Azərbaycan Cənubi Qafqazda
Gürcüstanın əsas və strateji
tərəfdaşıdır
Bakıda səfərdə olan Gürcüstanın xarici işlər naziri xanım Maya Pancikidze martın 18-də Azərbaycan parlamentində olmuş, Milli Məclis Sədrinin birinci müavini Ziyafət Əsgərovla görüşmüşdür.
Azərbaycan-Gürcüstan dostluq münasibətlərindən danışan Ziyafət Əsgərov demişdir ki, ötən il dövlətlərimiz arasında diplomatik əlaqələrin yaranmasının 20 illiyi qeyd olunmuşdur. Son illər ölkələrimiz arasında müxtəlif sahələrdə əməkdaşlıq daha da genişlənmiş və strateji tərəfdaşlıq səviyyəsinə yüksəlmişdir. Bu günədək ölkələrimiz arasında imzalanan 105 dövlətlərarası və hökumətlərarası sənəd əməkdaşlıq üçün möhkəm hüquqi baza yaratmışdır. Azərbaycan ilə Gürcüstan Avropanın enerji təhlükəsizliyində mühüm əhəmiyyət kəsb edən, eləcə də Qərblə Şərqi birləşdirən iri beynəlxalq layihələri reallaşdırır, beynəlxalq qurumlarda səmərəli əməkdaşlıq edirlər.
Z.Əsgərov dövlətlərimiz arasındakı münasibətlərin dərinləşməsində parlamentlərin rolunu xüsusi qeyd etmişdir.
Maya Pancikidze ölkəmizə səfərindən və Bakıda keçirilən "Terrorizmin qarşısının alınmasında əməkdaşlığın gücləndirilməsi" mövzusunda Beynəlxalq konfransda iştirakından, eləcə də keçirdiyi görüşlərdən məmnun qaldığını bildirmişdir. O demişdir ki, Azərbaycan Cənubi Qafqaz regionunda Gürcüstanın əsas və strateji tərəfdaşıdır. Rəsmi Tbilisi Azərbaycan ilə müxtəlif sahələrdə əməkdaşlığın daha da inkişaf etdirilməsində maraqlıdır.
Söhbət
zamanı Azərbaycan ilə Gürcüstan arasında əlaqələrin
bütün sahələrdə inkişafının perspektivləri
müzakirə olunmuş,
deputatların qarşılıqlı səfərlərinin
intensivləşdirilməsinin, təcrübə mübadiləsinin,
hökumətlərarası müştərək
komissiyanın işinin canlandırılmasının vacibliyi
vurğulanmış, qarşılıqlı maraq doğuran
digər məsələlər ətrafında fikir mübadiləsi
aparılmışdır.
Azərbaycan.-2013.- 19 mart.- S.5.