Yer üzünün qarası,
ağacların anası
Yazımıza başlıq seçdiyimiz bu müdrik fikir əslində bilməcədir. Cavabı da Torpaqdır. Əvvəlcə üstündə iməklədiyimiz, böyüdüyümüz, ucaldığımız, sonra da qoynuna çəkildiyimiz Ana Torpaq! Bu sözün bir mənası da Vətən deməkdir! Yazımızın sarı simi də elə Torpaqla bağlıdır. Çünki bu gün Novruz bayramının müqəddəs çərşənbələrinin sonuncusu - Axır çərşənbədir. Fevralın 26-dan başlanan çərşənbə axşamlarında xalqımız sudan içərək, oddan keçərək, mehə bələnərək, nəhayət, gəlib torpağa baş əydi. Beləcə, zimistanın ömrü sona yetdi. Üzümüzə Novruzun artıq xoş nəfəsi dəyməkdədir. Yenə ruhumuzun dirçəldiyi, ovqatımızın yüksəldiyi məqamdır. Novruzun son çərşənbəsini qarşılayırıq. Adamın ürəyindən qəribə bir istək keçir. Üzünü tutub Vətən boyunca haraylamaq istəyirsən: Ehey, ana torpaq, bulaqların oxusun, çiçəklərin qoxusunE
Bu çərşənbələrin el arasında müxtəlif adları var: İlaxır çərşənbə, Axır çərşənbə, Çərşənbə-suri, Yel çərşənbəsi və nəhayət, Torpaq çərşənbəsi. Bu adların təbiət ünsürləri ilə bağlı sıralanmasının mühüm mənası var. Müşahidələr göstərir ki, su, od, hava (külək) birləşərək torpağa oyanış gətirir, onun canını qızdırır, hərarətini artırır. Beləliklə də təbiət oyanır. İlaxır çərşənbənin bu ardıcıllığı bayatı formasında da yaranmış tapmacalarda öz əksini tapıb:
Qabaqda seli gözəl,
Dalınca yeli gözəl.
Yaxasında sünbülü,
Başında teli gözəl
(su, yel,
torpaq və Günəş).
İlaxır çərşənbələrinin özünəməxsusluğu illərin sınağından çıxıb. Hər bir çərşənbə axşamı xoş ovqatla, sevinclə, bayram əhval-ruhiyyəsi ilə qeyd edilir. Amma İlaxır çərşənbəsi bunlardan bir qədər fərqlənir. O, ilin ən əziz, müqəddəs günü sayılır. Demək olar ki, bölgələrimizin əksəriyyətində əsl bayram səviyyəsində keçirilir. İlaxır çərşənbələrinin mərasim və ayinləri həmişə zəngin olur. Əvvəlki çərşənbələrin hamısı - suların daşması da, küləyin əsməsi də, tonqalların qalanması da torpağın üzərində, onun sinəsində baş verir. Ona görə də torpaq bu çərşənbələrin "komandanı"dır.
Torpaqla bağlı yaranan el sözləri də məna dərinliyinə görə seçilir: "Torpağa göz ağardanda üz ağardar", "Torpaqdan pay olmaz", "Torpaq ovuclayan qızıl ovuclar", "Torpaq deyər: sən mənə tər ver, mən sənə zər verim", "Yel qulaqlı olar", "Torpağın qarası üz ağardar", "Torpaqla oynayan ac qalmaz", "Torpağa xor baxsan, o, sənə kor baxar", "Torpaq deyər: öldür məni, dirildim səni", "Torpağı bir yerdən götürülüb".
Andlar və alqışlarda torpağın böyüklüyü, müdrikliyi, müqəddəsliyi barədə qiymətli fikirlər var. Hələ əski dövrlərdən üzü bəri insanın ən böyük andı da torpağa ünvanlanıb: "Torpaq haqqı", "Yer haqqı", "Torpağında qara yellər əsməsin", "Torpağına dolu düşsün", "Torpağın həmişə gül bitirsin", "Torpağı sanı yaşayasan", "Torpağını torba ilə daşısınlar", "Torpağa tapşırıldı", "Torpaq başına tökülsün", "Üstünü örtməyə torpaq tapılmasın".
Torpaqla bağlı bilməcələrin də kəsb etdiyi mənalar diqqət çəkir:
Mal etsən malın olar,
Şanında balın olar,
Yazda, yayda çullanar,
Qış
fəsli yalın olar (Torpaq).
İlaxır
çərşənbəsi və onun nemətləri ilə
bağlı müxtəlif bilməcələr mövcuddur. Məsələn:
Altı
daş, üstü daş - arasında səməni,
Qazanda
bişən duzsuz aşımdı mənim (səməni
halvası),
Sac
üstündə çaddayar,
Ovucdan-ovuca
addayar (Qovurğa).
Dolu olar
yelini,
Bəzəyərlər
gəlini (Novruz xonçası),
Qırmızı
xatun xonçanı bəzər (boyanmış yumurta),
El-obada
addanar,
Şirin
olar daddanar.
Gah
attanar, yellənər,
Gah
alışar, oddanar (Axır çərşənbə),
Say istəsən
say verər,
Pay istəsən
pay verər.
Əyilib
gülün dərsən,
Xoşbəxt
ömür, ay verər (Novruz bayramı).
Torpaq
çərşənbəsinin gözəl məziyyətlərindən
biri də odur ki, İlaxır gecəsi bütün
küsülülər barışmalıdırlar.
İnsanlar təzə paltar geyməli, xoş sözlər
danışmalı, qəlbədəyən ifadələr,
ovqatı korlayan kəlmələr işlətməməlidirlər.
Çünki İlaxır çərşənbəsində
adətən qapıya qulaq falına gələrlər. Deyirlər
ki, ilkin olaraq hansı sözü eşitsən, ilin o cür
başa çatacaq. Ona görə də Axır çərşənbədə
nəhs danışmaq, kefsizləşmək, nalayiq işlərə
yol vermək, qeybət etmək olduqca günahdır.
İnanclara görə, çərşənbə
axşamı qulağı cingildəyənə mütləq
xəbər gələr.
Əlbəttə,
axır çərşənbədə təkcə
libası deyil, fikri, davranışı, insanlara münasibəti,
bütövlükdə yaxşılığa doğru
mütləq dəyişmək gərəkdir. Təbiətin
özndə belə o axşam hər şey təzələnir,
dəyişir. Bu axşam yandırılan bayram
tonqalının ətrafında insanlar dövrə vuraraq onun
üstündən tullanır, üzərlik yandırır,
"Ağırlığım, uğurluğum odlara
tökülsün", - deyirlər. Adətən,
nişanlı qızları da ocağın başına
fırladarlar. Xoşbəxt tale tapsın deyə, həmin
axşam ona xeyir-dua verərlər. Ailə qurmaq istəyən
gənclərlə bağlı Tanrıya üz tutub dualar edərlər
ki, bəxtlərinə gün doğsun.
Hər
bir çərşənbə axşamının özünəməxsus
süfrəsi var. Axır çərşənbədə
açılan bayram süfrələri əvvəlkilərdən
xeyli fərqlənir. Folklorşünas alimlərin
araşdırmalarına görə, hələ qədim
zamanlarda Novruz süfrəsinə bol nemətlərin
düzülməsi yeni başlayacaq ilin barlı-bərəkətli,
firavan olmasının simvoluna çevrilərdi. Süfrəyə
yeddi cür nemətin qoyulması müqəddəs sayılan
7 rəqəminin uğur gətirəcəyinə işarədir.
Azərbaycanın bir sıra bölgələrində,
xüsusilə də Naxçıvanda, Zəngəzurda
İlaxır çərşənbəsi "Yeddi ləvin
bayramı" adı ilə tanınır. Bir məsələni
də xatırladaq ki, islamdan çox əvvəl süfrəyə
"Ş" hərfi ilə başlayan yeddi cür nemət
düzülərdi: şərbət, şəkər,
şam, şərab, şabalıd, şor, şirni və s.
Sonralar islamın dönəmində şərab yasaq
olduğu üçün "Ş" hərfi "S" hərfi
ilə əvəz edilib. Ona görə də İlaxır
çərşənbəsində süfrəyə yeddi nemət
verilməlidir: su, süd, səməni, səbzə, sumaq,
sarıkök, sünbül və s. Əvvəlki çərşənbələrdən
fərqli olaraq, səməni məhz bu axşam süfrədə
görünməlidir.
Hələ
qədim zamanlardan bu gözəl axşama xüsusi
hazırlıq gedərdi. Əvvəlcədən ev-eşik təmizlənər,
bayram tədarükü görülərdi. Yumurta boyanar,
qovurğa qovrular, plov süzülər, şirniyyatlar
hazırlanardı. Açığı, bu bayram kənd yerlərində
daha gözəl keçirilir. Həmin axşam bütün həyətlərdən
xoşətirli rayihələr insanları bihuş edir.
İnsanlar bu bayramda bir-birini təbrikə tələsirlər.
Yeddi evə bayram sovqatı göndərilir. Bayram
axşamı ailənin sayı qədər süfrədə
şam yandırılır, niyyət tutulur. Həmin
axşamlar uşaqlar qapı-qapı gəzib bayram payı
alırlar. İnsanlar o gecə səhərədək şənlik
edirlər. Nə xoş ki bu ənənə davam edir.
İlaxır
çərşənbənin sübh tezdəni bulağa gedər,
evə su gətirər, əl-üzü axar suda yuyarlar.
Bulaqdan mütləq yeddi daş gətirib evdəki nemət
dolu qabın içinə atarlar ki, bolluq olsun. İlaxır
çərşənbəsində oxunan nəğmələrin,
mahnıların öz coşqusu var:
Səməni,
ay səməni,
Göyərdərəm
mən səni.
Səməni
saxla məni,
İldə
göyərdərəm səni.
Sinəsində
sellər, sular şaqqıldadı, sinəsində odlar
qalandı, küləklər belədən-belə ərzi
başına götürdü və nəhayət,
bütün bunların müqabilində insan oğlunun ürəyinə
yeni sevinclər gətirmək üçün
saçaqlanmış sarı sünbülü ona hədiyyə
etdi torpaq. Bununla da ona baş əyən insanı ucaltdı, əməyini
boş vermədi, süfrəsinə bar-bərəkət
göndərdi. Ona görə də sinəsi
sünbüllü torpağımızı ürəkdən
sevir, onun hər qarışı uğrunda candan keçməyə
hazırıq. İllərin sınağından
çıxıb ki, son çərşənbədə
üzünü ulu Tanrıya tutub ürəkdən nə
alqış etsən, nə diləsən, yerinə yetər. Əcdadımızın
ruhu uyuyan ana torpaq çox müqəddəsdir. Ondan pay olmaz.
İllərdir ki, halal torpağımızın xeyli hissəsi
param-parça olub yağı tapdağı altında öz
doğma övladlarına həsrətdir. Həmişəki
kimi, əllərimiz ulu Tanrıya açılsın: bu qədim
və tarixi torpağımıza dinclik, sakitlik və
bütövlük ərməğan et! Qoy yağıların
murdar əl-ayağı torpaqlarımızdan çəkilsin!
Onu təmizliyə çıxarmaq üçün yağan
yaz yağışları məmləkətimizin yaralı
torpaqlarına məlhəm qoysun. Bu dəfə İlaxır
çərşənbənin bir özəlliyi də var. Bu
gün həm də bayram axşamıdır. Sabah yurdumuza yaz
gəlir, ulu Novruz gəlir. Torpağın qara bağrı
yarılaraq zümrüd rəngli zərif gözəlliklər
Günəşə boylanır. Hətta qar əriməmiş
yerlərdə, buz bağlamış kol diblərində belə
bənövşələr qışa meydan oxuyurlar.
Çiynini onun sərt ağırlığına verərək
üzə çıxırlar. Ömrü qısa olsa da,
qara, qışa, buza qalib gəlir. Qaliblərin hünəri
isə ömürlə deyil, əməllə
ölçülür! Ehey, Vətən igidləri, həmişə
əməlinizin sahibi olasınız! Qoy düşmənin
bağrı yarılsın! Bu Novruzun qədəmləri elə
düşərli olsun ki, bizə həsrət qalan yurd yerlərimizdə
bayram tonqalları alışdırılsın!
Bayramlarımızın əzəli və gözəli Novruz!
Qaranquşların qanadında, bənövşələrin ləçəklərində
bir xəbər çatdır bizi gözləyən yurd yerlərinə.
Qoy o dağların ürəyi buz kimi olsun. Elliklə
yığışıb görüşünə gələcəyik!..
Flora XƏLİLZADƏ
Azərbaycan.-2013.- 19 mart.- S.11.