Bakıda «Regionlarda mədəniyyət və turizm: 2012-ci ilin

 yekunları» mövzusunda ümumrespublika müşavirəsi

 

Martın 15-də Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə şəhər (rayon) mədəniyyət və turizm şöbələrinin fəaliyyətinə həsr olunmuş "Regionlarda mədəniyyət və turizm: 2012-ci ilin yekunları" mövzusunda ümumrespublika müşavirəsi keçirilmişdir.

AzərTAc xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə son illərdə regionların mədəniyyət və turizm sahəsində uğurlarını əks etdirən fotostendlər və nəşrlərdən ibarət sərgi ilə tanış olmuşlar.

Tədbiri mədəniyyət və turizm naziri Əbülfəs Qarayev açaraq bildirmişdir ki, müşavirənin məqsədi mədəniyyət və turizm sahələrinin inkişafına dair dövlət proqramlarının icrası istiqamətində 2012-ci ildə görülən işlərin təhlil edilməsi, regionlarda müvafiq sahələrdə mövcud problemlərin və onların həlli yollarının müzakirəsi, nazirliyin yerli orqanlarının işinin təkmilləşdirilməsindən ibarətdir.

 Bildirilmişdir ki, Mədəniyyət və Turizm Nazirliyi 2012-ci ildə öz fəaliyyətini Prezident İlham Əliyevin mədəniyyət və turizm sahələrinə dair imzaladığı fərman və sərəncamlar, Nazirlər Kabinetinin verdiyi göstəriş və tapşırıqlar, mövcud qanunvericiliyə uyğun qurmuş, ölkədə mədəniyyət və turizm sahələrinin inkişafı ilə əlaqədar bir sıra əhəmiyyətli layihələr həyata keçirmiş, milli mədəniyyətimizin  və Azərbaycanın turizm potensialının beynəlxalq aləmdə tanıdılması, ölkəmizin dünyanın mədəniyyət və turizm məkanına uğurla inteqrasiya olunması, milli-mədəni irsimizin, dəyər və sərvətlərimizin qorunub saxlanılması, inkişaf etdirilməsi istiqamətində müəyyən nəticələrə nail olmuşdur.

Diqqətə çatdırılmışdır ki, Prezident İlham Əliyevin imzaladığı müvafiq sərəncam və fərman, həyata keçirilən dövlət proqramlarına əsasən regionlarımız sürətlə inkişaf edir, bölgələrimizdə sosial-iqtisadi, mədəniyyət, turizms. sahələrdə uğurlu islahatlar həyata keçirilir.

Nazir bu ilin fevralında Prezident İlham Əliyevin sədrliyi ilə keçirilmiş "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasının dördüncü ilinin yekunlarına həsr olunmuş konfransı xatırladaraq bildirmişdir ki, ölkəmizin ümumi tərəqqisi regionlarımızın ahəngdar inkişafından, sosial-iqtisadi və mədəni həyatda əldə olunan nəticələrdən, bölgələrdə həyata keçirilən layihələrdən asılıdır. Prezident İlham Əliyev regionlarımızın inkişafını daim diqqət mərkəzində saxlayır. 2012-ci ildə dövlət başçısının bölgələrə səfərləri yeni müəssisələrin, mədəniyyət ocaqlarının, turizm-istirahət məkanlarının açılışı, yeni obyektlərin təməlinin qoyulması ilə yadda qalmışdır.

Ə.Qarayev bu sahədə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nunİSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyevanın xidmətlərini xüsusilə vurğulamışdır.

Sonra mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyevin "Regionlarda mədəniyyət və turizm: nailiyyətlər, problemlər, vəzifələr" mövzusunda məruzəsi dinlənilmişdir.

Bildirilmişdir ki, respublikamızda həyata keçirilən dövlət mədəniyyət və turizm siyasəti regionlarda da bu mühüm sahələrin inkişafına yeni təkan vermişdir. Regionlarda beynəlxalq səviyyəli tədbirlərin təşkili xoş ənənəyə çevrilmişdir. Öz rəngarəngliyi və zəngin proqramı ilə seçilən Göyçayda ənənəvi təşkil olunan "Nar bayramı", Qubada ötən il keçirilmiş "Alma bayramı"nı xüsusilə qeyd etmək olar.

Vurğulanmışdır ki, bu gün paytaxt Bakı ilə yanaşı, Azərbaycanın bölgələri beynəlxalq səviyyəli tədbirlərə ev sahibliyi edir.

Azərbaycanın qeyri-maddi mədəni irsinin qorunması istiqamətində aparılan islahatların davamı olaraq Mədəniyyət və Turizm Nazirliyinin "2012-2014-cü illər üçün Xalq Yaradıcılığı Paytaxtları" Proqramı çərçivəsində ötən il Gədəbəy Azərbaycanın "Əfsanələr paytaxtı", Masallı "Folklor paytaxtı", Quba "Sənətkarlıq paytaxtı" elan edilmişdir.

Qeyd olunmuşdur ki, Mədəniyyət və Turizm Nazirliyi tərəfindən regionlarda yeni mədəniyyət ocaqlarının inşası, müəssisələrin əsaslı təmiri və yenidən qurulması istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilir. Bölgələrdə fəaliyyət göstərən muzeylərin inkişafı istiqamətində işlər davam etdirilmiş, onların maddi-texniki bazasının gücləndirilməsi, ekspozisiyaların genişləndirilməsi və yeni muzeylərin yaradılmasına diqqət artırılmışdır.

Tədbirdə müxtəlif mövzularda məruzələr dinlənilmiş, şəhər (rayon) mədəniyyət və turizm şöbələrinin rəhbərləri çıxış etmişlər.

 

Azərbaycan.-2013.- 16 mart.- S.11.