Qızıl toy
Yaxud yarım əsrlik
səadətin zirvəsi
Belə bir inanc var: "Novruzda evlənənin yeddi oğlu olar". Əgər "aslanın erkəyi, dişisi olmaz", yaxud "qız da, oğul da Tanrının payıdır" kimi kəlamları da xatırlasaq, "yeddi oğul" diləyini rəmzi məna, bütövlükdə ailə xoşbəxtliyi, atalıq, analıq səadəti arzusu kimi qəbul etmək mümkündür.
Əfqan
müəllim və Səyyarə xanım da Novruzda evləniblər.
Düz 50 il bundan qabaq. O vaxt onlara "ulduzlarınız
barışsın", "qoşa qarıyın" deyənlərin
ümidini məhəbbət və sədaqət, dözüm
və iradə, bir-birini başa düşmək qabiliyyəti
sayəsində qurduqları ailənin səadəti ilə
doğruldublar.
Beləliklə,
sözümüz yeddi roman, çoxlu povest və dram əsəri,
saysız-hesabsız oçerk və publisist məqalə
müəllifi olan yazıçı və jurnalist Əfqan Əsgərovun
yaradıcılığı haqqında deyil,
ömür-gün yoldaşı Səyyarə xanımla
birlikdə qurduqları qala - möhkəm və xoşbəxt
ailə haqqındadır.
Dörd
övlad, səkkiz nəvə sahibi olan və ilk nəticəsinin
yolunu gözləyən bu ailənin yaranma tarixi də
maraqlıdır. Söhbəti Əfqan müəllim
başlayır:
- Moskvada
ikiillik kinossenari kursunu bitirib Bakıya qayıdanda evdəkilər
eyhamla dedilər ki, 30-a da çatdın, başın elə
yazıb-pozmağa, oxumağa qarışıb. Tezliklə
"Kommunist" qəzetinə işə qəbul olundum və
bundan sonra evdə mənim ailə qurmaq məsələm
açıq şəkildə qaldırıldı. Seçim
ixtiyarını özümə verdilər. Gözümün
qabağına dərhal Səyyarə gəldi. Bacım Ulduzun
rəfiqəsi idi. Bir sinifdə oxuyurdular. Dərslərini də
birlikdə hazırlayırdılar. Həmin vaxt onlar məktəbi
bitirməkdə idilər. "Qız elə evin içindədir
ki..." dedim və doğmalarım mətləbi başa
düşüb bəyəndilər. İndi qalırdı Səyyarənin
fikrini öyrənmək. O isə başını
aşağı salıb astaca "atam bilər" dedi.
Yaşlı
qələm yoldaşları gənc yazarın evlənmək
qərarında olduğunu eşidəndə elçiliyi
özləri edəcəklərini bildirdilər. Beləliklə,
Süleyman Rəhimov, İlyas Əfəndiyev, Süleyman
Rüstəm, Rəsul Rza, bir sözlə, 7-8 nəfər
tanınmış qələm sahibi yığışıb
elçiliyə getdilər.
Maarif
kişi sadə bir insan idi. Maşinist işləmişdi.
Bununla belə bu cür adlı-sanlı
yazıçıların onun evinə elçiliyə getməsi
Əfqanı daxilən narahat etmədi. Çünki
onların mərd bir kişinin qapısına getdiyini bilirdi.
Əfqanla
Səyyarə nişanlandılar və təxminən bir ildən
sonra evləndilər.
Əfqan
müəllim deyir ki, dünya xalqlarının heç birinin
dilində "ailə qurmaq" söz birləşməsinin
"evlənmək" kimi sinonimi yoxdur. Hətta bunu xarici
dilləri bilən insanlardan da soruşaraq dəqiqləşdirib.
Əslində, bu, sinonim də deyil, daha geniş bir
anlayışdır. Evlənmək sözünün çərçivəsində
təkcə arvad almaq, yaxud ərə getmək mənası
yox, həm də ev-eşik, isti ocaq sahibi olmaq, xoşbəxt
ailə qurmaq kimi geniş məna yerləşir.
Bayaqdan
susan Səyyarə xanım da söhbətə qoşulur:
- Bir
müddət qayınanamgillə bir evdə yaşadıq.
Sonra Yazıçılar Birliyindən Əfqana ikiotaqlı mənzil
verdilər. Qərara gəldik ki, ev üçün hər
şeyi təzədən alaq. Mənə atam evindən
az-çox cer-cehiz vermişdilər, onları da
qayınanamgildə qoyub təzə evə köçdük.
Hər dəfə dolanışıq xərclərimizdən
artıq vəsaitimiz qalanda nə isə təzə bir əşya
alır və buna birlikdə sevinirdik. Anası ilə
münasibətlərimiz isə bir evdə də,
ayrı-ayrı mənzillərdə də yaşayanda eyni
olub. Rəhmətliyin xeyir-duası elə bil indi də bizimlədir.
- Bəzi
qızlar anasız bəy arzusundadırlar...
Səyyarə
xanım təəssüf və etirazla:
- Bu,
düzgün deyil, - deyir. - Qayınanasız düşməniniz
olsun! Qayınanalı evdə həmişə hərarət
olar. Ümumiyyətlə, Əfqanla mən bir-birimizin valideynlərinə,
doğmalarına həmişə hörmət bəsləmişik.
Deyim ki, bu, ailəyə xoş aura gətirən bir mənbədir.
Böyüklərə mehribanlıqla yanaşdıqca sanki
bir-birimizə səmimiyyətimiz də artıb. Mən bu
hissi öz övladlarıma da aşılamışam. Odur ki,
indi hamısı xoşbəxt ailə sahibidir.
-
Yazıçının həyat yoldaşı olmaq asan deyil,
eləmi?
Əslində,
Səyyarə xanıma ünvanlanan bu suala Əfqan müəllim
cavab verir:
- Səyyarəni
Allah elə bil məhz yazıçı arvadı olmaq
üçün yaradıbmış.
Onun
fikrini Səyyarə xanım belə tamamlayır:
- Əfqan
müəllim uzun illər mətbuatda çalışıb.
Müxbirlikdən ta redaktorluğa qədər bir çox vəzifələr
daşıyıb. Tez-tez ezamiyyətlərə gedib, mətbəədə
gecə növbətçiliyinə qalıb. Elə evdə
olduğu vaxtlarda da əlindən qələm düşməyib,
kitablarını yazıb. Çox vaxt ailənin,
uşaqların qayğıları ilə təkbətək
qalmışam. Amma onun sənətinə,
yaradıcılığına hörmət edərək
dözmüşəm. Əvəzində hər yazısı
dərc olunanda, hər kitabı çıxanda sevinmişəm.
Əfqan
müəllim zarafat edir:
-
Çünki qonorarın hamısını ona vermişəm.
Sonra
ciddiləşərək əlavə edir:
- Ailəni
bir dövlət hesab etsək, Səyyarə xanım bu
"dövlət"in hər cür qayğısını
çəkməklə bərabər, həm də "maliyyə
naziri" olub. Ailənin büdcəsini həmişə o,
idarə edib, özü də bacarıqla idarə edib.
Səyyarə
xanım utancaqlıqla deyir:
- Əslində,
heç bir sənətim, ixtisasım yoxdur...
Bununla belə
Səyyarə dərin düşüncəyə, səlis məntiqə
malik bir qadındır. Maraqlı həmsöhbətdir.
Görünür, evlənənlərin təhsil dərəcəsinin
eyni olmasının vacibliyini iddia edənlər, bunun mütləq
olduğunu deyənlər o qədər də düzgün
fikirləşmirlər.
Əfqan
müəllim sanki fikrimi oxuyur və beynimdə
dolandırdığım sualı
belə cavablandırır:
- Konkret
olaraq, bizim Səyyarə xanıma bir yazıçı ilə
ömür yollarında qoşa
addımlayıb onu anlamağa üç şərt tam imkan
yaradıb. Bunlar Səyyarəyə ata-anasının verdiyi
milli-mənəvi dəyərlərimizə əsaslanan
mükəmməl tərbiyə, elə orta məktəbdəcə
yaxşı oxuyub qazandığı savad və bir də
arzusunun, amalının saflığı, ürəyinin,
sevgisinin böyüklüyüdür.
- Deyirlər,
zaman keçdikcə sevgi azalaraq tükənir...
Səyyarə
xanım bu fikrə də etiraz edir:
- Sevgi
heç vaxt tükənən deyil. Əksinə,
oğul-uşaq məhəbbəti, nəvələrin
dünyaya gəlişi sevgini birəbeş artırır. Bir
damın altında birlikdə yaşanan illər, həyatın
birlikdə dəf olunan çətinlikləri, birlikdə
duyulan sevinc və fərəhi iki insanı, onların
duyğu və münasibətini sınaqdan keçirərək
daha da möhkəmləndirir.
- Axı
qurulan ailələrin heç də hamısında belə
olmur, - deyirəm.
Səyyarə
xanım bu barədə öz mülahizələrini söyləyir:
-
Bilirsinizmi, ailənin qədrini bilən, onu qorumaq istəyənlər
həmişə bir-birinə güzəştə getməlidir.
Biri digərinin nöqsanını düzəltməyə
çalışmalıdır. Ən başlıcası isə
gərək həyat yoldaşının ən yaxşı
keyfiyyətlərini görə və qiymətləndirə
biləsən. Əfqan müəllimin sadəliyi, zəhmətsevərliyi,
ailəmizi yaxşı dolandırmağa
çalışması, bütün bunlarla yanaşı,
heç vaxt ad-san, şan-şöhrət dalınca
qaçmaması onu həmişə mənim gözümdə
ucaldıb.
Bu keyfiyyətlərin
ailə quran bəzi gənclərdə olmaması Əfqan
müəllimi də narahat edir. O təəssüflə
bildirir ki, bir sıra cavan ailələrin, hətta bəzən
iki-üç uşağı olan ailələrin
dağılması halları da az deyil. Hörmətli
yazıçımız boşanmaların çox
olmasından, bəzi ailələrdə yaranan münaqişələrdən,
ailə üzvləri arasındakı çəkişmə
və dava-dalaşdan, üstəlik də bunların teleefirlə
aləmə yayımlanmasından narazılıq edir. Müstəqil
ölkəmizin bugünkü inkişafından,
şan-şöhrətindən fərəh duyan
yazıçı Azərbaycan ailəsinin
xalqımızın adət-ənənəsinə, mentalitetinə
əsaslanaraq müasir yüksəlişimizin səviyyəsində
olmasını arzulayır.
Əfqan
müəllim bir anlığa fikrə gedir və sanki söhbəti
yekunlaşdırır:
- Bilirsinizmi, mən kişini və qadını evin divarının çöl və iç tərəflərinə bənzədirəm. Divar hər tərəfdən möhkəm olmalıdır. Kişi evi çölün-bayırın sərt təsirlərindən qorumalı, evin içərisindən muğayat olmalıdır. Qadın isə evin daxili ab-havasının keşiyində dayanmalı, evi uşaqlar üçün isti qucağa çevirməlidir. Evin içindən çölünə, çölündən isə daxilinə zərbə dəyməməlidir. Bizim yarım əsrlik ailə həyatımızın kodeksi belə olub.
Əfqan müəllimin ailəsini yarıməsrlik səadətin zirvəsinə çatdıran, bax, bu kodeksdir. Bəli, onların evlənməyinin 50 ili tamam olur. Görəsən, bu münasibətlə bir-birlərinə nə hədiyyə edəcəklər? Ürəyimdən keçirib dilə gətirmədiyim bu sualın cavabını da Əfqan müəllimin sözlərində tapıram: "Evlənəndən bəri nəyə nail olmuşuqsa, başqa sözlə, evimizin içində maddi və mənəvi cəhətdən qiymətli nə varsa, onların hamısı bizim bir-birimizə hədiyyəmizdir".
Əfqan müəllim və Səyyarə xanım, bir daha xoşbəxt olun! Qızıl toyunuz mübarək!
Flora SADIQLI
Azərbaycan.-2013.- 19 mart.- S.10.