Konstitusiya Məhkəməsi plenumunun növbəti iclası olmuşdur

 

Fərhad Abdullayevin sədrliyi ilə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi plenumunun xüsusi konstitusiya icraatı üzrə növbəti açıq məhkəmə iclası olmuşdur.

İclasda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Prokurorluğunun sorğusu əsasında konstitusiya işinə  baxılmışdır.

Konstitusiya Məhkəməsinin plenumu iş üzrə hakim İ.Nəcəfovun məruzəsini, maraqlı subyektlərin nümayəndələrinin və mütəxəssislərin çıxışlarını, ekspertin rəyini dinləyib və işin materiallarını araşdırıb müzakirə edərək qərar qəbul etmişdir.

Qərarda deyilir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsində nəzərdə tutulan çətənə, xaşxaş növlərinin və ya tərkibində narkotik maddələr olan digər bitkilərin kultivasiyası yabanı şəkildə bitən və tərkibində narkotik maddələr olan bitkilərin (onların hissələrinin) toplanmasını ehtiva etmir.

Qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkilərin şəxsi istehlak və ya satış məqsədindən asılı olmayaraq toplanmasını nəzərdə tutan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsinin dispozisiyasının bu qərarda əks olunmuş hüquqi mövqelərə uyğun təkmilləşdirilməsi Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə edilsin.      

Azərbaycan Respublikası Cinayət Məcəlləsinə müvafiq dəyişikliklər edilənədək, tərkibində narkotik maddələr olan bitkilərin toplanmasının cinayət məsuliyyətinə səbəb olan miqdarı (o cümlədən şəxsi istehlak miqdarı) müəyyən edilərkən "Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Qanununun I Siyahısında nəzərdə tutulan miqdarlar (həm qurudulmuş, həm də qurudulmayan halda) əsas götürülməlidir.

Qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkilərin (onların hissələrinin) toplanmasının külli miqdarının müəyyən edilməsi üçün "Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Qanununun I Siyahısı, həmin bitkilərin say vahidlərinin külli miqdarı müəyyən edilərkən bu qanunun III Siyahısı əsas götürülməlidir.

Qərar dərc edildiyi gündən qüvvəyə minir, qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv oluna, dəyişdirilə, yaxud rəsmi təfsir oluna bilməz.                            

 

 

AzərTAc

 

Azərbaycan.-2013.- 20 mart.- S.5.