Bakıda Novruz bayramı münasibətilə ümumxalq şənliyi keçirilmişdir

 

Azərbaycan Prezidenti İlham Əliyev şənlikdə iştirak etmişdir

 

Xalqımızın ən qədim və əziz bayramı Novruz yurdumuza qədəm qoyur. Əcdadlarımızdan bizə yadigar qalan, milli ruhumuzu və yaddaşımızı bütün zənginliyi ilə özündə əks etdirən bu bayram münasibətilə martın 19-da Bakıda ümumxalq şənliyi keçirilmişdir. Əsrlərin şahidi qədim Qız qalasının qarşısındakı meydanın ətrafındakı binalar Novruzun gəlişini tərənnüm edən al-əlvan plakatlarla bəzədilmişdi. İzdihamlı meydanda Novruzun rəmzi olan nəhəng səməni də var idi.

Novruz xalqımızın mədəniyyətini, milli-mənəvi dəyərlərini özündə əks etdirən, dünyaya tanıtdıran qədim el bayramıdır. Xalqımızın yüksək zövqü və bədii təfəkkürü bu xalq bayramının el şənliklərində və rəngarəng əyləncələrində özünü aşkarlayır, onun mənəvi dünyasının təzahürünə, aynasına  çevrilir. Azərbaycan xalqının mənəvi dünyasını, milli düşüncə tərzini, məfkurəsini, qədim mifik görüşlərini, folklorunu, milli varlığını Novruz qədər bütün zənginliyi ilə özündə ifadə edən ikinci bir bayram təsəvvür etmək çətindir.

Novruz bütün türk dünyasına xas olsa da, Azərbaycanda daha möhtəşəm qeyd edilir. Novruz bayramının təşəkkül tapmasında, inkişaf etməsində xalqımızın mühüm töhfəsi, payı vardır. Sovet hakimiyyəti illərində Novruz bayramının keçirilməsinə sərt qadağalar qoyulsa da, xalqımız bu əziz bayramı həmişə qeyd etməyə can atmışdır. Azərbaycana rəhbərliyinin birinci dövründə ulu öndər Heydər Əliyev sovet hakimiyyətinin qadağalarına baxmayaraq, milli ruhun yüksəlişinə təkan verən amillərə xüsusi hörmətlə yanaşmışdır. Milli adət-ənənələrimizə, o cümlədən Novruz bayramına yüksək qiymət verən ulu öndər Heydər Əliyev bu bayram haqqında demişdir: "Novruz xalqımızın əsrlərdən bəri qoruyub saxladığı və bütün dövrlərdə həmişə əziz tutduğu bayramlardan biridir. Onun tarixi də Azərbaycan xalqının tarixi kimi kəşməkəşli, enişli-yoxuşlu olmuşdur. Bu ulu bayramın müstəqil respublikamızda dövlət səviyyəsində qeyd edilməsi öz milli köklərimizə, adət-ənənələrimizə, tarixi keçmişimizə dərin ehtiram bəslədiyimizi və sarsılmaz tellərlə bağlı olduğumuzu nümayiş etdirir".

Təbiət bayramı - Novruzun ölkəmizdə dövlət səviyyəsində qeyd edilməsi həm də ulu əcdadlarımızın xatirəsinə dərin ehtiramın əlamətidir. Bu, keçmişimizi bu günümüzlə bağlamaq, onu qoruyaraq gələcəyə aparmaq deməkdir. Novruzu milli-mənəvi dəyərlərimizin təcəssümü adlandıran Prezident

İlham Əliyevin hər il bayram şənliklərinə qatılması, əhali ilə bayramlaşması, Bakının qədim meydanındakı tonqalı alovlandırması bayram ovqatını daha da artırmaqla yanaşı, xalqla iqtidar arasında sıx vəhdəti də sübut edir. "Novruz gələcəyə inam hissi aşılayır, könüllərdə ən ali duyğuları oyadır, insanları daha xeyirxah, mərhəmətli və mehriban olmağa çağırır" - deyən Prezident İlham Əliyev onun insanlarda qurub-yaratmaq əzmi aşılayan bayram olduğunu da qeyd etmişdir.

Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın səyləri nəticəsində xalqımızın bu əziz el bayramı da artıq UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilmişdir. 2010-cu il fevralın 23-də isə BMT Baş Məclisi 21 mart tarixini Beynəlxalq Novruz Günü elan etmişdir.

 

Zəngin mənəvi dəyərlərimizə söykənərək insanlar arasında qarşılıqlı hörmət, səmimiyyət və mehribanlıq münasibətlərini bərqərar edən Novruz bayramı xalqda gələcəyə nikbinliklə, ümidlə baxmaq hissləri doğurur.         

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, xanımı Mehriban Əliyeva və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyeva Novruz şənliklərində iştirak etmişlər.

Dövlət başçısı və xanımı əvvəlcə Qız qalasının qarşısındakı meydana gəldilər.

Meydana toplaşmış şəhər sakinləri, paytaxtın qonaqları dövlət başçısını və xanımını hərarətlə qarşıladılar.

Milli geyimli qız Azərbaycan Prezidentinə bayram xonçası təqdim etdi.

İçərişəhərin qala divarları üstündə və meydanda qədim tariximizi xatırladan qılınc və qalxanlı döyüşçülər dayanmışdılar.

Dədə Qorqud xeyir-dua verərək, bahar bayramının xalqımıza ruzi-bərəkət gətirməsini arzuladı.

Milli geyimli uşaqlar meydanda rəqs edirdilər. İncəsənət ustalarının baharı, Azərbaycanı tərənnüm edən mahnıları ətrafa yayılır, bayram şənliyinin iştirakçılarında xoş ovqat doğururdu.

Prezident İlham Əliyev Novruz tonqalını alovlandırdı.

Sonra dövlət başçısı, xanımı Mehriban Əliyeva Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyeva Dənizkənarı Milli Parka gəldilər.

Şənliklər burada da davam etdirildi.

Azərbaycan Prezidenti

İlham Əliyev bayram şənliyində nitq söylədi.

 

 

Azərbaycan.-2013.- 20 mart.- S.1.