Beynəlxalq Muğam
Festivalı çərçivəsində «Yeddi
gözəl» baleti nümayiş etdirilmişdir
Heydər
Əliyev Fondunun, Mədəniyyət və Turizm Nazirliyinin və
Azərbaycan Bəstəkarlar İttifaqının birgə təşkilatçılığı
ilə ölkəmizdə keçirilən "Muğam aləmi"
Üçüncü Beynəlxalq Muğam Festivalı çərçivəsində
martın 16-da Azərbaycan Dövlət Akademik Opera və Balet
Teatrında dahi bəstəkar Qara Qarayevin "Yeddi gözəl"
baleti nümayiş etdirilmişdir.
AzərTAc
xəbər verir ki, səhnə əsərinin
quruluşçu baletmeysteri Estoniya Respublikasının əməkdar
artisti Vasili Medvedev, dirijoru xalq artisti, professor Cavanşir Cəfərovdur.
Baletdə
əsas rolları əməkdar artistlər Gülağası
Mirzəyev və Kamilla Hüseynova ifa etmişlər.
Qara
Qarayev "Yeddi gözəl" baletini Azərbaycanın
böyük şairi və mütəfəkkiri Nizami Gəncəvinin
800 illiyinə həsr etmişdir. 2008-ci ildə dahi bəstəkarın
90 illik yubileyi münasibətilə beynəlxalq
yaradıcı heyət tərəfindən yeni quruluşda
hazırlanmış baletin librettosunu Yana Temiz
yazmışdır.
Azərbaycan.-2013.- 17 mart.- S.5.