İstanbulda xalq yazıçısı Elçinin romanı əsasında çəkilmiş «Mahmud və Məryəm» filminin təqdimatı olmuşdur

 

İstanbuldakı Lütfi Kırdar Konqres Mərkəzində xalq yazıçısı Elçinin romanı əsasında Türkiyə və Azərbaycan kinematoqrafçılarının birgə istehsalı olan "Mahmud və Məryəm" filminin təqdimatı olmuşdur.

Filmin premyerasında iştirak edən xalq yazıçısı jurnalistlərə müsahibəsində bildirmişdir ki, bu gün onun üçün çox xoş gündür. Otuz bir il əvvəl qələmə aldığı romanın ekran həyatına qovuşmasından məmnunluğunu ifadə edən yazıçı demişdir: "Romanda əksini tapan məsələlər öz aktuallığını qoruyur". Nasir onu da vurğulamışdır ki, filmin Türkiyə və Azərbaycan kinematoqrafçılarının birgə işi olması onun üçün xüsusi bir məna daşıyır.

Xalq yazıçısı daha sonra demişdir ki, bu film ana vətənim ilə ana vətənim kimi sevdiyim Türkiyə tərəfindən müştərək çəkilmişdir. Onun premyerasının çox sevdiyim bir şəhər olan İstanbulda keçirilməsi də mənim üçün çox anlamlıdır. 

Filmin süjet xətti ilə bağlı sualı cavablandıran xalq yazıçısı bildirmişdir ki, eşq din tanımır. Eşq mənəvi təmizlik istəyir. Mənəvi təmizlik isə bütün dinlərdə vardır.

Filmin təqdimatında Türkiyə mədəniyyət və turizm nazirinin müavini Özgür Özaslan, Azərbaycanın Türkiyədəki baş konsulluğu və ictimaiyyətin nümayəndələri, ssenari müəllifləri  Yerkan Kahraman və Əşrəf Dinçer, quruluşçu rejissor Mehmet Ada Öztekin, aktyorlar Eva Dedova, Aras Bulut İynemli, Fəxrəddin Manafov, Tomris İncer, Cemal Hünal, Kristina Krepela, Mehmet Çevik, Polat Bilgin iştirak etmişlər.  

"Mahmud və Məryəm" filmi martın 22-dən Türkiyənin kinoteatrlarında nümayiş etdiriləcəkdir.

 

 

Oqtay Bayramov,

AzərTAc-ın xüsusi müxbiri

İstanbul

 

Azərbaycan.-2013.- 20 mart.- S.11.