Azərbaycan, Türkiyə və Gürcüstan xarici
işlər nazirlərinin üçtərəfli görüşü keçirilmişdir
Acarıstan
Muxtar Respublikasının paytaxtı Batumidə Azərbaycanın,
Türkiyənin və Gürcüstanın xarici işlər
nazirləri Elmar Məmmədyarov, Əhməd Davudoğlu və
Maya Pancikidze arasında üçtərəfli
görüş keçirilmişdir.
Görüşdən
sonra nazirlər mətbuat üçün açıqlama
vermişlər.
Qeyd
olunmuşdur ki, görüşdə iqtisadiyyat, infrastruktur,
enerji təhlükəsizliyi, təhsil, mədəniyyət, ətraf
mühitin mühafizəsi, gənclərlə iş və
idman sahələrində əməkdaşlığa dair məsələlər
ətrafında müzakirələr aparılmış və
ümumi rəyə gəlinmişdir. Bunun daha sıx əməkdaşlığa,
konkret layihə və təşəbbüslərin həyata
keçirilməsinə imkan yaradacağı bildirilmişdir.
Nazirlərin
2012-ci il Trabzon bəyannaməsi əsasında keçirilən
sayca ikinci görüşündə 2013-2015-ci illər
üzrə idarələrarası əməkdaşlıq
planı qəbul olunmuşdur.
Növbəti
görüşün Bakıda keçiriləcəyi
bildirilmişdir.
Azərbaycanda
Dağlıq Qarabağ, Gürcüstanda isə Abxaziya və
Cənubi Osetiya münaqişələri, hər iki ölkənin
ərazilərinin işğal olunması ilə əlaqədar
sualı cavablandıran Maya Pancikidze demişdir ki, nə Azərbaycan,
nə də Gürcüstan doğma torpaqlarının
işğalı ilə heç bir vəchlə
razılaşa bilməz və biz ərazilərimizi mütləq
azad edəcəyik.
Azərbaycanın
xarici işlər naziri Elmar Məmmədyarov
gürcüstanlı həmkarının fikri ilə razı
olduğunu qeyd etmişdir.
Türkiyənin
xarici siyasət idarəsinin rəhbəri Əhməd
Davudoğlu hər iki ölkənin ərazi
bütövlüyünün beynəlxalq hüququn
normaları çərçivəsində bərpa ediləcəyinə
əmin olduğunu vurğulamışdır.
Mesxeti
türklərinin Gürcüstana qaytarılması ilə əlaqədar
M.Pancikidze indiyədək onlardan beş min ərizə qəbul
olunduğunu, bu istiqamətdə işin davam etdirildiyini,
ölkəsinin bu məsələ ilə əlaqədar Avropa
Şurası qarşısında götürdüyü
öhdəliyin yerinə yetirilməsinə
çalışdığını demişdir.
Əhməd
Davudoğlu Mesxeti türklərinin sovet rejimi tərəfindən
doğma yurdlarından sürgün edildiklərinə diqqət
çəkmiş və onların vətənə
qayıtmaları ilə ədalətin bərpa
olunacağını vurğulamışdır. Batumidə
yeni məscid tikintisi ilə əlaqədar türkiyəli
nazir demişdir ki, Acarıstanda 100 min müsəlman
yaşayır və xristianlara kilsə lazım olduğu kimi,
müsəlmanlara da məscid gərəkdir.
Maya
Pancikidze demişdir ki, biz dostuq, çoxlu mütərəqqi
layihələrimiz vardır və onların həyata
keçirilməsi istiqamətində məzmunlu fikir
mübadiləsi apardıq. Gürcü nazir Bakıya səfərini,
burada keçirdiyi mötəbər görüşləri
xatırlatmış və belə yüksək, mehriban qəbula
görə Azərbaycan rəhbərliyinə minnətdarlığını
bildirmişdir.
Sonra
nazirlər Batumidə ARDNŞ-nin Gürcüstan nümayəndəliyinin
yeni yanacaqdoldurma stansiyasının və buradakı
"Makdonalds" restoranlar şəbəkəsinin yeni
obyektinin açılış mərasimində iştirak
etmişlər.
İslam ƏLİYEV,
AzərTAc-ın xüsusi müxbiri
Batumi
Azərbaycan.-2013.- 29 mart.- S.2.