Azərbaycan nümayəndələri Tbilisidə «Qadınlar sülh və həmrəylik

 uğrunda» mövzusunda Beynəlxalq konfransda iştirak etmişlər

 

BMT Qadınlar FonduAvropa İttifaqının Gürcüstan nümayəndəliyinin təşkilatçılığı ilə Tbilisidə "Qadınlar sülh və həmrəylik uğrunda: BMT Təhlükəsizlik Şurasının 1325, 1820, 1888, 1889 nömrəli qətnamələrinin yerinə yetirilməsi naminə məsuliyyətin yüksəldilməsi" mövzusunda Beynəlxalq konfrans keçirilmişdir.

Konfransda 10 ölkədən, o cümlədən Azərbaycandan nümayəndələr iştirak etmişlər.

İştirakçılar "Qadınlar, sülh, təhlükəsizlik məsələləri üzrə BMT Təhlükəsizlik Şurası qətnamələrinin yerinə yetirilməsi", "Gender bərabərliyinin təhlükəsizlik bölməsinin gündəliyinə daxil edilməsi", "Sülhün təbliği və konstruktiv dialoq" və s. mövzularda məruzələri  müzakirə etmiş, fikir mübadiləsi aparmışlar.

Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi (SAM) direktorunun müavini Gülşən Paşayeva demişdir ki, ulu öndər Heydər Əliyevin gender bərabərliyi sahəsində yürütdüyü siyasətin bu gün uğurla həyata keçirildiyini, müdrik insanın dahiyanə "Zahiri gözəlliyi ilə daxili aləminin paklığının vəhdət təşkil etdiyi, öz səbri, təmkini ilə səciyyələnən Azərbaycan qadını dəyanət və sədaqət rəmzinə çevrilmişdir" kəlamını iştirakçıların nəzərinə çatdırdıq. Qeyd olundu ki, Azərbaycan qadınının ölkənin ictimai-siyasi həyatında fəallığının təmin olunması üçün mühüm işlər görülür, səhiyyə, təhsil, mədəniyyət və başqa sahələrdə qadınlar ön sıradadırlar.

G.Paşayeva konfransda "Münaqişə çərçivəsində birləşmiş qadınlar" məsələsinə və BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələrdən irəli gələn vəzifələrə, BMT Qadınlar Fondunun Gürcüstan və Qırğızıstanda bu qətnamələrin həyata keçirilməsi ilə bağlı yaratdığı milli fəaliyyət proqramlarının yerinə yetirilməsi sahəsində görülən işlərə önəm verildiyini vurğulamışdır. Gürcüstan və Qırğızıstan nümayəndələri bu istiqamətdə görülən işlər barədə ətraflı məlumat vermişlər. Əminəm ki, təcrübə mübadiləsi baxımından bu görüş müsbət nəticə verəcəkdir.

SAM direktorunun müavini Gürcüstan Müdafiə Nazirliyinin məsul əməkdaşı Georgi Amanatidzenin təmsil etdiyi qurumda 50 faiz qadın, 50 faiz kişinin fəaliyyət göstərdiyinə, 20 faiz qadının məsul, 40 faizin  isə rəhbər vəzifə tutduğuna, nazir müavinlərindən birinin qadın olduğuna dair məlumatının diqqəti cəlb edən fakt olduğunu bildirmişdir. O, belə tədbirlərin mövcud vəziyyətin təhlili baxımından böyük səmərə verəcəyinə və iştirakçı ölkələrdə gender bərabərliyi siyasətinin uğurla həyata keçirilməsinə beynəlxalq təşkilatların yardım etməsinə gətirib çıxaracağına əmin olduğunu demişdir.

G.Paşayeva Azərbaycanda Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin səmərəli fəaliyyətini qeyd etmiş, qadınların münaqişələrin tənzimlənməsi işinə daha geniş cəlb olunmalarının vacibliyini diqqətə çatdırmışdır.

Gürcüstan "Gender ədaləti" qeyri-hökumət təşkilatının nümayəndəsi Rusudan Kervalişvili demişdir ki, qadınların iştirakı ilə keçirilən bu konfrans təhlükəsizlik məsələlərinə həsr olunması baxımından mühüm əhəmiyyət kəsb edir. Bu, yalnız qadınları deyil, kişiləri, uşaqları, ümumiyyətlə, bütün ictimaiyyəti narahat edən məsələdir. Buna görə də əminəm ki, konfrans bütün qüvvələrin birləşdirilməsində mühüm rol oynayacaqdır.

"Münaqişə çərçivəsində birləşmiş qadınlar" bölgə proqramının meneceri Qratsiela Piqa bildirmişdir ki, konfransda iştirakçı ölkələrdə BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələrin yerinə yetirilməsi təhlil olunmuş, gələcək fəaliyyət proqramları müzakirə edilmişdir. Həmçinin qadınların ictimai-siyasi həyatda rolunun artırılması ilə yanaşı, münaqişələrin tənzimlənməsi məsələlərinə, sülh danışıqlarına daha geniş şəkildə cəlb olunmaları yolları sahəsində də fikir mübadiləsi aparılmışdır.

 

 

İslam ƏLİYEV,

AzərTAc-ın xüsusi müxbiri

Tbilisi

Azərbaycan.-2013.- 16 mart.- S.10.