Üçüncü Beynəlxalq muğam müsabiqəsinin instrumental

 muğam ifaçılığı üzrə birinci turunun nəticələri məlum olmuşdur

 

Bakıda Heydər Əliyev Fondunun, Mədəniyyət və Turizm Nazirliyinin və Azərbaycan Bəstəkarlar İttifaqının birgə təşkilatçılığı ilə "Muğam aləmi" Üçüncü Beynəlxalq Muğam Festivalı davam edir.

AzərTAc xəbər verir ki, martın 16-da Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının kameraorqan musiqisi zalında Üçüncü Beynəlxalq muğam müsabiqəsinin instrumental muğam ifaçılığı üzrə birinci turunun seçimləri yekunlaşmışdır.

Martın 15-də başlamış birinci turun seçimlərində Azərbaycandan Pərviz Quliyev, Təbriz Yusubov, Şəhriyar İmanov, Bəhruz Zeynalov, Şəhriyar MusayevAysu Sadıqova, Türkmənistandan Orazmurat Annanepesov, Mərakeşdən "Əndəlus gəncləri" qrupu, İordaniyadan Yaqub Smairat, Tarik Əlcundi, Belçikadan Vinsent Vilkin, Hindistandan Surindeh Singh və Türkiyədən "Səda" qrupu iştirak etmişlər.

Üçüncü Beynəlxalq muğam müsabiqəsinin münsiflər heyətinin sədri Azərbaycanın xalq artisti, professor Səyavuş Kərimidir.

İnstrumental muğam ifaçılığı üzrə müsabiqənin münsiflər heyətinin tərkibində Azərbaycandan Nazim Kazımov, xalq artisti Ağasəlim Abdullayev, Türkiyədən Əhməd Misirli, Misirdən Habib Yammine, ABŞ-dan Cefri Verbok yer almışlar.

İnstrumental muğam ifaçılığı üzrə müsabiqənin birinci turunda fərqlənən Şəhriyar İmanov, Bəhruz Zeynalov, Pərviz Quliyev, Şəhriyar Musayev, Surindeh Singh ("Raqa qrupu", Hindistan), Tarik Əlcundi, (İordaniya) instrumental muğam ifaçılığı üzrə ikinci turda çıxış etmək  hüququ qazanmışlar.

İkinci tur martın 17-18-də keçiriləcək və sonuncu gün qaliblər elan ediləcəkdir. Martın 19-da isə müsabiqənin qaliblərinin iştirakı ilə qala-konsert keçiriləcəkdir.

 

Azərbaycan.-2013.- 17 mart.- S.5.