Birliyə, dostluğa, şənliyə çağırış

 

Bolluq, bərəkət və firəvanlıq, birlik, bərabərlik və qardaşlıq bayramı olan Hovruz təbiətdəki bütün canlıların qışın qarlı-şaxtalı, günlərindən sıyrılıb, bolluq, firavanlıq yoluna qədəm qoyduğu bir dövrün başlanğıcıdır. Novruz ulu tanrının dünyaya bəxş etdiyi dörd ünsürün - suyun, odun, torpağın və havanın birliyindən yaranmış, humanist duyğularla, bəşəri hisslərlə zəngin bir bayramdır. Novruz bir günün, bir ayın yox, öz varlığında dörd fəsli birləşdirən bütöv bir ilin doğum günüdür.

Qədim yazılı mənbələrə görə, Novruz bayramı ilk dəfə bizim eradan əvvəl 505-ci ildə yaranıb. Şərqin böyük filosofu Əbu Reyhan Biruni öz əsərlərində Novruz bayramı haqqında müxtəlif rəvayətlərdən, onun yaranma səbəblərindən, bu bayram münasibətilə xalq arasında yayılmış adət və ənənələrdən ətraflı bəhs etmiş, Novruz bayramını ana təbiətin qış yuxusundan oyanması, əkinçilik təsərrüfatının başlanması ilə bağlı əsl dünyəvi bir bayram olduğunu bildirmişdir. Nizam əl-Mülkün "Siyasətnamə"sində, Ömər Xəyyamın "Novruznamə"sində də Novruz bayramından yazın gəlişi ilə əlaqədar keçirilən kütləvi xalq bayramı kimi bəhs edilir. Novruz bayramının islamdan çox-çox əvvəl yarandığını Firdovsi, Rudəki, Avisenna, Nizami, Sədi, Hafiz kimi qüdrətli qələm sahibləri də öz əsərlərində dönə-dönə qeyd etmişlər.

Novruzun gəlişi klassik Şərq, o cümlədən Azərbaycan poeziyasında geniş yayılmış "Bahariyyə" adlı lirik şeirlərdə də ilhamla təsvir və tərənnüm edilmişdir.

Böyük poeziya ustadı Hüseyn Cavid "Novruz bayramı" adlı şeirində yazırdı:

 

İştə Novruz! Yetişdi fəsli-bahar,

Gəldi işrət zamanı, qardaşlar.

Nə gözəl bayram...Eah, nə xoş fürsət.

Sayılır əhli-zövqə bir nemət.

Böylə şad gün düşərmi bir də ələ,

Keçirin beş gün ömrü ləzzət ilə.

 

Novruz bayramında ən geniş yayılmış mərasimlərdən biri tonqal qalamaqdır. Bu, çillədən, yəni qışın ağrılı-acılı günlərindən xilas olmaq üçün günəş hərarətli yazı imdada çağırma mərasimidir. İnsanlar həmin gün "ağırlığım-uğurluğum, azarım-bezarım tökülsün bu odun üstünə"- deyə yanan tonqal üstündən tullanırlar. Onlar yazın ilk günü, dan yeri sökülər-sökülməz bulaq başına çıxır, "dərdi-bəlamı qoy bu sular aparsın" - deyə axar suyun üstündən üç dəfə o tərəf-bu tərəfə tullanır, həmçinin su qablarını sübh tezdən "yeni il suyu" ilə doldurur, evdə qalan suyu isə mənzillərindəki əşyaların, mal-qaranın üstünə səpirlər ki, azar-bezar ev-eşiklərinə yaxın düşməsin.

Məlum olduğu kimi, novruzqabağı 4 çərşənbə var: su, od, yeltorpaq çərşənbələri. Su çərşənbəsi əhalinin Novruzun pişvazına çıxma dövrüdür. Yəni həmin vaxt yazın ilıq nəfəsi suya toxunur və həmin gündən başlayaraq qarlı-çovğunlu şaxta bir daha onu dondurub, ixtiyarını əlindən ala bilmir. İkinci çərşənbədə günəşdən qüvvət alan torpaq öz nəfəsinin hərarətilə üstündəki soyuq buz qatlarını əridir, əkilmiş toxumu cücərdib tədricən ayağa qaldırır. Sonra növbə ağaclara çatır və onlar yavaş-yavaş tumurcuq bağlamağa başlayır. Axır çərşənbədə yazın nəfəsi qanlı-canlı məxluqatın- yəni insanların, quşların və heyvanların qanını qaynadıb hərəkətə gətirir. Beləliklə də həyat yeni bir məcraya yönəlir.

Çərşənbələr barədə müxtəlif rəvayətlər və inanclar da var. Su çərşənbəsində qırxaçar deyilən camı su ilə doldurub övladı olmayan qadının başına tökürlər ki, aydınlığa çıxıb, oğul-uşaq sahibi olsun. Bir də deyirlər ki, ağır mənəvi sarsıntılar keçirmiş adamın başından həmin gün üç dəfə sağdan, üç dəfə isə soldan su atsan onun qorxusu keçib gedər. Axır çərşənbədə qapılara papaq atarlar. Papağı boş qaytarmaq günah sayılır. Azına-çoxuna baxmadan ora nəsə qoyulmalıdır. Bu, insanların bir-birlərinə maddi dəstəyinin və xeyirxahlığının ifadəsidir. İnsanlar həmin axşam ayaqları altına açar qoyub, qulaqlarını qonşu qapıya dayayaraq içəridən gələn səsləri dinlərlər. Buna xalq arasında "Qulaq falı" da deyilir. Ayaq altına qoyulan açara gəldikdə isə o, baxtımızın bağlı qapılarını aça biləcək ilahi qüdrətli açarın rəmzidir. Əgər gizlin dinlənən evdən xoş xəbər eşidilsə, bu, ürəkdə tutulan niyyətin yerinə yetəcəyinə işarədir.

Həmin gün üzük falına baxarlar. Qızlar üzüyü sapa bağlayıb su dolu stəkanın üstündə saxlarlar. Üzük stəkana neçə dəfə dəysə, bu, həmin qızın o yaşda ərə gedəcəyinə işarədir. Novruzda heç kəs küsülü qalmamalı, bütün incikliklər aradan qaldırılmalı, mehribanlıq və səmimiyyət ürəklərə hakim kəsilməlidir.

Novruzun özünəməxsus çox gözəl adətləri var. Çərşənbələr boyunca əhali ev-eşiyini sahmana salar, mənzillərindəki əşyaları, qab-qacağı təmizlər, evlərin solğun divarları rənglənər, torpaqdan daha yaxşı qidalansınlar deyə, bağ-bağçalarda ağacların, gül kollarının dibləri bellənər, artıq budaqları və zoğları kəsilib cavanlaşdırılar.

Novruz bayramı axşamı hamı dərdi-qəmi unutmalı, şən əhval-ruhiyyədə olmalıdır. Deyilənə görə, belə olduqda bütün ilboyu insanlar üçün elə bu sayaq da keçər. Müdriklərimiz onu da deyirlər ki, Novruz bayramı günü hamı öz evində olmalıdır. Çünki həmin gün bayramı öz doğma ailəsilə bir tavan altında, bir süfrə başında keçirməyən ev-eşiyindən 7 il dərbədər düşər. Novruz günlərində ləziz nemətlərdən xonça bağlayıb bir-birlərinin görüşünə getmək də qohum-qardaş arasında qədimdənqalma bir adətdir. Novruz günü üzərlik yandırıb tüstüsünü oğul-uşağa verərlər ki, bədnəzərdən uzaq olsunlar. Bu xoş gündə qeybət qırmaz, qarğış etməzlər. Deyilənə görə, həmin gün kiməsə ünvanlanan qarğış qayıdıb sahibinin özünü tutar. Mehribanlıq və səmimiyyət bütün ilboyu davam etsin deyə qonum-qonşuya şirni paylarlar. Cəmiyyətdə bərabərliyi tarazlamaq, yoxsullara, əlsiz-ayaqsızlara kömək istəyi ilə bağlı ulu əcdadlarımızın yüksək mənəvi keyfiyyətlərini, həmçinin əkin-biçinin qorxusuz-ürküsüz, uğurla başa çatmasını, qoyun-quzunun yaza salamat çıxmasını, məhsulun bol olmasını, insanların şadfiravan yaşamasını vəsf edən, bir-birindən şirin nəğmələr, rəqslər, mifoloji elementlərlə zəngin tamaşalar, xalqın sarsılmaz birliyinin rəmzi olan yallılar, zorxanalar, dirədöymələr, cıdır yarışları, kəndirbazlıq Novruz bayramının gözəlliyini daha da artırır.

Yer üzündə ən ülvi, ən bəşəri duyğuların məcmusu, insanları birliyə, dostluq və həmrəyliyə, bolluq və firavanlıq naminə yaradıcı əməyə səsləyən Novruz bu gün bütün Şərqdə, Asiya qitəsinin əksər ölkələrində, türkün əzəli torpaqlarında təntənə ilə qeyd olunmaqda, zaman keçdikcə öz miqyasını daha da genişləndirməkdədir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qeyd etdiyi kimi, "Qədim zamanlardan bəri barışıq, dostluq, səmimiyyət, təmizlik və yeniləşmə əhval-ruhiyyəsi yaradan, təbiətin oyanması ilə ürəklərdə saf niyyətlər, xoş arzular doğuran, insanla təbiətin bütövləşməsinin, harmoniyasının təcəssümü olan Novruz bayramı Azərbaycan müstəqilliyə qovuşduqdan sonra dövlət səviyyəsində qeyd olunmağa başladı ki, bu da tarixi köklərə bağlılığın, milli-mənəvi dəyərlərə qayğının güclənməsini şərtləndirdi".

Vaxtilə müxtəlif səbəblərdən doğma yurd-yuvalarından didərgin düşüb planetimizin müxtəlif ölkələrinə səpələnmiş və hazırda yaşadıqları məmləkətlərdə vahid diasporlarda birləşmiş 50 milyona yaxın soydaşımız da milli bayramımız olan Novruzu böyük sevinc və qürur hissilə qeyd etməkdədir. Novruz şənliklərində yaranan xoş ünsiyyət onları həm bir-birlərinə, həm də doğma ata-baba torpaqları Azərbaycana, milli köklərə daha möhkəm tellərlə bağlayır, onların hər birində milli mənlik şüurunu, azərbaycançılıq duyğularını daha da möhkəmləndirir.

 

 

 Zeynal VƏFA

 

Azərbaycan.-2013.- 20 mart.- S.4.