton olmuşdursa, 1999-cu ildən başlayaraq neftin
hasilatı artmışdır və 2001-ci ildə
respublikamızda 14,9 milyon ton neft
çıxarılmışdır. 2002-ci ildə neft hasilatı 15,2
milyon ton, 2003-cü ildə isə 15,38 milyon tona qədər
artmışdır. 2000-2003-cü illərdə neftçilər tərəfindən
dövlət tapşırıqları tamamilə yerinə
yetirilmişdir, neft hasilatında artım müşahidə
olunmuşdur.
Respublika Prezidentinin uzaqgörən siyasəti və
görülən işlər nəticəsində
respublikamızda nəinki neft hasilatının kəskin
sürətlə artırılmasına, eyni zamanda qaz
ehtiyatlarının və yaxın zamanda qaz hasilatının
yüksəlişinə əsaslar yarandı. Bu səpkidə
aparılan işlərin sırasında ən mühüm
hadisə "Şahdəniz" blokunda zəngin qaz-kondensat
yatağının açılması oldu.
Bu
yatağın işlənməsinin yalnız birinci mərhələsində
ildə 8,5 milyard kubmetr qaz hasil ediləcək,
ikinci mərhələsində isə hasilat ildə 16-20
milyard kubmetrə çatdırılacaqdır. 2002-ci ilin
fevral ayında "Şahdəniz" layihəsində
iştirak edən xarici tərəfdaşlarla birgə kəşfiyyat
və hasilata aid mühüm qərarlar qəbul edilmiş, iş proqramı və büdcə
təsdiq olunmuşdur. Bu proqrama görə,
"Şahdəniz" yatağı üçün
dünya praktikasında olan ən müasir TPG-500 tipli
platformanın inşasına başlanmış və istismar
quyuları qazılmışdır.
Heydər
Əliyevin gərgin əməyi, fəaliyyəti, rəhbərliyi
və ciddi nəzarəti sayəsində əldə
olunmuş bu uğurlar dövlətimizin daha da möhkəmlənməsi,
onun müvəffəqiyyətlə dünya iqtisadiyyatına
qovuşması, respublikamıza xarici sərmayələrin cəlb
olunması, Xəzər regionunda Azərbaycanın ən
aparıcı bir dövlətə çevrilməsi
üçün möhkəm zəmin yaratmışdır. Bu gün fəxrlə demək olar ki, Bakı şəhəri
yenidən dünyanın neft mərkəzlərindən birinə
çevrilməkdədir. Bu baxımdan Xəzər
dənizinin Azərbaycan sektorunda olan zəngin karbohidrogen
yataqlarının kəşfi və işlənməsi sahəsində
xarici neft şirkətləri ilə bağlanmış
uzunmüddətli neft-qaz sazişlərinin uğurla həyata
keçirilməsi müstəsna əhəmiyyət kəsb
edir.
2003-cü ildən başlayaraq Azərbaycan Prezidenti
İlham Əliyev xalqımızın ümummilli lideri Heydər
Əliyevin siyasətini və neft strategiyasını Azərbaycanın
müstəqilliyi və rifahı naminə uğurla davam
etdirir və yeni nailiyyətlər qazanır.
Milli energetika sahəsində də yeni era
başlanmışdır. Gücü 400 MVt olan müasir
qaz-turbin tipli "Şimal" ES-in istifadəyə verilməsi,
respublikanın müxtəlif bölgələrində
ümumi gücü 850 MVt olan yeddi modul tipli elektrik
stansiyasının tikilməsi, gücü 525 MVt olan
"Sumqayıt" buxar-qaz tipli müasir ES-in istifadəyə
verilməsi, eyni tipli gücü 780 MVt olan "Cənub"
ES-də yaxın gələcəkdə quraşdırma
işlərinin başa çatması son beş il ərzində
Azərbaycan Energetika Sisteminin generasiya gücünü 30 faizə
yaxın artırmış və yeniləşmişdir.
2008-2012-ci
illərdə həyata keçirilən tədbirlər sayəsində
qazla təmin olunan əhali abunəçilərinin ümumi
sayı 1,1 milyondan 1,4 milyon nəfərə
çatdırılıb, yəni əlavə olaraq 297 min nəfər
əhali abunəçisinə qaz verilib. Qazla təmin
edilən rayonların sayı 65-ə
çatdırılıb. Əlavə
olaraq 136 inzibati-ərazi bölgəsinin qaz təminatı bərpa
edilmişdir və nəticədə əhalinin əvvəllər
külli məbləğdə digər yanacaq
növünün əldə edilməsinə yönəldilmiş
xərcləri kəskin şəkildə, yəni dəfələrlə
azaldılmışdır. Hazırda respublikada
qazlaşmanın səviyyəsi 76,4 faiz, o
cümlədən Bakı şəhəri üzrə 96,3
faiz, regionlarda isə 65,4 faizə çatmışdır. Sayğaclaşdırmanın səviyyəsi isə
99 faizə çatdırılmışdır. Eyni zamanda respublika ərazisində SMART tipli
sayğacların quraşdırılması davam edir və bu
günə kimi 503 min ədəd bu tipli sayğaclar
quraşdırılmışdır.
Sənayeləşmə siyasətinə uyğun olaraq
bu sahədə yeni və müasir texnologiyaların tətbiqi
genişlənib ki, bu da ağır sənaye, elektrotexnika, əlvan
metallurgiya, maşınqayırma, kənd təsərrüfatı
məhsullarının emalı, tikinti materialları sənayesinin
istehsalı müəssisələrinin yaradılmasına səbəb
olub. Təkcə
2012-ci il ərzində 60 sənaye müəssisəsi
istifadəyə verilib, 80-dən çox sənaye müəssisəsinin
tikintisi isə hazırda davam etdirilməkdədir. Ümumilikdə isə son 5 ildə 100-dən
artıq yeni sənaye müəssisəsi yaradılıb,
onlarla müəssisənin isə yenidən qurulması ilə
bağlı tədbirlər həyata keçirilir.
2011-2013-cü illər üçün qeyri-neft məhsullarının
ixracının stimullaşdırılmasına dair tədbirlər
planının icrası ölkənin ixrac potensialının
artırılmasına müsbət təsir etmiş, ixrac
olunan məhsulların keyfiyyəti və çeşidi
artmış, xarici ölkələrdə Azərbaycan mənşəli
məhsulların tanıdılması təmin edilmişdir.
Hazırda
2013-cü ildə istifadəyə verilməsi planlaşdırılan
çoxsaylı sənaye müəssisələrinin tikintisi
davam etdirilir və bunların nəticəsində qeyri-neft sənayesi
üzrə 2013-cü ildə 18,1 faiz,
növbəti 3 ildə isə orta hesabla 11,2 faiz artıma nail
olunması planlaşdırılır.
Bütün bunlar bir daha təsdiqləyir ki, Heydər
Əliyevin zəngin və tükənməz siyasi irsinə,
dövlətçilik ənənələrinə və
xalqımızın iradəsinə söykənən möhtərəm
Prezident İlham Əliyev dövlətçiliyimizi daha uca
zirvələrə yüksəltmiş və ümummilli
liderimizin arzu və istəklərinin həyata keçirilməsini
təmin etməyə nail olmuşdur.
Bəxtiyar
SADIQOV:
- Aqrar
islahatlar iqtisadi islahatların tərkib hissəsi olmaqla Azərbaycanda
daha böyük əhəmiyyət kəsb edirdi. Dövlət müstəqilliyi barədə
Konstitusiya Aktı qəbul edildikdən sonra Azərbaycana bir
neçə iqtidar başçılıq etsə də,
onların heç biri əsaslı iqtisadi islahatlar, xüsusən
torpaq islahatı keçirə bilmədilər. Qeyd edək ki, bu günədək keçmiş
SSRİ-yə daxil olan ölkələrin bir çoxunda torpaq
islahatı aparılmayıb. Ulu öndər
Heydər Əliyev isə öz zəkası, uzaqgörənliyi
və zəngin təcrübəsi sayəsində bu prosesin
qısa zamanda və uğurlu icrasını təmin etdi.
Beləliklə, ölkəmizdə torpaq təmənnasız
olaraq əsil sahibinə qaytarılaraq aqrar sektorun və kənddə
sahibkarlığın inkişafının əsası qoyuldu.
Bu təməl üzərində bərqərar
olan qeyri-neft sektoru da hazırda sürətli inkişaf
yolundadır.
Prezident Administrasiyasının Aqrar siyasət məsələləri
şöbəsinin müdiri Azər ƏMİRASLANOV bu
mövzuda danışacaq.
Azər
ƏMİRASLANAOV:
- Azərbaycanın
müstəqil dövlət kimi inkişafında, milli
iqtisadiyyatımızın formalaşmasında Heydər
Əliyevin fenomenal xidmətləri olmuşdur. Ən
əsası isə ulu öndər dövlətçiliyin
qorunması ənənəsini yaratmışdır. Bu baxımdan dövlətçilik tariximizin ən
parlaq və şərəfli dövrü ümummilli liderin Azərbaycana
rəhbərlik etdiyi illərlə bağlıdır. Bu
dövrün siyasi-iqtisadi aspektlərinin öyrənilməsi
öz aktuallığını hər zaman saxlayacaq.
Çünki bu gələcək inkişafın istiqamətlərini
bir daha dəqiqləşdirmək
baxımından olduqca zəruridir.
Heydər Əliyev iqtisadi inkişaf məsələlərinə
dövlət quruculuğunun tərkib hissəsi kimi çox
böyük önəm verirdi. Ötən əsrin 90-cı illərinin
ortalarından etibarən ölkəmizdə dövlət
quruculuğu ilə iqtisadi quruculuq bir-birini uğurlu şəkildə
tamamlamağa başlamışdır. Prezident
İlham Əliyevin Azərbaycana rəhbərliyi ilə son
onillikdə əldə etdiyimiz nailiyyətlər Heydər
Əliyevin "İqtisadiyyatı qüdrətli olan dövlət
hər şeyə qadirdir" tezisinin həyatiliyini bir daha təsdiq
etdi.
Ümummilli
lider güclü iqtisadiyyatı demokratik cəmiyyətin əsas
şərti hesab edərək demişdir: "İqtisadi əsas
olmasa, demokratiyanı yaratmaq mümkün deyil..." Həqiqətən
də öz iqtisadiyyatını qura bilməyən, milli sərvətlərinə
sahiblənməyən, yoxsulluq və borc içərisində
yaşayan ölkələrdə azad və demokratik cəmiyyət
mövcud ola bilməz. Bu
gün özünün inkişafı və artmaqda olan
gücü ilə müstəqil Azərbaycan Respublikası
azad cəmiyyət üçün daha sağlam və
möhkəm iqtisadi əsaslar yaratmaqdadır.
Güclü
siyasi hakimiyyətin formalaşması, ictimai-siyasi sabitliyin təmin
edilməsi, islahatlar prosesinə ardıcıl siyasi dəstəyin
verilməsi, bazar iqtisadiyyatının və azad
sahibkarlığın inkişafı üçün
konstitusion təminatın yaradılması, dövlət idarəçiliyi
və nəzarəti sistemində köklü dəyişikliklərin
həyata keçirilməsi, beynəlxalq əməkdaşlığın
dərinləşdirilməsi, "Əsrin
kontraktı"nın imzalanması, strateji layihələrin
icrasına başlanması, xarici investisiyaların cəlb
edilməsi milli iqtisadiyyatın inkişaf relsləri üzərinə
keçirilməsində həlledici rol oynamışdır.
Ümummilli liderin təşəbbüsü və
bilavasitə rəhbərliyi ilə həyata keçirilən
aqrar islahatlar iqtisadiyyatımızın çox mühüm
sahəsi olan kənd təsərrüfatında yeni iqtisadi
münasibətlərin təşəkkül tapmasına
şərait yaratdı. Heydər Əliyev qeyd edirdi ki, müstəqil
Azərbaycanımızın gələcəyi aqrar-sənaye
bölməsinin səmərəli işləməsindən
asılıdır. Mütəxəssislər
yaxşı bilirlər ki, səmərəliliyin təmin edilmədiyi
heç bir sahədə və ya təsərrüfatda
dayanıqlı inkişafı təmin etmək mümkün
deyil! Buna görə də səmərəlilik
kənd təsərrüfatında inkişafın əsas
prinsiplərindən biri kimi müəyyən edilmişdir.
Heydər Əliyevin aqrar sahədə zəngin təcrübəsi
islahatların həyata keçirilməsi prosesində həlledici
rol oynamışdır. Ümummilli lider aqrar idarəçilikdə
və bu sahədə işlərin təşkilində
böyük təcrübəyə malik idi. Ölkəmizin aqrar potensialına bələd idi.
Bitkiçiliyin bütün istiqamətləri
barədə - istehsalın həcmi, əkin sahəsi, məhsuldarlıq
göstəriciləri üzrə geniş bilgiləri
vardı. Hər bir rayonun torpaq və iqlim
şəraitinə görə ixtisaslaşmasına
böyük önəm verirdi. Kənd təsərrüfatı
məhsulları istehsalçılarının
psixologiyasını da yaxşı bilirdi. Bitkiçiliyin
bütün sahələri üzrə tətbiq edilən
aqrotexnoloji qaydalar barədə çox məlumatlı idi.
Kənd təsərrüfatının ən gəlirli
və ixracat potensialı olan sahələri barədə
aydın təsəvvürlərə malik idi.
70-80-ci illərdə aqrar sektorun inkişafı sahəsində
ciddi uğurlar qazanmağımıza baxmayaraq, Heydər
Əliyev həmin dövrdə əldə edilmiş göstəriciləri
heç də son hədd hesab etmirdi. Hələ 1994-cü ildə aqrar məsələlərə
həsr edilmiş müşavirədə ulu öndər belə
bir fikir söyləmişdi: "Tam əminəm ki, əgər
biz aqrar sektorda iqtisadi islahatlar aparıb istədiyimiz prinsipləri
həyata keçirəriksə, 70-80-ci illərin nailiyyətləri
ilə müqayisədə daha yüksək səviyyəyə
qalxa bilərik... Əgər o zaman, sərbəst
olmadığımız bir vaxtda, biz bolluca kənd təsərrüfatı
məhsulları istehsal etmişiksə, indi nə
üçün istehsal etməyək?" Heydər
Əliyev perspektiv dövrdə iki mühüm amilin - birincisi,
Azərbaycanın dövlət müstəqilliyinin və
müstəqil iqtisadi siyasət həyata keçirmək
imkanlarının, ikincisi, torpaq üzərində xüsusi
mülkiyyətçilik münasibətlərinin aqrar potensialın hərəkətə
gətirilməsinə təsir imkanlarını həssaslıqla
nəzərə almış və bu amillərin rolunu
çox yüksək qiymətləndirmişdir.
Aqrar islahatların həyata keçirilməsini bir
sıra amillər - kənd təsərrüfatında
mövcud potensialın itirilməsi təhlükəsi, aqrar-sənaye
kompleksində tənəzzülün dərinləşməsi,
ictimai təsərrüfatların özünü
doğrultmaması, istehsalçılarda maddi maraq və məsuliyyət
hissinin azalması şərtləndirmişdir.
Heydər Əliyev aqrar islahatların gedişi və onun
perspektivləri barədə çox aydın strateji
baxışlara malik idi. Ümummilli lider qeyd edirdi: "Aqrar bölməni
keçmiş sistem əsasında, keçmiş prinsiplər
əsasında idarə edib istənilən nəticəyə
nail ola bilmərik... İslahatların əsasını
mülkiyyət formasının dəyişdirilməsi təşkil
edir... Gərək kəndli torpağın sahibi olsun və
bilsin ki, bütün bunlar onundur və istədiyi kimi istifadə
edə bilər... İslahatlar
xalqımızın ümumi rifahının
qaldırılması üçün həyata keçirilməlidir.
Əks təqdirdə islahatlar səmərəsiz ola bilər... Bu islahatların
aparılmasında mühafizəkarlığa qətiyyən
yol vermək olmaz, eyni zamanda islahat şüarları
altında aqrar bölmədə əldə olan
potensialımızın dağılmasına da yol vermək
olmaz".
Ümummilli lider aqrar islahatların həyata keçirilməsi
üçün müvafiq qanunvericilik bazasının
formalaşdırılmasını, xüsusi qanunların qəbul
olunmasını zəruri hesab edirdi. Təsadüfi deyildir ki, 1995-ci ildə
qəbul edilmiş "Aqrar islahatların əsasları
haqqında" qanun, "Kolxoz və sovxozların islahatı
haqqında" qanun, 1996-cı ildə qəbul edilmiş
"Torpaq islahatı haqqında" qanun kənd təsərrüfatında
təşəkkül tapmaqda olan yeni iqtisadi münasibətlər
üçün hüquqi əsaslar yaratmış oldu.
Onu da nəzərə
almaq lazımdır ki, Azərbaycanda aqrar islahatların həyata
keçirilməsi müəyyən çətinliklərlə müşayiət edilirdi. Belə ki, əvvəlki illərdən ölkə rəhbərliyinə
olduqca ağır miras qalmışdı. İqtisadi
böhran və tənəzzül bütün sahələri əhatə
etmişdi. MDB məkanında real aqrar
islahatlara hələ başlanılmadığına görə
istinad edilməli elə bir nümunəvi təcrübə
yox idi. Köhnə əhval-ruhiyyə və
psixoloji baryerlər hələ də qalmaqda idi. Torpaq, kənd təsərrüfatı canlı
orqanizm olduğuna görə bu sahədə radikal islahatlar həyata
keçirmək heç də asan mıəsələ
deyildi.
Torpaq
islahatlarının ölkə səviyyəsində ictimailəşdirilməsi,
açıq müzakirələrə geniş şərait
yaradılması, islahat komissiyasına alim və mütəxəssislərin
cəlbi, siyasi iradə nümayişi və qətiyyətli
addımların atılması, torpaqların xüsusi
mülkiyyətə əvəzsiz verilməsi, təsərrüfat
fəaliyyətində sərbəstliyin təmin edilməsi,
ölkəmizin kənd təsərrüfatı xüsusiyyətlərinin nəzərə
alınması, islahatın aqrar-sənaye kompleksini əhatə
etməsi, aqrar bölmənin dövlət himayəsində,
elmi-tədqiqat müəssisələrinin, toxumçuluq və damazlıq təsərrüfatlarının
isə dövlət sektorunda saxlanılması, müxtəlif
növlü təsərrüfat formalarının
yaradılması ulu öndərin təşəbbüsü
ilə həyata keçirilmiş aqrar islahatların səciyyəvi
xüsusiyyətləri kimi xarakterizə oluna bilər.
Onu da xüsusi qeyd etmək lazımdır ki, aqrar
islahatlar kənd təsərrüfatında kooperasiya məsələlərini
də nəzərdə tuturdu. Belə ki, "Aqrar islahatların əsasları
haqqında" qanunda istehlak kooperasiyasının islahatı və
onun fəaliyyətinin demokratikləşdirilməsi (maddə
9), birgə təsərrüfatların, kooperativlərin
müxtəlifnövlü təsərrüfat formaları kimi
yaradılması imkanları (maddə 10), islahatların yeni yaranmış təsərrüfatların
kooperasiyasına təminat verməsi (maddə 12) öz əksini
tapmışdır.
"Sovxoz və kolxozların islahatı haqqında"
qanunda isə yaradılmış təsərrüfatların
kooperasiyası islahatın əsas vəzifələrindən
biri kimi (maddə 2) göstərilmişdir. Eyni zamanda
sovxoz və kolxozların istehsal kooperativlərinə
çevrilməsi (maddə 16), istehsal və xidmət sahələrinin
kooperasiyası və inteqrasiyası (maddə 22) ilə
bağlı müddəalar təsbit edilmişdir.
Təbii ki, iri təsərrüfatlar istehsalın effektiv
təşkili baxımından əhəmiyyətlidir. Kooperativlər isə bu cür
təsərrüfatların yaradılması formalarından
biri kimi çıxış edir. Bu baxımdan
heç də təsadüfi deyildir ki, Heydər Əliyev
uzaqgörənliklə aqrar islahatlar paketində kənd təsərrüfatı
kooperasiyası üçün ilkin hüquqi əsaslar nəzərdə
tutmuşdur. Hazırda kooperativlərin təşkili
Mülki Məcəllə ilə tənzimlənir və burada
kooperasiyanın ümumi prinsipləri, təşkilati-hüquqi
əsasları müəyyən edilir. Əks halda ölkəmizdə 252 kənd
təsərrüfatı kooperativi yaradıla bilməz və
onlardan 69-u faktiki olaraq
fəaliyyət göstərməzdi.
"2008-2015-ci
illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq
məhsulları ilə etibarlı təminatına dair Dövlət
Proqramı"nda isə pay torpaqları əsasında
formalaşmış xırda ailə və fermer təsərrüfatlarının
könüllülük əsasında kooperasiyalarda birləşməsinin
stimullaşdırılması
məsələləri əksini tapıb. Bununla əlaqədar olaraq həmin proqramda Kənd Təsərrüfatı
Nazirliyinə, Dövlət Torpaq və Xəritəçəkmə
Komitəsinə, yerli icra hakimiyyəti orqanlarına müvafiq
tapşırıqlar nəzərdə tutulmuşdur.
Kənd təsərrüfatı kooperasiyası məsələsində
bir sıra məqamlar nəzərə alınmalıdır. Hər
şeydən əvvəl kooperasiya aqrar islahatların təməl
prinsipləri və ideoloji əsasları ilə ziddiyyət təşkil
etməməlidir. Kooperasiyanın mahiyyəti
konseptual baxımdan düzgün izah edilməli və o
heç bir halda aqrar islahatların yeni mərhələsi kimi
qəbul edilməməlidir. Kooperativlər
kollektiv təsərrüfatlarla eyniləşdirilməməlidir.
Nəzərə almalıyıq ki, real
kooperasiya üçün torpaq üzərində xüsusi
mülkiyyətçilik vacib şərtdir. Bu baxımdan bəzi MDB ölkələrinin
kooperasiya təcrübəsinə istinad edilməməlidir.
N.Nikitin adına kolxozun da kooperasiya modeli
kimi təqdim edilməsi tamamilə yanlış bir
yanaşmadır. Ümumiyyətlə, bu məsələdə
kampaniyaçılığa qətiyyən yol verilməməli,
kooperativlərin təşəkkülünün uzunmüddətli
proses olduğu nəzərə alınmalıdır.
Bəs aqrar islahatların nəticələri
özünü nədə göstərdi? Hər şeydən əvvəl
kənddə yeni iqtisadi münasibətlər yarandı, torpaq
bazarı tədricən formalaşdı, kəndlinin əməyə
marağı və məsuliyyəti artmağa başladı.
Torpaq islahatı nəticəsində indiyə kimi 871220 ailə
kəndli və ev təsərrüfatları
yaradılmışdır. Kənd təsərrüfatı
müəssisələrinin sayı 2343-ə, fərdi sahibkar
təsərrüfatlarının sayı 2593-ə
çatmışdır.
Azərbaycan iqtisadiyyatının dinamik inkişafı,
maliyyə imkanlarımızın genişlənməsi ölkəmizin
kənd təsərrüfatı üçün yeni imkanlar
açmışdır. Yaranmış əlavə imkanlardan
maksimum dərəcədə və səmərəli istifadə
edilməsi aqrar sahədə dövlət siyasətinin əsas
vəzifəsi kimi müəyyən edilmişdir.
Aqrar bölmənin inkişafı iqtisadi siyasətimizin ən
vacib prioritetlərindən biridir. Ölkəmizdə kənd təsərrüfatı
istehsalçıları dövlət tərəfindən
davamlı olaraq dəstəklənir... Prezident
İlham Əliyev aqrar sektorun inkişafına, ərzaq təhlükəsizliyi
məsələlərinə böyük diqqətlə və
həssaslıqla yanaşır. Dövlətin aqrar sahədə
həyata keçirdiyi tədbirlər hesabına fermerlərin
istehsal xərclərinin bir hissəsi kompensasiya edilir,
istehsalçılara hər il kredit dəstəyi
verilir, kənd təsərrüfatı üçün zəruri
infrastruktur yaradılır.
Ölkə
rəhbərliyinin aqrar sektorun inkişafına böyük
önəm verməsi onunla bağlıdır ki, kənd təsərrüfatı
iqtisadiyyat üçün multiplikativ effektə malikdir. O
davamlı və dayanıqlı iqtisadi inkişafın, iqtisadi
diversifikasiyanın, ərzaq təhlükəsizliyinin təmin
edilməsində, yoxsulluğun və işsizliyin
azaldılmasında həlledici rol oynayır.
Hazırda
Prezident İlham Əliyev ərzaq təhlükəsizliyinin təmin
edilməsini, intensiv inkişafa və yüksək məhsuldarlığa
nail olunmasını, texniki və texnoloji yeniləşməni,
ixracatın artırılması və
diversifikasiyasını, kənd təsərrüfatına
dövlət dəstəyinin səmərəli təşkilini,
subsidiyalaşma mexanizminin təkmilləşdirilməsini, iri
təsərrüfatların inkişaf etdirilməsini, gəlirli
sahələrin inkişafına diqqətin
artırılmasını, torpaqların meliorativ vəziyyətinin
yaxşılaşmasını, kəndin inkişafını,
kənd təsərrüfatı infrastrukturunun dəstəklənməsini,
torpaqdan səmərəli istifadə edilməsini,
aqroparkların yaradılmasını, bitkiçilik məhsulları
üzrə rayonların ixtisaslaşmasını, aqrar idarəçiliyin
təkmilləşdirilməsini, elektron kənd təsərrüfatının
tətbiqini yeni mərhələdə aqrar siyasətin
öncül istiqamətləri kimi müəyyən etmişdir.
"Aqrar bölmədə indi gördüyümüz və
qarşıdakı illərdə həyata keçirəcəyimiz
işlər nəinki bizim - indiki nəsil üçün, həm
də gənc və gələcək nəsillər
üçün yeni bir bünövrədir, yeni bir təməldir,
yeni bir əsasdır". Ulu öndərin
uzaqgörənliklə söylədiyi bu fikir artıq
gerçəkləşməkdədir. Bu
gün ölkəmizin bütün sahələrdəki
uğurları həmin sağlam təmələ əsaslanır.
Biz ulu öndər Heydər Əliyevin müstəqil Azərbaycan
Respublikasının inkişafı və dövlətçiliyimizin
qorunması sahəsindəki misilsiz xidmətlərini minnətdarlıq
hissi ilə bir daha xatırlayaraq əbədiyaşar ruhu
qarşısında baş əyirik.
Bəxtiyar
SADIQOV:
-Müstəqillik
illərində əhalinin sosial təminatı sahəsində
əsaslı işlər görülmüş, pensiya sistemi
tamamilə yenidən qurulmuşdur. Dövlətimiz
bu məsələni daim diqqət mərkəzində
saxlayır və iqtisadi inkişafın bəhrələrindən
pensiyaçıların da faydalanmasını təmin edir.
Əhalinin sosial
müdafiəsi sahəsindəki inkişaf və yeniliklərdən
isə Dövlət Sosial Müdafiə Fondunun sədri Səlim
MÜSLÜMOV danışacaq.
Səlim
MÜSLÜMOV:
- Azərbaycan
xalqının müstəqil dövlət quruculuğu kimi
şərəfli tarixi vəzifəni yerinə yetirməsi
bütün çətinliklərə öz dühası ilə
qalib gələn böyük şəxsiyyətin -
ümummilli lider Heydər Əliyevin adı ilə
bağlıdır. İdeoloji çərçivələrin
hökm sürdüyü sovet dövründə hakimiyyətə
gəldiyi ilk günlərdən sosial-iqtisadi inkişafın
sürətləndirilməsi yolu ilə xalqın həyat səviyyəsinin
yüksəldilməsi, institutsional əsasların, elm və
kadr potensialının formalaşdırılması
ümummilli liderin fəaliyyətinin əsas məqsədini təşkil
etmişdir. Bu təməl, sonradan, Azərbaycanın
müstəqilliyinin ilk illərində üzləşdiyi
çətin tarixi sınaqların dəf edilməsinin
başlıca vasitəsinə çevrilmişdir.
Azərbaycanın
müstəqilliyinin 20 ili ərzində
sosial-iqtisadi həyatımızın ayrı-ayrı istiqamətlərində
əldə olunmuş uğurlar ümummilli lider Heydər
Əliyevin milli inkişaf strategiyasının və onun
icrası sahəsində Azərbaycan Respublikasının
Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi
sürətli islahatların məntiqi nəticəsidir.
Azərbaycanın müasir sığorta-pensiya sisteminin
formalaşması və inkişafı tarixinə nəzər
saldıqda qeyd olunanları daha aydın müşahidə etmək
mümkündür. Bu baxımdan ölkəmizdə
sığorta-pensiya sisteminin inkişafını bir neçə
mərhələyə bölmək olar. Mərhələlər
aşagıdakı kimi səciyyələndirilə bilər.
Birinci mərhələ ölkənin ciddi sosial təhdidlərlə
üzləşdiyi 1992-1995-ci illərdir. Bu dövrdə
qanunvericilik bazası sovet pensiya sisteminin prinsiplərinə əsaslanırdı
və sosial müdafiə sisteminin bazar iqtisadiyyatı ilə
ciddi uyğunsuzluğu müşahidə olunurdu. 1992-1994-cü illərdə ölkədə hökm
sürən iqtisadi böhran və inflyasiya əhalinin pul gəlirlərinə
ciddi mənfi təsir edirdi.
Yalnız 1995-ci ildən başlayaraq iqtisadiyyatın tədricən
inkişaf etdirilməsi nəticəsində maliyyə
imkanları yaradılmağa başlandı ki, bu da əhalinin
sosial müdafiəsi sahəsindəki dövlət təsisatlarının
işinə öz müsbət təsirini göstərdi. Həmin
dövrdə Dövlət Sosial Müdafiə Fonduna Azərbaycan
Respublikası ərazisində dövlət pensiya təminatının,
müavinət və ödəniş xərclərinin maliyyələşdirilməsi
başlıca vəzifə kimi həvalə olunmuşdu.
İkinci mərhələ olan 1996-2000-ci illər
böhranın dayandırılması və iqtisadi dirçəliş
dövrüdür. Bu dövrdə ölkənin sosial
müdafiə sistemində zəruri dəyişikliklərə
etibarlı iqtisadi baza yaradıldıqdan sonra başlamaq, buna qədər
isə əvvəlki həmrəylik və dövlət təminatı
sistemlərinə əsaslanmaqla başlıca vəzifə
kimi pensiyaçıların maddi vəziyyətinin nisbətən
yaxşılaşmasına nail olmaq əsas taktiki addımlar
kimi seçilmişdi.
Qeyd olunan
istiqamətlər çərçivəsində Azərbaycan
Respublikası Prezidentinin 8 fərman və sərəncamı,
Nazirlər Kabinetinin 2 qərarı olmuşdu ki, bunların tətbiqi
nəticəsində, həmçinin ölkədə əməkhaqlarının
artımı hesabına pensiya və müavinətlərin
orta aylıq məbləği 1995-ci il ilə müqayisədə
8 dəfə artırılmışdı.
2001-2005-ci illər Pensiya İslahatı
Konsepsiyasının qəbulu və icrası dövrü kimi
səciyyələndirilə bilər. 2001-ci ildə Azərbaycan
Respublikası Prezidentinin 17 iyul 2001-ci il
tarixli sərəncamı ilə "Azərbaycan
Respublikasında Pensiya İslahatı Konsepsiyası" təsdiq
edildi və əhalinin sosial müdafiəsi sistemində
köklü dəyişikliklərin əsas istiqamətləri
müəyyənləşdirildi.
Həmin
konsepsiyanın əsas məqsədləri üçpilləli
pensiya sistemi üçün qanunvericilik bazasının və
möhkəm maliyyə dayaqlarının yaradılması, fərdi
uçot sisteminin tətbiqinə başlanılması,
pensiyaların fərdi hesablarda şərti olaraq
yığılmış vəsaitlər əsasında hesablanması,
sığorta-pensiya sisteminin vahid orqan tərəfindən idarə
olunması, pensiya sisteminin əhali üçün aydın və
şəffaf olmasının təmin edilməsi idi.
Konsepsiya əvvəlki pensiya sisteminin yaratdığı
bir çox problemlərin aradan qaldırılmasına hədəflənmişdi. Həmin
dövrdə pensiya sistemində maliyyə sahəsindəki əsas
problemlər kimi sosial sığorta-pensiya sisteminin sovetlər
dövründən miras qalması, yeni sosial-iqtisadi şəraitə
cavab verməməsi və maliyyə dayanıqlığı
baxımından nöqsanlı olması, pensiyaların ödənişində
vəsait çatışmazlığı və gecikmə
hallarının yaranması diqqəti cəlb edirdi.
İdarəetmə sahəsindəki əsas problemlər kimi
pensiyaların hesablanması üçün istifadə edilən
alqoritmlərin mürəkkəb olması, çoxsaylı
bürokratik prosedurların mövcudluğu, sosial ədalət
sahəsindəki əsas problemlər kimi isə ödənilmiş
sosial sığorta haqları ilə alınan pensiya məbləğləri
arasında iqtisadi cəhətdən əsaslandırılmış
əlaqələrin olmaması, pensiyaları müxtəlif
qaydalar əsasında hesablanan çoxsaylı qrupların
mövcudluğu diqqəti cəlb edirdi.
Konsepsiyanın icrası bu problemləri aradan
qaldırmaqla yanaşı, ölkədə sosial ədalət
prinsipinə dayanan və maliyyə dayanıqlığına
imkan verən vahid sığorta-pensiya sisteminin
yaradılmasına imkan verirdi. Pensiya İslahatı
Konsepsiyasının icrasının təşkilati-idarəetmə
bazasının yaradılması ilə bağlı Azərbaycan
Respublikası Prezidentinin 3 fərmanı xüsusilə qeyd
olunmalıdır. Bunlar "Dövlət sosial
sığorta sistemində fərdi uçot haqqında" Azərbaycan
Respublikası Qanununun tətbiq edilməsi barədə" 26
dekabr 2001-ci il tarixli 616 nömrəli,
"Azərbaycan Respublikasının Dövlət Sosial
Müdafiə Fondu haqqında Əsasnamənin təsdiq edilməsi
barədə" 31 avqust 2002-ci il tarixli 781 nömrəli və
"Azərbaycan Respublikasında dövlət pensiya sisteminin
təkmilləşdirilməsi tədbirləri haqqında"
4 avqust 2003-cü il tarixli 908 nömrəli fərmanlardır.
Birinci fərmanla ölkəmizdə məcburi dövlət
sosial sığorta sistemində fərdi uçotun əsası
qoyuldu və fərdi uçotu həyata keçirmək
Dövlət Sosial Müdafiə Fondunun səlahiyyətinə
aid edildi. İkinci fərmanla 2002-ci ildən Dövlət
Sosial Müdafiə Fonduna məcburi dövlət sosial
sığortası və fərdi uçot sahəsində
idarəetməni həyata keçirən mərkəzi icra
hakimiyyəti orqanı statusu verildi. Üçüncü
fərmanla isə 2003-cü ildən pensiyaların təyini və
maliyyələşdirilməsi funksiyalarının məcburi
dövlət sosial sığorta sahəsində idarəetməni
həyata keçirən orqan tərəfindən icra
olunmasını təmin etmək məqsədilə vahid
sığorta-pensiya qurumunun yaradılması və
sığorta-pensiya sistemi ilə dövlət sosial yardım
sisteminin bir-birindən ayrılması əsasən müəyyənləşdirildi.
Bununla da Pensiya İslahatı Konsepsiyasının
"Ölkədə pensiya sisteminin idarə olunması yeni təşkil
olunacaq icra orqanında cəmləşəcəkdir. Bu orqan pensiya
haqlarının yığılması, fərdi uçotun
işlənməsi və həyata keçirilməsi,
pensiyaların təyin edilməsi və ödənilməsinə
nəzarət, gəlirlərin və pensiya xərclərinin səviyyələrində
dəyişikliklər haqqında təfsilati statistik məlumatın
yığılması işlərini həyata keçirəcəkdir"
müddəası tam gerçəkləşdirildi.
2004-cü ildən etibarən başlıca
avtomatlaşdırma tədbirlərindən biri kimi pensiya və
müavinətlərin avtomatlaşdırılmış
qaydada plastik kartlarla ödənilməsi sisteminə
başlanıldı.
2005-ci ildə
zəruri fiskal tədbirlərdən biri kimi sosial
sığorta haqlarının dərəcəsi işəgötürənlər
üzrə 5 bənd aşağı salınaraq 27 faizdən
22 faizə endirildi.
Fərdi uçotun və informasiya
texnologiyalarının bütün ölkə ərazisində
tam tətbiqi üçün hazırlıq işləri
2005-ci ilin sonunadək başa çatdırıldı, bununla
da ölkədə sosial sığorta haqlarının fərdi
uçotuna əsaslanan yeni pensiya sisteminin işləməsi
üçün zəruri infrastruktur yaradıldı.
2006-cı
il və sonrakı dövr isə Azərbaycanda
yeni sığorta-pensiya sisteminin tətbiqi mərhələsidir.
2006-cı ildə Azərbaycanın yeni sığorta-pensiya
sisteminin əsas həlqəsi olan və onun başlıca
parametrlərini özündə əks etdirən "Əmək
pensiyaları haqqında" qanun qəbul edilərək 1
yanvar tarixindən qüvvəyə mindi və hər bir
sığortaolunan üçün ödənilən sosial
sığorta haqları ilə onun pensiya təminatı
arasında birbaşa əlaqəni təmin edəcək beynəlxalq
standartlara cavab verən yeni pensiya sisteminin tətbiqinə
başlanıldı.
Bununla yanaşı, məcburi dövlət sosial
sığorta haqları hesabına müəssisə və təşkilatlar
tərəfindən aparılan sosial ödəmələrin
idarə olunması Dövlət Sosial Müdafiə Fonduna
verildi, işləyənlərə pensiyaların və sosial
sığorta müavinətlərinin ödənişi yeni əsaslarla
təşkil olundu.
2007-ci ildə ölkədə vahid sığorta-pensiya
sisteminin qurulması məqsədilə hərbi
qulluqçular və xüsusi rütbəli şəxslərin
məcburi dövlət sosial sığortasına cəlb edilməsi
və fərdi uçotla əhatə olunmasına, həmin
şəxslərin və dövlət
qulluqçularının əmək pensiyalarının vahid
qanun - "Əmək pensiyaları haqqında" Azərbaycan
Respublikası Qanunu əsasında vahid orqan tərəfindən
təyin olunması və maliyyələşdirilməsi
prinsipinə keçildi.
Eyni
zamanda 2006-cı il yanvarın 1-dən
sonra, yəni yeni sistemlə pensiyaya çıxan vətəndaşlar
üzrə əvvəlki sistemin tətbiqi dövründə
qazanılmış pensiya hüquqlarının müəyyənləşdirilməsində
əməkhaqqına qoyulan məhdudiyyət aradan
qaldırıldı.
2008-ci ildə əvvəlki sistemin tətbiqi
dövründə qazanılmış pensiya
hüquqlarının müəyyənləşdirilməsində
əməkhaqqına qoyulmuş məhdudiyyətin aradan
qaldırılması bütün pensiyaçılara aid
edildi.
2009-cu ildə sığorta-pensiya sistemindəki bir sıra
əlavə hüquq və imtiyazların demoqrafik göstəricilərə
uyğunlaşdırılması (pensiya hüququ üzrə
yaş və staja olan tələbin artırılması),
sosial sığortaya əsaslanmayan güzəştlərin (3
və 4 uşağa görə güzəştli pensiya
hüququnun) ixtisarı məqsədilə qanunvericiliyə dəyişikliklər
edildi.
2010-cu ildə pensiya təyinatı üçün
müraciət edən şəxslərin əvvəlki
sistemin tətbiqi dövründə qazanılmış pensiya
hüquqlarının vahid prinsiplə əmək stajına əsasən
müəyyənləşdirilməsi qərara alındı. Yeni qaydaya əsasən həmin
şəxslərin 2006-cı ilin 1 yanvarınadək olan
dövrə aid ümumi iş stajının hər ili üçün 170 manat pensiya kapitalı
müəyyənləşdirildi.
2011-ci ildə
əvvəlki pensiya sisteminin tətbiq olunduğu dövrə
aid (2006-cı ilin 1 yanvarınadək) ümumi iş
stajının hər ili üçün 170 manat pensiya
kapitalının tətbiq edilməsi bütün əmək
pensiyaçılarına şamil olunmaqla onların
pensiyalarının yenidən hesablanması aparıldı, beləliklə,
Azərbaycan Respublikasında bütün pensiyaların (o
cümlədən yeni sığorta-pensiya sisteminin tətbiqindən
əvvəl təyin olunmuş pensiyaların) hesablanması
vahid qaydaya gətirildi.
2012-ci ildə Fondun orqanlarının bilavasitə
pensiyaların ödənişi prosesindən tam kənarlaşdırılaraq
yalnız bu prosesə nəzarət funksiyaları ilə məşğul
olması üçün plastik pensiya kartlarının
müvafiq banklar tərəfindən pensiyaçılara
çatdırılması sisteminə keçildi.
Yeni
sığorta-pensiya sisteminin fəaliyyətə başladığı
2006-cı ilin 1 yanvarından sonra əldə olunan
uğurların statistik göstəricilərinə əsasən
əmək pensiyalarının orta aylıq məbləği
5,1 dəfə artaraq 29,8 manatdan 152 manata, minimum məbləği
3,4 dəfə artaraq 25 manatdan 85 manata, yaşa görə
pensiyalar üzrə əvəzetmə əmsalı 24,1 faizdən
42,3 faizə çatdırılmışdır. Sosial
sığorta haqqının dərəcəsinin 29 faizdən
25 faizə endirildiyi şəraitdə Dövlət Sosial
Müdafiə Fondunun gəlirləri 4,4 dəfə
artmış, sosial sığorta ödəyicisi olan
sığortaolunanların sayı 1300 min nəfərdən
2390 min nəfərə yüksəlmişdir. Dövlət
Sosial Müdafiə Fondunun maddi-texniki bazası tamamilə yenidən
qurulmuş, Fondun 73 yerli şöbəsində yeni ofis
binaları tikilmiş və əsaslı təmir edilmiş,
2700 kompyuter alınaraq "incə müştəri"
sistemi ilə, yəni yerli lokal şəbəkələrin
yaradılması yolu ilə Fondun bütün orqanlarında
müasir standartlara cavab verən
avtomatlaşdırılmış iş yerləri
yaradılmış, lokal şəbəkələr mərkəzi
informasiya sisteminə birləşdirilərək Fondun
ümumi korporativ şəbəkəsi
formalaşdırılmışdır.
Beləliklə, 2001-2012-ci illər ərzində vahid
sığorta-pensiya sisteminin yaradılması tədbirləri
hazırkı mərhələ üçün əsasən
yekunlaşdırılmış, sistem texniki inkişaf və
dizaynın formalaşması baxımından qurulmuş və
növbəti mərhələdə əsas problem kimi maliyyə
dayanıqlığının təmin olunması, sosial
sığorta haqlarının ödənişinin təkmilləşdirilməsi
müəyyənləşdirilmişdir. Buna uyğun
olaraq 2002-ci ilin 29 noyabrında Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən
yeni Pensiya İslahatları Konsepsiyasının
hazırlanması barədə sərəncam
imzalanmışdır.
Sığorta-pensiya sisteminin inkişafının yeni mərhələdə
bir sıra vəzifələri var. Bunlardan biri sistemin maliyyə
dayanıqlığının artırılması və
sosial ədalət prinsipinin tam təmini üçün nəzərdə
tutulan köklü dəyişikliklərdir. Bura, birinci
növbədə, əmək pensiyasının baza hissəsinin
restruktrizasiyasını aid etmək olar. Əmək
pensiyasının baza hissəsinin restruktrizasiyası işləyənlərin
fərdi hesablarında onlar üçün ödənilən
sığorta haqqının yarısının deyil, tam məbləğinin
əks etdirilməsini nəzərdə tutur. Bu isə əmək pensiyalarının gələcəkdə
vahid tərkibdə - yalnız fərdi hesablara toplanan
sığorta kapitalı əsasında müəyyənləşdirilməsi
deməkdir.
İkinci mühüm məsələ dövlətin
öhdəlikləri ilə sığorta-pensiya sisteminin
öhdəliklərinin fərqləndirilməsidir. Belə ki,
hazırkı vəziyyətdə dövlətin öhdəlikləri
kimi 1992-ci ilin 1 yanvarından əvvəlki dövr
üçün pensiya hüquqları üzrə
formalaşmış məbləğlər və bəzi
kateqoriya şəxslərin pensiyasına əlavələr,
sığorta-pensiya sisteminin öhdəlikləri kimi isə
1992-ci ildən sonra sosial sığorta əsasında
formalaşan bütün öhdəliklər
çıxış edir.
Üçüncü, sosial sığortaya cəlb edilən
əməkhaqqına müəyyən hədd qoymaqla, bu həddən
yuxarı məbləğ üçün ödənilən
sosial sığorta haqqının istifadəsinin vətəndaşların
seçiminə verilməsidir. Belə ki, müəyyən
həddən yuxarı məbləğ üçün
ödənilən və fərdi hesablarda pensiya kapitalı
kimi qeydə alınan məbləğlərin şərti
yığım sistemində saxlanılmaqla pensiyanın
sığorta hissəsinin hesablanmasında nəzərə
alınması və ya real yığım sisteminə
keçirilməklə maliyyə bazarında dövr etdirilərək
pensiyanın yığım hissəsinin formalaşmasına
yönəldilməsinin vətəndaşın öz
seçiminə verilməsi nəzərdə tutulur.
Dördüncü məsələ, şərti
yığım sistemində könüllü
sığortalanmanın tətbiqidir. Bu prosesin sosial
sığortalanması ümumiyyətlə olmayanlara
könüllü sığorta haqqı ödəməklə
pensiya hüququ əldə etmək imkanı verilməsi və
sığortaolunanlara əlavə könüllü
sığorta haqqı ödəməklə pensiya
kapitalını artırmaq imkanı verilməsi istiqamətlərində
reallaşdırılması planlaşdırılır.
Beşinci, sosial sığorta haqqı normativinin
strukturunun təkmilləşdirilməsidir. Belə ki,
pensiya sistemində sığorta prinsiplərinin gücləndirilməsi
sığorta haqqı normativinin strukturunda
sığortaolunanın məsuliyyətinin tədricən
artırılmasını zəruri edir. Bu
məqsədlə sığorta haqqı normativinin müəyyən
hissəsinin işəgötürənin üzərindən
tədricən işçinin üzərinə keçirilməsi
nəzərdə tutulur.
Altıncı, qeyri-dövlət pensiya fondlarının
fəaliyyətinin təşkilidir. Könüllü
sosial sığortalanma əsasında fəaliyyət göstərəcək
qeyri-dövlət pensiya fondlarının yaradılması nəzərdə
tutulur ki, bu da pensiyaçılara əlavə pensiya təminatı
əldə etmək imkanı verəcəkdir.
Vəzifələrdən biri fəaliyyətin tam
avtomatlaşdırılmasıdır. Bu sahəyə aşağıdakı
istiqamətlər daxildir:
- məcburi dövlət sosial sığorta
haqlarının ödənişi, bu barədə
hesabatların verilməsi və fərdi uçot üzrə əməliyyatların
avtomatlaşdırılması. Hazırda Fondun mərkəzi
məlumat bazasında ölkə əhalisinin 40 faizi, yəni
1 272 min nəfər pensiyaçı və fərdi hesab
açılmış 2 390 min nəfər sığortaolunan
barədə müvafiq məlumatlar toplanmışdır.
2011-ci ilin 4-cü rübündən məcburi dövlət
sosial sığorta haqları üzrə hesabatların və
məlumatların sığortaedənlər tərəfindən
elektron formada təqdim olunmasına başlanılmış, 1
mart 2013-cü il tarixə elektron ərizə
ilə müraciət etməklə qeydiyyatdan keçmiş
19257 sığortaedən kod, parol və şifrə ilə təmin
edilmişdir. Fondun 36 yerli orqanının KÖMİS-ə
qoşulması nəticəsində sığortaedənlərin
məcburi dövlət sosial sığorta haqları üzrə
ödənişlərinin real vaxt rejimində qəbulu
üçün 300 min sığortaedən haqqında məlumat
KÖMİS sisteminə inteqrasiya edilmiş, 2012-ci ilin son 6
ayı və cari ilin 2 ayı ərzində bu sistem vasitəsilə
10,1 milyon manat məcburi dövlət sosial sığorta
haqqı daxil olmuşdur. Qeyd olunan əsaslarla məcburi
dövlət sosial sığorta haqlarının ödənişi
və fərdi uçotu üzrə əməliyyatların
avtomatlaşdırılmasının daha da dərinləşdirilməsi
əsas hədəflərdəndir.
- pensiya təyinatının
avtomatlaşdırılması. Hazırda pensiyaların
sığorta hissəsinin 2006-cı ildən sonrakı
dövr üzrə formalaşan məbləği fərdi
uçot məlumatları əsasında təyin olunur.
2006-cı ildən əvvəlki dövrə aid iş
stajları barədə məlumatların toplanması isə
davam etdirilir ki, bu prosesin yekunlaşdırılması pensiya təyinatının
tam avtomatlaşdırılmasına imkan verəcəkdir.
- pensiya ödənişinin
avtomatlaşdırılması. Pensiya ödənişi
aparılan pensiyaçıların 99 faizinin
pensiyasının avtomatlaşdırılmış qaydada
plastik kartlarla ödənilməsi təmin olunmuşdur. Bu məqsədlə respublikanın müxtəlif
şəhər və rayonları üzrə 673 ədəd əlavə
bankomat quraşdırılmışdır. Prosesin davamlı olaraq təkmilləşdirilməsi
əsas prioritetlərdəndir.
Əsas vəzifələrdən biri də hər bir
şəxsin sığorta-pensiya sistemində aktiv
iştirakçıya çevrilməsidir. Sığortaolunanların gələcək
pensiya təminatı üçün sosial sığorta
haqlarının vaxtında və tam məbləğdə
köçürülməsində maraqlı olması, beləliklə,
inzibati nəzarətin daha səmərli ictimai nəzarətlə
əvəzlənməsi məqsədilə Fondun internet
saytında fərdi şəxsi hesablarda əks olunan məcburi
dövlət sosial sığorta haqlarının məbləği
barədə sığortaolunanların məlumatlandırılması
xidməti təşkil olunmuşdur. Bu sahədəki
işlərin digər müxtəlif vasitələrdən
istifadə olunmaqla daha da genişləndirilməsi
mühüm vəzifələrdəndir. Başqa
sözlə, hər bir Azərbaycan vətəndaşı
elektron hökumət portalı vasitəsilə
özünün sosial sığorta hadisələrindən
hansı dərəcədə sığortalanması barədə
daimi məlumat almaq imkanı əldə etməklə bilavasitə
sistemin aktiv iştirakçısına çevrilməlidir.
Bəxtiyar
SADIQOV:
- Azərbaycan
həm də böyük turizm potensialına malikdir. Turizm eyni zamanda dövlətin dünyada
tanınmasının bir formasıdır. Lakin
turizmin imkanlarından yararlanmaqdan ötrü əvvəlcə
bu sahəyə sərmayə qoymaq tələb olunurdu. Ulu öndər Heydər Əliyev ölkəmizi
iqtisadi inkişaf yoluna çıxardıqdan sonra turizimin
yüksəlişinin perspektivləri də müəyyənləşdi.
Dövlət başçısı cənab
İlham Əliyevin gördüyü işlər isə Azərbaycanı
həm də turistlərin ən çox sevdikləri və gəldikləri
diyara çevirməkdədir.
Mədəniyyət və turizm nazirinin müavini Nazim
SƏMƏDOVun çıxışı isə bu məsələyə
həsr olunub.
Nazim
SƏMƏDOV:
- Turizm
dünyada ölkələrin iqtisadiyyatına gəlir gətirən
sahələrdən birinə və qlobal problemlərin həllinə
təsir göstərə bilən amilə
çevrilmişdir. Azərbaycan xalqının
ümummilli lideri Heydər Əliyev tərəfindən əsası
qoyulmuş və hazırda Prezident İlham Əliyev tərəfindən
turizmə göstərilən dəstək və imzalanan fərman
və sərəncamlar gündən-günə inkişaf edən
respublikamızın iqtisadiyyatında qeyri-neft sektorunun
inkişafına əlverişli şərait yaratmış və
turizmi iqtisadiyyatımızın prioritet sahələrindən
birinə çevirmişdir.
Ümummilli lider Heydər Əliyev 4 iyun 1999-cu ildə
"Turizm haqqında" Azərbaycan Respublikasının
Qanununu təsdiqləmişdir. Azərbaycan Respublikası Mədəniyyət
və Turizm Nazirliyi bu günədək həmin qanun çərçivəsində
Azərbaycan Respublikasında turizm bazarının hüquqi əsaslarının
bərqərar edilməsinə yönəldilmiş dövlət
siyasətinin prinsiplərini, turizm fəaliyyətinin əsaslarını
müəyyən edir və turizm sahəsində meydana
çıxan münasibətləri tənzimləyir,
sosial-iqtisadi inkişafı təmin edən vasitələrdən
biri kimi turizm ehtiyatlarından səmərəli istifadə
qaydalarını müəyyənləşdirir.
Ümummilli
lider Heydər Əliyevin Azərbaycan Respublikasının Gənclər,
İdman və Turizm Nazirliyinin yaradılması haqqında 18
aprel 2001-ci il tarixli fərmanı ilə Azərbaycanda
turizm idarəçiliyi nazirlik statusu almışdır. Bu hadisəni Azərbaycan turizmi tarixində yeni səhifə
kimi qeyd etmək mümkündür. Həmin il Azərbaycan Respublikası Ümumdünya
Turizm Təşkilatının üzvü olmuşdur.
Həmçinin,
ümummilli liderin 27 avqust 2002-ci il tarixli sərəncamı
ilə "Azərbaycan Respublikasında 2002-2005-ci illərdə
turizmin inkişafına dair" Dövlət Proqramı təsdiq
olunmuşdur. Dövlət proqramı çərçivəsində
Azərbaycan turizmində normativ hüquqi bazanın təkmilləşdirilməsi,
turizm fəaliyyətinin təşkili və turizmin
inkişafının idarə olunması, turizmdə marketinq tədbirləri,
turistlərə göstərilən xidmətin beynəlxalq
standartlar səviyyəsinə çatdırılması,
turizmin infrastrukturunun formalaşdırılması, kadr təminatı,
elmi təminat və daxili turizmin təşkili
üçün tədbirlər həyata
keçirilmişdir.
Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyevin 18
aprel 2006-cı il tarixli fərmanı ilə
Azərbaycan Respublikasının Mədəniyyət və
Turizm Nazirliyinin Əsasnaməsi təsdiq edilmiş və bu
günədək nazirlik turizm sahəsində dövlət
siyasətini və tənzimlənməsini həyata
keçirməkdədir.
Son illərdə turizm sahəsində keçirilən
islahatlar və turizm sektoruna dövlət tərəfindən
göstərilən qayğı nəticəsində bu sahədə
müsbət dinamika və inkişaf müşahidə
olunmaqdadır.
Son beş il ərzində Azərbaycana səfər
edən turistlərin sayının və daxili turizmdən istifadə
edən ölkə vətəndaşlarının
sayının bir neçə dəfə artması turizmin
ölkə iqtisadiyyatında əsas fəaliyyət növlərindən
biri kimi böyük potensiala malik olduğunu göstərir.
Turizm sahəsinin
ölkə iqtisadiyyatının əsas inkişaf
dayaqlarından birinə çevrilməsinin təmin edilməsi
məqsədilə Azərbaycan Respublikası Prezidentinin sərəncamı
ilə Azərbaycan Respublikasında 2011-ci il "Turizm ili"
elan edilmiş, həmçinin "Azərbaycan
Respublikasında 2010-2014-cü illərdə turizmin
inkişafına dair Dövlət Proqramı" təsdiq olunmuş
və hazırda da icrası davam etdirilməkdədir.
Ölkəmizin sosial-iqtisadi inkişafının sürətləndirilməsi,
beynəlxalq əlaqələrin genişləndirilməsi, mədəniyyət
və idman sahələrində əldə olunan nailiyyətlər
turizm sahəsinin davamlı inkişafının təməlini
qoymuşdur. Hazırda Azərbaycanın turizm potensialı bir
çox beynəlxalq sərgilərdə və qurumlarda
uğurla təbliğ və təmsil olunur.
Bu məqsədlə Mədəniyyət və Turizm
Nazirliyi tərəfindən Azərbaycanın turizm
potensialının dünya turizm bazarlarında tanınması
istiqamətində bir sıra təbliğat işləri
aparılır. Məlumat üçün bildirirəm ki,
respublikamızın turizm imkanlarını təbliğ etmək
məqsədi ilə hər il 20-dən
çox beynəlxalq turizm sərgisində iştirak edilir. Xarici ölkələrlə turizm əlaqələrinin
genişləndirilməsi, respublikamızda mehmanxana və
mehmanxana tipli obyektlərin, eləcə də turizm şirkətlərinin
sayının artması, ölkəmizdə dünya standartlarına
uyğun turizm xidməti infrastrukturunun yaradılması və
Azərbaycanın turizm bazarının dünya turizm
bazarına inteqrasiyası nazirliyin mütəmadi olaraq
gördüyü işlərdir.
Qeyri-neft sektorları arasında turizm
çoxfunksiyalı mahiyyəti ilə sahələrarası
iqtisadi katalizator rolunu oynayır. Turizm istehsal sahələrinin
yaradılması, orta və kiçik sahibkarlığın
inkişafı, regionlarda əhalinin məşğulluğunun
artırılması və əlavə gəlirlərin
yaradılması kimi mühüm iqtisadi funksiyaları ilə
də diqqəti cəlb edir. Bu baxımdan
nəzərdə tutulan tədbirlərin həyata
keçirilməsindən əldə olunan iqtisadi mənfəəti
dəqiq hesablamaq mümkün deyil. Amma
görünən odur ki, Azərbaycana xarici turistlərin cəlb
edilməsi ölkənin iqtisadi inkişafına və xaricdə
ölkəmizin turizm məkanı kimi daha çox
tanınmasına böyük təsir edir.
Əlavə olaraq demək istərdim ki, müasir
dünyada iqtisadiyyatın prioritet növü olan turizm sahəsi
Azərbaycanda da günü-gündən inkişaf edir və
turizm potensiallı ərazilərin turizm rekreasiya zonaları
kimi təsdiq olunaraq elan olunması ölkədə turizmin
çox sürətli inkişafı ilə müşahidə
olunacaqdır.
Ulu öndərin məqsədyönlü və dinamik
inkişaf siyasətinin nəticəsi kimi, regionlarda da
bütün sahələr üzrə inkişafın təmin
edilməsi turizmə öz müsbət təsirini göstərmişdir. Regionların inkişafı
nəticəsində məşğulluğun artması, orta və
kiçik sahibkarlığın inkişafı, həmçinin,
turizmin inkişafına göstərilən dövlət dəstəyi
hesabına turizm sahəsində də yeni iş yerləri
yaranmışdır.
Belə ki, əgər 2003-cü ildə turizm sahəsində
çalışan işçilərin sayı 2678 nəfər
idisə, bu rəqəm 2012-ci ildə təqribən 8 min nəfər
olmuşdur. Analoji olaraq 2003-cü ildə ölkəyə
1.013.811 nəfər əcnəbi gəlibsə, 2012-ci ildə
artıq ölkəyə gələn əcnəbilərin
sayı 2.484.048 nəfər olub. Azərbaycana gələn
xarici turistlərin ölkəmizdəki xərcləri isə
müvafiq olaraq 57,7 milyon ABŞ dollardan təqribən
1,3 milyard ABŞ dollarınadək yüksəlib. Bu irəliləyiş ilk növbədə turizm sahəsində
dövlət siyasətinin, müvafiq dövlət
proqramlarının uğurlu icrasının nəticəsində
olub. Bu sahədə ciddi irəliləyiş
üçün daha mütəşəkkil və sistemli
yanaşma tələb olunur. Ölkə
Prezidenti tərəfindən 2011-ci ilin "Turizm ili" elan
edilməsi bu sektorun inkişafına yeni təkan kimi qiymətləndirilməlidir.
Həmçinin,
mehmanxana və mehmanxana tipli obyektlərin sayı 2001-ci ildə
69, 2006-cı ildə isə bu rəqəm 288 olmuşdur ki,
2012-ci ilin statistik göstəricilərinə əsasən belə
obyektlərin sayı təqribən 520, respublika üzrə
yataq yerlərinin ümumi sayı isə 32.000 təşkil
etmişdir. Yuxarıda qeyd olunan mehmanxanalarda 6150
nəfər işçi çalışır.
Bununla
yanaşı, son iki il ərzində Bakı şəhərində
yeni müasir standartlara uyğun dünyaca məşhur 5
ulduzlu Kempinski, Cumeirah, Hilton, Marriott və Four Seasons kimi
mehmanxanalar tikilmiş və istifadəyə verilmişdir.
Hazırda paytaxt və regionlar üzrə 50-yə
yaxın mehmanxana və ona bərabər tutulan yerləşdirmə
obyektlərinin tikintisi gedir. İnşası davam
etdirilən hotellər içərisində Fairmont, Rixos və
Sheraton kimi tanınmış beynəlxalq brendlər
mövcuddur.
Azərbaycan Respublikasında hazırda turizm fəaliyyətinə
xüsusi razılıq əsasında 221 turizm şirkəti fəaliyyət
göstərir.
Əlavə olaraq qeyd etmək yerinə düşərdi
ki, Azərbaycanda qış turizminin inkişafı məqsədilə
Qusar rayonunda yerləşən "Şahdağ
qış-yay turizm kompleksi" kimi möhtəşəm
layihə reallaşmış və fəaliyyətə
başlamışdır. Məlumat
üçün bildirirəm ki, 2 ay ərzində 50 min nəfərdən
çox turist kompleksi ziyarət etmişdir. Orada tikintisi
aparılan digər hotel komplekslərinin fəaliyyətə
başlamasında məqsədimiz yüksək keyfiyyətli
turizm xidmətinə və qonaqpərvərliyə nail
olmaqdır.
Bu məqsədə çatmaq üçün əsas
hədəflərdən biri bu obyektlərdə xidmət sahəsində
çalışacaq müxtəlif peşələr üzrə
bacarıqlı kadrların hazırlanmasına ehtiyacın
ödənilməsidir. Bu sahədəki işçilərin
peşə hazırlığı səviyyəsinin artırılmasını
təmin etmək məqsədilə möhtərəm cənab
Prezidentin müvafiq sərəncamları ilə 2006-cı ildə
Azərbaycan Turizm İnstitutu və Mingəçevir Turizm
Kolleci, 2011-ci ildə isə Azərbaycan Turizm İnstitutunun nəzdində
Bakı Turizm Peşə Məktəbi fəaliyyətə
başlamışdır.
Həmin
təhsil müəssisələrində hər il kifayət qədər təcrübəli tələbələr
məzun olur. Bununla yanaşı, hər il
nazirlik tərəfindən xarici mütəxəssislər dəvət
edilərək, Azərbaycanın turizm sektorunda
çalışan mütəxəssislər
üçün mehmanxana xidmətləri üzrə təlim-tədris
və yerli icra orqanlarının əməkdaşları
üçün kurslar təşkil edilir.
Onu da qeyd etmək yerinə düşərdi ki, Turizm
İnstitutunun 600-ə yaxın məzunu hazırda ölkəmizin
turizm sənayesinin inkişafı üçün bu gün
yeni açılan hotel və şirkətlərdə peşəkarlar
kimi çalışırlar.
Gördüyünüz kimi, turizm sənayesinin
inkişafı üçün böyük işlər
görülmüşdür. Bu işlərin davamı olaraq
hazırda turizm haqqında yeni qanun, turizm və rekreasiya
zonaları, "Azərbaycan 2020: Gələcəyə
baxış" İnkişaf Konsepsiyasına uyğun olaraq Azərbaycan
turizminin 10 illik strategiyası, Azərbaycanda işgüzar
turizmin inkişafı məqsədilə konqres bürosunun
yaradılması, turizm sahəsində yeni standartların qəbul
edilməsi və digər işlər aparılmaqdadır.
Çıxışımı
ümummilli lider Heydər Əliyevin sözləri ilə
yekunlaşdırmaq istəyirəm: "Azərbaycanın təbiəti
və Azərbaycanda olan bütün başqa infrastruktur buna
imkan verir ki, ölkəmizə turistlər gəlsinlər".
Mən bir daha təşkilatçılara bu gün
Bakıda ümummilli liderimizə həsr olunmuş
konfransı keçirdiklərinə görə təşəkkür
edirəm. Mədəniyyət və Turizm Nazirliyi və öz
adımdan konfrans iştirakçılarına gələcək
işlərində uğurlar arzulayıram.
Bəxtiyar
SADIQOV:
- Müstəqilliyinin 21 ili ərzində Azərbaycan çox möhtəşəm uğurlara imza atıb. Cənubi Qafqazın aparıcı dövlətinə çevrilib, dünyada sürətli iqtisadi inkişafı, rəqabətədavamlılığı, yüksək kredit reytinqi ilə fərqlənib. Bütün bunlar ulu öndər Heydər Əliyevin formalaşdırdığı siyasi kursun real bəhrələridir. Həmin kursu cənab İlham Əliyev böyük uğur və yaradıcılıqla davam etdirir.
"Azərbaycan vətəndaşı dövlət siyasətinin mərkəzində dayanır" - bu fikir cənab İlham Əliyevə məxsusdur. Möhtərəm İlham Əliyev ölkəmizin sosial-iqtisadi inkişafının, xalqın rifahının durmadan yüksəlməsinin təminatçısıdır. Azərbaycan xalqı bu siyasəti və siyasi kursu ürəkdən bəyənir və daim dəstəkləyir.
Bu il keçiriləcək prezident seçkilərində isə öz səsi ilə onun davamlılığını bir daha təmin edəcəkdir.
Çünki
Heydər Əliyev siyasi kursunun alternativi yoxdur!
Çünki
bu kursun ən layiqli davamçısı məhz möhtərəm
İlham Əliyevdir!
Biz ulu öndər Heydər Əliyevin nurlu xatirəsi
qarşısında bir daha ehtiramla baş əyərək
bugünkü tədbirimizi bitiririk.
Azərbaycan.-2013.- 16 mart.- S.5-6-7.