Ağcabədidə sahibkarlığa
dövlət dəstəyi güclənir
Dinamik inkişaf yoluna çıxan regionlar sırasında Ağcabədinin özünəməxsus yeri var. Münbit torpağa, bol suya, təmiz havaya malik Ağcabədi, sözün həqiqi mənasında, son illər intibah dövrünü yaşayır. Bölgənin sürətli inkişafını şərtləndirən əsas amil isə dövlətin davamlı və yetərli qayğısıdır.
Son beş ildə Prezident İlham Əliyevin bu rayona üç dəfə səfər etməsi bunun əyani təsdiqidir. Dövlət başçısının hər səfəri rayonun sosial-iqtisadi həyatında diqqətçəkən yeniliklərlə müşayiət olunur. Əhalinin firavan dolanışığını təmin etməyə, yaşayış tərzini yaxşılaşdırmağa hesablanan yeniliklər isə kifayət qədər çoxdur. Başqa sözlə, əsası xalqımızın ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulan və Prezident İlham Əliyev tərəfindən müasir dövrün xüsusiyyətlərinə uyğun davam etdirilən sosial-iqtisadi inkişaf Ağcabədidə də uğurla həyata keçirilir. Bu bölgəyə dövlət səviyyəsində verilən böyük önəmin, göstərilən qayğı və diqqətin konkret göstəriciləri göz qabağındadır. Bu isti münasibət rayon əhalisində böyük minnətdarlıq hissi doğurur, yüksək əhval-ruhiyyə yaradır, eyni zamanda, yerli rəhbərliyin məsuliyyətini birə-beş artırır. Rayon icra hakimiyyətinin başçısı Şahin Məmmədov söhbət zamanı dövlət məmurunun xalq və Prezident qarşısında daşıdığı məsuliyyət hissini xüsusi vurğulayaraq dedi:
- Məlum olduğu kimi, "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasının dördüncü ilinın yekunlarına həsr olunmuş konfransdakı nitqində Prezident İlham Əliyev keçdiyimiz sürətli inkişaf yolunu geniş təhlil etdi, qarşıya məsul və yeni vəzifələr qoydu, ölkə vətəndaşlarına şərəflə xidmət etməli olan dövlət məmurlarından tələblərini kifayət qədər artırdı. Əlbəttə, bu, yeni tələb deyil. Heç yadımdan çıxmaz. Möhtərəm Prezident 2011-ci ilin 23-24 dekabrında bizim regionda oldu. Məcburi köçkünlər üçün inşa edilən 556 mənzilli beşmərtəbəli 10 binanın və infrastruktur obyektlərinin tikintisi ilə maraqlandı. Sonra "Taxta körpü" ərazisində Laçın rayonundan olan 552 məcburi köçkün ailəsi üçün tikilmiş qəsəbənin açılışında iştirak etdi. Dövlət başçısı məcburi köçkünlərlə görüşdə vurğuladı ki, heç vaxt ad günümü keçirməmişəm. Mənim üçün çox sevindiricidir ki, bugünkü ad günümü ailəmlə, yəni sizinlə bir yerdəyəm. Bu, ölkə rəhbərinin rayonumuza və burada məskunlaşmış məcburi köçkünlərə səmimi münasibətinin göstəricisidir.
Rayonumuzun sosial-iqtisadi inkişafını sürətləndirmək məqsədilə Prezident İlham Əliyev son 5 ildə 5 sərəncam imzalayıbdır. Bu qayğı sayəsində Ağcabədinin sosial problemləri uğurla həll olunur, iri infrastruktur layihələri həyata keçirilir, sahibkarlığın inkişafı yolunda birmənalı olaraq yaşıl işıq yandırılır. Nəticə isə göz qabağındadır. Rayon sakinlərinin dolanışıq səviyyəsi son illərdə müqayisəedilməz dərəcədə yaxşılaşıbdır. Əhalinin elektrik enerjisi, təbii qaz, içməli su təminatı lazımınca ödənilir. Yol infrastrukturu əsaslı şəkildə yenilənibdir. Respublika əhəmiyyətli istehsal və emal müəssisələri yaradılıb, minlərlə yeni iş yeri açılıb. Ən önəmlisi də odur ki, adamlar çox nikbindirlər. Sabahımızın daha firavan olacağına inam güclüdür. Bu inam dövlət başçısının yeritdiyi müdrik daxili və uzaqgörən xarici siyasətdən qaynaqlanır.
"Azərbaycan
Respublikası regionlarının 2009-2013-cü illərdə
sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın
icrası ilə əlaqədar Ağcabədi rayonunda 17 tədbirin
həyata keçirilməsi nəzərdə tutulmuşdur. Proqrama
uyğun olaraq pambıqçılıq,
taxılçılıq və heyvandarlıq məhsulları
istehsalının, kiçik emal müəssisələrinin
inkişafının dəstəklənməsi sayəsində
böyük uğurlar qazanılmışdır. Ağabəyli
kəndi ərazisində sutkalıq istehsal gücü 250 ton
olan "Atena" MMC süd məhsulları kombinatı,
Ağcabədi şəhəri ərazisində sutkalıq
istehsal gücü 20 ton olan süd emalı zavodu, Ağabəyli
kəndi ərazisində 5000 ton tutumu olan taxıl məhsullarının
saxlanması və təmizlənməsi üzrə anbar
kompleksi, Aşağı Avşar kəndi ərazisində
tutumu 1000 ton olan soyuducu anbar tikilib istifadəyə
verilmişdir. Xocavənd kəndi ərazisində illik istehsal
gücü 1500 ton olan ət kəsimi kombinatı və Rəncbərlər
kəndi ərazisində tutumu 5000 ton olan soyuducu anbarı,
Ağcabədi şəhəri ərazisində sutkalıq
istehsal gücü 10 ton olan çörək zavodu inşa
olunur.
Rayon
mərkəzində dekorativ plitələr istehsalı, plastik
və alüminium materiallardan qapı və pəncərə
istehsalı sexləri, kiçik mebel və beton istehsalı
müəssisəsi, 2 ədəd qum-çınqıl
karxanası fəaliyyət göstərir.
Prezident
İlham Əliyevin imzaladığı sərəncam əsasında
14 min nəfər əhalinin yaşadığı 5
yaşayış məntəqəsini birləşdirən
24,5 kilometr Ağcabədi-Qaradolaq-Kəbirli avtomobil yolu əsaslı
şəkildə yenidən qurulmuşdur. Avropa
standartlarına cavab verən 5 korpusdan ibarət 205
çarpayılıq xəstəxana tikintisi müvəffəqiyyətlə
davam etdirilir. Dövlət başçısının
Ağcabədidə Olimpiya İdman Kompleksinin tikilməsi ilə
əlaqədar sərəncam imzalaması rayon gənclərinin
böyük sevincinə səbəb olmuşdur.
Heydər Əliyev Mərkəzi istifadəyə verilmiş, rayon icra hakimiyyətinin inzibati binasının qarşısında Heydər Əliyevin abidəsi ucaldılmış, ərazisi 4 hektar olan Heydər parkı yenidən qurulmuş, parkda ulu öndərin büstü qoyulmuş, ərazisi 2 hektar olan Hindarx qəsəbə parkı salınmış, Üzeyir Hacıbəyli adına park əsaslı təmir edilmiş, 15 İyun parkı inşa olunmuşdur. Üzeyir Hacıbəyli adına Qarabağ Muğam Mərkəzinin tikilib istifadəyə verilməsi bütün bölgədə muğamsevərlərə qiymətli töhfədir. Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün 2008-ci ildə 16 mənzilli, 2010-cu ildə 24 mənzilli, 2011-ci ildə isə 36 mənzilli yaşayış binaları tikilib istifadəyə verilmişdir. Uzun müddətdən bəri davam edən rayonun Qaradolaq, Yeni Qaradolaq, Aran, Mehrablı və Kəbirli kəndlərinin içməli su problemi həll olunmuşdur.
Dövlət proqramının uğurla
icra edilməsi rayonda işgüzar mühitin
canlanmasına, yeni müəssisələrin
işə salınmasına, iş yerlərinin
açılmasına şərait yaratmış,
sahibkarlıq fəaliyyətinin genişləndirilməsini təmin
etmişdir. Son 8 ildə rayonda
19941 yeni iş yeri açılmışdır
ki, bunun 8715-i daimidir. Təkcə 2012-ci
ildə açılan
yeni iş yerlərinin sayı 2742 olmuşdur. Bu diqqətçəkən
uğur rayonda sahibkarlığın inkişafına
böyük dəstəyin
məntiqi nəticəsidir.
Sahibkarlığa Kömək
Milli Fondu tərəfindən keçən
il 148 sahibkara
7.900 min manat güzəştli
kredit verilmişdir.
"Kənd təsərrüfatı
məhsulları istehsalçılarına
dövlət dəstəyi
haqqında" Azərbaycan
Respublikası Prezidentinin
sərəncamına uyğun
olaraq, 2012-ci ildə
15066 nəfər kənd
təsərrüfatı məhsulları
istehsalçısına istifadə
etdikləri yanacaq və motor yağlarına
görə dövlət
büdcəsindən hər
hektara 40 manat hesabı ilə 2.143 min manat, 4644 nəfər buğda istehsalçısına
isə 884.7 min manat vəsait ayrılmışdır.
Mütərəqqi texnologiyaların tətbiqi
rayonda kənd təsərrüfatı məhsulları
istehsalının artırılmasına
əhəmiyyətli təsir
göstərir. Keçən il rayonda 75.870 ton taxıl istehsal edilmiş, hər hektarın məhsuldarlığı
36,6 sentner olmuşdur. Əvvəlki illə müqayisədə
574 ton çox ət,
530 ton çox süd
istehsal olunmuşdur.
Rayonda sahibkarlığın
inkişafı yolunda lokomotiv rolu oynayan "Atena"nın nüfuzu sürətlə artmaqdadır.
Müasir texnologiya ilə
işləyən müəssisənin
istehsal etdiyi məhsullar artıq xarici bazarlara çıxır, rəqabətə
davamlılığı ilə
seçilir. Ötən
il müəssisədə 775 ton süd,
125 ton pendir, 1140 ton ayran,
828 ton qatıq, 12 ton kərə
yağı istehsal olunmuşdur. "Aqat-Aqra"
MMC-nin Ağabəyli kəndi ərazisində inşa etdiyi 3 min başlıq heyvandarlıq
kompleksi tam gücü
ilə işə düşəndən sonra
"Atena"nın xammala olan ehtiyacı
yüksək səviyyədə
ödənəcəkdir. Artıq bu
məqsədlə Almaniyadan
məhsuldar cinsli 1500 baş damazlıq düyə gətirilmişdir.
"2008-2015-ci illərdə Azərbaycan Respublikasında
əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına
dair Dövlət Proqramı"nda qarşıya
qoyulan vəzifələrin
icrası diqqətdə
saxlanılır. Rayon icra hakimiyyətinin müraciətinə əsasən,
Nazirlər Kabinetinin müvafiq sərəncamı
ilə 10.378 hektar qış otlağının
təyinatı dəyişdirilərək
ehtiyat torpaq fondu kateqoriyasına keçirilmiş, kənd
təsərrüfatı məhsulları,
əsasən buğda
istehsalı üçün
"KRAUN-KO" MMC-yə verilmişdir.
Dövlət başçısının tapşırıq və tövsiyələrinə məsuliyyətlə
yanaşmaq Ağcabədini
böyük iqtisadi əhəmiyyət kəsb
edən aktual məsələdə də
ön mövqeyə çıxarmışdır. Rayon rəhbərliyinin təşəbbüsü
ilə Haramı düzündəki qış
otlaq sahəsinin 3.300 hektarının təyinatı
Nazirlər Kabinetinin sərəncamı ilə
dəyişdirilərək pilot taxılçılıq təsərrüfatı
yaradılmışdır. "Qarabağ
taxıl" MMC tərəfindən
2013-cü ilin məhsulu
üçün 1875 hektarda
buğda əkilmiş,
1425 hektar isə yazlıq əkinlər üçün hazırlanmışdır.
Yeni yaradılan özəl taxılçılıq
təsərrüfatında açılacaq iş yerlərinin sayı 250-yə
çatacaqdır.
Fevralın 12-də Bakı Biznes
Mərkəzində keçirilən
konfransda Prezident İlham Əliyev demişdir: "İri fermer təsərrüfatlarının
yaradılması prosesi
başlamışdır. Bildiyimiz
kimi, mən bu tapşırığı
bir neçə il bundan
əvvəl vermişdim.
Ancaq keçən ildəki müşavirədə
öz iradlarımı
bildirmişdim ki, baxmayaraq göstərişlər
verilib, heç bir iş görülmür.
İndi hesab edirəm ki, keçən il
ərzində görülən
işlər bu prosesə də təkan vermişdir. Artıq 5 min
hektara qədər torpaq sahələri ayrılıb, Ağcabədi
və Beyləqan rayonlarında iri fermer taxılçılıq
təsərrüfatlarının yaradılması artıq təmin edilibdir. Biz əlbəttə, o sahələrdən bol məhsul gözləyirik.
Hesab edirəm ki, orada məhsuldarlıq da yüksək olmalıdır. Bu layihələrin
icrası nəticəsində biz taxılla özümüzü
təmin etmək üçün çox ciddi addım atmış oluruq".
Rayonda kənd təsərrüfatının
dinamik inkişaf yoluna çıxarılmasında
"Aqroservis" filialının
da böyük rolu var. Filial 248 ədəd
traktor, kombayn və digər maşın-mexanizmlərlə kənd
təsərrüfatı məhsulları
istehsalçılarına xidmət
göstərir. Keçən
il torpaq istifadəçilərinin əkin-biçin,
aqrotexniki becərmə
sifarişlərini layiqincə
yerinə yetirən
"Aqroservis" filialı,
eyni zamanda, rayonun təsərrüfatlarına
güzəştli qiymətlərlə
2100 ton mineral gübrə satmışdır.
Dövlətin dəstəyindən, Prezident İlham Əliyevin qayğı və diqqətındən
güc alan
ağcabədililər minbir
həvəslə əkib-biçir,
bol kənd təsərrüfatı məhsulları
istehsal edir, ölkənin iqtisadi qüdrətinin artırılmasına
sanballı töhfələr
verirlər. Məqsədin aydınlığı, seçilən yolun doğruluğu, sağlam mənəvi-psixoloji mühitin
formalaşması bu cəbhə bölgəsinin
üzümüzə açılan
sabahlarda yeni və daha möhtəşəm
uğurlara imza atacağını şəksiz
edir.
Lazım QULİYEV
Azərbaycan.-2013.- 19 mart.- S.8.