Bakıda Üçüncü
Beynəlxalq «Muğam
aləmi» elmi simpoziumu başa çatmışdır
Bakıda "Muğam aləmi" Üçüncü Beynəlxalq Muğam Festivalı çərçivəsində martın 12-dən 15-dək Üçüncü Beynəlxalq "Muğam aləmi" elmi simpoziumu reallaşdırılmışdır.
AzərTAc xəbər verir ki, martın 15-də Azərbaycan Bəstəkarlar İttifaqında simpoziumun yekunlarına həsr olunmuş "dəyirmi masa" və elmi məclisin bağlanış mərasimi keçirilmişdir.
Azərbaycan Bəstəkarlar İttifaqının (ABİ) sədri, xalq artisti, professor Firəngiz Əlizadə Heydər Əliyev Fondunun, Mədəniyyət və Turizm Nazirliyinin və ABİ-nin birgə təşkilatçılığı ilə ölkəmizdə keçirilən "Muğam aləmi" Üçüncü Beynəlxalq Muğam Festivalı çərçivəsində təşkil olunmuş elmi simpoziumun yüksək səviyyədə başa çatdığını vurğulamış, müxtəlif ölkələri təmsil edən alimlərin məruzələrində muğam sənətinin özəlliklərindən geniş söhbət açıldığını diqqətə çatdırmışdır.
Almaniyalı professor Yurgen Elsner muğamın böyük düşüncənin nəticəsi kimi ortaya çıxdığını, öz məruzəsində çox zəngin ənənəyə malik olan muğamı praktiki cəhətdən göstərməyə çalışdığını bildirmişdir.
Özbəkistanlı
professor Ravşan Yunusov simpoziumun keçirildiyi dörd gün
ərzində Şərq muğamatının fəzasını
başa düşməyə
çalışdıqlarını, buna həm
yaradıcı, həm də elmi potensialın imkan verdiyini
bildirmişdir. O, simpoziumun daha yetkin şəkildə
həyata keçirildiyini, yaxşı nəticələr
verəcəyini vurğulamışdır.
Bildirilmişdir ki, əvvəlki simpoziumlardakı məruzələrdə yalnız muğamın strukturu qoyulurdusa, budəfəki elmi tədbirdə muğam alətləri diqqət mərkəzində olmuş, bu musiqi alətlərinin sirlərindən, texnikasından bəhs edən məruzələr dinlənilmişdir. Burada bir növ alim və ifaçının sintezi yaranmışdır.
Kanadadan gəlmiş doktor İlhami Gökce 10 gün davam etməsi nəzərdə tutulmuş festivalın təqdirəlayiq beynəlxalq tədbir olduğunu və heç bir ölkədə belə bir festivalın keçirilmədiyini bildirmişdir. O, festivalın proqramının çox yüksək səviyyədə təşkil olunduğunu vurğulamışdır.
Xalq artisti Ramiz Quliyev son 20 ildə muğama dövlət tərəfindən çox böyük qayğı göstərildiyini diqqətə çatdırmış, simpoziumda iştirakından məmnunluğunu bildirmişdir.
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Memarlıq və İncəsənət İnstitutunun direktoru Ərtəgin Salamzadə və AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun direktoru vəzifəsini icra edən Teymur Kərimli festival çərçivəsində keçirilən simpoziumların muğamşünaslığa böyük töhfə verəcəyini, muğamı həm texniki, həm də elmi cəhətdən araşdırmaq üçün akademiyanın tərkibində laboratoriya yaradılacağını bildirmişlər.
Digər çıxış edənlər də simpoziumun yerli və beynəlxalq alimlər, həmçinin musiqiçilər üçün əhəmiyyətli təcrübə olduğunu bildirmişlər. Simpoziumda səsləndirilən məruzələrindən yeni faktlar və məlumatlar əldə etdiklərini, bu elmi məclisin öz bəhrəsini verəcəyinə əminliklərini söyləmişlər.
Simpoziumda iştirak edən mütəxəssislər festival çərçivəsində keçirilən konsertlərdə yerli və xarici musiqiçilərin ifalarına heyran qaldıqlarını bildirmiş, festivalın təşkilatçılarına göstərilən qonaqpərvərliyə görə minnətdarlıq etmişlər.
Bununla
da simpozium öz işini başa
çatdırmışdır.
Azərbaycan.-2013.- 16 mart.- S.11.