Azərbaycanın bütün bölgələri
davamlı inkişaf edir
Azərbaycanın zəngin təbii sərvətlərindən səmərəli istifadə edilməsinin, respublikanın investisiya cəlbediciliyinin yüksəldilməsinin və digər konseptual əhəmiyyətli tədbirlərin nəticəsi olaraq son illərdə ölkə iqtisadiyyatı təkcə sürətli inkişafla deyil, eyni zamanda yeni keyfiyyət parametrləri ilə özünü təsdiqləmişdir. Ən müxtəlif iqtisadi mərkəzlər respublikanın davamlı yüksəlişi timsalında XXI əsrin yeni iqtisadi fenomenini görür, "İnkişafın Azərbaycan modeli"nin mahiyyətini öyrənməyə çalışırlar.
Azərbaycanı nəinki Cənubi Qafqaz regionunda, ümumilikdə Avratlantika geosiyasi arealında öz sözü və mövqeyi olan, səmərəli iqtisadi təşəbbüslərin müəllifi kimi tanınan dövlətə çevirən cənab İlham Əliyevin 2003-cü ildən yürütdüyü siyasət dövlət başçısının xalqın, ölkənin gələcək inkişafı ilə bağlı aydın baxışlara malik olduğunu göstərir. İqtisadi-siyasi liberallaşmaya və demokratikləşməyə xidmət edən islahatların dərinləşdirilməsi, Azərbaycanın inkişaf etmiş ölkəyə çevrilməsi, hər bir vətəndaşın layiqli həyat tərzinin təmin edilməsi, ən başlıcası isə ölkənin ərazi bütövlüyünün və suverenliyinin bərpası keyfiyyətcə yeni mərhələdə milli ideyanın mahiyyətində qərarlaşmış praktik məqsədlərdir.
Prezident İlham Əliyev ulu öndərin böyük müdrikliklə irəli sürdüyü inkişaf strategiyasını ötən 9 ildə inamla davam etdirməklə yanaşı, yeni dövrün tələblərinə uyğun zənginləşdirmiş, sosial-iqtisadi islahatlarla demokratikləşmə proseslərinin paralel şəkildə aparılmasına, birinin digərini tamamlamasına çalışmışdır. Cənab İlham Əliyevin prezidentliyi dövründə məhz bu postulat əsas götürülmüş, iqtisadiyyatın inkişafı həyata keçirilən çoxşaxəli islahatların əsas ağırlıq mərkəzini, nüvəsini təşkil etmişdir.
Dünya İqtisadi Forumunun dərc etdiyi "Qlobal rəqabətədavamlılıq hesabatında" Azərbaycan dünyanın 144 ölkəsi arasında 46-cı yeri tutmaqla, MDB-də ən rəqabətədavamlı iqtisadiyyata malik olduğunu sübut etmişdir. 20 il əvvəl Azərbaycan ilə eyni səviyyədə qərarlaşan postsovet ölkələri indi iqtisadi inkişaf səviyyəsinə görə respublikamızla rəqabətdə çətinlik çəkirlər. Azərbaycanın iqtisadi inkişaf dinamikası əvvəlcə resurslara əsaslanırdısa, hazırda iqtisadi şaxələndirmənin nəticəsi olaraq qeyri-neft sektoru üstün artım tempinə malikdir.
"Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasının dördüncü ilinin yekunları bir daha bütün regionların davamlı inkişaf etdiyini və qarşıya qoyulan vəzifələrin uğurla gerçəkləşdiyini sübuta yetirdi. İnfrastrukturun yeniləşdirilməsi insanların firavan və rahat yaşayışı, sahibkarlığın dinamik inkişafı məsələləri ilə yanaşı, bu gün həm də ölkənin milli təhlükəsizliyi ilə bağlı məsələdir. Həyata keçirilən şaxələndirmə tədbirləri, sahibkarlığın inkişafı, investisiya mühitinin daha da yaxşılaşdırılması nəticəsində qeyri-neft sektorunun dinamik inkişafı davam etmişdir. Bölgələrin tarazlı və davamlı inkişafının təmini, yeni iş yerlərinin açılması, infrastrukturun yeniləşdirilməsi, mövcud problemlərin aradan qaldırılması məqsədilə imzaladığı dövlət proqramlarının, fərman və sərəncamların icrası vəziyyəti ilə yerindəcə tanış olmaq, sıravi vətəndaşlarla birbaşa ünsiyyət quraraq mövcud çətinliklər barədə informasiyaları ilkin mənbədən almaq üçün vaxtaşırı Azərbaycanın müxtəlif rayonlarına təşkil edilən səfərlər də cənab İlham Əliyevin son 9 il ərzində prezidentlik dövrünün əsas istiqamətlərindən biri kimi diqqəti çəkir. Prezident İlham Əliyevin bu günlərdə Qəbələ rayonuna səfəri də mühüm sosial obyektlərin açılışı ilə əlamətdar oldu. Ölkə başçısının səfəri çərçivəsində Qəbələ Mədəniyyət Mərkəzinin, şəhər məscidinin yeni binasının, Heyvandarlıq-Südçülük Kompleksinin və digər sosial obyektlərin açılışı oldu. Prezident İlham Əliyev bildirdi: "Doqquz il bundan əvvəl regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının qəbul edilməsi ilə o vaxtdan bu günə qədər regionlarda çox böyük işlər görülmüşdür. Regionlarla paytaxt arasındakı fərq azalır. Baxmayaraq ki, paytaxt da sürətlə inkişaf edir. Bu fərqi azaltmaq o qədər asan məsələ deyildir. Ancaq hər bir şəhərdə yaşayış üçün normal şəraitin yaradılması bizim son illərdə apardığımız siyasətin əsas istiqaməti olmuşdur. Hər bir yerdə iş yerləri, gözəl şərait, yüksək səviyyədə tibbi xidmət olmalıdır, təhsil müəssisələri təmir edilməlidir. Qəbələnin inkişafı bunu göstərir".
Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı çərçivəsində ölkənin müxtəlif bölgələrində yeni istehsal sahələri istifadəyə verilir, rayon və kəndlərdə əhalinin sosial həyat şəraitinin yaxşılaşdırılıması istiqamətində ardıcıl tədbirlər görülür. Qəbələ Heyvandarlıq-Südçülük Kompleksi də belə müəssisələrdən sayılır. Kompleks sağmal inəklər üçün fermalar, yem təsərrüfatı, avtopark və digər köməkçi sahələrdən ibarətdir. İstehsal olunan süd Qəbələ Süd Emalı Zavoduna göndərilir və burada "Jalə" brendi ilə ağartı məhsulları istehsal olunur. Kompleks üçün Qəbələ rayonu ərazisində mövcud əkin sahələri hesabına yem təsərrüfatı da yaradılmışdır. Kompleksdə 95 nəfər iş yeri ilə təmin olunmuşdur.
Ölkə başçısının Qəbələyə səfəri zamanı "Aspi-Aqro" MMC-nin "Aspi Winery" Üzüm Emalı Zavodunun da açılışı oldu. Bütün bölgələrdə olduğu kimi, Qəbələ rayonunda da sahibkarlığın inkişafı diqqət mərkəzindədir. Rayonun Qaradeyn kəndi ərazisində üzüm emalı zavodunun fəaliyyətə başlaması həmin tədbirlərin davamlılığından xəbər verir. Muəssisənin illik istehsal gücü 1000 tondur. Zavod İtaliyanın ən məşhur şirkətlərinin avadanlığı ilə təchiz olunmuşdur. Hazırda burada 7 növ məhsul istehsal olunur və gələcəkdə 11 növ məhsul istehsalı planlaşdırılır. Üzüm emalı müəssisəsi hazırda layihə gücünün 20-30 faizi həddində fəaliyyət göstərir. "Aspi-Aqro"ya məxsus 340 hektar üzüm sahəsində İtaliyadan gətirilmiş 22 şərab sortu, 14 süfrə sortu üzümləri əkilmişdir. Həmin sahədə 200 nəfər mövsümi işlə təmin edilmişdir. Ən başlıcası isə bu müəssisə Qəbələ rayonunda əhalinin məşğulluğunun təmin olunmasında mühüm rol oynayacaq.
Prezident İlham Əliyev Qəbələ Atıcılıq klubunun inşası başa çatdırılan birinci mərhələsinin açılışında da iştirak etdi. Məlumat üçün qeyd edək ki, atəş zonasında idmançılar saniyədə 15-42 metr sürətlə uçan hədəfləri nişan almalıdırlar. Bu məqsədlə ərazidə bir neçə uçan hədəf aparatları yerləşdirilib. Prezident İlham Əliyev uçan hədəflərə bir neçə sərrast atəş açdı.
Qəbələ rayonuna səfəri zamanı ölkə başçısı "Tufan" Dağ-Xizək Yay-Qış İstirahət Kompleksinin tikintisi ilə də tanış oldu. Dağlıq ərazidə yerləşən, istirahət üçün bütün əlverişli şəraitə malik olan bu rekreasiya-turizm obyekti Qəbələ şəhərindən təxminən 4 kilometr aralıda yerləşir. Kanat yolu və xizəkçilik kompleksi 8 stansiyadan ibarət olacaqdır. Birinci stansiya dəniz səviyyəsindən 950 metr, sonuncu stansiya 1920 metr hündürlükdə yerləşir. Artıq beş stansiyada quraşdırma işləri başa çatıb. Kompleksin ərazisində xizəklə eniş zolaqlarının qar örtüyünün təmin edilməsi məqsədilə 223 süni qaryaratma qurğusunun yerləşdirilməsi planlaşdırılıb. Bu istirahət mərkəzi gün ərzində 3 min nəfərə xidmət göstərmək imkanına malik olacaq. Layihəyə əsasən, Qəbələ rayonu ərazisindən keçən Dəmiraparan çayı ilə ətrafdakı dağ massivinin arasındakı 80 hektarlıq ərazidə qolf meydançasının, qolf-klubun, otel binasının, villaların və müvafq infrastruktur obyektlərinin inşası nəzərdə tutulur. Kompleks rayona turist axınının daha da güclənməsinə gətirib çıxaracaq.
Qeyri-neft sektorunun və sahibkarlığın inkişafı, yeni müəssisələrin işə salınması istiqamətində həyata keçirilən sistemli tədbirlər əmək qabiliyyətli əhalinin iqtisadi fəallığının yüksəlməsinə gətirib çıxarır. Bölgələrin davamlı inkişafına hesablanmış Dövlət Proqramlarının uğurlu icrası daha böyük nəticələrin əldə ediləcəyinə əminlik yaradır.
Elnur HACALIYEV
Azərbaycan.-2013.- 29 mart.- S.1.