Keşməkeşli tale, şərəfli tarix

 

Azərbaycan teatrı-140

 

Mədəniyyət tariximizin parlaq səhifələrini şərəflə yazan milli teatr dövlət müstəqilliyimizi qazandıqdan sonra öz inkişafının yeni mərhələsinə qədəm qoydu. Ona diqqət və qayğı daha da artırıldı. Ölkə Prezidenti İlham Əliyevin 1 mart 2013-cü il tarixdə "Azərbaycanda peşəkar milli teatrın yaradılmasının 140 illiyi haqqında" imzaladığı sərəncamda deyilir: "XIX əsrin ikinci yarısından etibarən baş verən ictimai-siyasi hadisələr fonunda Azərbaycanın mədəni həyatındakı dəyişikliklər ənənəvi xalq teatrının peşəkar dünyəvi teatra çevrilməsinə zəmin hazırladı. O, yarandığı gündən Şərq islam aləminin ilk professional teatr sənəti ocağı kimi öz zəngin repertuarında daim yüksək idealı və dərin ictimai məzmunlu əsərlərə geniş yer verdi. Ölkəmizdə indi bütünlükdə milli dəyərlər sisteminə əsaslanan yeni teatr tipi və səhnə mədəniyyəti ilə seçilən aktyorlar məktəbi vardır. Əxlaqi-mənəvi keyfiyyətlərə yiyələnmiş vətənpərvər ruhlu yeni nəsillərin formalaşmasında bu teatrın xidmətləri əvəzsizdir".

Bu səbəbdən də Azərbaycan teatrının tarixinin, onun inkişaf mərhələsinin və ayrı-ayrı pillələrinin öyrənilməsi aktuallıq kəsb edir. Böyük maarifçi Həsən bəy Zərdabi və görkəmli yazıçı Nəcəf bəy Vəzirovun təşəbbüsü ilə Azərbaycanda milli teatrın yaradılması XIX əsrin sonlarına təsadüf edir. Məlum olduğu kimi, 1873-cü ilin martında realnı məktəb şagirdlərinin iştirakı ilə Mirzə Fətəli Axundzadənin "Lənkəran xanının vəziri" əsəri tamaşaya qoyuldu. Beləliklə, Şərqdə ilk teatrın sorağı məhz Azərbaycandan gəldi. Bir qədər də dərinliyə varsaq, bu peşəkar sənətin var olmasına gələn yollar ondan neçə il öncə Şuşadan başlamışdır.

Azərbaycanda peşəkar milli teatrın yaradılmasının 140 illiyi ilə əlaqədar ölkənin mədəni həyatında böyük hadisəyə çevriləcək bu sənət bayramının yeni təntənəsi və üfüqləri haqqında mədəniyyət və turizm nazirinin müavini Ədalət VƏliyevlə apardığımız müsahibədə bir sıra məqamlara toxunuldu.

- Keşməkeşli taleyi və şərəfli tarixi olan 140 yaşlı teatrın çağdaş durumu, onun vəziyyətinin xarakteri və səciyyəsi haqqında fikrinizi bilmək istərdik.

- Bilirsiniz ki, Azərbaycan mədəniyyətinin böyük himayədarı ümummilli lider Heydər Əliyev Azərbaycana rəhbərliyinin bütün dövrlərində milli mədəniyyətin, xüsusilə də teatr sənətinin inkişafına diqqət və qayğı ilə yanaşıb. Mütəxəssislər, teatrşünaslar həmişə qüruriftixarla söyləyirlər ki, Heydər Əliyev səhnə sənəti ilə əlaqədar elə mülahizələr söyləyər, məzmunlu fikirlər deyərdi ki, hər kəs ondan öyrənməyə, faydalanmağa çalışardı. Çünki Heydər Əliyev hər bir tamaşa barəsində teatrşünasdan da dürüst və aydın rəy bildirərdi, müfəssəl təklif verərdi. Uğur və nöqsanları dəqiq göstərərdi. Ulu öndər Heydər Əliyev həm də ən həssas tamaşaçı idi. Teatrlarımızda göstərilən əsərlərin əksəriyyətinin premyerasında iştirak edər, tamaşadan sonra yaradıcı kollektivlə görüşər, öz təəssüratlarını, irad və təkliflərini bildirərdi. İndi bu missiyanı ölkə Prezidenti İlham Əliyev ləyaqətlə yerinə yetirir. Bir teatrşünas və teatrsevər kimi qürurla deyə bilərəm ki, dünyanın heç bir ölkəsində dövlət səhnə sənətinə bu dərəcədə diqqət və qayğı göstərmir. Elə bu ayın əvvəllərində Prezident İlham Əliyev tərəfindən milli teatrla əlaqədar iki sərəncam imzalanıb. Onlardan biri "Azərbaycan Respublikasında "Milli Teatr Gününün təsis edilməsi haqqında" adlanır. Bu sərəncama qədər illərdir ki, biz respublikamızda martın 10-nu Milli Teatr Günü kimi qeyri-rəsmi keçirirdik. Məhz cənab Prezidentin bu sərəncamından sonra daha ürəklə, sevgiböyük hazırlıqla hər il martın 10-nu teatrsevərlərin bayramı kimi qeyd edəcəyik. 2013-cü il həm də teatr aləmi üçün daha əlamətdardır. Azərbaycanda peşəkar milli teatrın yaradılmasının 140 illiyi tamam olur. Cənab İlham Əliyevin imzaladığı ikinci sərəncam bu möhtəşəm sənət bayramının dövlət səviyyəsində qeyd edilməsi ilə əlaqədardır. Mart ayında teatr sənəti ilə bağlı möhtərəm Prezidentin digər sərəncamları da var. Mədəniyyətimizin müxtəlif sahələri üçün ixtisaslı kadrlar hazırlayan Mədəniyyət və İncəsənət Universitetinin 90, səhnə sənətimizin korifeyləri - xalq artistləri Əliağa Ağayevin, Hökumə Qurbanovanın 100 illik yubileylərinin dövlət səviyyəsində keçirilməsi ilə əlaqədar cənab İlham Əliyevin imzaladığı sərəncamlar da birbaşa teatrla bağlıdır. Bu yubileylərin keçirilməsini təmin etmək məqsədilə Mədəniyyət və Turizm Nazirliyində tədbirlər planı hazırlanıb və müəyyən işlər görülməkdədir.

- Mədəniyyətin inkişafında böyük rol oynayanmilli sərvətə çevrilən Azərbaycan teatrının maddi-texniki bazasının gücləndirilməsi və yaradıcılıq potensialının dirçəldilməsi ilə əlaqədar nə deyə bilərsiniz?

- 2006-cı ildə "Teatrteatr fəaliyyəti haqqında" Azərbaycan Respublikasının Qanunu qəbul edildi. Məhz elə bu qanunda milli teatrın çağdaş inkişaf mərhələsinin əsası qoyuldu. Ölkə Prezidenti İlham Əliyevin 19 fevral 2007-ci il tarixdə imzaladığı "Azərbaycan teatr sənətinin inkişaf etdirilməsi haqqında" sərəncamında milli mədəniyyətimizin inkişafında böyük rol oynayan teatrların maddi-texniki bazasının möhkəmləndirilməsi və yaradıcılıq potensialının yaxşılaşdırılması üçün bir sıra tədbirlərin həyata keçirilməsi nəzərdə tutuldu. Əgər ötən əsrin əvvəllərində insanları maarifləndirmək naminə heç bir maliyyə təminatı olmayan, əksinə, nadan qüvvələr tərəfindən təzyiqə, təqibə məruz qalan bir dövrdə ağıllı və savadlı insanlar zülmün içindən çıxış yolunu taparaq teatrı yaşadırdılarsa, indi hər cür şəraitin və köməyin olduğu zamanda lazımdır ki, dünya arenasına çıxmaq üçün həmxarici ölkələrdə kadr hazırlığı müştərək layihələr əsasında həyata keçirilsin. Dövlət başçısı İlham Əliyev tərəfindən "Azərbaycan teatrı 2009-2019-cu illərdə Dövlət Proqramı"nın təsdiq edilməsi haqqında sərəncam imzalandı. Azərbaycan teatrının zəngin bədii irsinin və yaradıcılıq ənənələrinin qorunmasını, milli-mənəvi dəyərlərin təbliğini və dünya mədəniyyətinə inteqrasiyanı təmin etmək, milli teatr sənətinin davamlı inkişafını dəstəkləmək məqsədilə dövlət proqramında mövcud vəziyyətə uyğun olaraq teatrlarımızın maddi-texniki bazasının möhkəmləndirilməsi, yaradıcılıq potensialının inkişaf etdirilməsi, habelə teatr təhsil sisteminin yaxşılaşdırılması məqsədilə on illik müddətə bir sıra vacib tədbirlərin hazırlanıb həyata keçirilməsi nəzərdə tutulmuşdur. İstərdim ki, teatrla əlaqədar bir sıra faktları tezis şəklində də olsa oxucularınıza çatdırım. Bu gün Azərbaycan dünyada yeganə ölkədir ki, 26 dövlət teatrının bütün xərcləri dövlətin üzərindədir. 2006-2012-ci illər ərzində bu teatrlarda 588 tamaşa hazırlanmışdır. Onlardan 157-si dövlət sifarişidir. 2013-cü ildə də 99 tamaşanın hazırlanması planlaşdırılıb. Onlardan 39-u yenə dövlət sifarişi ilə hazırlanacaq. İndi Azərbaycan teatrının səsi müxtəlif ölkələrdən gəlir. Azərbaycan rejissor və aktyorlarının təqdim etdiyi tamaşalar Gürcüstan, Ukrayna, Serbiya, İran, Moldova, Rusiya, Türkiyə, Mərakeş, ABŞ, Şri-Lanka, Belarus, Hindistan, Türkmənistan, Tacikistan, Misir, Estoniya, Almaniya, Fransa, Bolqarıstan... kimi ölkələrdə nümayiş etdirilir. Son altı ildə xarici ölkə səhnələrində 100-dən artıq tamaşa göstərilib. 2013-cü il üçün də müxtəlif ölkələrdə keçiriləcək festivallarda Azərbaycan teatrları iştirak edəcək. Eləcə də 2013-cü ildə ölkəmizdə müxtəlif ölkələrdə fəaliyyət göstərən teatrların  qastrol səfərləri gözlənilir. Bir neçə ildir ki, ölkəmizdə müxtəlif təmayüllü teatrla əlaqədar beynəlxalq konfransfestivallar keçirilir.

Əlbəttə, yüksək səviyyədə teatr tamaşasını təqdim etmək, yaradıcı kollektivin normal fəaliyyət göstərməsi üçün dünya standartlarına uyğun teatr ocaqlarının olması çox vacibdir. Bu gün fəxr və qürurla deyə bilərik ki, Azərbaycan Dövlət Akademik Milli Dram, Gənc Tamaşaçılar, Rus Dram, Mingəçevir Dövlət Dram, Bakı Kukla teatrları, eləcə də Heydər Əliyev Sarayı dövlət vəsaiti hesabına yüksək səviyyədə təmir edilərək yaradıcı kollektivin və tamaşaçıların ixtiyarına verilmişdir. Daxili imkanlar hesabına təmir olunan Dövlət Mahnı, Pantomim və "Yuğ" teatrları da öz qapılarını tamaşaçıların üzünə açıb. Hazırda Musiqili Komediya və Şəki teatrlarında təmir işləri aparılır. Nəzərdə tutulub ki, OperaBalet, eləcə də, İrəvan və Şuşa teatrları da təmirə dayandırılsın. Prezident İlham Əliyevin sərəncamına əsasən, Sumqayıt Dövlət, İrəvan Azərbaycan Dövlət, Şuşa Dövlət Musiqili Dram, Pantomim Dövlət teatrları bina ilə təmin olunub. Teatrların bu cür yüksək səviyyədə kollektivin ixtiyarına verilməsi teatra gələn tamaşaçıların sayına da təsir edib. Aparılan hesablamalara görə, 26 dövlət teatrına bir il ərzində 1 milyon 293 min 756 nəfər tamaşaçı gəlib. Bu, çox böyük rəqəmdir. Bizim 9 milyonluq bir xalq olduğumuzubunun da 1 milyon nəfərinin qaçqınlıq şəraitində yaşadığını nəzərə alsaq, bu rəqəmlə qürur duymamaq mümkün deyil. Burada bir məsələni də xatırladım ki, bizim məmləkətdə dünyada analoqu olmayan dörd qaçqın teatrı var: Şuşa, İrəvan, AğdamFüzuli teatrları. Təəssüf ki, soydaşlarımız kimi, bu teatrlar da öz doğma ocaqlarından didərgin düşüblər. Bu gün Azərbaycanda fəaliyyətini davam etdirən İrəvan Azərbaycan Dövlət Dram Teatrı 1878-ci ildə yaranıb. İrəvan indiki Ermənistanın paytaxtıdır. 1988-ci ilin məlum hadisələrindən sonra bu teatrın kollektivi Bakıda məskunlaşdı. Bir məsələni də diqqətinizə çatdırım ki, daşnakların özlərinə paytaxt elan etdikləri qədim türk şəhəri İrəvanda erməni teatrı 1924-cü ildə yaradılıb. Təbii ki, bu da sovet hökumətinin dəstəyi ilə olub. XIX əsrdə yaşamış ingilis şairi M.Amold yazırdı: "Əgər mən nəyəsə inanıramsa, o, yalnız mədəniyyətdir. Dərindən fikirləşilsə, mədəniyyət heç də hər şeylə maraqlanmağa deyil, kamilliyə məhəbbətə əsaslanır. Mədəniyyət kamilliyin dərk edilməsidir. Mədəniyyət adamların - bərabərliyin həqiqi elçiləridir". Əgər bu sözlərin kəsb etdiyi mənanı araşdırsaq, qonşularımızın hansı mədəniyyətə sahib durduqları aydındır. Soydaşlarımızın yurdlarından vəhşiliklə çıxarılması, qətlə yetirilməsi, maddi mədəniyyət abidələrimizin dağıdılması, yandırılması, talan edilməsi, çoxunu da öz adlarına çıxarmaları ermənilərin hansı şeytan əməllərinə malik olmalarını ortaya qoyur. Faktlar təsdiqləyir ki, onlar təkcə torpağımızı işğal etmədilər, həm də mahnılarımıza, xalçalarımıza, mətbəximizə, bir sözlə, bəşəriyyətin inciləri sırasında dayanan mədəni sərvətlərimizə də göz dikdilər. Rus şairi Puşkinin dediyi kimi, damarlarında yuva qurmuş oğru xislətini həmişə göstərdilər. İyirmi-iyirmi beş ildir ki, öz doğma yerlərindən didərgin düşmüş teatrlar qaçqın həyatı yaşayır. Əlbəttə, Azərbaycan dövlətinin başçısı bütün mədəniyyət ocaqlarına, aktyorrejissorlara öz diqqətini göstərir, onların normal yaşayışı və yaradıcılıqla məşğul olmaları üçün şərait yaradır. Amma bununla belə, bu teatrların kollektivləri də doğulduqları şəhərlərə qayıtmaq ümidini itirməyib və o mübarək günü həsrətlə gözləyirlər.

- Bu gün Azərbaycanda teatr studiyaları da geniş fəaliyyət göstərir.

- Elədir, ildən-ilə bu studiyaların sayı artmaqdadır. Hər bir teatrın nəzdində fəaliyyət göstərən teatr studiyalarında əsasən gənclər çalışır. Məqsəd teatrın yaradıcı bazasının daha da möhkəmləndirilməsinə xidmət etməkdir. Hər bir sənət fədaisinin fəaliyyəti üçün dövlət tərəfindən daim qayğı göstərilir. Yaradıcılıq fəaliyyəti ilə uğur qazanan, tamaşaçıların məhəbbətinə səbəb olan, əsl sənət nümayiş etdirən aktyorlar, rejissorlar, musiqi tərtibatçıları, rəssamlar, bir sözlə, teatrla bağlı cəfakeşlər müntəzəm olaraq ölkə Prezidenti tərəfindən müxtəlif fəxri adlara, mükafatlara, ordenmedallara layiq görülür, onların mənzil şəraiti yaxşılaşdırılır. 2006-cı ildə yaradılan Mədəniyyət və Turizm Nazirliyi bu illər ərzində öz işini Prezidentin imzaladığı sərəncamlar, göstərişlər əsasında qurur. Son altı il ərzində 100 nəfərə Prezident mükafatı, 203 nəfərə Prezident təqaüdü verilib, 535 nəfər müxtəlif fəxri adlarla təltif olunub. Teatr işçilərinin maddi-sosial vəziyyətinin yaxşılaşdırılması məqsədilə "Teatrteatr fəaliyyəti haqqında" qanuna uyğun olaraq Azərbaycan Dövlət Akademik OperaBalet, Milli Dram teatrlarında çalışan işçilərin əməkhaqlarına 100 faiz əlavələr edilmişdir. Aparıcı teatrların siyahısına daxil olan dörd sənət ocağı - Musiqili Komediya, Gənc Tamaşaçılar, Rus Dram və Dövlət Kukla teatrları işçilərinin əməkhaqlarına isə 25 faiz əlavələr edilmişdir.

- Dövlət başçısı tərəfindən imzalanan sərəncamlara əsasən yubileyləri keçiriləcək ədib və dramaturqların əsərləri ilə əlaqədar teatrlar öz repertuarlarını necə qururlar?

-  Belə sərəncamların bir bəndi də mütləq Mədəniyyət və Turizm Nazirliyinə ünvanlanır. Ona görə də hər bir teatrın bu yubileylərin keçirilməsində öz töhfəsi olmalıdır. Burada bir məsələni xatırlatmaq istəyirəm. 2012-ci ildə Mirzə Fətəli Axundzadənin anadan olmasının 200 illik yubileyinin keçirilməsi ilə əlaqədar Prezident İlham Əliyev 2010-cu ildə sərəncam imzalamışdı. Bu böyük mütəfəkkir və dramaturqun yubileyi ilə bağlı Azərbaycanda milli teatr festivalı keçirildi. Bu festivalın ünvanı Azərbaycanın müxtəlif şəhərləri oldu. Açılış mərasimi Mingəçevirdə olan beynəlxalq festivalın coğrafiyası çox genişləndi. Burada 21 teatr 24 tamaşa ilə iştirak edirdi. Hətta Azərbaycan teatrları Mirzə Fətəli Axundzadənin əsərlərini Tbilisidə, Kiyevdə, Moskvada, Kişinyovda, Sankt-Peterburqda, Girəsunda və başqa şəhərlərin səhnələrində göstərdi. Bu festivalda dövlət teatrları ilə yanaşı, doğma yurdlarından qaçqın düşmüş teatrlar və bələdiyyə teatrı da iştirak edirdi.

- Ədalət müəllim, Siz teatrın əlifbasına dərindən bələdsiniz. İlk əmək fəaliyyətinizə teatrlarda sıravi işçidən başlayaraq nazir müavininə qədər şərəfli bir yol keçibsiniz. Teatr sənəti ilə əlaqədar bir sıra monoqrafiya və kitabların müəllifisiniz. Sizcə, teatr nədir?

- Bilirsiniz, yaxşı təmir və təmin olunmuş, dünya standartlarına uyğun bina ola bilər, qabiliyyətli aktyorlar da var, istedadlı rejissordramaturq da fəaliyyət göstərər. Əgər tamaşaçı yerində deyilsə, artıq teatr yoxdur. Yaxud da əksinə, duyumlu tamaşaçı, teatr binası, aktyor ansamblı ola bilər, amma yaxşı rejissor yoxdursa, teatrın varlığından söz gedə bilməz. Bu sadaladıqlarım varsa, amma istedadlı aktyor yoxdursa, yenə də teatrdan danışmağa dəyməz. Bunların hamısı varsa, amma musiqi yoxdursa, yaxud hər şey var, rəssam yoxdur, yenə də teatr mövcud deyil. Teatrın var olması üçün bunların hamısı bütövlükdə, birlikdə mütləq olmalıdır. Çünki bunlar teatr sənətinin elə vacib amilləridir ki, bir-birini tamamlayır. Təcrübədən dəfələrlə görmüşük ki, zəif əsər ən istedadlı aktyorun da axırına çıxıb. Yaxud da əksinə. Zəif aktyor ən kamil əsəri də bərbad günə qoya bilər. Teatrın o möhtəşəm gözəlliyini görmək və duymaq üçün ansamblın bütün üzvləri yerində olmalıdır. Həm də bu, sadəcə say və vəzifə baxımından deyil, istedad, qabiliyyət, yaradıcılıq nöqteyi-nəzərindən birləşməlidir. Bu gün Azərbaycan teatrı çox gözəl günlərini yaşayır. Dünyanın bir çox teatrlarında olan çatışmazlıqlar bizdə, demək olar ki, ya yoxdur, ya da azalmaq üzrədir. Yenə də deyirəm ki, Azərbaycan dünyada yeganə ölkədir ki, onun teatrlarının bütün ehtiyaclarını dövlət ödəyir. Bu gün Azərbaycan teatrı dünyanın hər bir yerindən tanınmış sənət adamlarını - rejissorları, rəssamları, dramaturqları, dirijorları, baletmeysterləri, xormeysterləri ölkəmizə dəvət etməkdə maraqlıdır. Biz öz həmkarlarımızla əlbir işləməyə həvəsliyik. Biz mədəniyyətimizin təbliğ və təşviq olunmasında, Azərbaycan teatr sənətinin səhifələrinə yeni imzalar atmaq üçün tanınmış və istedadlı sənətkarlarla birlikdə işləməyi arzu edirik. Ötən il Bakıda keçirilən beynəlxalq teatr konfransında etdiyim məruzədə üzümü xarici ölkələrdən gəlmiş həmkarlarımıza tutaraq demişdim: Azərbaycan mədəniyyətinin qapısı hər bir xoş müdaxilə üçün dünyanın bütün istedadlı sənətkarlarının üzünə açıqdır. Buyurub gələ və fəaliyyət göstərə bilərlər. Eyni zamanda, bizim teatrları da dəvət etsinlər, aktyorlar seçsinlər, yəni birgə fəaliyyət üçün ünsiyyət yaradaq. 32 ölkədən Azərbaycana təşrif buyurmuş sənətkarlar milli teatrımızın bugünkü inkişafından çox məmnun idilər.

- Teatrın yaşaması və inkişafı üçün zövqlü tamaşaçıya həmişə böyük ehtiyac var.

- Bunun bünövrəsi uşaqlıqdan qoyulur. Ailə və məktəb birlikdə teatrsevərlər yetişdirməlidir. Əgər valideyn uşağını hələ körpə ikən Kukla Teatrına aparırsa, onda bu marağı yaradırsa, o, böyüdükdən sonra mütləq Gənc Tamaşaçılar Teatrına üz tutacaq, eləcə də digər sənət ocaqlarında nümayiş etdirilən tamaşalara maraq göstərəcək.

- Əlbəttə, indi texnika əsridir. Teatrı uşaq və gənclərə sevdirmək üçün təqdim edilən tamaşaların da təsir və məramından çox şey asılıdır. Vaxtilə teatrlara hansısa bir aktyora, onun yaratdığı surətə görə gedərdilər. O ənənəni bu gün bərpa etmək o qədər də çətin deyil.

- Son illərdə respublikada fəaliyyət göstərən teatr binaları əsaslı təmir olunur, yenidən qurulur, aktyor və rejissorların, eləcə də digər sənət adamlarının hərtərəfli yaradıcılığı üçün şərait yaradılır. Əlbəttə, teatr binasının təmiri teatr sənətinin təkmilləşməsi deyil. Əsas məsələ repertuarın düzgün qurulmasıdır. Bu səbəbdən də Mədəniyyət və Turizm Nazirliyində müəyyən layihələr hazırlanır, yeni prinsipləri həyata keçirilir. Teatr sahəsində çalışanların yaradıcılıq baxımından öz işlərini dünya səviyyəsində qurmaqları üçün hər bir işin bünövrəsində yeni təfəkkür dayanmalıdır. Teatrın əvvəlki şöhrətini özünə qaytarmaq üçün nazirlik tərəfindən mədəniyyət ocaqlarının rəhbərlərinə qətiyyətlə tapşırılıb ki, hər bir teatrın yaradıcı kollektivi adıçəkilən quruma öz layihəsini təqdim etsin. Qəbul edilən proqramların, imzalanan sərəncam və layihələrin həyata keçirilməsində məqsəd budur ki, bütün sahələrdə baş verən güclü inkişaf teatr aləmində də öz əksini tapsın. Mədəniyyət ocaqlarının salonları tamaşaçı sarıdan korluq çəkməsin. Təqdim olunan əsərlər müasir dünyagörüşünü əks etdirsin, sanballı, mükəmməl təsir bağışlasın. Yəni Azərbaycan teatrı istənilən tamaşası ilə dünya səhnəsinə çıxa bilsin. Müasir inteqrasiyanın tələbi budur. Bakıda keçirilən müxtəlif tədbirlər, festivallar, beynəlxalq konfranslar, xarici teatr kollektivləri ilə yaranan ünsiyyətlər təsdiqləyir ki, həqiqətən də ölkəmizdə bu qədim yaradıcılıq sahəsinin yeni mərhələsi uğurla davam edir. Bu mərhələlərin möhkəm olması isə teatr rəhbərliyinin, yaradıcı truppanın qəti mövqeyindən, məsuliyyətindən, istedadından, sənətə bugünün baxış bucağından nəzər salmasından çox asılıdır. Teatr tamaşaçını güldürməyi, düşündürməyi mütləq bacarmalıdır. Şit, bayağı, süni gülüşlə tamaşaçını ələ almaq "jestinə", bir sözlə, zövqsüzlüyə xitam verilməlidir. Əlbəttə, şərəfli tarixiparlaq keçmişi olan Azərbaycan milli teatrının 140 illik ömrünə boylananda bu sənətin ağırlıqlarını çiyinlərində gəzdirən korifeylərimizi məğrur və qətiyyətli görmüşük. Çünki xalqa xidmət həmişə insana başucalığı gətirir!

 

 

Müsahibəni apardı: Flora XƏLİLZADƏ

 

Azərbaycan.-2013.- 17 mart.- S.6.