Dövlət İdarəçilik
Akademiyasında «Ekoloji sivilizasiya,
davamlı
inkişaf, ətraf mühit» adlı
illik nəşrin təqdimatı olmuşdur
Martın 15-də Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında (DİA) UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyası "İnsan və Biosfer" Komitəsinin "Ekoloji sivilizasiya, davamlı inkişaf, ətraf mühit" adlı illik nəşrinin təqdimatı olmuşdur.
AzərTAc xəbər verir ki, tədbirdə iştirak edən UNESCO baş direktorunun müavini xanım Pilar Alvarez-Lason, tanınmış alim və mütəxəssislər əvvəlcə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə yaradılmış IDEA (International Dialogue for Environmental Action) Ətraf Mühit Kampaniyası çərçivəsində DİA-dakı Resurs Mərkəzi və akademiyanın UNESCO Mərkəzi ilə tanış olmuşlar.
Təqdimat mərasimində DİA-nın rektoru, akademik Urxan Ələkbərov UNESCO-nun fəaliyyətinin, bu beynəlxalq təşkilat ilə Azərbaycanın əlaqələrinin əhəmiyyətini vurğulamışdır.
Rektor Azərbaycan ilə UNESCO arasında əlaqələrin qurulmasında ümummilli lider, böyük şəxsiyyət Heydər Əliyevin, qurum ilə ölkəmizin əlaqələrinin inkişafında Azərbaycan Prezidenti İlham Əliyevin, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın xidmətlərindən danışmışdır.
Akademik U.Ələkbərov "Ekoloji sivilizasiya, davamlı inkişaf, ətraf mühit" adlı nəşr barədə fikirlərini qeyd edərək, onun oxucular və mütəxəssislər üçün dəyərli töhfə olduğunu bildirmişdir.
Xanım Pilar Alvarez-Lason UNESCO-nun inkişaf mərhələləri, fəaliyyəti, həyata keçirdiyi layihələr barədə ətraflı məlumat vermişdir.
Ətraf mühit, sosial elmlərə önəm verilməsinin vacibliyini söyləyən xanım P.Alvarez-Lason bu sahələrə UNESCO tərəfindən daim diqqət göstərildiyini bildirmişdir. Qonaq təşkilat ilə Azərbaycanın əlaqələrinin səmərəli olduğunu vurğulamışdır.
UNESCO üzrə Azərbaycan Milli Komissiyasının birinci katibi Günay Əfəndiyeva bu beynəlxalq qurum ilə Azərbaycan arasında əlaqələrin genişlənməsində Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın müstəsna rolunu diqqətə çatdırmışdır. O, eyni zamanda, UNESCO-nun ölkəmizdə reallaşdırdığı layihələrdən bəhs etmişdir.
Azərbaycan Milli Elmlər Akademiyasının birinci vitse-prezidenti, akademik Arif Həşimov, ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyev UNESCO-Azərbaycan əlaqələrinin uğurlu nəticələrindən danışmışlar. Ekologiyanın, ətraf mühitin qorunmasının zəruriliyini vurğulayan natiqlər bu məsələlərə ölkəmizdə xüsusi diqqət göstərildiyini xatırlatmışlar.
Digər çıxış edənlər
də ekologiya, ətraf mühit ilə bağlı fikirlərini
söyləmiş, təqdim olunan nəşrin əhəmiyyətindən
bəhs etmişlər. Bildirilmişdir
ki, dünyada ən aktual olan mövzular
barədə elmi məqalələr bu topluda geniş
işıqlandırılmışdır.
Azərbaycan.-2013.- 16 mart.- S.9.