Görkəmli maestro Vaqif Mustafazadənin həyat və
yaradıcılığına
həsr
olunmuş musiqi albomu nəşr edilmişdir
Heydər Əliyev Fondu və Heydər Əliyev Mərkəzinin birgə layihəsi çərçivəsində virtuoz ifaçı, görkəmli musiqiçi Vaqif Mustafazadənin həyat və yaradıcılığına həsr olunmuş musiqi albomu nəşr edilmişdir.
Bu barədə AzərTAc-a Heydər Əliyev Fondundan məlumat verilmişdir.
Alboma Rauf Fərhadovun müəllifliyi ilə Azərbaycan mədəniyyətində silinməz iz qoyan dahi pianoçunun parlaq yaradıcılığından bəhs edən kitab və audio disk daxildir.
Vaqif Mustafazadə milli cazın inkişafına dəyərli töhfələr vermiş, fərqli iki musiqi mədəniyyəti arasında ümumi cəhətləri taparaq onları qoşalaşdırmaq istəyini uğurla gerçəkləşdirə bilmişdir. O, caz və muğamı özünəməxsus şəkildə sintez edərək yeni və ecazkar bir musiqi janrı yarada bilmişdir.
İmprovizə ustadının yaradıcılığına həsr olunmuş kitabda ötən əsrin 20-ci illərindən başlayaraq Avropa və sovet incəsənət aləmində tanınan cazın janr kimi inkişaf tarixçəsi təqdim olunur. 1920-ci illərdə Qafqazın Parisi sayılan Bakı açıq şəhər hesab olunduğundan caz çoxsaylı millətlərin musiqisini özündə birləşdirən janr kimi burada münbit zəmin tapmışdı. Cazın qaynaqları, inkişaf tarixi barədə geniş informasiyaların yer aldığı kitabda 1939-cu ildə xalq artisti, görkəmli bəstəkar Tofiq Quliyevin yaratdığı Azərbaycan Dövlət Caz Orkestri və mahir ifaçılar barədə də maraqlı məqamlar vardır.
Ötən əsrin 60-cı illərində Bakı mühiti cazın "qızıl əsr"i kimi qiymətləndirilirdi. Belə bir mühitdə yetişən Vaqif Mustafazadənin caz və muğamın sintezində etdiyi eksperimentlər böyük tamaşaçı sevgisi qazanmışdı. Onun qısa, lakin musiqi dolu həyatının önəmli mərhələlərindən bəhs edən kitabda maraqlı fotoşəkillərlə yanaşı, yaxın çevrəsindən, sənət dostlarından və doğmalarından da ətraflı bəhs edilir. Albomda təqdim olunan audio diskdə isə maestronun bütün ifaları toplanmışdır.
Mədəni
irsimizin qorunması və təbliği istiqamətində
gerçəkləşən layihəni XX əsr musiqi mədəniyyətimizin
daha bir tarixi mərhələsi haqqında dəyərli tədqiqat
kimi qiymətləndirmək olar.
Azərbaycan.-2013.- 17 mart.- S.5.