Bakıda keçirilən «Terrorizmin
qarşısının alınmasında əməkdaşlığın gücləndirilməsi» mövzusunda
beynəlxalq konfrans işini növbəti sessiyalarla davam
etdirmişdir
Martın
19-da Bakıda Azərbaycan hökumətinin, İslam Təhsil,
Elm və Mədəniyyət Təşkilatı (İSESCO) və
BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə
İdarəsinin Mərkəzi Asiya üzrə Regional Nümayəndəliyinin
(UNODC) təşkilatçılığı ilə
keçirilən "Terrorizmin qarşısının
alınmasında əməkdaşlığın gücləndirilməsi"
mövzusunda beynəlxalq konfrans işini növbəti sessiyalarla
davam etdirmişdir.
AzərTAc
xəbər verir ki, "Terrorizmlə əlaqədar mövcud
stereotiplərin və terrorizmin mübarizə vasitəsinə
çevrilməsinin qarşısının alınması, dərk
edilməsi və bu mövzuda dialoqun əhəmiyyəti"
mövzusunda ikinci sessiyanın moderatoru, Paris İnstitutunun
siyasi elmlər üzrə professoru xanım Şarbanu
Tacbaxş konfransın keçirilməsinə görə təşkilatçılara
və Azərbaycan hökumətinə minnətdarlığını
bildirmişdir. Konfransın əhəmiyyətini vurğulayan
Şarbanu Tacbaxş qeyd etmişdir ki, tədbirdə səslənən
təkliflər terrorizmin qarşısının
alınmasına mühüm töhfəsini verəcəkdir.
Şarbanu
Tacbaxş qeyd etmişdir ki, heç bir din terroru
tanımır. Terrorçuluğun din ilə əlaqəsinin
olmadığını bildirən Paris İnstitutunun professoru
dini icmaların bu mövzuda bəşəriyyəti maarifləndirməsinin
zəruriliyini diqqətə çatdırmışdır. O
qeyd etmişdir ki, terrorçuluğun aradan
qaldırılması istiqamətində bütün ölkələr
birgə səy göstərməlidirlər.
Beynəlxalq
Din və Diplomatiya Mərkəzinin direktoru Duqlas Conston
dünyada baş verən terror aktlarından və onunla
mübarizə istiqamətində atılan addımlardan
danışmışdır. Bildirilmişdir ki,
terrorçuluq heç bir sərhəd tanımır və
heç bir dövlət bu bəla ilə təkbaşına
mübarizə apara bilməz. Biz bu problemi yalnız hərtərəfli
əməkdaşlıqla aradan qaldıra bilərik.
"Mədəniyyətlər
arasında dialoq və sivilizasiyaların birliyi və
onların terrorçuluqla mübarizədə rolu"
mövzusunda çıxış edən Dünya İctimai
Forumunun Beynəlxalq Əlaqələndirmə Komitəsinin sədri
Valter Şvimmer tədbirin əhəmiyyətindən
danışmışdır. V.Şvimmer terrorçuluqla əlaqələrin
mövcud stereotiplərinin qarşısının
alınmasının vacibliyini diqqətə
çatdırmışdır. O vurğulamışdır
ki, terrorçuluğa qarşı mübarizə bütün
dünya ölkələri tərəfindən durmadan həyata
keçirilməlidir. Çünki onunla bir ölkənin təkbaşına
mübarizə aparması mümkün deyildir. O, bu aktları
törədənlərin beynəlxalq məhkəmə
qarşısında cavab vermələrinin və onların
cinayət məsuliyyətinə cəlb olunmalarının
vacibliyini demişdir.
"Radikallaşma
terror aktı törətmək üçün bir səbəb
kimi" mövzusunda çıxış edən
tanınmış jurnalist Ahmed Raşid terrorçuluğun
aradan qaldırılması istiqamətində görülən
işlər barədə ətraflı məlumat vermişdir.
Qlobal terrorçuluğa qarşı mübarizə
yollarının ətraflı
araşdırılmasının vacibliyini vurğulayan
A.Raşid bildirmişdir ki, ekstremizm islam dini ilə eyniləşdirilə
bilməz.
Terrorçuluğa
qarşı Mübarizə Komitəsinin sədri Mike Smith
"Terror aktı törətmək üçün təhrik
etmənin qadağan olunması" mövzusunda
çıxış etmişdir. Terrorçuluğun
qarşısının alınması istiqamətində
görülən işlərdən danışan M.Smith bəşəriyyəti
terrorçuluqdan qorumağın yollarından bəhs
etmişdir. O həmçinin bu sahədə fərdi
proqramların hazırlanmasının vacibliyini də
vurğulamışdır.
Azərbaycan
hökumətinə tədbirin təşkilinə görə
təşəkkürünü bildirən BMT TŞ-nin Əl-Qaidə
və onunla əlaqədə digər terrorçu
qruplaşmalara qarşı Sanksiyalar Komitəsinin
keçmiş sədri Riçard Barrett "İnternetin
terrorçuluq məqsədi ilə istifadəsinin
qarşısının alınması" mövzusunda
çıxış etmişdir. Bildirilmişdir ki,
kiberhücumlar, şpionluq və terrorçuluq bütün
dünyanı cənginə almışdır. Bütün
dövlətlərin terrorçuluqla mübarizədə
maraqlı olduğunu deyən Riçard Barrett
vurğulamışdır ki, terror qrupları əsasən son
zamanlar internet vasitəsilə daha çox işlər
görürlər. Onlayn terrorizmin hazırda daha çox
istifadə edilən forma olduğunu deyən BMT rəsmisi buna
hüquqi və texniki cəhətdən yanaşmanın
vacibliyini vurğulamışdır.
BMT-nin
Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsinin
Terrorçuluğa Qarşı Mübarizə bölməsinin
rəhbəri Marta Rekuenanın "Terror qurbanlarına dəstək
göstərilməsi və dövlətlərin, vətəndaş
cəmiyyətinin terrorçuluqla mübarizəsində terror
qurbanlarının rolu" mövzusundan məruzəsi dinlənilmişdir.
Marta Rekuena bildirmişdir ki, terror qurbanları prioritet məsələdir.
Hər birimiz terror qurbanlarının sayının
azaldılması istiqamətində üzərimizə
düşən vəzifəni layiqincə yerinə yetirməliyik.
Sessiyanın
sonunda mövzu ilə bağlı müzakirələr
aparılmış, rəy və təkliflər səsləndirilmişdir.
Sonra
konfrans "Terrorizmin qarşısının alınması və
terrorizmlə mübarizə sahəsində ölkələrin
imkanlarının gücləndirilməsində beynəlxalq tərəfdaşların
rolu" mövzusunda üçüncü sessiya ilə davam
etmişdir.
Sessiyanın
moderatoru, Terrorizmə qarşı Mübarizə Mərkəzinin
direktoru Peter Knup rəhbərlik etdiyi qurumun həyata
keçirdiyi layihələrdən
danışmışdır. Bildirilmişdir ki, terrorizmlə
mübarizə tək bir təşkilatın və ya bir
ölkənin işi deyildir. Bu cür tədbirlərin həyata
keçirilməsi bütün bəşəriyyət
üçün vacibdir.
Peter
Knup insanları terrorçuluğa vadar edən səbəblərin
araşdırılmasının zəruriliyini xüsusi
vurğulamışdır.
BMT-nin
Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsinin
Müqavilələr şöbəsinin rəhbəri Con
Sandeyc terrorçuluğa qarşı mübarizə ilə
bağlı ayrı-ayrı ölkələrdə
görülən işlərdən bəhs etmişdir. O, bu
istiqamətdə müəyyən ixtisaslaşmış təcrübə
proqramlarının vacibliyini diqqətə
çatdırmışdır. Con Sandeyc terrorizmlə
mübarizədə müəyyən təlimlərin və
kursların keçirilməsi ilə bağlı təkliflərini
bildirmiş, sessiyanın bu istiqamətdə görülən
işlərə töhfə verəcəyinə əminliyini
ifadə etmişdir.
Konfransın
yüksək səviyyədə təşkil edildiyinə
görə Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlığını
bildirən Ərəb Dövlətləri Liqasının
nümayəndəsi Məhəmməd Rizvan bin Xadra
terrorçuluqla mübarizədə birgə layihələrin,
təcrübə mübadilələrinin həyata keçirilməsi
istiqamətində görülən işlərdən
danışmışdır. Qeyd edilmişdir ki, ərəb
dövlətlərində də terrorçuluqla mübarizədə
konkret addımlar atılır.
Daha
sonra "Terrorizmin qarşısının alınması və
terrorizmlə mübarizə sahəsində ölkələrin
texniki yardımla təmin edilməsində vətəndaş
cəmiyyətinin rolu", "Terrorizmlə mübarizə
sahəsində milli imkanların qurulması üçün
ölkələrin beynəlxalq tərəfdaşlarla əməkdaşlıq
perspektivləri" mövzularında məruzələr dinlənilmiş,
fikir mübadilələri aparılmışdır.
Bununla
da, konfrans işini başa çatdırmışdır.
Azərbaycan.-2013.- 20 mart.- S.5.