Xalqımızın sevimli bayramı Novruz yüksək səviyyədə qeyd edildi

 

Milli-mənəvi irsin tərkib hissəsi olan qədim adət-ənənələr, mərasimlər, el şənlikləri hər bir xalqın özünəməxsus cəhətlərini özündə əks etdirir. Hər hansı xalqın mədəniyyətinin və adət-ənənələrinin dünyaya tanıdılmasından, onun kamillik səviyyəsinin müəyyənləşdirilməsindən söz düşdükdə şifahi xalq ədəbiyyatının, folklorunun, qədim mifik görüşlərinin, milli bayramlarının, mərasimlərinin xatırlanması təsadüfi deyil. Paklığı, mühüm dəyərləri tərənnüm edən, insanları yüksək əxlaqi keyfiyyətlərə səsləyən xalq bayramları, mərasimlər həm də məxsus olduğu xalqın milli düşüncə tərzinin və məfkurəsinin formalaşmasında böyük rol oynayır.

Xalqımızın zəngin mədəniyyətini, milli-mənəvi dəyərlərini özündə əks etdirən, dünyaya tanıtdıran dəyərli mərasimləri var. Bunlardan biri baharın gəlişi, təbiətin oyanışı münasibətilə qeyd edilən Novruz bayramıdır. Xalqımızın milli özünüdərkində böyük rol oynayan  Novruz bayramı varlığımıza hopan müqəddəs el şənliyidir.

Dünyanın yaranışını tarixən ilk yaz günü ilə bağlayan xalqımız əsrlər boyunca Novruz bayramını əziz tutub, onu yüksək səviyyədə qeyd edib. Varlığın yenidən canlanmasını müjdələyən Novruz bayramı sadəcə şadlıq, sevinc, səadət bayramı olmamış, tariximizin ən çətin anlarında insanlarımızın ürəyində özünə yer eləmiş, həyatına daxil olmuş, işıqlı sabaha, xoşbəxt gələcəyə inam duyğusunu yaşatmışdır. Novruz insanlar arasında birlik və mehribanlığın möhkəmləndirilməsi, onların bir-birinə mərhəmət və diqqət göstərməsi kimi sağlam təməllər yaratmışdır. Bu gözəl bayramda həm də ulu əcdadlarımızın xatirəsinə dərin ehtiram ifadə olunur. Novruz bayramı günlərində ölkəmizin hər yerində, hər evdə, hər ailədə bayram əhval-ruhiyyəsi yaşanır. İnsanlar Novruz bayramını böyük sevinc hissi ilə qeyd edirlər.

Sovet ideologiyası xalqların milli dəyərlərinin məhv edilməsini özünün bir nömrəli vəzifəsi hesab edirdi. Bolşevizmin milli özünüdərkə, xalqların tarixdən gələn mənəvi irsinə qənim kəsilməsi ölkəmizdə də özünü açıq və kəskin şəkildə büruzə verirdi. Azərbaycanın mənəvi-mədəni irsinin həqiqətən zəngin olduğunu və bunun xalqımızın milli şüurunda dərin hifz olunduğunu bilən sovet ideoloqları musiqimizdən tutmuş yazılı və şifahi ədəbiyyatımıza qədər hər şeyi təqib edirdi. Milli-mənəvi sərvətlərimizi yer üzündən silmək istəyən sovet ideologiyasına baş əyməyən xalqımızın bir çox qabaqcıl ziyalıları, tanınmış insanları məhz milli düşüncə ruhunun məhvinə qarşı çıxdıqlarından ömürlərini həbsxanalarda, sürgünlərdə başa vurdular. Lakin dünyanın ən qədim xalqlarından olan azərbaycanlılar zəngin ənənə və dəyərlərini, ritual mərasimlərini, bayramlarını yaşadaraq və hifz edərək qorumağı bacardılar. Xalqımız Novruz bayramını da qorudu və gələcək nəsillərə ötürdü. Tarixi uzaq keçmişlərə gedib çıxan bu qədim el bayramı ilə müqayisədə saxta, çürük sovet ideologiyası çox cılız idi.

Xalqımızın sovet dövründə milli-mənəvi dəyərlərinin qorunmasında və inkişaf etdirilməsində ulu öndər Heydər Əliyevin böyük xidmətləri olub. Məhz Heydər Əliyevin hakimiyyətdə olduğu dövrlərdə xalqımız sovet ideologiyasının unutdurmağa cəhd göstərdiyi mənəvi irsimizin zənginliklərindən bəhrələnib və onu qoruyub.  Ulu öndərin başlatdığı ümumi mədəni hərəkatın tərkib hissəsi kimi milli bayramımız olan Novruz ötən əsrin 70-80-ci illərində əvvəlki dövrlərlə müqayisədə kütləvi şəkildə qeyd olunub.

Azərbaycan dövlət müstəqilliyini qazandıqdan sonra xalqımız müqəddəs adət və ənənələrini daha geniş şəkildə yaşatmağa başladı. Müstəqil Azərbaycan dövlətçiliyinin yaşadılması Heydər Əliyevin dahiliyi sayəsində mümkün olduğu kimi, Novruz bayramının da əsl el şənliyi, dövlət səviyyəsində mötəbər bayram kimi qeyd olunmağa başlaması ulu öndərin adı ilə bağlıdır.

Heydər Əliyevin şah əsəri olan və bizlərə ərməğan etdiyi Azərbaycan bu gün sürətli inkişaf yolundadır. Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində son 10 ildə möhtəşəm sosial-iqtisadi uğurlara nail olan və regionun lider dövləti olan Azərbaycan artıq həm də kosmos ölkəsinə çevrilib. Dünyanın bir parçası olan Azərbaycan özünün beynəlxalq nüfuzunu artırmaqla dünyada söz sahibi olan dövlətlərdən biri kimi tanınır.

Bu inkişaf və yüksəliş prosesində diqqəti çəkən məqamlardan biri də Azərbaycan dövlətinin milli-mənəvi dəyərlərin qorunması və təbliği istiqamətində çoxşaxəli fəaliyyətidir. Son illərdə Azərbaycanda bütün tarixi, mədəni və dini abidələrdə təmir və bərpa yenidənqurma işləri aparılıb. Milli-mənəvi dəyərlərimizlə bağlı dövlət dəstəyi ilə çoxsaylı kitablar nəşr olunub. Bu istiqamətdə Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilən layihələr və proqramlar bütün Azərbaycan xalqı tərəfindən böyük minnətdarlıqla qarşılanır.

 Mənəvi dəyərlərimizə yüksək ehtiramı Novruz bayramı barədə də demək mümkündür. Novruzun gəlişi ilə bağlı Prezident İlham Əliyevin hər il xalqa ünvanladığı təbriklər, el şənliklərində iştirakı dövlət başçısının milli və mənəvi dəyərlərimizə böyük ehtiramla yanaşmasının göstəricisidir. Prezident İlham Əliyevin imzaladığı sərəncam əsasında Novruz bayramı Azərbaycanda beş gün qeyd edilir. Əgər şənbə və bazar günlərini əlavə etsək, vətəndaşlar bir həftə ərzində istirahət edirlər. Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın səyləri nəticəsində xalqımızın bu əziz el bayramı da UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilmişdir. 2010-cu il fevralın 23-də isə BMT Baş Məclisi 21 mart tarixini Beynəlxalq Novruz Günü elan edib.

Bu il də Novruz bayramı Azərbaycanda dövlət səviyyəsində möhtəşəm qeyd edildi. Qız qalasının qarşısındakı meydanda, Dənizkənarı Milli Parkda keçirilən Novruz şənliklərində Prezident İlham Əliyev və ailə üzvləri də iştirak etdilər.  Prezident İlham Əliyev Novruz tonqalını alovlandırdı. Bayram şənliyində nitq söyləyən Prezident İlham Əliyev bütün Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edərək dedi: "Novruz xalqımızın ən sevimli bayramıdır. Azərbaycan xalqı əsrlər boyu Novruz bayramını qeyd etmişdir. İctimai-siyasi quruluşdan asılı olmayaraq, bütün dövrlərdə bu bayram hər bir Azərbaycan ailəsində qeyd edilirdi. Bu gün isə müstəqil Azərbaycanda bu bayram dövlət bayramı kimi qeyd edilir".

Milli birliyin rəmzi olan Novruz bayramını dünyanın müxtəlif guşələrində yaşayan soydaşlarımız da səbirsizliklə gözləyir və böyük ruh yüksəkliyi ilə qeyd edirlər. Bu bayram dünya azərbaycanlılarının doğma vətənə, ana dilinə və el-obalarına bağlılıqlarını daha da gücləndirir. Bayram şənliyinin ab-havası isə hər kəsə Novruzun gözəlliyi, dəyərliliyi, eləcə də Azərbaycan xalqının qədim ənənələri ilə tanış olmaq imkanı verir.

 

 

Rəşad CƏFƏRLİ

 

Azərbaycan.-2013.- 28 mart.- S.1.