Azərbaycan Litvaya nota vermişdir

 

Martın 18-də Azərbaycan Respublikası xarici işlər nazirinin müavini Xələf Xələfov Litva Respublikasının ölkəmizdəki səfiri Arturas Jurauskas ilə görüşmüşdür.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, görüşdə Xələf Xələfov Litva Seymində qondarma "Dağlıq Qarabağ Respublikası" ilə parlament dostluq qrupunun yaradılmasının Azərbaycan tərəfindən narazılıq və narahatlıqla qarşılandığını bildirmişdir.

Nazir müavini bildirmişdir ki, Azərbaycanın işğal altındakı Dağlıq Qarabağ ərazisi ilə ayrıca dostluq qrupunun yaradılması nəinki bu ölkənin qanunvericiliyinin, eləcə də beynəlxalq hüququn kobud şəkildə pozulması deməkdir. Xələf Xələfov bəzi litvalı deputatlar tərəfindən atılan bu addımın Azərbaycan ilə Litva arasında münasibətlərin mövcud vəziyyətinə uyğun gəlmədiyini, həmçinin ikitərəfli əlaqələrə kölgə saldığını təəssüflə qeyd etmişdir. Nazir müavini bu addımın Azərbaycan tərəfindən ölkənin ərazi bütövlüyünün, suverenliyinin pozulması, eyni zamanda, separatçılığın dəstəklənməsi və beynəlxalq hüquq prinsiplərinə hörmətsizlik kimi qiymətləndirildiyini bildirmişdir.

Səfir Arturas Jurauskas rəsmi Bakının narahatçılığını başa düşdüyünü, Azərbaycanın mövqeyini öz hökumətinə çatdıracağını bildirmişdir. Səfir həmçinin qeyd etmişdir ki, ölkəsinin qanunvericiliyinə görə Litva parlamentinin hər bir üzvünün təşəbbüs irəli sürmək hüququ vardır. Parlamentin bir neçə üzvünün Dağlıq Qarabağla dostluq qrupunun yaradılmasına dair təşəbbüsü Seymin və Litva hökumətinin rəsmi mövqeyini ifadə etmir.

Xələf Xələfov bu cavabın Azərbaycanı qane etmədiyini, həmin deputatların Litva Respublikasının qanunvericilik hakimiyyətini təmsil etdiklərini, xüsusi statuslu rəsmilər olduqlarını və qondarma "Dağlıq Qarabağ Respublikası" nümayəndələri ilə şəxsi əlaqə deyil, parlament səviyyəsində dostluq qrupu yaratdıqlarını bir daha səfirin diqqətinə çatdırmışdır.

Xələf Xələfov bildirmişdir ki, bütün nüfuzlu beynəlxalq təşkilatlar, eləcə də dünya birliyi Dağlıq Qarabağı Azərbaycanın ərazisi kimi tanıyır.

Nazir müavini Litva Respublikasının ölkəmizdəki səfiri Arturas Jurauskasa etiraz notası təqdim edərək, məsələnin araşdırılacağına və Litva tərəfinin bu halın aradan qaldırılması istiqamətində tədbirlər görəcəyinə ümid etdiyini bildirmişdir.

 

 

Azərbaycan.-2013.- 19 mart.- S.6.