Şəki şəhərində Üçüncü Beynəlxalq Muğam Festivalı

 çərçivəsində muğam gecəsi keçirilmişdir

 

Heydər Əliyev Fondunun, Mədəniyyət və Turizm Nazirliyinin və Azərbaycan Bəstəkarlar İttifaqının birgə təşkilatçılığı ilə ölkəmizdə keçirilən "Muğam aləmi" Üçüncü Beynəlxalq Muğam Festivalı çərçivəsində Şəki şəhərindəki "Büllur saray"da respublikanın tanınmış xanəndələri və yerli ifaçıların iştirakı ilə muğam gecəsi təşkil olunmuşdur.

AzərTAc xəbər verir ki, konsertdə şəhər rəhbərliyi, ictimaiyyətin nümayəndələri, muğamsevərlər iştirak etmişlər.

Gecənin açılış mərasimində çıxış edənlər martın 9-da başlanan "Muğam aləmi" Üçüncü Beynəlxalq Muğam Festivalının Azərbaycanın mədəni həyatında çox əlamətdar hadisəyə çevrildiyini bildirmişlər. Qeyd olunmuşdur ki, belə festivalların keçirilməsi ölkəmizdə milli-mənəvi dəyərlərə, xalq musiqisinə, xüsusilə, muğama olan sevgidən irəli gəlir. Sevindirici haldır ki, bu gün ölkəmizdə mədəni irsin qorunmasına, təbliğ və inkişaf etdirilməsinə dövlət səviyyəsində böyük diqqət və qayğı göstərilir.

Bildirilmişdir ki, beynəlxalq festivalın prezidenti, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nunİSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın bu sahədəki fəaliyyəti xüsusilə təqdirəlayiqdir.

Diqqətə çatdırılmışdır ki, festival çərçivəsində indiyədək Şəki Musiqi Kollecində, şəhər mədəniyyət evində yerli ifaçıların iştirakı ilə maraqlı konsert proqramları təşkil olunmuşdur. Bu tədbirlərdə yüzlərlə muğamsevər iştirak etmişdir.

Muğam gecəsində tamaşaçılar xalq artisti Canəli Əkbərovun, İkinci Beynəlxalq Muğam Festivalının qalibi Ehtiram Hüseynovun, xanəndə Zakir Əliyevin, 2007 və 2011-ci illərdə keçirilən respublika muğam müsabiqələrinin qalibləri Könül Tağıyeva və Günay İmamverdiyevanın ifalarında "Mirzəhüseyn segahı", "Bayatı-Şiraz", "Rast", "Çahargah" muğamlarını, təsnif və xalq mahnılarını dinləmişlər. Onları tarda Rövşən Qurbanov, kamançada Toğrul Əsədullayev müşayiət etmişlər.

Xanəndələrin hər çıxışı tamaşaçılar tərəfindən alqışlarla qarşılanmışdır.

 

Azərbaycan.-2013.- 17 mart.- S.5.