Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin nümayəndə heyəti Almaniyada səfərdə olmuşdur

 

Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyinin nümayəndə heyəti Almaniyanın Konrad Adenauer Fondunun təşkilatçılığı ilə martın 10-dan 16-dək bu ölkədə səfərdə olmuşdur.

AzərTAc xəbər verir ki, Konrad Adenauer Fondunun təşkilatçılığı ilə təşkil olunmuş proqramda Cənubi Qafqaz regionunun hər üç ölkəsi - Azərbaycan, Gürcüstan və Ermənistandan olan gənclər iştirak etmişlər.

Almaniya parlamentinin hüquq komitəsinin PD 2 departamentinin sədri Tomas Heydmek, qurumun Xristian Demokratlar Birliyi (XDB) gənclərinin parlament qrupunun rəhbəri, həmçinin parlamentin seçkilər, prosedur qaydaları və qanuni işlər komitələrinin üzvü Marko Uandervitz, qurumun Cənubi Qafqaz üzrə xüsusi bölməsinin rəhbəri Volfqanq Börnz, XDB-nin parlament qrupunun rəhbəri Oliver Freydrik, Almaniya Federal Hökumətinin Mərkəzi, Şərqi və Cənubi Avropa, Mərkəzi Asiya və Cənubi Qafqaz ilə çoxtərəfli əlaqələr üzrə 212 saylı bölməsinin rəhbəri Kristof İsrang, Avropa İttifaqının Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə 207 saylı bölməsinin rəhbəri Kristin Uel ilə keçirilən görüşlərdə əsasən Azərbaycanda həyata keçirilən demokratik islahatlar, yenidənqurma işləri, həmçinin rəsmi Bakı ilə Berlin arasında qarşılıqlı əməkdaşlıq və perspektivlər haqqında müzakirələr aparılmışdır.

Bundan əlavə, səfər çərçivəsində YAP Gənclər Birliyinin nümayəndə heyəti Almaniya Xristian Demokratlar Birliyinin Gənclər Təşkilatının baş katibi Aleksandr Humbert, qurumun xarici əlaqələr üzrə müavini Viktor Frank, Almaniya hökuməti Təhsil və Təlim Departamentinin rəhbəri Hendrik Vob, Xristian Demokratik Tələbələr Təşkilatının sədri Erik Bertman, Almaniya Ailə, Vətəndaş, Qadın və Gənclərlə iş üzrə Federal Nazirliyinin Uşaqlar və Gənclər Departamentinin rəhbəri Simon Frank Müller, Konrad Adenauer Fondunun nümayəndələri Nils Abraham və başqaları ilə bir sıra mühüm görüşlər keçirmişdir. Görüşlərdə qarşılıqlı maraq doğuran məsələlər, tərəflərin təcrübə mübadiləsinin həyata keçirməsi haqqında geniş fikir mübadiləsi aparılmışdır.

Görüşlərdə YAP Gənclər Birliyinin nümayəndə heyəti əsasən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycanın tutduğu ədalətli mövqe, habelə ölkəmizin sürətli sosial-iqtisadi inkişafı, demokratik dəyərlər və Avropaya inteqrasiyası barədə  müzakirələr aparılmışdır.

 

 

Azərbaycan.-2013.- 19 mart.- S.10.