Beynəlxalq Muğam Festivalı çərçivəsində keçirilən müsabiqənin

 solo muğam ifaçılığı üzrə birinci turuna yekun vurulmuşdur

 

Heydər Əliyev Fondunun, Mədəniyyət və Turizm Nazirliyinin və Azərbaycan Bəstəkarlar İttifaqının birgə təşkilatçılığı ilə ölkəmizdə keçirilən "Muğam aləmi" Üçüncü Beynəlxalq Muğam Festivalı çərçivəsində martın 16-da Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının kameraorqan musiqisi zalında Üçüncü Beynəlxalq muğam müsabiqəsinin solo muğam ifaçılığı üzrə birinci turuna yekun vurulmuşdur.

AzərTAc xəbər verir ki, martın 15-də başlamış birinci turun seçimlərində Azərbaycan, İran, Çin, Mərakeş, Hindistan, Tacikistan, Türkiyə, Türkmənistan və Tacikistandan olan qrup və ifaçılar iştirak etmişlər.

Solo muğam ifaçılığı üzrə müsabiqənin birinci turunda fərqlənən Mirələm Mirələmov, Ariz Hüseynli, "Buta" qrupu, Abdulla Qurbani (Türkiyə), "Əndəlus gəncləri" qrupu (Mərakeş), "Naghsh" ansamblı (İran) ikinci turda çıxış etmək hüququ qazanmışlar.

İkinci tur martın 17-18-də keçiriləcək və sonuncu gün qaliblər elan ediləcəkdir. Martın 19-da isə müsabiqənin qaliblərinin iştirakı ilə qala-konsert keçiriləcəkdir.

Üçüncü Beynəlxalq muğam müsabiqəsinin münsiflər heyətinin sədri Azərbaycanın xalq artisti Səyavuş Kərimidir. Solo muğam ifaçılığı müsabiqəsinin münsiflər heyətinə isə Azərbaycandan xalq artistləri Arif Babayev, Ağaxan Abdullayev, Fransadan Jan Dürinq, Tunisdən Mahmud Gettat, Tacikistandan Abduvali Abduraşidov daxildirlər.

 

Azərbaycan.-2013.- 17 mart.- S.5.