Müasir incəsənətimizin Paris sərgisi
Sənətkarlıq xalqlar arasında mövcud olan dostluq əlaqələrini bir-birinə daha sıx tellərlə bağlayır. Paris sakinləri bu günlərdə Azərbaycan Rəssamlar İttifaqı, Mədəniyyət və Turizm Nazirliyi tərəfindən hazırlanan "Azərbaycan - ənənəvi və müasir incəsənəti" sərgisi ilə tanış olublar. Sərgini keçirməkdə məqsəd fransızları və bu ölkənin əcnəbi qonaqlarını Azərbaycanın xalq sənətkarlığı ilə tanış etməklə, xalqımızın ruhu, mənəviyyatı və mədəniyyətinin zənginliyini paylaşmaq idi.
Bunun üçün Azərbaycanın müasir sənətkarlarının xalça və xalça məmulatının, batika, tikmə, şəbəkəbənd, zərgərlik, metal, ağac, keramika, gəlinciklərdən və quru çiçəklərdən ibarət qədim ənənələr üzərində köklənmiş müasir sənət əsərlərinin sərgisi təşkil edilib.
Azərbaycan məişətinin ayrılmaz hissəsi olan xalça və xalça məmulatları xalçaçı-rəssamlar A.Rəcəbov, M.Hüseynov, L.Qarayeva, T.Abdullayeva, L.Xudayarova, N. Kornetova, M.Zeynalovanın əl işləri olan "Əfşan", "Namazlıq", "Qobustan", "Günəş", "Əncir ağacı" və s. xovlu xalçaları, "Palaz" xovsuz xalçası, "Xurcun", "Çanta" kimi xalça məmulatları, eyni zamanda B.Bəşirova, H.Məmmədzadə, R.İsmayılov və Ə.İsmayılovun keçə, çətən, xovsuz xalça nümunələrinin müasir quruluşu və toxunuşu ilə diqqəti cəlb etmişdur ki, bu da ənənəvi xalça məktəblərinə əsaslanan yeni sənət nümunələri kimi dəyərləndirilib. Xatırladaq ki, bu ənənələrin cəlbedici nümunəsi sərgidə L.Kərimov adına Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyinin nadir eksponatlarından olan "Dəstərxan"ın surətidir.
Batika ustaları İ.Kostina, T.Ağababayeva, M.Nağıyev və N.Zaytsevin "Simurq", "Xəzər mələyi", "Saqi", "Violençi qadın" və s. əsərlərində doğma vətənimizin əsrarəngiz təbiətinin rəngləri öz əksini tapıb.
Bir-birindən gözəl, incə zövq və böyük bacarıqla işlənmiş "Pirəbədil", "Quba", "Şərəbənd", "Buta" və s. tikmələrdə müəlliflər (Ş.Əsgərova, Z.Fərhadova, G.Xəlilova, S.Səlimli, N.Əzizova, H.Hacımustafazadə, S.İsmayılov,
X.Nəsirova, H.Əhmədova, Z.Seyidəliyeva, B.Əliyeva, G.Behbudova) yun, ipək sap, parça və muncuqlardan istifadə edərək təkəlduz, qurama texnikası ilə nəfis sənət nümunələri yaratmaq bacarıqları da sərgidə təsdiq olunub. M.Hacıyevanın şəbəkəbənd texnikası ilə toxuduğu "Butalı" və "Dekorativ süfrə" sərgiyə özgə bir gözəllik qatıb.
Zərgərlər (E.Şamarayev, S.Baloğlanova, V.Xudaverdiyev və Z.Rüstəmovun) şəbəkə, quraşdırma, nəqqaşlıq və s. texnikalarda gümüşdən və müxtəlif daş-qaşlardan hazırladıqları sənətkarlıq nümunələri ilə təmsil olunublar.
Ağac və metal üzərində oyma da ənənəvi sənətkarlıq növlərindən biridir. Ağac oymalar ustalarından O.Həşimov, A.Həsənov, İ.Babayev, C.Quluyev, Ə.Məmmədov və A.İmanovun ("Mücrü", "Nar", "Sarmaşıq", "Natürmort"), metal məmulatlar müəlliflərındən N.Əyyubov, K.Əliyev, R.Əyyubov, H.Əyyubov, Şaiq və T.Əliyevlərin ("Sərpuş", "Məcməyi", "Çıraq" və s.) əsərləri də beynəlxalq sərgidə ən diqqətçəkən nümunələr sayılıblar.
Onu
da qeyd edək ki, R.Bağırov, S.Məmmədov,
C.Bayramlı, Ə.Əliyeva, N.Sultanova, Məzahir
Avşarın ("Dekorativ bulud", "Qobustan", "Həkimdədir",
"Leyli və Məcnun", "Nizami") əsərləri
müasir keramika sənətkarlığının nümunələri
kimi diqqəti cəlb edib. Bundan savayı T.Qurbanova ilə
N.Babayevanın əl işləri
olan milli gəlinciklərlə Azərbaycan məişəti
və geyimləri, S. Bağırzadənin quru çiçəklərdən
hazırladığı "Zəfəranlıq"
kompozisiyasında isə füsunkar Azərbaycan təbiəti
bacarıqla əks etdirilib.
Məhəmməd
NƏRİMANOĞLU
Azərbaycan.-2013.- 28 mart.- S.7.