Prezident İlham Əliyevin siyasəti müstəqilliyimizin əbədiliyinə, dövlətin hərtərəfli yüksəlişinə ən etibarlı təminatdır

 

Akademik Ramiz MEHDİYEV: "Azərbaycanda fəaliyyəti mövsümi xarakter daşıyan, heç bir sosial bazası olmayan siyasi qrupların cəmiyyətə deməyə sözü yoxdur"

 

Xalqın dəstəyindən tamamilə məhrum olan, sosial dayaqlarını və ictimai-siyasi proseslərə təsir imkanlarını itirmiş ifrat radikal müxalifət partiyaları seçki öncəsi ənənəvi inkarçı və qərəzli mövqedən çıxış edirlər. Aqressiv müxalifətin  hakimiyyətin nüfuzu qarşısında acizliyi, gücsüzlüyü və sivil rəqabət imkanına malik olmaması göz qabağındadır. Onlar yaxşı başa düşürlər ki, ictimai dayaqları güclənən, xalqın etimadını qazanan hakimiyyətin bütün seçkilərdə uğur qazanmaq şansı birmənalıdır. 1992-ci ildə xalqı "demokratiya" hayqırtıları ilə, yalan vədlərlə aldadaraq silahlı yolla hakimiyyətə yiyələnən bu destruktiv qüvvələr yenə də "köhnə təfəkkür"lə siyasi mübarizə aparmağa cəhd edirlər.

Dövlət müstəqilliyinin qorunub saxlanılması onun qazanılmasından daha ağrılı və çətin prosesdir. Belə bir ziddiyyətli və mürəkkəb mərhələdə dövlətin xilası məhz xarizmatik liderlərdən asılı olur. 1991-ci ildə Azərbaycan özünün dövlət müstəqilliyini elan etsə də, bu, əslində, 1993-cü ilin ortalarına qədər xaotik xarakter daşımışdır. Ulu öndərin 1993-cü ilin oktyabrında dövlət başçısı seçilməsindən sonra müstəqil Azərbaycan dövlətinin hüquqi və siyasi-iqtisadi suverenliyinin təmin olunması prosesi daha da sürətlənmişdir. Ümummilli lider, ilk növbədə, ölkədə ictimai-siyasi sabitliyin bərpası istiqamətində gərgin iş aparmış, qeyri-qanuni silahlı dəstələr zərərsizləşdirilmiş, respublikamızın sosial-iqtisadi yüksəlişinə yol açan ən mühüm amil kimi cəmiyyətdə ictimai-siyasi sabitlik bərqərar edilmişdir. Dövlət çevrilişlərinin qarşısı alınmış, Azərbaycan vətəndaş müharibəsi təhlükəsindən xilas olmuşdur. Müstəqil dövlətimizin ərazi bütövlüyünün bərpası və Ermənistan silahlı qüvvələrinin hücumlarının qarşısının alınması, ölkənin müstəqilliyinin qorunub saxlanması üçün ordu quruculuğu istiqamətində kompleks tədbirlər həyata keçirilmişdir. Ulu öndər bir ictimai-iqtisadi formasiyadan digərinə keçid dövründə respublikanın qarşısında duran strateji vəzifə və hədəfləri düzgün müəyyənləşdirməklə dünyanın qabaqcıl dövlətlərinin təcrübəsində sınaqdan uğurla çıxmış, müsbət nəticələri sübut olunmuş inkişaf kursunun tətbiqinə nail olmuşdur.

1992-1993-cü illərdə hakimiyyətdə olmuş AXC-Müsavat cütlüyü ölkənin inkişafı naminə addım atmamış, yalnız şəxsi və xarici dövlətlərin maraqları üçün çalışmışlar. Ağı qaradan seçməyi yaxşı bacaran müdrik xalqımız aqressiv müxalifətin bu gün səsləndirdikləri sərsəm bəyanatların da cılız siyasi maraqlara xidmət etdiyini yaxşı başa düşür. Həmin xaos, anarxiya illərində respublikamızın müstəqilliyi şərti mahiyyət kəsb etmiş, xalqımız ədalətli, sivil və iqtisadi cəhətdən inkişaf edən dövlətdə yaşamaq arzusunda olmuşdur. Həmin dövrdə Azərbaycanda cərəyan edən ağır və mürəkkəb proseslər göstərdi ki, milli dövləti yalnız qətiyyətli, xalqına bağlı rəhbərin yüksək idarəçilik və liderlik keyfiyyətləri sayəsində hifz etmək olar. O illərdə Azərbaycanda hakimiyyətdə xalqın etimad göstərdiyi siyasi qüvvənin olmaması dövlət idarəçiliyi mexanizmlərinin formalaşmasında ciddi maneəyə çevrilməklə yanaşı, daxili böhranın, vətəndaş itaətsizliyinin, xaos və anarxiyanın yaranmasına rəvac vermiş, qanunçuluğun və hüquq qaydalarının təminatı, vətəndaşların azad, təhlükəsiz yaşamaq hüququnun, ən nəhayət, ictimai asayişin qorunması sahəsində əsaslı problemlər yaratmışdı.

İfrat radikal müxalifət dairələrinin iç üzünü artıq xalq yaxşı tanıyır. Bu destruktiv qüvvələrin antiazərbaycan dairələrin tapşırığı ilə yenidən fəallaşması onların ölkəmizi ötən əsrin 90-cı illərinin anarxiya və xaos dövrünə sürükləmək niyyətindən əl çəkmədiyini bir daha göstərir. Həmin radikal düşərgənin əsas "oyunçular"ından olan AXCP sədri Əli Kərimlinin və Müsavat başqanı İsa Qəmbərin siyasi "fəal"lığını artırması da bu partiya rəhbərlərinin xaricdən "əmr" aldığını bir daha təsdiqləyir.

"İctimai Palata" adlanan qondarma qurumun nümayəndələrinin ictimai qaydanın pozulmasına yönələn hərəkətləri isə təəssüf doğurur. Hüquqazidd bu hərəkətlər zamanı əhalinin dincliyi, hüquq və azadlıqları, bütövlükdə ictimai qayda kobud şəkildə pozulur. Cəmiyyətə açıq hörmətsizlik ifadə edən belə aqressiv və qərəzli hərəkətlər dinc sakinlərin narahatlığına və narazılığına səbəb olur. Bu qüvvələr alternativ ideya və proqramlarla çıxış etmək əvəzinə öz fəaliyyətlərini dağıdıcılıq planları üzərində qurmağa, ictimai-siyasi vəziyyəti süni şəkildə gərginləşdirməyə və ölkənin beynəlxalq nüfuzuna xələl gətirməyə çalışırlar.

Təəssüflər olsun ki, ifrat radikal müxalifət partiyaların rəhbərləri bir qrup gənci də təsir altına salaraq onların ölkəyə layiqli vətəndaş kimi yetişməsinə, düzgün istiqamətdə inkişafına ciddi əngəl törədirlər. Onları destruktiv hərəkətlər törətməyə sövq edirlər. Dağıdıcı müxalifət təmsilçiləri seçkiqabağı ölkədəki vəziyyəti süni şəkildə gərginləşdirməyə, bundan öz çirkin məqsədləri üçün istifadə etməyə çalışırlar. Radikal müxalifətin hakimiyyətin nüfuzu qarşısında sivil rəqabət imkanına malik olmadığı bununla bir daha təsdiq olunur. "Nida" vətəndaş hərəkatının üç üzvünün cinayət əməlləri törətməsi də həmin gənclərin destruktiv dairələrin təsiri altında olduğunu sübuta yetirdi. İstintaqla müəyyən edildi ki, Bəxtiyar Quliyev, Şahin Novruzlu və Məmməd Əzizov 2012-ci ilin ortalarından etibarən internet vasitəsilə "Nida" vətəndaş hərəkatının üzvləri və narkotika aludəçiləri olmaqla təşkilatın bir sıra qanunsuz tədbirlərində fəal iştirak etmişlər. Bu şəxslərin yaşadıqları mənzillərdən "Molotov kokteyli" adlanan tez alışan mayenin aşkarlanması onların məkrli niyyətlərindən xəbər verdi.

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev AzərTac-a müsahibəsində bildirib: "Cəmiyyətin demokratik inkişafı şəraitində şəxsiyyət azadlığı vacib prinsiplərdən biridir. Lakin ictimai asayiş heç də bundan az əhəmiyyət kəsb etməyən, ümumi şəkildə cəmiyyəti və xüsusilə demokratik birgəyaşayışı xarakterizə edən kateqoriyadır, haldır. Buna görə də "şəxsiyyət azadlığını" spekulyasiya mövzusuna çevirərək ictimai asayişi pozmağa çalışanlar bilməlidirlər ki, demokratiya və anarxiya antipoddurlar. Hüquq-mühafizə orqanlarının başlıca vəzifələrindən biri məhz cəmiyyətdə nizam-intizamı təmin etmək, "icazəsiz tamaşa azarkeşləri"nin antisosial məqsədlərinin həyata keçirilməsinə imkan verməməkdən ibarətdir. Qəti şəkildə deyə bilərəm ki, həm də son illər müxtəlif ölkələrdə baş verən hadisələrdən ruhlanan dağıdıcı müxalifət Azərbaycanda belə yollara əl atmağa çalışır. Ancaq onlar bu cəhdlərin heç vaxt nəticə verə bilməyəcəyinə əmin ola bilərlər".   

Xalqımız ölkədəki siyasi qüvvələr arasında azad və tərəddüdsüz, həm də doğru seçim edəcək qədər yetkin və müdrikdir. Bu müdrik seçim həm də obyektiv reallığa, ölkənin son 9 ildə keçdiyi tarixi inkişaf yolunun məntiqi yekununa, konkret desək, Azərbaycan vətəndaşının bugünkü yaşam tərzinə əsaslanır. Azərbaycan cəmiyyəti ulu öndərin zəngin dövlətçilik irsini ölkənin milli təhlükəsizliyinin, iqtisadi maraqlarının və siyasi sistemin sabitliyinin təmin edilməsinə yönələn təkmil siyasi konsepsiya kimi qəbul edir. Prezident İlham Əliyev özünü azərbaycanlı sayan, bu mənsubiyyətdən qürur duyan hər kəsi ulu öndərin ideyalarının həyata keçirilməsi istiqamətində səfərbər edir. Alternativsizliyi ulu öndər Heydər Əliyevin hakimiyyətdə olduğu illər ərzində dəfələrlə öz təsdiqini tapmış bu siyasi kursun davamlılığının təmin olunması Azərbaycanın dövlətçilik əsaslarının daha da möhkəmləndirilməsinə, müstəqilliyimizin əbədiliyinə, dövlətin hərtərəfli yüksəlişinə ən etibarlı təminatdır.

Qeyd edək ki, Eldar Namazov, Rüstəm İbrahimbəyov kimi reneqantlar dəstəsi də hakimiyyət əleyhinə radikal çıxışlar edərək seçkiqabağı siyasi şou göstərirlər. "İnkarçılar"ın toplaşdığı "El" adlanan qurum da Azərbaycan adından qeyri-obyektiv bəyanatlar verərək ölkə ictimaiyyətini çaşdırmaq istəyir. Bu qurumun antiazərbaycançı şəbəkənin təsiri altına düşərək ziyalı adına yaraşmayan hərəktləri yalnız ikrah doğurur. Qurumda təmsil olunanlar bircə dəfə də olsun Azərbaycanın son illərdə əldə etdiyi nailiyyətlərə münasibət bildirməyiblər.

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev AzərTac-a müsahibəsində bildirib: "Bu il Azərbaycanda prezident seçkiləri keçiriləcəkdir. Beynəlxalq təcrübə göstərir ki, əsasən müxalif qüvvələr növbəti seçkiyə hazırlığı ötən seçkilərdən dərhal sonra başlayırlar, vətəndaşlarla, müxtəlif sosial təbəqələrlə təmas qurmaq üçün cəhdlər göstərirlər, niyyətlərini, hərəkət planlarını müzakirəyə çıxarırlar, öz elektoratını toplamağa və tərəfdarlarını səfərbər etməyə çalışırlar. Təbii ki, Azərbaycanda fəaliyyəti mövsümi xarakter daşıyan, heç bir sosial bazası olmayan siyasi qrupların cəmiyyətə deməyə sözü yoxdur. İqtidarın uğurları onları çox məyus edir, hakimiyyət ehtiraslarının qarşısına keçilməz sədd çəkir. Buna görə də onlar faktiki olaraq hakimiyyətə qarşı deyil, dövlətə, xalqa qarşı müxalifətçilik yolunu tutmuşlar".

Azərbaycan dövlətçiliyinə qənim kəsilən bu ifrat radikal qüvvələr öz fəaliyyətlərini dağıdıcılıq planları üzərində quraraq ictimai-siyasi vəziyyəti süni şəkildə gərginləşdirməyə çalışırlar. Dünyada və ölkə daxilində gedən siyasi proseslərə hələ də "eksperiment" kimi yanaşan, imkanları ilə iddiaları tərs mütənasiblik təşkil edən, real situasiyanı dəyərləndirə bilməyən bu insanların bütün fəaliyyətləri qarşıdurma yaratmağa hesablanıb. Bu düşərgə təmsilçiləri uzun illər davam edən "məğlubiyyətlər seriyası"ndan sonra fəaliyyətlərində kardinal dəyişikliklər etmək əvəzinə yenə də qeyri-sivil mübarizə üsullarına üstünlük verirlər. Ultraradikalların ideoloji-siyasi cəhətdən yetişməməsi, xalqdan və onun problemlərindən uzaq düşməsi, hakimiyyət naminə bütün müqəddəs dəyərləri ayaqlayıb keçməyə hazır olmaları, siyasi prinsipsizlik nümayiş etdirmələri bu düşərgə təmsilçilərinin əsl simasını ortaya qoyur. Azərbaycan xalqı dövlətçiliymizə qənim kəsilən bu simasızları növbəti prezident seçkilərində birdəfəlik tarixin arxivinə yola salacaq.

 

 

Elnur HACALIYEV

 

Azərbaycan.-2013.- 19 mart.- S.4.