ASAİF-in Roma forumu işə başlamışdır
Martın 28-də İtaliyanın paytaxtı
Roma şəhərində Xaricdə Təhsil Alan və Məzun Olmuş Azərbaycanlı
Gənclərin Beynəlxalq
Forumunun (ASAİF) növbəti
- Roma forumu işə
başlamışdır.
"Azərbaycan - 2020. Gənclərin baxışı" başlığı
altında keçirilən
forumun açılışında
Azərbaycan və İtaliyanın dövlət
himnləri səsləndirilmişdir.
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın ASAİF-in Roma forumunun
iştirakçılarına ünvanlanmış təbrik
məktubu oxunmuşdur.
Tədbiri giriş nitqi ilə ASAİF-in sədri
Ramin Həkimov açmışdır. Azərbaycan tarixində
gənclərin sistemli
şəkildə xaricdə
təhsil almasının
əsasının hələ
1918-1920-ci illərdə 100 gəncin Avropaya göndərilməsi ilə
qoyulduğunu qeyd edən R.Həkimov daha böyük dalğanın ötən
əsrin 70-80-ci illərdə
ulu öndər Heydər Əliyevin sayəsində baş verdiyini bildirmişdir.
Həmin dövrdə
hər il
1000 nəfərdən artıq
gəncin ölkə hüdudlarından kənarda
təhsil almasına şərait yaradılmışdır.
Bu missiya müasir
dövrdə ölkə
rəhbəri İlham
Əliyev tərəfindən
uğurla davam etdirilir. Xaricdə təhsillə bağlı
2007-2015-ci il dövlət proqramı çərçivəsində 1800-dən artıq Azərbaycan gənci dövlət vəsaiti hesabına xarici ölkələrdə
ali təhsil alır.
Qeyd edilmişdir
ki, indiyə kimi ASAİF-in forumları
Strasburq, London, Budapeşt
və Vyana şəhərlərində uğurla
baş tutmuşdur. Bugünkü forumun digər forumlardan əsas fərqi onun geniş əhatəli olmasındadır, çünki
ilk dəfə olaraq təkcə Avropadan deyil, dünyanın digər regionlarından gənclərimiz bu tədbirə qoşulmuşdur.
Qürurverici haldır ki,
45 ölkədən 550-dən artıq nümayəndə
bu forumda iştirak edir.
Yekunda bildirilmişdir
ki, Azərbaycan dövlətinin gənclər
siyasətinin mərkəzində
Azərbaycan gəncləri
dayanır. 2011-2015-ci illərdə gənclərlə
bağlı dövlət
proqramının qəbulu
və icrası, eləcə də gənclərlə bağlı
həyata keçirilən
mütəmadi tədbirlər
buna bariz nümunədir.
Azərbaycanın İtaliyadakı səfiri
Vaqif Sadıqov Azərbaycan gənclərinin
ölkə hüdudlarından
kənarda ən böyük toplantısının
Roma şəhərində keçirilməsindən məmnunluğunu
ifadə etmiş, tədbir iştirakçılarına
uğurlar arzulamışdır.
Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov öz çıxışında bu
kimi tədbirlərin mühüm əhəmiyyətini
vurğulamışdır. Qeyd edilmişdir
ki, mütəmadi şəkildə keçirilən
bu forumların əsas məqsədi gənclərlə ünsiyyət,
onların yeni intellektual elita kimi yetişməsinə dəstək, digər tərəfdən isə xaricdəki tələbə
və məzunları
bir araya gətirən ASAİF-in sistematik
fəaliyyətini təmin
etməkdir. Bu tədbirlərin yekun hədəfi isə Azərbaycan dövlətinin
güclənməsini təmin
etmək, qara qızılın insan potensialına çevrilməsi
nəticəsində ölkəmizin
maraqlarını təmsil
edən yeni nəsil peşəkar insanların yetişməsinə
çalışmaqdır. Azərbaycan bu gün investisiya
qoyulan ölkədən
investisiya qoyan dövlətə çevrilir,
ölkənin beynəlxalq
imici və reytinqi yüksəlir.
Bunun fonunda Azərbaycanı sevməyən qüvvələr
də fəallıq göstərir. Həmin qüvvələrə
qarşı ölkə
başçısı İlham
Əliyevin siyasi kursunu dəstəkləyən,
onu uğurla icra edən yeni nəsil gənclərə böyük
ehtiyac vardır.
Azərbaycan Respublikası Prezidenti
Administrasiyasının Siyasi
təhlil və informasiya təminatı şöbəsinin müdiri
Elnur Aslanov öz çıxışında
qeyd etmişdir ki, xaricdə təhsil alan
gənclərlə keçirilən
bu tədbirlərin əsas hədəfi gənclərimizin intellektual
gücünü və
imkanlarını müəyyənləşdirmək,
onların təşəbbüs
və intellektual imkanlarından xalqımızın
rifahı, dövlətimizin
gücləndirilməsi üçün
yararlanmaqdan ibarətdir.
Eyni zamanda, Azərbaycanın dövlət siyasətinin
mərkəzində Azərbaycan
vətəndaşı durduğuna
görə, bu kimi tədbirlər sayəsində güclü
vətəndaş yetişdirilməsi
hədəfə alınmışdır.
Çünki güclü dövlət
güclü vətəndaşlarının
məcmusu, onun obrazıdır. Azərbaycan
xoşbəxt ölkələr
sırasındadır ki,
orada ölkə əhalisinin əksəriyyətini
gənclər təşkil
edir, bu gün Cənubi Qafqazın ümumi daxili məhsulunun 70 faizi Azərbaycanın payına düşür,
ölkənin strateji valyuta ehtiyatları 50 milyard dollara çatmışdır, dövlət
büdcəsi 23 milyard
manat təşkil edir, Azərbaycan etibarlı tərəfdaş
və regional dövlətə
çevrilmişdir. Ölkəmiz beynəlxalq təşkilatların
üzvü kimi dünyada öz sözünü deyir, qonşu dövlətlərlə
xoş qonşuluq siyasəti yürüdür,
Dağlıq Qarabağ
münaqişəsinin sülh
yolu ilə həlli üçün bütün qüvvələrini
səfərbər edir.
Bütün bu inkişaf fonunda Azərbaycan gənclərinin
üzərinə məsuliyyətli
iş düşür,
onların səsi xarici ölkələrin tribunalarından gəlməli,
sabah öz
işinin peşəkarları
kimi Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi
üçün fəaliyyət
göstərməlidir.
E.Aslanov,
həmçinin vurğulamışdır
ki, Suriyadan olan köçkünlərlə
bağlı böyük
dövlətlər tez
bir zamanda reaksiya verə bilirlər, lakin 20 ildən artıq davam edən Dağlıq Qarabağ münaqişəsi ilə
bağlı ikili standartlar tətbiq olunur. Azərbaycan gəncləri bu
çətinliklərdən çəkinməməli, ölkə
maraqlarının təmsil
olunmasında əzmkarlıq
nümayiş etdirməlidirlər.
Bildirilmişdir ki, gənclərlə bağlı dövlət proqramı davam edəcək və təkmilləşdiriləcəkdir. Xaricdə
təhsil alan
hər bir gəncimiz həmin ölkədə vətənimizi
təmsil edən bir səfirdir və onlar bu
məsuliyyəti dərk
edərək həm yüksək səviyyədə
ali təhsil almalı, digər tərəfdən isə ölkəmizin maraqlarını
var gücləri ilə xaricdə təmsil etməlidir.
Azərbaycanın təhsil nazirinin müavini Qulu Novruzov Roma forumunu gənclərimizi Azərbaycan
hüdudlarından kənarda
bir araya gətirən ən genişmiqyaslı tədbir
kimi səciyyələndirmişdir. O, qeyd etmişdir ki, hələ 19-cu əsrin sonlarından başlayaraq Azərbaycan gəncləri pərakəndə
şəkildə Avropa
ölkələrində təhsil
almağa başlamışlar.
Müasir dövrdə
bu iş dövlət rəhbərinin
diqqətində dayanan
sistematik bir prosesə çevrilmişdir.
Tədbir iştirakçılarına
uğurlar arzulayan nazir müavini xaricdə təhsil alan gənclərimizə
iki mühüm amili - milli kimlik
və vətənə
sevgini diqqət mərkəzində saxlamağı
tövsiyə etmişdir.
İtaliya Nazirlər Kabineti
yanında Gənclər
və Dövlət Mülki Xidməti rəhbərinin müşaviri
Mauro Skanu, Azərbaycan-İtaliya
Assosiasiyasının rəhbəri
Paola Kasaqrande, Azərbaycan
ilə İtaliya Ticarət İnstitutunun başçısı Manuela Traldi
çıxışlarında Azərbaycan-İtaliya arasında
əlaqələrin gücləndirilməsi,
xüsusilə Dağlıq
Qarabağ münaqişəsi
ilə bağlı yerli ictimaiyyəti məlumatlandırmaq üçün
əllərindən gələni
edəcəklərini bildirmiş,
həm iqtisadi, həm də mədəniyyət sahəsində
hər iki ölkə arasında uğurlu əməkdaşlıq
üçün böyük
potensial olduğunu söyləmişlər.
Açılış mərasimi bitdikdən sonra ASAİF-in fəaliyyətinə
həsr olunmuş videoçarx nümayiş
olunmuşdur.
Forum çərçivəsində "Baxış 2020: Azərbaycan
üçün yeni brendlər və yeni trendlər", "Ənənəvi və ictimai diplomatiya", "Ermənistan-Azərbaycan, Dağlıq
Qarabağ münaqişəsinin
tarixçəsi, danışıqlar
prosesinin gerçəklikləri,
hazırkı vəziyyət
və perspektivlər"
mövzuları ətrafında
işçi panellər
keçiriləcək, müzakirələr
aparılacaqdır.
Forum işini martın
29-da bitirəcəkdir.
Elgün NİFTƏLİYEV,
AzərTAc-ın xüsusi müxbiri
Roma
Azərbaycan.-2013.- 29 mart.- S.4.