«Zəhra Quliyeva - elm xadimi» miniatür kitabının təqdimatı olmuşdur
Miniatür Kitab
Muzeyində görkəmli ictimai xadim, oftalmoloq alim, tibb elmləri doktoru, professor Zəhra
Quliyevanın anadan olmasının 90 illiyi ilə əlaqədar "Zəhra Quliyeva - elm xadimi" kitabının təqdimatı
olmuşdur.
AzərTAc
xəbər verir ki, tədbirdə Milli Məclisin
deputatları, dövlət strukturlarının və ictimaiyyətin
nümayəndələri iştirak etmiş, Zəhra
Quliyevanın pedaqoji və həkimlik fəaliyyətindən,
həyat yolundan danışılmışdır.
Miniatür
Kitab Muzeyinin yaradıcısı, əməkdar mədəniyyət
xadimi Zərifə Salahova həyat yollarının tez-tez kəsişdiyi
Zəhra Quliyeva haqqında xatirələrini
bölüşmüşdür.
Qeyd
edilmişdir ki, Zəhra Quliyeva 1923-cü il yanvarın 18-də
Bakıda ziyalı ailəsində anadan olmuşdur. 1944-cü
ildə Azərbaycan Tibb İnstitutunu bitirmişdir. Həmin il
institutun Göz xəstəlikləri kafedrasında ordinator
kimi əmək fəaliyyətinə başlamış, sonra
isə assistent, dosent, professor və kafedra müdiri
olmuşdur.
Professor
Zəhra Quliyeva 150-dən çox elmi əsərin, 4
monoqrafiyanın, dərsliklərin və bir neçə tədris
vəsaitinin, ixtiraların və səmərələşdirici
təkliflərin müəllifidir.
Zəhra
Quliyeva uzun illər Azərbaycan Tibb İnstitutunun rektoru
olmuşdur. Onun ictimai fəaliyyəti respublikamızın həyatında
mühüm rol oynamışdır. Ümummilli lider Heydər
Əliyev ona yüksək dəyər verir və hörmət
edirdi. O, Zəhra Quliyevaya xarici ölkələrdə
keçirilən beynəlxalq konfranslarda və simpoziumlarda Azərbaycanı
təmsil etmək kimi mühüm missiya həvalə
etmişdi. Kitab Zəhra xanım Quliyeva haqqında Heydər Əliyevin
bu sözləri ilə açılır: "Azərbaycana rəhbərlik
etdiyim müddətdə Zəhra xanım 11 il tibb institutuna
başçılıq etmişdir. O, instituta əvvəlki
rektorlardan daha uzun müddət
rəhbərlik etmişdir. Geniş fəaliyyətinə
görə biz onu Qadın Problemləri üzrə Dövlət
Komitəsinin sədri təyin etmişik".
Milli Məclisin deputatı, tanınmış publisist Elmira Axundova, Milli Məclisin deputatı Qənirə Paşayeva, "Zəhra Quliyeva - elm xadimi" miniatür kitabının müəllifi əməkdar jurnalist İradə Əliyeva, xalq yazıçısı Çingiz Abdullayev, Azərbaycan Tibb Universitetinin kafedra müdiri professor Paşa Qəlbinur, Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili Elmira Süleymanova Zəhra Quliyevanın elmi və ictimai-siyasi fəaliyyətindən, onun yüksək mənəvi simasından, peşəkarlığından və zəngin daxili dünyasından danışmışlar. Qeyd edilmişdir ki, professor Zəhra Quliyeva özünə və öz prinsiplərinə sadiq qalan bir insan olmuşdur. O, müxtəlif vəzifələrdə, özü də həmişə var qüvvəsi ilə çalışmış, Qadınların Problemləri üzrə Dövlət Komitəsinin ilk sədri olmuş, onların problemlərini bacarıqla həll etmişdir.
Zəhra Quliyeva SSRİ-nin və müstəqil Azərbaycanın bir sıra yüksək dövlət mükafatlarına, orden və medallarına layiq görülmüşdür. O, davamçılarının və yetirmələrinin xatirəsində həmişə ən uca nümunə kimi qalacaqdır.
Zəhra Quliyeva tibb elminə verdiyi töhfəsi, vətənpərvərliyi, natiqlik qabiliyyəti, yüksək mədəniyyəti ilə ölkədə nüfuz qazanmışdı. İstedadlı oftalmoloq alim və gözəl insan kimi onu hamı sevir və qiymətləndirirdi.
"İndiqo" nəşriyyatında Azərbaycan Respublikasının "Kitab" cəmiyyəti tərəfindən buraxılmış miniatür nəşrin müəllifi İradə Əliyeva, redaktoru Zərifə Salahovadır. "Redaktordan" bölməsində deyilir ki, kitab əsl həkimə və gözəl insana həsr olunur.
Kitaba Zəhra Quliyevanın qohumlarının, dostlarının və həmkarlarının xatirələri, ona həsr olunmuş şeirlər, bir çox fotoşəkillər daxil edilmişdir.
Z.Quliyevanın
qızı Cəmilə Səttarova ailə üzvləri
adından çıxış edərək anasının
xatirəsinə ehtiramla yanaşıldığına görə
dərin minnətdarlığını bildirmişdir.
Azərbaycan.-2013.- 20 mart.- S.12.