Əli HƏSƏNOV: Van-İrəvan aviareysinin açılmasını Ermənistandakı
işğalçı rejimə hansısa formada
verilmiş dəstək kimi
qiymətləndiririk
"Azərbaycan dəfələrlə bəyan edib və yenə də bəyan edir ki, işğalçı Ermənistan dövləti və Dağlıq Qarabağdakı separatçı rejimlə hər hansı təmasa həssaslıqla yanaşırıq. Xüsusilə də bu təmas bizim dost dövlətlər tərəfindən olduqda".
APA-nın xəbərinə görə, bunu Azərbaycan Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov Van-İrəvan aviareysinin açılmasına münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, rəsmi Bakı bu cür təmaslara işğalçı ölkəyə dəstək və onun gücləndirilməsi kimi yanaşır: "Bu dəstək isə işğal faktını uzadır. Bunu Azərbaycanla strateji maraqları üst-üstə düşən dövlətlər reallaşdırdıqda, buna ikiqat qısqanclıqla yanaşırıq. Bu, tək bizim deyil, eyni zamanda Türkiyə ictimaiyyətinin də münasibətidir".
Ə.Həsənov xatırladıb
ki, bir müddət əvvəl Ermənistan-Türkiyə sərhədlərinin
açılması məsələsi ortaya çıxanda da
bu məsələ Türkiyə ictimaiyyəti, siyasi partiyalar
və Türkiyə hökuməti tərəfindən dəstəklənməyib:
"Van-İrəvan aviareysinin açılmasını Ermənistandakı
işğalçı rejimə hansısa formada verilmiş rəsmi
dəstək kimi qiymətləndiririk".
Azərbaycan.-2013.- 16 mart.- S.8.