«Sənətkarın taleyi»
tamaşasının premyerası
böyük müvəffəqiyyətlə keçmişdir
Martın 15-də Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında xalq yazıçısı Elçinin eyniadlı əsəri əsasında hazırlanmış "Sənətkarın taleyi" tamaşasının premyerası olmuşdur.
AzərTAc xəbər verir ki, tamaşa milli teatr tariximizə adını əbədi olaraq həkk etdirmiş aktyor Hüseyn Ərəblinskinin həyatından, faciəli taleyindən bəhs edir.
Tamaşanın nümayişindən əvvəl jurnalistlərə müsahibə verən xalq yazıçısı Elçin demişdir ki, bununla Akademik Milli Dram Teatrında doqquzuncu pyesi səhnələşdirilir. Budəfəki səhnə əsərinin təqdimatını həyəcanla gözləyirdim. Ona görə ki, səhnələşdirilən pyes teatr haqqındadır. Tamaşada görkəmli teatr xadimimiz Hüseyn Ərəblinskinin həyat yolu əks olunmuşdur. Amma deməliyəm ki, bu, Hüseyn Ərəblinskinin bioqrafiyasını tam əks etdirmir. Bu pyes Hüseyn Ərəblinskinin timsalında mənim Azərbaycan teatr tarixinə olan ehtiramımın ifadəsi, teatr, aktyor sənətinə məhəbbətimin göstəricisidir.
Tamaşanın bir özəlliyi də ondan ibarətdir ki, əsərə Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrının rejissoru, əməkdar incəsənət xadimi İrana Tağızadə quruluş vermişdir. Tamaşadakı əsas rolun, yəni Ərəblinskinin ifaçısı da Rus Dram Teatrının aktyoru, əməkdar artist Firdovsi Atakişiyevdir. Əsərdə Akademik Milli Dram Teatrının və Rus Dram Teatrının tanınmış sənətkarlarının rol alması mənim üçün xoş bir hadisədir. Ona görə ki, burada Azərbaycan teatr sənətinin müxtəlif qolları bir vəhdət şəklində birləşmişdir.
"Sənətkarın taleyi" tamaşasının quruluşçu rəssamı Tatyana Melnikova, musiqi tərtibatçısı əməkdar mədəniyyət işçisi Vladimir Neverovdur.
Tamaşada əsas rolları xalq artisti Şükufə Yusupova, əməkdar artistlər Cəfər Əhmədov, Elşən Cəbrayılov, Ayşad Məmmədov, İlham Hüseynov, Hicran Nəsirova, aktyorlar Natəvan Hacıyeva, Vüsal Mustafayev, Əjdər Zeynalov və başqaları canlandırmışlar.
Səhnə əsərində bir daha diqqətə çatdırılmışdır ki, Hüseyn Ərəblinskinin sənətə gəlişi dövründə ayrı-ayrı həvəskar qrupların, teatr dərnəklərinin simasında qərarlaşan Azərbaycan teatrı, sözün əsl mənasında, çətin günlərini yaşayırdı. Azərbaycanın ilk professional aktyoru və peşəkar rejissoru sayılan Hüseyn Ərəblinskinin şəxsi qayğıları, eləcə də maddi çətinlikləri yetərincə idi. Aktyoru nəinki mürtəce qüvvələr başa düşmürdü, eləcə də bəzi qohumları onun sənəti ilə heç cür barışmaq istəmirdilər.
Pyesdə böyük ustalıq və peşəkarlıqla yer almış həm sənətkarın, həm də o dövrün problemləri səhnədə də özünü qabarıq şəkildə göstərmişdir. İstər səhnə tərtibatı, istər aktyorların seçimi, istərsə də hadisələrin bu günlə uzlaşdırılması baxımından tamaşa çox uğurlu alınmışdır.
Tamaşanın
premyerasında dövlət və hökumət nümayəndələri,
Milli Məclisin deputatları, tanınmış sənət
adamları, eləcə də teatrsevərlər iştirak
etmişlər.
Azərbaycan.-2013.- 16 mart.- S.11.