Qəlbləri duyan böyük insan

 

Heydər Əliyev mənim həyatımda

 

Ümummilli lider Heydər Əliyev Azərbaycanımızın müasir simasını müəyyən edən dahi şəxsiyyətdir. Böyük rəhbər iki dəfə ölkəmizin həyatına xilaskar kimi daxil olaraq vətənini və xalqını çox mürəkkəb vəziyyətlərdən çıxarmışdı.

1969-cu ildə ulu öndər hakimiyyətə gələndə respublikada iqtisadiyyatın bir çox sahələri geridə qalır, hər yerdə durğunluq hökm sürürdü. Məhz Heydər Əliyevin gördüyü nəhəng və möhtəşəm tədbirlər nəticəsində vəziyyət dəyişdi. Sənayedə, kənd təsərrüfatında, elmdə, təhsildə, mədəniyyətdə, bir sözlə, hər sahədə canlanma yarandı. Tezliklə uğurlu nəticələr sovet respublikaları arasında böyük əks-səda doğurdu. Azərbaycan inkişaf etdi, burada iqtisadiyyatın və sosial sahələrin elə möhkəm təməli yarandı ki, ondan bu gün - XXI əsrdə də bəhrələnirik. Bu böyük insanın başlıca amalı qurub-yaratmaq, xalqının, millətinin gələcək müstəlliyi üçün etibarlı zəmin formalaşdırmaq idi.

Heydər Əliyev elə bir düha idi ki, ondan neçə-neçə nəsillər bundan sonra da daim öyrənəcək, nümunə götürəcək. Azərbaycan xalqının bir neçə nəslinə isə ulu öndərlə eyni zamanda yaşamaq səadəti qismət olub. Bir çoxlarımız bu böyük insanla çiyin-çiyinə işləməyin məsuliyyətini, çətinliyini və xoşbəxtliyini əyani şəkildə hiss etmişik.

Heydər Əliyev məktəbini keçənlərdən, ondan bəhrələnənlərdən biri də mənəm. Bu böyük şəxsiyyəti uzun illər boyu tanımışam. On bir ilə yaxın isə bilavasitə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsində onun rəhbərliyi altında işləmişəm. 

1970-ci il iyunun 21-dən mən ümummilli liderin təşəbbüsü ilə Azərbaycan KP MK-da Təşkilat-partiya işi şöbəsinin partiya informasiya bölməsinin müdiri vəzifəsini icra etmişəm.

İşə başlamazdan əvvəl məni Heydər Əliyev qəbul etdi. Dünyagörüşüm, fikirlərim, gələcəyə baxışım, mülahizələrimlə tanış oldu, sonra Sumqayıt Şəhər Partiya Komitəsindəki kadrlardan söhbət saldı, fikrimi öyrənmək üçün müxtəlif suallar verdi. Dediklərindən başa düşdüm ki, o zaman rəhbərliyin işindən narazıdır. Onu da anladım ki, bu müdrik insan uzaqdan da hər kəsin işinin səviyyəsini görür, müşahidə edir və düzgün qiymət verir. Onun bu dəqiqliyi, bu ciddiyyəti hər bir partiya işçisi, hər bir məmur, hər bir insan üçün, o cümlədən mənim üçün də əyani bir nümunə idi.

Heydər Əliyev etimad göstərməyi də, inanmağı da, inamı doğrultmayanda isə cəzalandırmağı, utandırmağı da bacaran bir rəhbər idi. Odur ki, məni vəzifəyə təyin edərkən qarşıya qoyduğu məsələləri iş proqramım kimi qəbul etdim. Məsləhətlərinin, tövsiyələrinin hamısı millətə, xalqa xidmət məramı daşıyırdı.

Mənə etibar edilən vəzifə çətin və məsuliyyətli idi. Biz xüsusi bülletenlər hazırlayırdıq, onlarda rayonların, şəhərlərin, Naxçıvan Muxtar Respublikasının, Dağlıq Qarabağ Muxtar Vilayətinin partiya komitələri bürolarında qaldırılan bütün məsələlər öz əksini tapmalı idi. Eləcə də həmkarlar, komsomol, xalq nəzarəti komitələrinin tədbirlərinin protokolları bölməyə çatdırılırdı. Biz bu sənədlərin hamısını oxuyur, çıxarışlar yazırdıq. Onu da qeyd edim ki, bunların hamısı məxfi qaydada qorunub saxlanılırdı.

Çıxarışlar həm mənfi, həm müsbət məzmunda olurdu. Bir sözlə, bu, elə bir bölmə idi ki, hər axşam işdən gedəndə onun otağının qapılarını surğucla bağlayırdıq.

İşin strukturu da mürəkkəb idi. Çünki o vaxt kompyuter yox idi, biz perfokart üsulu ilə (kartotekaya bənzər bir üsuldur) işləyirdik. Təsadüfi deyil ki, bölmə müdiri keçməyim barədə əmr veriləndən sonra məni Moskvaya, Sov. İKP MK-ya bu təcrübəni öyrənməyə göndərdilər. İşlədiyim bütün müddətdə var gücümlə çalışır, məsuliyyət hissimi bir an belə unutmurdum. Çünki işə qəbul olunarkən cavabdehlik hisslərini mənə o böyük insan təlqin etmişdi. Mən də söz vermişdim ki, ümumiyyətlə, tapşırılan, etibar edilən hər bir işdə özümü doğruldacağam.

Bizim, yəni istər o, istərsə də sonrakı dövrdə Heydər Əliyevlə çiyin-çiyinə çalışanların bir xoşbəxtliyi onda idi ki, gözümüzün qarşısında Vətənə, xalqa, tapşırılan vəzifəyə necə münasibət göstərildiyinin canlı nümunəsini görürdük. Bu nümunəni Heydər Əliyevin timsalında müşahidə edirdik.

Heydər Əliyevin rəhbərliyi altında yalnız bu cür işləmək olardı və lazım idi!

İşə qəbul edilərkən Heydər Əliyevin mənimlə söhbəti nə az-nə çox - 40 dəqiqə çəkdi. Bəli, o, tapşırdığı işin də, dediyi sözün də dəyərini bilirdi! Onun etimadı qarşısında ancaq və ancaq nümunəvi işçi olmaq zəruri idi. Bunu səndən öz vicdanın tələb edirdi. Ona görə də Heydər Əliyevə söz vermişdim ki, onun tapşırdığı hər işi yüksək səviyyədə yerinə yetirəcəyəm. Çünki onun yoluna və tapşırdığı işin gərəkliyinə inanıram. "Təəssüf ki, bu inam heç də hamıda olmur", - demişdi.

Heydər Əliyev özü isə tutduğu yolun doğruluğuna, xalqının xeyrinə olduğuna inanan bir şəxsiyyət və rəhbər idi!

Ulu öndər məni hələ MK-da işləməzdən əvvəl də tanıyırdı. 1968-ci ilin avqustunda - onda Heydər Əliyev Milli Təhlükəsizlik Komitəsinin sədri idi - mənim o vaxtkı Dzerjinski adına klubda, MK-nın plenumunda çıxışımı dinləmişdi. Onda Sumqayıt Şəhər Partiya Komitəsinin ikinci katibi vəzifəsini icra edirdim. Plenumda cari məsələlərlə yanaşı gənclərin ideya-siyasi tərbiyəsi, ziyalıların problemləri ilə bağlı bir sıra ciddi nüanslara toxunmuşdum. Sonralar Heydər Əliyev Moskvada qardaşımla - SSRİ xalq rəssamı Tahir Salahovla görüşündə xəbər almışdı ki, Zərifə kimə oxşayıb, çox sinədəftərdir. Qardaşım da demişdi ki, atamıza bənzəyib.

Yeri gəlmişkən onu da deyim ki, Heydər Əliyev Stalin repressiyalarının qurbanı olmuş atam Teymur Salahovun işi ilə milli təhlükəsizlik orqanlarında çalışdığı vaxtdan tanış idi. O bilirdi ki, atam vicdanlı partiya işçisi, xalqını sevən ziyalı, qeyrətli vətəndaş olub. Buna buxmayaraq, repressiya maşını onun həyatını yarımçıq qoyub.

Heydər Əliyev xalqının hər bir gərəkli nümayəndəsinə, hər bir qəhrəmanına və ziyalısına, elm və incəsənət xadiminə qiymət verən rəhbər idi. O, Tahiri də təbii ki, əsil-nəcabətinə, istedadına, xalqını ucaltdığına görə sevmiş və dost seçmişdi. Tahir də sonadək bu ehtirama və dostluğa sadiq qaldı.

Təvazökarlıqdan kənar olmasın, Heydər Əliyev mənim də bir ziyalı kimi az-çox qabiliyyətimi, bir işçi kimi məsuliyyətimi görmüş, qayğıları və vəzifələri başından aşıb-daşsa da, minlərin arasından məni seçə bilmişdi. Əlbəttə, xalqıma sədaqətimə, xidmət etdiyim işə və əqidəyə inamıma görə.

Doğrudur, o illərdə mən vəzifəcə pillədən-pilləyə qalxdıqca çoxları elə güman edirdi ki, arxamda şöhrətli rəssam olan qardaşım dayanıb və bütün bunlar ona görədir. Amma ulu öndər mənim zəhmətlə və əziyyətlə irəlilədiyimi, qəzet və komsomol işçisi kimi həyatın qaynarında bişərək partiya işinə irəli çəkildiyimi bilirdi. Belə ki, mən Sumqayıt Şəhər Partiya Komitəsində təşkilat şöbəsinin təlimatçısı, təbliğat şöbəsinin mühazirəçisi (lektoru), şöbə müdiri və nəhayət, ikinci katib olmuşdum. Arada il yarım Moskvada Ali Partiya Məktəbində də oxumuşdum. Ulu öndər bunları bilərək və qiymətləndirərək mənə həmişə inam və etimad bəsləyirdi. Bir sözlə, Heydər Əliyev mənim həyatımda həmişə misilsiz rol oynayıb və onun münasibəti mənim üçün böyük məna kəsb edib. Bəri başdan deyim ki, onun insani münasibəti məni həmişə yaşadıb, ruhdan düşməyə, əlimi işdən-gücdən soyumağa qoymayıb.

1979-cu ilin aprel ayında Bakıda mənəvi tərbiyə məsələlərinə həsr olunmuş elmi-praktik konfrans keçirilirdi. Bu tədbirə SSRİ-nin hər tərəfindən 400-dən çox nümayəndə gəlmişdi. Açılışda Heydər Əliyev, həmişə olduğu kimi, dərin məzmunlu nitq söylədi, sonrakı günlərdə konfrans işini ayrı-ayrı bölmələrdə davam etdirdi. Yekun yenə də indiki Heydər Əliyev Sarayında oldu, burada bir sıra qətnamə və digər sənədlər qəbul olundu. Ukraynadan gəlmiş nümayəndələrlə mən işləyirdim. Demək istəyirəm ki, tədbirin bütün məzmun və məqsədi ilə tanış idim.

May ayında konfransdan irəli gələn vəzifələr MK-nın bürosunda təsdiq edildi.

Bu hadisədən bir neçə ay sonra, yəni iyulun 17-də Heydər Əliyev qəflətən MK-nın məsul işçilərini topladı - məqsəd sözügedən istiqamətdə görülən tədbirləri öyrənmək idi. Çox təəssüf ki, hələ nəzərəçarpacaq konkret bir iş görülməmişdi. Ona görə də şöbə müdirlərinin əslində deməyə sözü o qədər də çox deyildi. Bu vəziyyət Heydər Əliyevə pis təsir bağışlamış və onun əhvalını dəyişmiş, daha doğrusu, onu əsəbiləşdirmişdi.

İclasın gedişində mən özüm üçün qeydlər aparırdım. Heydər Əliyev soruşanda ki kim çıxış etmək istəyir, əlimi qaldırdım. Məndən əvvəl danışanlar elə yerlərindən qalxıb oradaca çıxış edirdilər. Mən tribunaya qalxmaq  istədim. O günü ömrüm boyu yaddan çıxarmayacağam.

Mən çıxış edirdim və Heydər Əliyev arada müdaxilə edib fikirlərini söyləyir, yaxud əlavə nəyi isə bilmək üçün suallar verirdi. Bəzən də bir məlumatı dinləyəndən sonra "Doğrudanmı belədir?" - deyə xəbər alırdı.

Heydər Əliyev birlikdə işlədiyi insanların fikrini dinləməyi bacaran, faydalı təklif və təşəbbüsləri bəyənən, qiymətləndirən rəhbər idi. O, bizim hamımıza kadrlarla işləmək, özü də xalqın xeyrinə işləmək dərsi keçirdi.

Həmin gün də bu baxımdan istisna olmadı. Belə ki, mən orada bir təklif irəli sürdüm. O zaman tez-tez işlənən "ilk partiya təşkilatları partiyanın əsasıdır" fikrini bir daha xatırlatdım. Dedim ki, respublikada 8 min ilk partiya təşkilatı var. Əlbəttə, onların hamısını bir salona toplamaq mümkün deyil. Ona görə də onlarla zonalarda görüşmək, bölgələr üzrə tədbirlər təşkil edib məsələləri müzakirə etmək, toplanmış təcrübəni yaymaq olar.

Heydər Əliyev tədbirə yekun vurarkən mənim çıxışımın məzmununa bir daha qayıtdı və təşəbbüsümün bəyənildiyini bildirdi.

Onda Heydər Əliyevin hakimiyyət başına gəldiyi vaxtdan 10 il keçirdi. Biz də onun iş təcrübəsinin yayılmasını, məktəbinin öyrənilməsini hələ o vaxtdan zəruri hesab etmişdik. Bu, indi də lazımdır, özü də daha çox lazımdır. Çünki bizlər, onun məktəbini keçmiş kadrlar artıq yaşa dolmuşuq. İndi çalışmalıyıq ki, gəncləri bu məktəbdən keçirək, çünki gələcək onlarındır. Heydər Əliyev məktəbi öyrənmək üçün tükənməz bir ümmandır. Biz öz həyatımızda ondan bəhrələnməyimizlə xoşbəxtik.

Mən MK-da 1970-ci il iyunun 21-dən 1981-ci il aprelin 1-dək işlədim. 10 il 9 aylıq bir zaman kəsiyidir, az deyil. Sov. İKP MK-nın Siyasi Bürosuna gedən məlumatlar həmin bölmədən çıxırdı. Lakin məsuliyyətli, çoxlarına bəlkə də qorxulu, vahiməli gələn belə çətin işdə bir dəfə də olsun büdrəmədim və rəhbərliyin xəbərdarlığını, töhmətini almadım. Həmişə mükafatlara layiq görülürdüm. Bu, ulu öndər Heydər Əliyevin mənə göstərdiyi düzgün yol və istiqamət nəticəsində  mümkün olmuşdu.

Bu da bir həqiqətdir ki, həyatda yaxşılarla bərabər qəlbiqara, xəbis adamlar da olur. Bu, keçmişdə də belə olub, bu gün də, ümumiyyətlə həmişə belədir. Həmin adamların təsiri və səyi ilə müəyyən dövrdə ailəmdə bəzi problemlər yarandı. Elə bir vaxt idi ki, çoxları vəzifələrindən ehtiyat edərək mənə heç salam vermək belə istəmirdilər. Bu cür münasibətlə mən çox rastlaşmışam. Bir dəfə də 1980-ci ilin fevral ayında Azərbaycana Sov. İKP MK-nın Keçici qırmızı bayrağı veriləndə zalda az qala hamı üzünü məndən yana çevirmək istəyirdi. Belə bir məqamda o vaxt Azərbaycanda Milli Təhlükəsizlik Komitəsinin sədr müavini olan Ziya Yusifzadə yaxınlaşıb mənə əl uzatdı. 10 dəqiqəyə yaxın söhbət edərək hal-əhval tutdu, ürək-dirək verdi. Eləcə də ulu öndər Heydər Əliyevin mənə münasibəti heç vaxt dəyişmədi. Bu böyük insanın münasibəti məni hətta dar günlərdə də ruhdan düşməyə qoymadı, həyata, yaşayıb-yaratmağa səslədi.

1981-ci il aprelin 1-dən mən MK Bürosunun qərarı ilə tutduğum vəzifədən azad olunmuş və Könüllü Kitabsevərlər Cəmiyyətinə işə getmişdim. Bununla belə, noyabrın əvvəlində mənə şəhər partiya komitəsindən zəng vurdular ki, həmin ayın 7-də Lenin meydanında keçiriləcək parada dəvət olunuram. O vaxt hər il noyabrın 7-də Böyük Oktyabr Sosialist İnqilabının növbəti ildönümü şərəfinə belə tədbirlər keçirilirdi.

Ayın 7-də deyilən vaxtda, yəni səhər saat 10-a qalmış qızımı da götürüb meydana gəldim və tribunaya, adətən rəsmi iştirakçıların oturduğu yerə qalxdım. Lakin burada bir nəfər mənə yaxınlaşıb indi Heydər Əliyevin gələcəyini bildirdi. Belə çıxdı ki, mən tribunada olmamalı, getməliyəm.

Bilirdim ki, möhtərəm Heydər Əliyev insanları vəzifəsinə, tituluna görə deyil, məsuliyyətinə, insanpərvərliyinə, sədaqətinə görə qiymətləndirən şəxsiyyətdir. Mənimsə dövlət, xalq qarşısında bir günahım olmamışdı, gənc yaşlarımdan öhdəmə düşən bütün işləri layiqincə yerinə yetirmiş, bütün vəzifələrdə etimadı doğrultmuşdum. Bunu Heydər Əliyev özü də görmüşdü və yaxşı bilirdi. Bununla belə, qızımın da əlindən tutub tribunadan düşmək istəyirdim ki, Heydər Əliyev Nazirlər Sovetinin sədri Seyidov və Ali Sovetin sədri Xəlilovla gəldilər. Biz Heydər Əlirza oğlu ilə üz-üzə gəldik və o, dayanıb əlimi sıxdı, məni bayram münasibətilə təbrik edərək xoş sözlər dedi, hal-əhval tutdu.

Bundan sonra tribunadakılar arasında mənə münasibət dəyişdi. Elə bil bayaq soyuq baxışlarla qarşılanan adam deyildim... Bax belə bir insaniyyətlik dərsi keçdi o gün Heydər Əliyev ətrafdakılara! Böyük vəzifə və ad-san sahibi olsa da, ən nəcib duyğularını, mərhəmət və mehribanlığını həmişə qoruyub saxlamışdı. İnsanların dərdini, nisgilini başa düşməsi, onlara ən böyük və bəzən ən incə bir diqqət yetirməyi bacarması onun ən ali xüsusiyyətlərindən idi.

Çox təəssüf ki, Heydər Əliyevin özünün də qarşısına bədxah insanların çıxdığı məqamlar olub. Götürək elə ümumxalq nifrəti qazanmış Mixail Qorbaçovu...E

1987-ci il sentyabrın 8-də Moskvada beynəlxalq kitab sərgisinin açılışı oldu. Burada 150-dən çox ölkənin naşirləri öz kitablarını nümayiş etdirirdilər. Tədbirə Heydər Əliyev də gəldi. O, xəstəlikdən təzə qalxmışdı və birinci dəfə idi tədbirə qatılırdı. Qaydaya görə, SSRİ rəhbərinin sərgi iştirakçılarına təbrikini o, oxumalı idi. Lakin təbrik başqa adam tərəfindən çatdırıldı. Bu nüans məni narahat etdi, hətta fikirlərimi Moskvada qardaşım Tahirlə də bölüşdüm. O tədbirdə Heydər Əliyev mənimlə səmimi görüşsə də, Bakıya nigaran qayıtdım. Haradasa bir ay yarımdan sonra mənfur Qorbaçovun niyyəti baş tutdu və ulu öndər Heydər Əliyev təqaüdə göndərildi.

Lakin bizlər Heydər Əliyevlə fəxr edib, qürurlanıb həyata bağlandığımız kimi, o da bizdən - öz xalqından güc-qüvvət alır, onun dəstəyinə, məhəbbət və ehtiramına arxalanırdı.

Xalqın təkidli tələbi ilə Heydər Əliyev ikinci dəfə hakimiyyətə gəldi. 1993-cü il oktyabrın 15-də Prezidentin andiçmə mərasimində mən də iştirak etdim. Bu dəfə də ulu öndərin dərin məzmunlu nitqinə heyran qaldım. Heydər Əliyev düz bir saat 10 dəqiqə ayaq üstə, heç bir qeydə-kağıza baxmadan proqram xarakterli çıxış etdi. Mən hələ tədbirdə özlüyümdə qərara gəldim ki, bu çıxışın mətnini miniatür kitab şəklində nəşr edəcəyəm.

Miniatür kitabı azərbaycanca, rusca və ingiliscə buraxdım. 1995-ci il iyun ayının əvvəlində isə kitabın təqdimat mərasimi keçirildi.

Qəzetlər yazırdı: "1995-ci il iyunun 3-də Azərbaycan Qadınları Milli Komitəsinin, respublika "Kitab" Cəmiyyətinin və ABŞ-ın "Stark enterprayz" firmasının təşəbbüsü ilə M.F.Axundov adına Dövlət Kitabxanasında "Vətənə, dövlətə, xalqa sədaqət andı" miniatür kitabın təqdimat mərasimi keçirildi".

Təqdimatda Azərbaycan Prezidenti Heydər Əliyev iştirak etdi və gözəl bir nitq söylədi. Nitqində vurğuladı: "Azərbaycanda miniatür kitab nəşrinin tarixi qısadır. Mən çox məmnunam ki, bu gün biz Azərbaycanda yazıçılarımızın, şairlərimizin və ictimai-siyasi xadimlərimizin kitablarının miniatür nəşrini də görürük. Şübhəsiz ki, bu, mədəniyyətimiz, kitab nəşrimiz üçün çox əlamətdar hadisə, böyük nailiyyətdir. Bununla əlaqədar mən sərginin təşkilatçılarını, Azərbaycan Respublikasının "Kitab" Cəmiyyətini, buraya toplaşanları təbrik edir və əmin olduğumu bildirmək istəyirəm ki, bu iş, təşəbbüs gələcəkdə də davam ediləcəkdir.

Burada mənim Azərbaycan Prezidenti vəzifəsinə başlayarkən andiçmə mərasimimdə nitqimin də miniatür nəşri nümayiş etdirilir. Bu gün həmin kitabı mənə təqdim etdilər. Mən buna çox məmnunam. Doğrudan da mən nitqləri söyləyirəm, lakin bunların kitab şəklində çıxmasını o qədər də gözləmirəm, hesab edirəm ki, haradasa dərc olunur. Ancaq indi belə bir təşəbbüs göstərmişlər. Güman edirəm ki, ölkəmiz, respublikamız üçün, o cümlədən mənim üçün də çox əhəmiyyəti olan andiçmə mərasimində söylənilmiş nitq nəfis şəkildə buraxılmışdır və bu, mənim üçün də əlamətdar hadisədir. Bu işin təşəbbüsçülərinə, kitabı nəşr edənlərə - ilk növbədə Azərbaycan Respublikasının "Kitab" Cəmiyyətinə və onun rəhbəri Zərifə xanım Salahovaya təşəkkür edirəm".

Bu anlar mənim həyatımın ən unudulmaz hadisəsinə çevrildi. Eləcə də mənim Yeni Azərbaycan Partiyasına üzv olmağım üçün verdiyim ərizəyə də Heydər Əliyev özü şəxsən qol çəkib.

Heydər Əliyevin böyüklüyü həm də onda idi ki, insanların qəlbinə yol tapa bilirdi, onları sevir və duyurdu. Maraqlıdır ki, ən qlobal işləri yerinə yetirməyə, ən nəhəng layihələri reallaşdırmağa qadir olan bu insan incə bir zarafat etməyi də, xoş bir söz deməyi də başqalarından əsirgəmirdi. 1995-ci il aprelin 20-də xalq şairi Məmməd Arazın Azərbaycan Dövlət Filarmoniyasında keçirilən yubileyində iştirak edən ədəbiyyat və incəsənət xadimləri ilə tədbirin sonundakı görüşü və söhbəti heç yadımdan çıxmaz. Burada da mənimlə səmimi görüşdü. Sonra Tahir Salahova müraciət etdi: "Tahir, haradasan?"

Tahir arxada dayanmışdı, irəli gəldi. Onda Heydər Əliyev zarafat etdi: "Sən bu Zərifə xanıma nə etmisən ki, mən onu az qala tanımadım".

Bununla da ulu öndər həm daim təvazökarlıq, sadəlik edib özünü nəzərə çarpdırmayan Tahiri irəliyə dəvət etdi, həm də mənim könlümü xoş edən söz dedi. Belə incə bir insan idi ulu öndər!

Mən indiyədək Heydər Əliyevlə bağlı 37 miniatür kitab nəşr etdirmişəm. Bunların arasında ulu öndərin 75 illiyi münasibətilə buraxılan kitab xüsusi önəm daşıyırdı. Çünki o, xatirə hədiyyəsi kimi tərtib olunmuş, kitabın daxil olduğu qutuya Moskvada, "Monetniy dvor"da hazırlanmış xatirə medalı da yerləşdirilmişdi.

Mən bu simvolik hədiyyəni ümummilli liderə təqdim edəndə dedim ki, siz ikinci dəfə hakimiyyətə qayıtdıqdan sonra (o vaxt bundan 5 il keçirdi) daxili və xarici siyasət sahəsində çox işlər görmüsünüz, "Əsrin müqaviləsi"ni imzalamısınız. Sizin bu işləriniz hamıya çatdırılmalıdır.

Yeri gəlmişkən qeyd edim ki, "Əsrin müqaviləsi"nin imzalandığı dövr çətin bir dövr idi və bu kontraktın reallığına, uğuruna inanmayanlar çox idi. Amma ulu öndərin müdrikliyi qalib gəldi. Deyim ki, "Əsrin müqaviləsi" haqqında ilk kitabı da miniatür şəkildə biz buraxmışıq və bunu Heydər Əliyevin özü də bilirdi.

75 illik yubileyini təbrik etməyə gələndə məni necə qarşıladığı heç yadımdan çıxmaz. Söhbətimiz yekunlaşandan sonra o, məni kabinetinin ortasına qədər ötürdü. Qarşılayanda da belə etmişdi. Bu, onun böyüklüyü idi və belə alicənab hərəkətləri insanları, o cümlədən məni də ruhlandırır, sanki daha yaxşı çalışmaq, daha yaxşı işlər görmək üçün özümüzü borclu hiss etməyə çağırırdı.

Heydər Əliyev vicdanı, ədaləti, haqqı nahaqa verməməyi, halallığı ilə də şəxsən tanıdığı və tanımadığı insanlara bir nümunə idi.

Hər bir faydalı təşəbbüsün, hər bir gərəkli başlanğıcın müdafiəçisi idi ümummilli liderimiz. Bu gün Azərbaycanda fəaliyyət göstərən Miniatür Kitab Muzeyinin varlığı, mövcudluğu da onun adı ilə bağlıdır. Ulu öndər mənim belə bir muzey yaratmaq fikrimi hamıdan öncə bəyəndi və onun tapşırığı ilə muzey binasının tikintisi üçün İçərişəhərdə yer ayrıldı. Mən bu yaxşılığı ömrüm boyu unutmaram. Heydər Əliyevin qayğı və köməyi olmasa, mən heç vaxt belə bir muzey yaradıb xalqın ixtiyarına, istifadəsinə verə bilməzdim.

İndi biz ulu öndər Heydər Əliyevin 90 illik yubileyi ərəfəsindəyik. Ölkə Prezidenti İlham Əliyev bu münasibətlə hələ bu ilin yanvar ayında sərəncam imzalayıb. Heydər  Əliyevin yubileyi bütövlükdə Azərbaycanın və ayrı-ayrılıqda bizim hər birimizin bayramıdır. Sərəncamda deyildiyi kimi, xalqımızın ümummilli liderinin "Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam" sözləri dünya azərbaycanlılarının şüarı olmaqla soydaşlarımızın həmrəyliyinin təməl daşına çevrilmişdir.

Elə etməliyik ki, bu fikir, bu məqsəd Azərbaycan xalqının yeni-yeni nəsillərinin də qanına-iliyinə hopsun. Mən də öz növbəmdə bunu etməyə çalışıram. Heydər Əliyevin həyatımdakı böyük rolu müqabilində onun xidmətlərini bacardığım kimi təbliğ etməyimlə, gələcək nəsillərə çatdırmağımla az da olsa təskinlik tapıram. Çünki Heydər Əliyev hamının həyatında var!

 

 

Zərifə SALAHOVA,

Azərbaycan Respublikası "Kitab"

 Cəmiyyətinin sədri, əməkdar mədəniyyət işçisi

 

Azərbaycan.-2013.- 29 mart.- S.3.