Görülən işlər hər kəsin
ürəyincədir
Ölkəmizin füsunkar turizm bölgələrindən biri də Oğuz rayonudur. Son dövrlər rayonda görülən yenidənqurma, abadlıq-quruculuq işləri turizmin perspektiv imkanlarını da genişləndirir.
Oğuz
Rayon Mədəniyyət və Turizm Şöbəsinin nəzdində
4 mədəniyyət evi, 23 klub, mərkəzi kitabxana sistemi və
onun 26 filialı, Tarix-Diyarşünaslıq Muzeyi, Heydər Əliyev
Mərkəzi, yeddiillik uşaq musiqi məktəbi, mədəniyyət
və istirahət parkı fəaliyyət göstərir. Tarix-Diyarşünaslıq
Muzeyində rayonun tarixi ilə bağlı 4331 eksponat
saxlanılır. Muzeydə ilboyu ekskursiyalar, maraqlı
görüşlər təşkil olunur, tarix dərsləri
də daxil olmaqla, müxtəlif tədbirlər keçirilir.
Son
dövrlər rayonda yeni turizm istirahət obyektləri
açılır, yeni parklar salınır. Calud kəndində
isə 60 yerlik turizm istirahət mərkəzinin tikintisinə
başlanılıb. Yaradılan şəraitin nəticəsidir
ki, rayonun tarix və mədəniyyət abidələrinin,
Oğuz qalalarının, milli adət-ənənələrin
və mətbəxin tanıdılması üçün
xeyli iş görülüb. Dünyanın müxtəlif
ölkələrindən və respublikanın ayrı-ayrı
bölgələrindən 2012-ci ildə Oğuzun
qapısını 4323 turist döyüb. Onu da qeyd edək ki,
rayondakı 32 tarix və mədəniyyət abidəsindən
17-si ölkə, 15-i isə yerli əhəmiyyətli abidədir.
Keçən il daha 5 yeni abidə haqqında məlumat
hazırlanaraq qeydiyyata alınması üçün Mədəniyyət
və Turizm Nazirliyinə müraciət olunub.
Rayonda
Tarix-Diyarşünaslıq Muzeyi, uşaq kitabxanası və
uşaq musiqi məktəbi üçün yeni binaların
tikintisinə, həmçinin bir çox mədəniyyət
evinin əsaslı təmirinə ciddi ehtiyac vardır. Əminliklə
demək olar ki, qarşıdakı illərdə bu problemlər
də həllini tapacaq.
Ölkə
Prezidenti İlham Əliyevin "Şəki, Qəbələ,
Qax və Oğuz rayonlarının sosial-iqtisadi
inkişafının sürətləndirilməsinə dair əlavə
tədbirlər haqqında" 21 noyabr 2011-ci il tarixli sərəncamına
əsasən, Oğuz rayonu üçün
ayrılmış iki milyon manat vəsait hesabına Oğuz
şəhərində xeyli abadlıq-quruculuq işləri
görülüb. Dövlət başçısının
4 aprel 2012-ci il tarixli sərəncamına uyğun olaraq,
ayrılan 4 milyon 500 min manat vəsait isə Oğuzun 6
yaşayış məntəqəsini birləşdirən və
ümumi uzunluğu 17,6 km, eni 6 metr olan dördüncü dərəcəli
avtomobil yolunun əsaslı tikilərək istifadəyə
verilməsinə sərf olunub.
Respublikanın
digər rayonları kimi, Oğuz üçün də əhəmiyyətli
layihələrdən biri şəhərin su və kanalizasiya
sistemlərinin yenidən qurulması layihəsidir. 2010-cu ildən
icrasına başlanılmış bu layihə üzrə
tikinti-quraşdırma işləri başa
çatmaqdadır. Şəhərdaxili
küçələrdə su və kanalizasiya xətlərinin
çəkilişindən sonra küçələrin
dağılmış hissələrinin bərpası işləri
davam edir.
Bu
gün Oğuz şəhəri müasir görkəmi ilə
elə ilk baxışdan rayona gələn müsafirlərin
diqqətini cəlb edir. Müasir işıq dirəkləri,
təmiz və rahat səkilər, milli memarlıq üslubunda
hasarlar, abad yollar göz oxşayır.
Rayonda
yaşayış məntəqələrinin
qazlaşdırılmasına xüsusi diqqət yetirilir. Bayan,
Calud, Muxas, Baş Daşağıl, Xaçmaz, Böyük
Söyüdlü, Yemişənli, Ərmənət, Xalxal, Dəymədərə,
Tərkeş və Sincan kəndlərinin
qazlaşdırılması üçün maliyyə-smeta sənədləri
hazırlanır. Padar kəndində qaz çəkilişinə
başlanılıb, tikinti-quraşdırma işləri gedir.
Oğuz şəhərini təbii qazla təmin edən əsas
daşıyıcı qaz kəmərinin (diametri 273 mm-lik) Əlican
çayı üzərindən keçən 305 metr hissəsi
təmir edilib. Yaqublu, Yenikənd kəndlərində
yeraltı qaz kəmərlərinin yenidən qurulması
işlərinə başlanılıb.
Oğuzda təhsilin maddi-texniki bazasının gücləndirilməsi istiqamətində də xeyli iş görülüb. Heydər Əliyev Fondunun təşəbbüsü ilə "Yeniləşən Azərbaycana yeni məktəb" devizi altında 2005-2006-cı illərdə Oğuz şəhərində 240, Zərrab və Xalxal kəndlərinin hər birində 100, Muxas kəndində 200 və dövlət proqramı xətti ilə Malıx yaşayış sahəsində 60 yerli yeni tədris binaları tikilib istifadəyə verilib. 2008-2012-ci illərdə isə dövlət vəsaiti hesabına Bucaq kəndində 260, Oğuz şəhərində, Xaçmaz və Böyük Söyüdlü kəndlərinin hər birində 360, Caludda 220, Filfilli və Dəymədərə kəndlərinin hər birində 180 yerlik yeni tədris binaları şagirdləri öz qoynuna alıb. Sincan kəndində tikilən 220 yerlik yeni məktəb binası tezliklə istifadəyə veriləcək. 2013-cü ildə isə rayonun Qumlaq, Ərmənət, Qarabulaq və Yaqublu kəndlərində yeni məktəb binalarının, Oğuz şəhərində yeni bağçanın istifadəyə verilməsi planlaşdırılır. Bunlardan əlavə, əsaslı təmir olunan məktəblər də az deyil. Qeyd etmək lazımdır ki, bu gün Oğuz şagirdlərinin 43 faizi yeni inşa edilmiş və ya əsaslı təmir olunmuş məktəblərdə təhsil alır.
Rayonda sahibkarlığa, özəl sektorun inkişafına, bu sahəyə qanunsuz müdaxilələrin qarşısının alınmasına xüsusi diqqət yetirilir. Sahibkarlığa yüksək dövlət qayğısının nəticəsidir ki, rayonda kənd təsərrüfatı məhsulları istehsalı və emalı, südlük və ətlik mal-qara yetişdirilməsi sahəsində işlər uğurla davam etdirilir.
Ötən
il Sahibkarlığa Kömək Milli Fondu tərəfindən
rayon sahibkarlarına 4 milyon 390 min manat məbləğində
kreditlər verilib. Bu isə 2011-ci ildəkindən 3 milyon manat
çoxdur. Sahibkarlar üçün yaradılan şərait
onların abadlıq-quruculuq işlərində, ölkənin
ərzaq təhlükəsizliyinin təminatında daha aktiv
iştirak etmələri üçün stimul yaradır.
Dövlətin göstərdiyi qayğıya görə,
razılıqlarını bildirən rayon sahibkarları
Oğuzun daha da inkişafı naminə səy və
bacarıqlarını artıracaqlarını qeyd edirlər.
Telman NƏZƏRLİ
Azərbaycan.-2013.- 28 mart.- S.6.