Dövlət Miqrasiya Xidmətinin əməkdaşları peşə bayramını qeyd etmişlər

 

Martın 19-da Dövlət Miqrasiya Xidmətinin (DMX) yaradılmasının 6-cı ildönümümiqrasiya orqanları işçilərinin peşə bayramı günü münasibətilə tədbir keçirilmişdir.

DMX-dən AzərTAc-a bildirmişlər ki, tədbirdə çıxış edən DMX-nin rəisi, III dərəcəli dövlət miqrasiya xidməti müşaviri Firudin Nəbiyev miqrasiya orqanları işçilərini peşə bayramı və Novruz bayramı münasibətilə təbrik etmişdir.

Bildirilmişdir ki, daxilixarici miqrasiya proseslərinin tənzimlənməsi istiqamətində ilk praktiki addımlar ümummilli lider Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra atılmışdır. Ulu öndər Heydər Əliyevin cəmiyyət və dövlət quruculuğu prosesində miqrasiya sahəsinə xüsusi diqqət yetirməsi Azərbaycanda bu proseslərin müstəqil dövlətimizin tərəqqisi naminə istiqamətləndirilməsinə imkan vermişdir.

Qeyd olunmuşdur ki, ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu dövlət siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlət başçısının rəhbərliyi ilə respublikanın bütün sahələrində əldə olunmuş yüksək nailiyyətlər, yeni yerlərinin açılması, infrastrukturun yeniləşdirilməsi, tikinti-quruculuq, abadlıq işlərinin geniş vüsət alması əcnəbilərin ölkəmizə marağını artırmışdır. Nəticədə xarici miqrasiya prosesləri sürətlənmişdir. Bütün bu reallıqları nəzərə alan Prezident İlham Əliyev son illərdə miqrasiya proseslərinin vahid dövlət siyasəti ilə tənzimlənməsi sahəsində kompleks tədbirlərin həyata keçirilməsini təmin etmişdir. 2004-cü ildə hökumət qurumları qarşısında əsas məqsədləri müəyyən edən "Dövlət Miqrasiya Siyasəti Konsepsiyası" qəbul edilmiş və konsepsiyanın gerçəkləşdirilməsi, həmçinin qarşıya qoyulmuş məqsədlərə nail olunması üçün 2006-cı ildə "Azərbaycan Respublikasının Dövlət Miqrasiya Proqramının təsdiq edilməsi haqqında (2006-2008-ci illər)" Azərbaycan Respublikası Prezidentinin sərəncamı imzalanmışdır.

Dövlət proqramı əsasında miqrasiya sahəsində vahid dövlət siyasətini həyata keçirən xüsusi dövlət orqanının yaradılması da obyektiv zərurət kimi meydana çıxmışdır. Bu zərurəti nəzərə alan Prezident İlham Əliyev 2007-ci il martın 19-da Dövlət Miqrasiya Xidmətinin yaradılması haqqında fərman imzalamışdır.

Dövlət başçısı ötən 6 il ərzində hər zaman miqrasiya orqanlarının fəaliyyətinə diqqət və qayğı ilə yanaşmışdır. Miqrasiya sahəsində dövlət siyasətinin, habelə miqrasiya proseslərinin idarə edilməsi və tənzimlənməsində Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş səlahiyyətləri həyata keçirən DMX-yə qısa zamanda hüquq-mühafizə orqanı statusu verilmişdir.

Azərbaycan Respublikasına gələn miqrantların inteqrasiyasının sürətləndirilməsi, əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə ölkə ərazisində qanuni əsaslarla yaşamaları və əmək fəaliyyəti ilə məşğul olmaları üçün müvafiq icazələrin verilməsi, onların yaşayış yeri üzrə qeydiyyata alınması qaydalarını sadələşdirmək, bu sahədə şəffaflığı təmin etmək və miqrasiya idarəetmə sisteminin inkişaf etdirilməsi məqsədi ilə Prezident İlham Əliyev 2009-cu il martın 4-də "Miqrasiya proseslərinin idarə olunmasında "bir pəncərə" prinsipinin tətbiqi haqqında" fərman imzalamışdır. Bu prinsipin işə düşməsi ilə respublikada miqrasiya idarəetmə mexanizmi təkmilləşdirilmişdir.

Diqqətə çatdırılmışdır ki, DMX bu gün ölkə ərazisində müvəqqəti olan, habelə müvəqqəti və daimi yaşayan əcnəbilərin Azərbaycan Respublikası qanunvericiliyinin tələblərinə riayət etmələrinə nəzarəti həyata keçirməklə mövcud qanunvericiliyin tələblərini pozmuş əcnəbilərin ölkə ərazisindən çıxarılması üçün müvafiq tədbirlər görür. Ölkədəki qanunsuz miqrantlarla bağlı araşdırma, təhlil və təftiş işləri apararaq onların ölkə ərazisindən çıxarılması işinə ciddi nəzarət edir.

Vurğulanmışdır ki, DMX-nin əməkdaşları dövlət rəhbərinin miqrasiya orqanlarına göstərdiyi etimadı yüksək səviyyədə doğruldaraq bundan sonra da bütün qüvvə və bacarıqlarını səfərbər edəcəklər.

Sonda Dövlət Miqrasiya Xidmətinin yaradılmasının 6-cı ildönümünə həsr edilmiş film nümayiş olunmuşdur.

 

 

Azərbaycan.-2013.- 20 mart.- S.3.