«Təbəssüm»lə bahara»

 

Azərbaycan Dövlət Musiqili Komediya Teatrının nəzdində fəaliyyət göstərən Uşaq Yaradıcılıq Studiyasının kollektivi R.Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında Novruz bayramına həsr edilmiş "Təbəssüm"lə bahara" adlı konsert keçirib. "Təbəssüm"çülər  dünya və Azərbaycan xalq rəqs nömrələri, mahnıları təqdim edəcək tamaşaçıları öz ifaları ilə sevindiriblər. Konsertdən öncə teatrın foyesində yaradıcılıq studiyasının fəaliyyətini əks etdirən sərgi nümayiş olunub.

Teatrın direktoru  Əliqismət Lalayev bildirib ki, hazırda yaradıcılıq studiyasının istedadlı vokalistləri və rəqqasları yeni layihə üzərində işləyirlər: "Belə ki, kollektivin həm vokal, həm də rəqs qrupu respublikamızın tanınmış sənətçiləri ilə işbirliyinə başlayıb. Onlar tanınmış müğənnilərlə duet şəklində mahnılar da ifa edirlər. Eyni zamanda uşaqlar maraqlı rəqs nömrələri üzərində işləyirlər. Bu layihə davamlı olacaqkollektiv vaxtaşırı müxtəlif konsert proqramları ilə tamaşaçıları sevindirəcəkdir.

Həmsöhbətimiz onu da qeyd etdi ki, "Təbəssüm" rəqs qrupunun üzvləri aprelin 14-də Türkiyəyə yola düşəcək. Bütün dünyaya yayımlanan TRT-nin xətti ilə 35-ci dəfə düzənlənən Beynəlxalq Çocuq Festivalında bu dəfə Azərbaycanı Musiqili Komediya Teatrının balaca artistləri - yaradıcılıq studiyasının üzvləri təmsil edəcəklər. İzmirdə keçiriləcək festivalda kollektivin 10-13 yaş arası 13 solisti iştirak edəcək. Bu il həmin festivala dünyanın 110 ölkəsindən balaca istedadlar qoşulacaq.

Azərbaycanlı uşaqlar eyni zamanda dəvət olunmuş nümayəndələr arasından seçilən 10 ölkənin balaca elçiləri ilə birlikdə İstanbuldakı şənliklərlə də qatılacaqlar.

Dünyanın ən müxtəlif meridianlarından gələn çocuqlar bayram günlərində Ankarada olacaq, müxtəlif görüşlər keçirəcəklər. Balacaların çıxışları aprel ayının 23-də TRT kanalı ilə canlı yayımlanacaq. Uşaqlar möhtəşəm konsert proqramlarında Azərbaycanın milli rəqslərini ifa edəcəklər.

Balaca təmsilçilərə uğurlar diləyirik.

 

 

Məhəmməd NƏRİMANOĞLU

 

Azərbaycan.-2013.- 20 mart.- S.9.