Bağanıs Ayrım faciəsi
Bu qanlı olaya
niyə belə laqeydik?
Neçə il bundan əvvəl Qazax tarix diyarşünaslıq muzeyində maraqlı bir şəkil-maket gördüm: "Bağanıs Ayrım od içində" adlanırdı. Yerli sənərkarlar düzəltmişdilər. Dedilər ki, muzeyin geniş bir zalında xatirə guşəsi yaradılacaq. Orada bir şəkil də çəkdik, indi də durur...
Görəsən xatirə guşəsi yaradılıbmı? Axtarışın izi ilə Qazağa getdik. Muzeydə gördüyümüz mənzərə sözün düzü bizi məyus etdi. Nəinki xatirə guşəsi düzəldilməyib, köhnə şəkil-maketin əvvəlki görkəmindən də əsər-əlamət qalmayıb.
Qazağın mərkəzində Şəhidlər xiyabanın yanında ucalan beşmərtəbəli binanın həyətindəki "qaçqınların çay evi"nə getdik. Bağanıs Ayrım kəndinin sakinləri əsasən bu beşmərtəbəli binada məskunlaşıblar.
Allahverən Poladov onların ağsaqqalı sayılır. O müdhiş günlərdə də belə olub, indi də hörməti-izzəti böyükdür. Görüşdük. Asta-asta danışır. Bir-birindən qüssəli, qəmli xatirələr dilə gəlir.
1990-cı ildə Novruz bayramını bizə haram etdilər - dedi - martın 24-də kəndimizi qəfildən oda qaladılar, tarimar etdilər.
O qanlı olayın canlı şahidi deyir ki, "bu, əsl faciə, sözün tam mənasında soyqırımı idi". Bu barədə publisist Elçin İsmayılın kitabında ilkin məlumat verilir. Milli Məclisin deputatı Qənirə Paşayeva və jurnalist Akif Aşurlu isə geniş araşdırmalar apararaq "Ermənilərin törətdiyi soyqırımın qurbanı - "Bağanıs Ayrım" adlı faktiki materiallarla, tarixi sənədlərlə, şahidlərin canlı xatirələri ilə zəngin sənədli publisistik əsər yazıblar. Məqsəd erməni vəhşiliyinin geniş mənzərəsini yaratmaqdan, ucqar sərhəd kəndində ermənilərin törətdikləri soyqırım aktını dünya ictimaiyyətinə çatdırmaqdan ibarət olub.
Bağanıs Ayrım dağların döşündə, sıldırım qayaların qoynunda Yuxarı və Aşağı Əsginar kəndlərinin yanında, çox mühüm strateji mövqedə yerləşirdi. Bağanıs Ayrım yığcam kənd idi. Təqribən yüz evi var idi. Dörd yüz əlli nəfər yaşayırdı. İcivandan gəlib Noyembryana gedən yol, başqa sözlə desək, Ermənistanla Gürcüstanı birləşdirən magistral bu yerlərdən keçirdi. Bağanıs Ayrımın yoxluğu Ağstafa dəryaçasına da böyük təhlükə yarada bilərdi.
İllər boyu ermənilər üzümçülüyün məskəni olan bu səfalı məkana, onun münbit torpaqlarına göz tikmişdilər. Sovet imperiyası dağılanda bir sıra bölgələr, eləcə də Bağanıs Ayrım kəndi də taleyin ümidinə qaldı.
Bu yerlərin faciəsi qaşla göz arasında idi. Qaçqınların sayı getdikcə artırdı. Ermənilər hər gün Yuxarı və Aşağı Əsgipara, Barxudarlı, Sofulu, Xeyrimli, Məzəm, Quşçu Ayrım və Bağanıs Ayrım kəndlərini atəşə tutur, basqınlar edir, mal-qaranı aparır, insanları girov götürürdülər. Belə bir vaxtda - 1989-cu ilin dekabrın 1-də Qazaxda xüsusi vəziyyət elan edildi. Bu, nəinki kənd sakinlərinə heç bir kömək eləmədi, əksinə dekabrın 2-də əhalidəki ovçuluq məqsədilə istifadə edilən odlu və soyuq silahların yığılmasına başlanıldı. Arxasız, köməksiz əhali tamamilə əliyalın qaldı. Ermənilər isə at oynadırdılar. Onlar bu yerləri artıq öz vətənləri sayırdılar. Günlərin birində Ermənistan KP MK-nın birinci katibi Suren Arutunyan kəndə gələndə təəccüblə: "Məgər bura Azərbaycan kəndidir?" - deyərək çıxıb getmişdi.
Həsən Əsgərov adlı bir ovçu "Kəkilin altı" deyilən yerdə saqqallıların toplaşdığının və xeyli miqdarda hərbi texnika və silah-sursatın yığıldığının şahidi olmuşdu. Kömək üçün Bakıya göndərilən teleqramlar, məktublar cavabsız qalırdı. Kəndin fəallarından ibarət özünümüdafiə dəstələri yaradılmışdı. Zirəddin Məmmədov, Məcid Əhmədov, Şomoy Çobanov (avqustun 20-də şəhid oldu), Hüseyn Əhmədov, İlyas Bayramov və başqaları torpaqların keşiyində ayıq-sayıq dayanırdılar. Kənd fəallarının təkidi ilə bir neçə ov tüfəngi əldə edildi. Xarkovdan Ağstafaya gələn hərbi hissədən 12 əsgər verildi. 16 gün kənddə qalandan sonra onları da Ermənistana apardılar.
Namərdliyə bir baxın, müdafiəsiz, silahsız dinc əhaliyə hücum üçün bahar bayramını seçmişdilər. 1990-cı il martın 23-dən 24-nə keçən gecə saat 12-də erməni yaşayış məntəqəsindən göyə fişəng atılır. Görünür, bu, kütləvi hücumun başlanması üçün ilk xəbərdarlıq idi. Siqnal-fişəngdən sonra "Kəkilin altı" adlanan səmtdən və magistral yol boyunca erməni silahlı birləşmələrinin kütləvi hücumu başlanır. Kəndin mərd oğullarının cidd - cəhdinə baxmayaraq avtomatlardan, iriçaplı silahlardan atəş aça-aça irəliləyən quldurların bu genişmiqyaslı hücumunun qarşısını almaq mümkünsüz idi.
Novruz bayramı yasa dönmüşdü. Ah-nalə hər yanı bürümüşdü. Evlər dağılır, yanır, qarət olunurdu. Ayağı yer tutanlar, ahıllar, xəstələr, qadın və körpələr Quşçu Ayrım kəndi istiqamətində qaçmağa başladılar. O müdhiş gündə Bağanıs Ayrımın 7 sakini insanlığa sığmayan işgəncələrə məruz qaldı, diri-diri ocağa atıldı, iki nəfər güllələndi. Dünyadan köçən insanların böyüyü 75 yaşında, kiçiyi isə 39 günlük körpə idi. Faciə zamanı 17 ev yandırıldı, 11 ev isə qarət edildi.
Martın 24-də başlanan qanlı olay avqustun 30-da bütün bölgənin işğalı ilə yekunlaşdı. Bağanıs Ayrım ermənilərlə təmas xəttində Qazağın qapısı sayılırdı. Bağanıs Ayrım getdi, bununla da qədim Qazağın "qapısı" açıldı.
1992-ci il
martın 8-də
(fikir
verin, yenə də bayram günü!) Xeyrimli kəndi
işğal edildi.
Mart
ayının 12-də Aşağı Əsgipara əldən
getdi.
Aprelin
sonunda əvvəl Sofulu, sonra Barxudarlı kəndləri oda
qalandı.
Mayın
11-də Qızılhacılı, iyunun 8-də isə
Yuxarı Əsgipara soyqırıma məruz qaldı.
Beləliklə,
namərd qonşularla 168 kilometr sərhədi olan qədim Qazağın
7 kəndi erməni terrorunun qurbanı oldu.
O illərin
canlı şahidi Allahverən Poladov deyir ki, "atışma
başlayanda kəndin girəcəyində olan Dədəş
kişigilin evinə getdik ki, qocaları, uşaq və
qadınları kənddən çıxaraq. Dədəş
kişi nə işığı söndürdü, nə də
evindən çıxdı. Dedi, mən ermənilərə nə
etmişəm ki? Ata-baba yurdumdu buralar. Onlar mənim evimdə
özləri ağırlığında çörək kəsiblər.
Heç yana gedəsi deyiləm. Getmədi də... Kəndin
ermənilərə yaxın olan evlərinin birində Alməmməd kişi
yaşayırdı. O da çıxmamışdı. Həmin
gecə ermənilərin amansız hücumlarını, vəhşi
əməllərini, əhalini atəş altında necə
saxladıqlarını mən heç kinolarda da görməmişdim.
Əvvəlcə kəndin girəcəyində olan evləri
yandırdılar. Dədəş kişini, həyat
yoldaşını, iki qızını və 39 günlük
körpəni dama doldurub odladılar. Dədəşin
qızı Aliyə körpə balasını qucağına
alıb qaçmaq istəyəndə onu güllə ilə
vurdular. Uşaq ananın əlindən düşdü. Erməni
silahlılarından biri körpəni qaldırıb zərblə
yerə çırpdı".
Dədəş
kişinin kürəkəni Təşkilat Qafarov bu qanlı
olaydan daha dəqiq xəbər verir: "Namərdlər kəndə
tökülüşəndə həyat yoldaşımdan
soruşdum, anangil çıxıbmı? Dedi yox, biz getmək
istəmirik! Nə illah eləsək də, Alməmməd
kişini də yola gətirə bilmədim.
Qardaşının evində qaldı. Bir azdan qayıdanda
gördüm ki, bütün ailəni yandırıblar. Alməmməd
kişinin, onun qardaşı Səmədin, qonşuları Bəxtiyarın,
Ədalətin də evlərini beləcə viran ediblər".
Allahverən
Poladov o mühüm olayları göz yaşı ilə
xatırlayır: "Ermənilər güllə ata-ata
yaxınlaşanda Alməmmədin oğlu və həyat yoldaşı
evin dalında mal tövləsində gizlənirmiş. Ermənilər
ot tayasına od vururlar. Əvvəlcə elə bildik ki, Alməmmədi
girov götürüblər. Elə ki yanğın
sovuşdu, ot tayasının külünü eşələdik.
Rəhmətliyin sümükləri də yanmışdı.
Onu qol saatından və bir də cib bıçağından
tanıdıq".
Alçaqlığın
həddinə bir baxın! Ermənilər bütün
bunları öz xeyirlərinə fırlatmağa
çalışırdılar. Həyat yoldaşı diri-diri
yandırılmış Həmayıl Məhərrəmovanın
söhbəti çox şeydən xəbər verir. Həmayıl
xanım xatırlayır: "O gərgin günlərdə
dedilər ki, "Moskvadan gələn general Şatalin səni
axtarır. Getdim. Ağlaya-ağlaya deyirəm, niyə bizi
qorumadınız, bizim günahımız nədir? Kəndi
niyə bu günə saldılar? Sən demə başıma
gələnləri danışanda mənim sözlərimi erməni
qadınının faciəsi kimi lentə çəkirdilər.
Biləndə cəld ayağa qalxdım. Bu, mənə
göz qabağında olan ölümdən, itkidən daha pis
təsir elədi. Hönkürə-hönkürə
küçəyə çıxdım. Bir işə bax,
yanan da biz, yaman da!"
Adamlar
öldürüldü, evlər viran qaldı, məktəb
binası və digər obyektlər dağıdıldı, əmlak
talan edildi. Nankorların rəzaləti saya-hesaba gələn
deyil! İstintaq materialları da çox şeydən xəbər
verir. Yeri gəlmişkən bəzi faktları yada salaq:
"Səhər tezdən iricaplı silahlardan, pulemyotlardan,
avtomatlardan, qrantamyotlardan intensiv atəş aça-aça
müxtəlif markalı maşınlar kəndə daxil oldu.
Nəticədə dinc əhalidən Əsliyev Dədəş
Bayram oğlu, Əsliyeva Pakizə Qulu qızı, Əsgərova
Havaxanım Dədəş qızı, Adıgözəlova
Aliyə Dədəş qızı və Adıgözəlov
Hafiz Ramiz oğluna həyat üçün təhlükəli
olan ağır bədən xəsarətləri yetirildi. Məhərrəmov
Alməmməd Gülməmməd oğlunu və milis nəfəri
Əhmədov Məcid Oqtay oğlunu odlu silahlarla yaralamaqla
öldürdülər, D.Əsliyevin, Q.Əsliyevanın,
A.Adıgözəlovanın, H.Əsgərovanın,
H.Adıgözəlovun və A.Məhərrəmovun qarın
nahiyələrini kəsib içərisinə
daş-çınqıl doldurub, meyitləri mal tövləsinə
yığıb üstlərinə benzin tökərək
yandırmışdılar. Daha sonra silahlı dəstə
üzvləri cinayətkar əməllərini davam etdirərək
odlu silahla Bağanıs Ayrım kənd sakinləri
Adıgözəlov Mülkədar İsrafil oğluna və Əhmədov
Zirəddin Musa oğluna müxtəlif dərəcəli bədən
xəsarəti yetirdilər. İradələrindən
asılı olmayan səbəblərə görə
onları öldürə bilməmişdilər".
Bir
sözlə, Bağanıs Ayrım faciəsi azərbaycanlıları
milli zəmində məhv etmək məqsədini güdən
əsl soyqırımı idi. Bu qanlı faciənin 18 nəfər
təşkilatçısının adları,
ünvanları da bəllidir. Bu barədə müvafiq
materiallar hələ çoxdan İnterpolun Milli Bürosuna
göndərilib. Di gəl ki, bu günə kimi beynəlxalq
hüquq normaları çərçivəsində bir tədbir
görən yoxdur!
Bağanıs Ayrım soyqırımı bir ölüm qasırğası idi. Ermənilər cənnətməkan bölgəni başdan-başa viran etdilər. Di gəl ki, nədənsə ona hələ də layiqli hüquqi-siyasi qiymət verilməyib. "Ermənilərin törətdiyi soyqırımının qurbanı - Bağanıs Ayrım" kitabının müəlliflərinin yazdıqları kimi: "Dünya sanki Bağanıs Ayrım adlı bir kəndi çoxdan unudub. Bu kənd dünyanın ən gözəl yerlərindən biri idi. Bütün dünyanın gözü qarşısında ermənilər tərəfindən dağıdıldı, yandırıldı və xarabalığa çevrildi. Dünya susdu, yüzlərlə insanın göz yaşını görmək, ah-naləsini eşitmək istəmədi. Təkcə Bağanıs Ayrımın dinc sakinlərinə, azərbaycanlılara qarşı deyil, bəşəriyyətə qarşı çevrilən bu cinayətlərə dünya hələ susur. Bu cinayətləri törədənlərin layiqli cəzalarını alması istiqamətində səylər göstərilmir. Cəzasız qalan cinayət isə digər cinayətlərin əsasını qoyur".
Beşmərtəbəli binanın həyətindəki "qaçqınların çay evi"ndə söhbət etdiyimiz Allahverən Poladov və onun həmkəndliləri də laqeydlikdən, unutqanlıqdan narazılıq edirlər. Deyirlər ki, Bağanıs Ayrım elimizin həmişə qövr eləyən yarasıdır. Doğrudur, evimiz-eşiyimiz, az-çox işimiz, təminatımız var. Lakin Bağanıs Ayrım faciəsinə olan laqeyd münasibət xətrimizə dəyir. Heç yanda düz- əməlli onun adı çəkilmir, nə bir xatirə muzeyi düzəldilir, nə anım günləri keçirilir, nə də ölənlər, itənlər yada salınır! Mədəni maarif ocaqlarında sərgilər düzəldilmir, tədris vaxtı şagirdlərə müvafiq məlumat verilmir. Lakin biz əsla ümidsiz deyilik. Prezident İlham Əliyevin müdrik siyasəti sayəsində Xocalı soyqırımını tədricən bütün dünya tanıyır. Bu bizə ümid verir ki, Bağanıs Ayrım soyqırımı da yaxın vaxtlarda öz hüquqi-siyasi qiymətini alacaq, işğalçılara layiqli cəza veriləcək, düşmən tapdağında olan cənnətməkan torpaqlarımız biryolluq azad ediləcəkdir.
Əhməd İSAYEV
Azərbaycan.-2013.- 28 mart.- S.7.