«Muğam aləmi» Üçüncü Beynəlxalq Muğam Festivalının təntənəli bağlanış mərasimi
keçirilmişdir
Üçüncü beynəlxalq
muğam müsabiqəsinin qalibləri
mükafatlandırılmışlar
Xəbər verdiyimiz kimi, martın
9-dan 19-dək Heydər Əliyev Fondunun, Mədəniyyət və
Turizm Nazirliyinin və Azərbaycan Bəstəkarlar
İttifaqının birgə təşkilatçılığı
ilə ölkəmizdə "Muğam aləmi"
Üçüncü Beynəlxalq Muğam Festivalı
keçirilmişdir.
Festival
çərçivəsində elmi simpozium, gənc
ifaçıların beynəlxalq muğam müsabiqəsi,
paytaxt və bölgələrdə silsilə konsertlər təşkil
edilmişdir.
AzərTAc
xəbər verir ki, martın 19-da Müslüm Maqomayev
adına Azərbaycan Dövlət Filarmoniyasında
"Muğam aləmi" Üçüncü Beynəlxalq
Muğam Festivalının təntənəli
bağlanış mərasimi olmuşdur.
Tədbirdə
mədəniyyət və turizm naziri Əbülfəs Qarayev
və festivalın bədii rəhbəri, Bəstəkarlar
İttifaqının sədri, xalq artisti Firəngiz Əlizadə
iştirakçıları Novruz bayramı münasibətilə
təbrik etmişlər.
Bildirilmişdir
ki, Azərbaycanda on gün davam edən "Muğam aləmi"
Üçüncü Beynəlxalq Muğam Festivalı təkcə
ölkəmizdə deyil, sərhədlərimizin
hüdudlarından kənarda da böyük əks-səda
doğurmuşdur.
Diqqətə
çatdırılmışdır ki, Azərbaycanın
birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın
ideya müəllifi olduğu muğam layihələri Azərbaycan
muğam mədəniyyətinin müxtəlif istiqamətlərdə
inkişaf etməsinə, dünya miqyasında təbliğinə,
onun elmi problemlərinin tədqiqinə,
muğamlarımızın müasir ali musiqi məktəblərində
tədrisinə, muğam mədəniyyətimizə mütəxəssis
marağının artmasına səbəb olmuşdur.
Vurğulanmışdır
ki, muğam sənəti UNESCO-nun bəşəriyyətin
qeyri-maddi mədəni irs siyahısına daxil edilmişdir.
Diqqətə
çatdırılmışdır ki, bu ilki festivala 24
ölkədən iştirakçı
qatılmışdır. Bu fakt muğam sənətinə və
festivalına ildən-ilə artan marağın göstəricisidir.
Sonra
muğam müsabiqəsinin qalibləri
mükafatlandırılmışlar.
Mükafatlandırma
mərasimində müsabiqənin münsiflər heyətinin
sədri, Azərbaycan Milli Konservatoriyasının rektoru, xalq
artisti Səyavuş Kərimi demişdir ki, artıq ənənəvi
olaraq Bakıda keçirilən bu müsabiqə Azərbaycan
muğamının inkişafına öz töhfəsini verməkdədir.
Qeyd
edilmişdir ki, üçüncü beynəlxalq muğam
müsabiqəsinə 10-dan artıq ölkəni təmsil edən
ifaçılar qatılmışlar.
Diqqətə
çatdırılmışdır ki, "Qran-pri"
mükafatına layiqli namizəd olmadığından birinci
yer iki ifaçıya təqdim ediləcəkdir.
Sonra
qaliblərə beynəlxalq muğam müsabiqəsinin
münsiflər heyətinin tanınmış üzvləri tərəfindən
mükafatlar təqdim olunmuşdur.
Solo muğam
ifaçılığı üzrə müsabiqədə
azərbaycanlı xanəndə Mirələm Mirələmov
və İranın "Nasim e tarab" qrupu birinci yerlərə,
Ariz Hüseynov ikinci, Türkiyənin "Səda" və Mərakeşin
"Əndəlus gəncləri" qrupları
üçüncü yerlərə layiq
görülmüşlər.
İnstrumental
muğam ifaçılığı üzrə birinci yerə
Azərbaycandan Bəhruz Zeynalov və Şəhriyar İmanov,
ikinci yerə Pərviz Quliyev, üçüncü yerlərə
isə Hindistanın "Raqa" qrupu və təmsilçimiz
Şəhriyar Musayev layiq görülmüşlər.
Birinci
yerin sahiblərinə 15 min, ikinci yeri tutanlara 10 min,
üçüncü yeri qazananlara isə 5 min avro pul
mükafatı və bütün qaliblərə fəxri fərman
və festivalın emblemi təqdim edilmişdir.
Müsabiqədə müxtəlif
nominasiyalar üzrə fərqlənmiş musiqiçilər
Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Bəstəkarlar
İttifaqı və Azərbaycan Milli Konservatoriyası tərəfindən
mükafatlandırılmışlar.
Sonda
qaliblərin iştirakı ilə qala-konsert təqdim
edilmişdir.
Azərbaycan.-2013.- 20 mart.- S.7.