Azərbaycan Prezidenti İlham Əliyev Böyük Britaniyanın ölkəmizdəki səfirini qəbul etmişdir

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 18-də Böyük Britaniyanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Piter Beytmanı diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul etmişdir.

Həyatının əhəmiyyətli hissəsini Azərbaycanda keçirdiyini vurğulayan səfir Piter Beytman ölkəmizə səmimi duyğular bəslədiyini dedi. Britaniyalı diplomat bundan sonrakı fəaliyyətində də ikitərəfli münasibətlərimizin genişləndirilməsi işinə öz töhfəsini verəcəyinə əminliyini ifadə etdi.

Dövlət başçısı Azərbaycan ilə Böyük Britaniya arasında ikitərəfli əlaqələrin uğurla inkişaf etdiyini vurğuladı. Prezident İlham Əliyev ölkələrimiz arasında regional təhlükəsizlik və əməkdaşlıq üçün mühüm əhəmiyyət daşıyan tərəfdaşlıq əlaqələrinin yaradılmasından məmnunluğunu ifadə etdi. Dövlət başçısı səfirə gələcək fəaliyyətində uğurlar arzuladı.

 

 

AzərTAc

 

Azərbaycan.-2013.- 19 mart.- S.3.